Müasir Azərbaycan dövlətinin banisi
Azərbaycanın
özü qədər əbədi
Müstəqilliyinin 28-ci ilini yaşayan Azərbaycan Respublikası hüquqi-demokratik dövlət kimi sürətlə, gələcəyə doğru uğurla addımlayır, qarşısına qoyduğu məqsədlərə inamla çatır. Qazanılan hər bir uğur qürur doğurmaqla bərabər, başqa bir həqiqəti - Heydər Əliyev şəxsiyyətinin ucalığını və böyüklüyünü daha dərindən dərk etmək imkanı verir. İllər ötdükcə ulu öndərin milli dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərinin bəhrəsini daha yaxından görürük.
2003-cü ildən ötən dövrün reallıqları, Heydər Əliyev yolunun layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar, keçilən inkişaf yolu, respublikamızın dünyada söz sahibinə çevrilməsi ulu öndərin ideyalarının mahiyyətini təsdiq edir. Ona görə aradan illər, onilliklər ötsə də xalqımız Heydər Əliyev irsinə müraciət edəcək, onun ideyalarından həmişə bəhrələnəcək. Çünki Heydər Əliyev yolu müstəqil Azərbaycan, güclü dövlətçilik və yüksək sosial rifah yoludur.
Ümummilli lider Heydər Əliyevlə bağlı olan hər bir tarix bizim üçün əzizdir. Çünki məhz Heydər Əliyev bugünkü müstəqil dövlətçiliyimizin banisi, müasir Azərbaycan dövlətinin qurucusudur. Qarşıdan ulu öndərin anadan olmasının 96-cı ildönümü gəlir. Bu günlərdə hər birimiz xalqımızın böyük oğlunun xatirəsini ehtiramla yad edirik. Təxminən iki aydan sonra Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişinin 50-ci ili tamam olacaq. Bu əlamətdar tarixlər həm də bizə Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərinə bir daha nəzər yetirmək imkanı yaradır.
Hər bir xalqın tarixinin, onun ayrı-ayrı mərhələsinin bilavasitə nəhəng şəxsiyyətlərin fəaliyyətinin nəticəsi olduğunu elə tarix özü həmişə sübuta yetirib. Böyük şəxsiyyətlərin ideyalarından kənarda tarixin yeni səhifəsini yazmağın mümkün olmaması çoxdan sınaqdan çıxmış reallıqdır. Hər bir dövlət və xalq öz tarixinin inkişaf səhifələrini məhz dahi şəxsiyyətlərinin müdrikliyi və qətiyyəti nəticəsində yaratmağa nail olur. Bu mənada Azərbaycanın müasir tarixinin son 50 ilini xalqımız haqlı olaraq Heydər Əliyev epoxası kimi qəbul edir. Bu dövrdə ölkəmizin inkişafı, qazanılmış nailiyyətlər, yaradılmış dəyərlər ulu öndərin fəaliyyəti və ideyalarının davam etdirilməsi ilə bağlıdır. 1969-cu il iyul ayının 14-dən başlayan bu tarix bütün zamanlarda Azərbaycana və xalqımıza yalnız və yalnız inkişaf, yüksəliş bəxş edib. Bu fenomenal şəxsiyyət rəhbərlik etdiyi bütün mərhələlərdə varlığı ilə sevdiyi Azərbaycanı, xalqımızı, onun dövlətçilik tarixini çox çətin sınaq və imtahanlardan çıxarıb, zənginləşdirib. Heydər Əliyev özünün uzaqgörən və parlaq siyasi zəkası, müdrikliyi sayəsində yeni Azərbaycanı qurub, onun bugünkü iqtisadi və siyasi inkişafının memarı olub, ölkəmizi işıqlı gələcəyə aparan yolları müəyyənləşdirib.
Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər təyin olunması respublikanın tarixində çox mühüm bir mərhələnin əsasını qoydu. O dövrdə Azərbaycanda iqtisadiyyatın bütün sferalarında digər sosialist respublikalarla müqayisədə ciddi geriləmə var idi. Heydər Əliyev elə bir vaxtda respublikaya rəhbər təyin edilmişdi ki, mövcud problemlərin kompleks həllinə nail olmaq üçün olduqca qətiyyətli, eyni zamanda, praqmatik addımlar atmaq tələb edilirdi. Bəlkə də çoxları respublikanın böhranlı vəziyyətdən çıxacağına inanmırdı. Lakin 1969-cu ilin məşhur avqust plenumu Heydər Əliyevin timsalında ölkəyə qətiyyətli bir şəxsiyyətin rəhbərliyə başlamasından və Azərbaycanın yeni dövrə qədəm qoymasından xəbər verdi. Məhz bu plenum Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində irəliyə doğru dönüş yaratdı. Plenumdan dərhal sonra iqtisadiyyatda canlanma müşahidə edildi, təhsilin, elmin inkişafında böyük nailiyyətlər əldə edildi. Ölkədə qanunçuluğun möhkəmləndirilməsi istiqamətində ciddi dönüş yarandı. Ulu öndərin qarşıya qoyduğu məqsədlərə uyğun olaraq rüşvətxorluğun və korrupsiyanın qarşısının alınması üçün sərt və qətiyyətli islahatlar həyata keçirildi. Təbii ki, bu addımlar həm ümumi inkişafın stimullaşdırılmasına, həm də cəmiyyətin mənəvi baxımdan sağlamlaşdırılmasına müsbət təsir göstərdi.
