Qalalar və muzeylər məskəni
Şuşanın
işğalından 27 il örür
"Şuşa təkcə
şuşalılar üçün deyil, bütün azərbaycanlılar
üçün, vətənini, millətini sevən hər
bir vətəndaşımız üçün əziz bir
şəhərdir, əziz bir torpaqdır, əziz bir
qaladır, əziz bir abidədir”.
Heydər ƏLİYEV
14 yanvar 1982-ci il tarixini,
şübhəsiz ki, şuşalılar heç vaxt
unutmayacaq. Molla Pənah Vaqifin xatirəsinə
ucaldılmış məqbərənin
açılışı idi o gün. Təbiət də
özünəməxsus gəlmişdi o görüşə.
Könül şüşəsi
çiliklənən Şuşa "qar çiçəyi”nə,
lopa-lopa yağan qara bələnmişdi. Həmin anlarda
şuşalılar öz əziz qonaqlarını, xüsusən
xalqımızın böyük oğlu Heydər Əliyevin
Şuşaya gəlişini səbirsizliklə gözləyirdilər.
Onlar kücələrdə, yol kənarlarında, eyvanlarda
dayanaraq Heydər Əliyevə sonsuz ehtiramlarını bildirirdilər...
Səbəbsiz deyildi. Heydər Əliyev
Qarabağa, onun zirvə tacı sayılan Şuşaya gəlmişdi.
Əvvəlcə Cıdır düzündə Vaqifin
ucaldılan məqbərəsinin qarşısındakı
lenti kəsdi. Alqış sədaları altında dahi
Üzeyir bəyin "Koroğlu” uvertürası əsrarəngiz
Qarabağ dünyasına yayıldı. Heydər Əliyev
öz dərin, parlaq çıxışının sonunda
"Şuşa Azərbaycanın tarix və memarlıq abidəsidir”
deyərək iştirakçılara tövsiyə etdi ki, bu ənənəni
hər il davam etdirmək lazımdır.
Ötən əsrin
20-ci illərinin saxtalaşdırılmış xəritələri
Ümumimilli lider Heydər Əliyev
Azərbaycana sovet dövründə rəhbərliyi zamanı
(1969-1982-ci illər) Qarabağa çox böyük diqqət
və qayğı göstərirdi: Azərbaycan
torpaqlarının bir qarışı da Ermənistana verilmədi.
Erməni iddialarının qarşısını hər zaman
qətiyyətlə aldı. Ulu öndər hakimiyyətə
gəlməmişdən əvvəl Ermənistan Azərbaycanla
sərhəd olan bəzi əraziləri ələ keçirmək
istəyirdi. Erməni rəsmi dairələri və alimləri
hətta ötən əsrin 20-ci illərinin
saxtalaşdırılmış xəritələrini ortaya
çıxarırdı. Ərazi məsələsinə dair
danışıqlar artıq müzakirə obyektinə
çevrilmişdi. Azərbaycan xalqının mənafeyini hər
şeydən üstün tutan Heydər Əliyev o zaman erməni
millətçilərinin qarşısını qətiyyətlə
alaraq Moskvadakı bəzi qüvvələrin qərarlarının
həyata keçirilməsinə imkan vermədi. Azərbaycanın
qədim mədəniyyət mərkəzi Şuşa şəhərinin
tarixi keçmişini yaxşı bilən ümummilli lider
Heydər Əliyev onun inkişafına çox böyük
qayğı göstərmişdi. Şuşanın kurort
şəhərinə çevrilməsi üçün qərarlar
qəbul etmiş, genişmiqyaslı quruculuq işlərinə
təkan vermişdi.
Ulu öndərin 29 iyul 1982-ci il
tarixdə yenidən Şuşaya gəlməsi, elm, ədəbiyyat
xadimlərini, ailəsini özü ilə gətirməsi
Qarabağa olan xüsusi diqqətini bir daha göstərirdi.