Heydər Əliyevin ölkəyə rəhbərliyinin ilk çağlarından elan etdiyi ideyalar bütövlükdə 70-80-ci illərdə Azərbaycanda tərəqqinin və intibahın başlıca istiqamətlərini müəyyən etdi və bu dövrdə bütün sahələrdə uğurlara yol açdı. Azərbaycanın bütün iqtisadi və aqrar potensialı hərəkətə gətirildi, ölkəmiz ittifaq miqyasında iqtisadi artımına, tikintinin miqyasına və digər göstəricilərinə görə qabaqcıl mövqeyə yüksəldi.
Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərinə ehtiramla yanaşır, təhsilin inkişafına böyük diqqət göstərirdi. Sovet təbliğatının hakim mövqedə olmasına baxmayaraq məhz ulu öndərin fədakarlığı sayəsində xalqımız öz milli dəyərlərinə, özünün mədəniyyətinə qovuşdu. Heydər Əliyev ziyalıları nəinki sovet repressiyasından qorudu, hətta onlara dövlət mükafatlarının, fəxri adların verilməsinə nail odu. Ulu öndərin xalqımıza son dərəcə bağlılığının başqa bir göstəricisi 1978-ci ildə Konstitusiya ilə Azərbaycan dilinə dövlət dili statusunun verilməsinə nail olması idi. Bütövlükdə ulu öndərin hələ sovet hakimiyyəti illərindəki rəhbərliyi zamanı əzmkar fəaliyyəti Azərbaycanın iqtisadi və milli intibahına yol açdı və ən əsası ölkəmizin gələcək müstəqilliyinin əsaslarını formalaşdırdı.
İttifaq rəhbərliyində onun və xalqımızın qazandığı nailiyyətləri gözü götürməyənlərin məkrli niyyətlərinə dözməyərək vəzifəsindən istefa verdikdən sonra da bu görkəmli siyasi xadim həmişə vətəni, xalqı ilə birlikdə oldu. 1990-cı ilin qanlı yanvar günlərində heç bir təqib və təzyiqdən çəkinməyərək, respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gedərək ittifaq rəhbərliyinin Bakıda törətdiyi vəhşilikləri kəskin tənqid etməsi Heydər Əliyevin əsl cəsarət nümunəsi idi. Azərbaycanlıların mənəvi və maddi sıxıntı məngənəsində boğulduğu, ölkəmizin iqtisadi, siyasi, sosial və hərbi böhran keçirdiyi bu ağır vaxtlarda Heydər Əliyev öz xalqı ilə birlikdə olmağa üstünlük verib Moskvadan Naxçıvana qayıtdı. Naxçıvanlılar vətənin sınanmış oğlunu böyük izdiham və mehribanlıqla qarşıladılar.
Ağır, keşməkeşli, böhranlı 1993-cü il hər birimizin yadındadır. Ölkəyə müstəqilliyimizin ilk illərində rəhbərlik edənlərin siyasi səbatsızlığı, idarəetmədəki kobud səhvlər, yeni formasiyaya uyğun dövlət quruculuğunun ümumiyyətlə həyata keçirilməməsi, bir-birini əvəz edən hakimiyyətlərin öz məsuliyyətini anlamaması və beləliklə, ölkədə baş alıb gedən anarxiya, itaətsizlik və hərc-mərclik ciddi problemlərə gətirib çıxarmışdı. Respublikamız vətəndaş qarşıdurması və separatçı bölücülüklə üzləşmişdi. Ən əsası, yenicə əldə etdiyimiz müstəqillik itirilmək təhlükəsi ilə üzləşmişdi. Belə bir vaxtda hər kəs aydın başa düşürdü ki, ölkəni və xalqı bu bəladan qurtara biləcək yeganə şəxs Heydər Əliyevdir.
Belə bir ərəfədə xalqının səsinə səs verib Naxçıvandan Bakıya gələn Heydər Əliyev lider qətiyyəti ilə ölkədəki hakimiyyət boşluğuna, xaosa, vətəndaş qarşıdurmasına, şimal və cənub rayonlarındakı separatçılığa son qoydu. Ulu öndərin qısa zamanda həyata keçirdiyi işlər Azərbaycanın dövlət müstəqilliyini məhv olmaqdan xilas etdi, xalqın özünə inamını geri qaytardı. Hərc-mərcliyin baş alıb getdiyi və xüsusən cəbhədə qızğın döyüşlərin davam etdiyi o illərdə ölkədə sabitliyi, normal həyat şəraitini bərpa etmək yalnız Heydər Əliyev siyasətinin dönmədən həyata keçirilməsi sayəsində mümkün idi.
Beləliklə, 1969-cu ildə Azərbaycanı tənəzzüldən xilas edən Heydər Əliyev bu dəfə ölkəmizə müstəqillik, xalqımıza azadlıq bəxş etdi, müasir, müstəqil Azərbaycan dövlətinin banisinə çevrildi. Müstəqil Azərbaycanın beynəlxalq birlikdə öz yerini tutması məhz Heydər Əliyevin xidmətləri sayəsində mümkün oldu. Yalnız onun yenidən siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirə bildi, ölkənin beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qalxdı.
Ölkədə siyasi-ictimai sabitliyin tam təmin olunması sonrakı mərhələdə hüquqi dövlət quruculuğunun həyata keçirilməsi, siyasi, hüquqi, iqtisadi, sosial və aqrar islahatların aparılmasını şərtləndirdi. Ulu öndər bütün bu işlərə hakimiyyətin səriştəli kadrlarla möhkəmləndirilməsindən, qayda-qanunlara hamının ciddi əməl etməsinə nail olmaqdan, vəzifədə çalışanların məsuliyyət hissinin artırılmasından, ictimai mənafelərin önə çəkilməsindən başladı.
Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesinin ən zəruri məqamlarından biri ölkənin hüquq sisteminin dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsindən, bu sahədə beynəlxalq standartlara uyğun islahatların həyata keçirilməsindən ibarətdir. Əlbəttə, o dövrdə qanunların aliliyinə söykənən cəmiyyətin qurulması, müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi, onun sivil beynəlxalq ictimaiyyətə inteqrasiyası bu prosesin uğurla aparılmasından əhəmiyyətli dərəcədə asılı idi. Bu reallığı müdrikcəsinə qiymətləndirən ulu öndər Azərbaycanda hüquqi bir dövlət modelinin yaradılmasına və inkişafına yönəlmiş və özündə kompleks hüquqi islahatları nəzərdə tutan fundamental strategiyanın əsasını qoydu. Bu islahatlar həm yeni hüquqi bazanın yaradılmasını, həm də bu sahədə fəaliyyət göstərən dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsini özündə ehtiva edirdi.
1995-ci ildə ulu öndərin müəllifliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbulu Azərbaycanda ardıcıl və sürətli hüquqi islahatların başlanması baxımından böyük tarixi hadisə oldu. Çünki məhz Konstitusiya dövlətin hüquqi əsaslarını müəyyənləşdirən, onun ümumi inkişafının konturlarını özündə ehtiva edən sənəddir. Bu baxımdan Heydər Əliyevin müəllifi olduğu Konstitusiya Azərbaycanın hüquqi və siyasi, eyni zamanda, iqtisadi baxımdan inkişafının sürətləndirilməsində xüsusi rol oynadı.
Təbii ki, Konstitusiyanın qəbulu sonrakı mərhələdə müxtəlif istiqamətlərdə sürətli hüquqi islahatların həyata keçirilməsini və mütərəqqi bəşəri cəhətləri, demokratik və şəffaf dəyərləri özündə cəm edən müasir hüquq sisteminin yaradılmasını təmin etməli idi. Qısa müddətdə bu yöndə qarşıya qoyulmuş vəzifələr dövrün nəbzini tutmaqla yerinə yetirildi. Zamanla səsləşən islahatlar dövlətin hüquq sisteminin əsas sütunlarından olan prokurorluq orqanlarını da əhatə etdi. Bu istiqamətdə görülən işlər prokurorluğun öz fəaliyyətində qərəzsizlik və obyektivlik prinsiplərinə daim sadiq olan, siyasi baxımdan bitərəfliliyi rəhbər tutan, demokratik dəyərlərə və insan hüquqlarının təmin olunmasına xidmət edən bir orqan kimi sürətli inkişafına yol açdı.
Ümummilli lider Heydər Əliyev prokurorluğun ölkənin hüquq sistemindəki rolunu daim yüksək qiymətləndirib. Elə bunun nəticəsidir ki, 2002-ci ildə Konstitusiyaya edilmiş düzəlişlərdən sonra 96-cı maddəyə əsasən prokurorluğa qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ verilib. Bu baxımdan hazırda qanun layihələrini Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ həm də prokurorluğa aiddir.