İyulun 29-dan avqust ayının 3-dək bir sıra tədbirlərdə
olan ulu öndər avqustun 2-də Xurşidbanu Natəvanın
abidəsinin açılışında iştirak etdi. Onun
poeziya bayramında saatlarla görkəmli Azərbaycan və
Qarabağ şairlərinin şeirlərinə qulaq asması
tədbirdə iştirak edən hər bir
şuşalının yaddaşına əziz xatirə kimi
yazıldı.
...Zaman necə də quşqanadlı olurmuş.
Şuşanın o bəxtəvər günləri bir göz qırpımında
ötüb keçdi.
1992-ci il mayın 8-də Azərbaycanın
tarixi mədəniyyət
məkanı olan Şuşa Ermənistan silahlı qüvvələri
tərəfindən işğal
edildi. Bu, ölkəmizin
və xalqımızın
mədəni irsinə
hesablanan ağır zərbə idi. Bu işğal zamanı Şuşa şəhəri
və rayonun 30 kəndi dağıdıldı,
195 nəfər dinc sakin həlak oldu, 165 nəfər yaralandı, 58 nəfər
itkin düşdü,
24 mindən çox əhali öz doğma torpağından didərgin salındı.
İşğal nəticəsində
1700 tarix və memarlıq abidəsi "erməniləşdirilib”
Ermənistan silahlı
qüvvələrinin hərbi
təcavüzü nəticəsində
Azərbaycan tarixində
mühüm yer tutan, canlı təbiət muzeyi və abidələr şəhəri olan Şuşanın 25 məktəbi,
31 kitabxanası, 20 səhiyyə
müəssisəsi, 17 klubu,
8 mədəniyyət evi,
4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatr,
5 mədəniyyət və
istirahət parkı,
2 sanatoriya və turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət
Muzeyinin filialı, Şuşa Dövlət
Dram Teatrı, Şuşa
Televiziyası, Şərq
Musiqi Alətləri Fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilib, yandırılıb
və dağıdılıb.
Şuşaya qıyılmazdı, ona əl qaldırılmazdı. Amma beynəlxalq
təşkilatların son vaxtlar
Şuşadan gətirdiyi
soraqlarla orada güllələnmiş heykəllərin
fəryadı sinə
dağlayır, yara bağlayır. Şuşa, doğrudan
da, qalalar, tarixin yaddaşından qalanlar diyarıdır.
İşğala qədər Şuşada
memarlıq abidəsi sayılan 170-dən çox
yaşayış binası
və 160-dək mədəniyyət
və tarixi abidə də erməni vandalları tərəfindən dağıdılıb,
məbədgah və məscidlər təhqirlərə
məruz qalıb, çox sayda nadir əlyazma nümunələri
məhv edilib. Bunların içərisində
Son tunc və İlk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi,
XVIII əsrə dair Şuşa qalasının
divarları, Gəncə
qapısı, Pənah
xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansara, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi,
Hacıqulların malikanəsi,
ikimərtəbəli karvansara,
Mehmandarovların malikanə
kompleksi, Gövhər
ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli
məscidləri, Xurşidbanu
Natəvanın evi və bulağı, Ə.Haqverdiyevin, Q.B.Zakirin,
M.M.Nəvvabın, S.S.Axundovun,
N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin,
Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların,
Zöhrabbəyovun, Bəhmən
Mirzənin evləri, Üzeyir Hacıbəylinin,
Bülbülün ev-muzeyləri,
Xan Şuşinskinin, tarzən Sadıqcanın evləri, Realnı məktəbin binası, Qız məktəbi, Şirin su hamamı,
Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunələri
erməni işğalçıları
tərəfindən talan
edilib və dağıdılıb.
Pənahəli xanın
sarayında toxunan
"Xanlıq” xalçasının
acı taleyi
Dünyada ilk dəfə xalça muzeyi məhz Şuşada yaradılıb. Mehmandarovların evində yerləşən
həmin muzey əsl incəsənət
xəzinəsi idi.