Təbii ki, Azərbaycan prokurorluğunun müstəqillik illərindəki inkişaf mərhələlərindən danışarkən Heydər Əliyevin 19 il əvvəl - 2000-ci il aprelin 26-da Respublika Prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi görüşü xüsusi qeyd etməliyik. Çünki məhz bu görüş prokurorluğun dövlətçiliyin və qanunçuluğun keşiyində dayanan orqan kimi fəaliyyətinin təkmilləşdirilməsinə, o cümlədən ölkənin hüquq sistemində və cəmiyyətdəki nüfuzunun daha da yüksəlməsinə yol açdı. Bu görüşdən sonra ulu öndərin tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində prokurorluq orqanlarının məzmununun yenilənməsi, müasir standartlar səviyyəsində yenidən formalaşdırılması istiqamətində mühüm işlər görüldü. Təbii ki, bütün bunlar qanunçuluğun möhkəmləndirilməsində, cinayət istintaqının aparılmasında, dövlət ittihamının müdafiəsində prokurorluq orqanlarının fəaliyyətini yeni keyfiyyət müstəvisinə yüksəltdi.
Ümumiyyətlə, ölkəmizin hüquq sistemində islahatlar davamlıdır. Çünki müasir dünyamız sürətli qloballaşır, cəmiyyətimiz sürətlə inkişaf edir, ayrı-ayrı sahələrdə yeni münasibətlər meydana çıxır. Eyni zamanda, müasir kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Təbii ki, cinayətkarlığın da yeni formaları təzahür edir. Bütün bunlar hüquq sistemində islahatların davamlı və sistemli şəkildə həyata keçirilməsini qaçılmaz edir. Bu baxımdan nəzər salsaq görərik ki, ulu öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 16 il mütəmadi hüquqi islahatların aparılması ilə də əlamətdardır.
Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı təsdiq etdi ki, hüquq sistemindəki islahatlar davamlıdır. Fərmanda qeyd olunduğu kimi, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Fərmanda prokurorluq orqanlarının da fəaliyyət dairəsinə daxil olan məsələlərlə bağlı tövsiyələr verilib. Belə ki, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Ali Məhkəməyə tövsiyə edilir, habelə Ədliyyə Nazirliyinə tapşırılır ki, müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər. Həmçinin Baş Prokurorluğa tövsiyə edilir ki, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsini mütəmadi təhlil etsin və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlər görsün.
Hüquqi islahatların nəticəsi olaraq Bakı şəhər prokurorluğu da daim işini təkmilləşdirib, fəaliyyətində qanunçuluğun təmini, insan hüquqlarının qorunması, ədalət, şəffaflıq və qərəzsizlik kimi prinsipləri əsas götürüb. Bakı şəhər prokurorluğunun hüquq qaydalarının möhkəmləndirilməsi, törədilmiş cinayət hadisələrinin üstünün açılması ilə bağlı fəaliyyətində özünü göstərən müsbət göstəricilər təsdiq edir ki, paytaxtın prokurorluq orqanları qanunçuluğun təmin olunması üçün qanunla müəyyən olunmuş vəzifələrini layiqincə yerinə yetirir.
Azərbaycan yeni dövrə qədəm qoyub. Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə respublikamız inkişafının keyfiyyətcə yeni mərhələsində daha böyük uğurlara imza atacaq. Son dövrlərdə ayrı-ayrı sahələrdə başlanan yeni islahatlar, o cümlədən hüquq sistemində islahatların dərinləşdirilməsi bunu əminliklə söyləməyə əsas verir. Nəticə etibarilə Azərbaycan hüquqi dövlət olaraq özünün nailiyyətlərini daha da artıracaq, yüksək göstəriciləri ilə inkişaf etmiş ölkələrin cərgəsində yer alacaq.
Təbii ki, belə bir məsuliyyətli dövrdə prokurorluq orqanlarının da üzərinə mühüm vəzifələr düşür. Sözsüz ki, prokurorluq orqanları insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində öz qulluq və vəzifə borclarını layiqincə yerinə yetirməklə dövlət səviyyəsində göstərilən böyük etimadı daim doğruldacaqlar. Nəticə etibarilə uğurlu fəaliyyətimiz bundan sonra da dövlətimizin yüksəlişinə layiqli töhfəsini verəcək.
İlqar ABBASOV,
Bakı şəhər prokuroru,
III dərəcəli dövlət ədliyyə müşaviri
Azərbaycan.-
2019.- 9 may.- S.12.