Həm memarlıq cəhətdən,
həm də dekorativ gözəlliyi ilə seçilən binanın dörd böyük salonunda şöhrəti dünyaya
yayılan Qarabağ xalçaları nümayiş
etdirilirdi.
Qarabağın ilk hökmdarı Pənahəli
xanın sarayında toxunan "Xanlıq” xalçası muzeyin orijinal eksponatlarından sayılırdı. Hər bir xalçanın
öz adı və tarixi vardı. Muzeydə Təbriz, Quba-Şirvan,
Gəncə-Qazax xalçaçılıq
məktəbi nümunələrinə
də geniş yer ayrılmışdı.
Burada
350-dən artıq xalça
məmulatı nümayiş
etdirilirdi ki, onların yalnız 145-ni xilas etmək mümkün olub.
On salondan ibarət olan Şuşa Dövlət
Rəsm Qalereyasında
təsviri sənət
ustalarının 200-ə yaxın
əsəri nümayiş
etdirilirdi. Zöhrabbəyovların evində yerləşən
qalereyanın qızıl
fondunu XIX əsr Azərbaycan miniatür sənətinin görkəmli
nümayəndələrindən biri, məşhur rəssam və xəttat Mir Möhsün Nəvvabın öz kitablarına çəkdiyi
illüstrasiyalar təşkil
edirdi.
Bədii aləmin
təcəssümü olan
sənət inciləri,
milli geyimlər, qədim musiqi alətləri Şuşa
muzeylərinin bəzəyi
idi. Nəhəng abidələr, memarlıq
nümunələri açıq
səma altında nümayiş etdirilirdi.
Bədii
yaradıcılığın zərif yadigarları isə bu gözəllik
səltənətinin divarlarını
daxildən bəzəyirdi.
Güllələnmiş heykəllərin
sağalmayan yaraları...
Belə bir qeyri-adi füsunkarlığa,
müqayisəsi tapılmayan
gözəlliyə malik
idi Şuşa.
Təəssüf ki, erməni
vandalları üfüqlərdən
boylanan dağ şəhərinin gözəllik
sərgisini yerlə yeksan etdilər. Şuşada
yaradılan ev-muzeyləri
də talan edildi, yandırıldı.
Ev sahiblərinin - tanınmış
sənət və mədəniyyət xadimlərinin
öz həyətlərində
ucaldılan heykəlləri,
büstləri güllələndi.
Qartal vüqarlı Şuşanın
sinəsinə çalın-çarpaz
dağ çəkildi.
Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün
Bakıdakı İncəsənət
Muzeyinin həyətindəki
yaralı heykəlləri
Şuşaya dönəcəyi
günü gözləyir...
Azərbaycanın aranlı-dağlı ellərində
belə daşlaşmış
tarixin yaşıdı
abidələrimiz kifayət
qədər idi. Bu yerlərin ilk insan məskənləri və
mədəniyyət beşiyi
olması da məhz həmin abidələrin oxunmasından,
sirlərinin açılmasından
sonra bəşəriyyətə
məlum olmuşdur.
Təəssüfləndirici haldır ki,
həmin tarixi yadigarlar zamanların səmum küləyi, təbii aşınmalarla yanaşı, bu yerlərdə aparılan amansız müharibələr,
döyüşlər nəticəsində
bir çoxları yer üzündən silinib. Qalanları isə...
Şuşa təkcə qalalar şəhəri deyil, həm də muzeylər məskəni idi. Şəhərdəki tarix, xalça,
daş sənətkarlığı,
Qarabağ tarixi, dərman bitkiləri muzeyi, eləcə də yuxarıda adlarını sadaladığımız
dahilərin ev-muzeyləri
və oradakı eksponatlar sözün əsl mənasında təkcə tariximizin deyil, həm də mill mədəniyyətimizin
aynası və saxlanc yeri idi.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2019.- 8 may.- S.11.