Dağlar
uzaqdan daha əzəmətli görünür
Heydər
Əliyev xatirələrdə
Bu bir həqiqətdir ki, dağlar
uzaqdan daha əzəmətli görünür. Böyük,
dahi şəxsiyyətlərin həyatı da belədir.
Şah İsmayıl Xətainin, Atatürkün öz
xalqlarının birliyi, yüksəlişi, millətlər
arasında boy verməsi uğrunda gördükləri işlər
türk dünyası tarixinin şanlı səhifələridir.
Bugünkü yaşlı və orta nəsil nümayəndələri
xoşbəxtdirlər ki, XX əsrin xalqımıza bəxş
etdiyi dahi bir şəxsiyyətlə - Heydər Əliyevlə
bir dövrdə yaşayıb və onunla eyni məqsədə
xidmət etmişlər. Bu dahi şəxsiyyət ömrünü
şamtək əridərək Azərbaycanın
inkişafına, xalqımızın xoşbəxtliyinə sərf
etmişdir.
Ulu öndər hakimiyyətinin
birinci dövründə Azərbaycan üçün misilsiz
işlər görmüş, SSRİ məkanında
respublikamızı qabaqcıllar sırasına
çıxarmışdır. Heydər Əliyevin qədirbilənliyi
sayəsində bütün sahələrdən olan insanlar -
qabaqcıl əmək adamları, görkəmli şairlər,
yazıçılar, rəssamlar, müğənnilər
Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada
layiq görülür, orden və medallarla təltif olunur, digər
mükafatlar alırdılar.
O zaman respublikamızın
rayonları arasında Cəlilabad da sürətlə
inkişaf edirdi. Ulu öndər Heydər Əliyevi hələ
Dövlət Təhlükəsizliyi Komitəsində
çalışdığı zaman bu rayonla bağlayan tellər
var idi. 1969-cu ildə respublikanın rəhbəri seçiləndən
sonra bu əlaqələr daha da möhkəmləndi. Azərbaycanın
rəhbəri kimi Heydər Əliyev demək olar hər il bu
rayona səfər edir, onun sosial-iqtisadi inkişafı
üçün qərarlar verir və yerinə yetirilməsini
nəzarətdə saxlayırdı. Ulu öndərin buraya hər
gəlişi bayrama çevrilirdi. Zəhmətkeş cəlilabadlılar
rəhbəri böyük ruh yüksəkliyi, yeni-yeni əmək
qələbələri ilə qarşılayır, ona olan
hörmət və məhəbbətlərini bildirirdilər.
Həmin görüşlərdən birində Heydər
Əliyev belə demişdi: "Cəlilabadın həyatı
keçmişdə bilavasitə mənimlə bağlı
olmuşdur. Cəlilabad rayonu, Cəlilabad ictimaiyyəti
qarşısında mənim xidmətlərim az
olmayıbdır. Xatirimdədir, 1969-cu ildə mən Azərbaycana
rəhbər seçiləndə Cəlilabad çox
ağır vəziyyətdə idi. Cəmi 10 il
keçmişdi ki, Cəlilabadın siması dəyişdi...”
Bu diqqət və qayğının nəticəsi idi ki,
1990-cı illərdə müstəqilliyini təzə bərpa
etmiş Azərbaycanda vəziyyət həddindən artıq
ağır və kritik olanda, xalqın bütün ədalətli,
yaxşını yamandan seçən, prosesləri
düzgün qiymətləndirməyi bacaran nümayəndələri
kimi, qədirbilən Cəlilabad camaatı da ulu öndərin
hakimiyyətə qayıtmasını təkidlə tələb
etdi. Ümummilli lider yenidən Cəlilabada səfərlər
etdi, rayonun inkişafını nəzarətə
götürdü.
Təxminən 10 il bundan öncə
"Cəlilabadda beş Prezident təqaüdçüsü
yaşayır”; "Onların hər birinin ürəyi ümummilli
lider Heydər Əliyev haqqında xoş xatirələrlə
doludur” başlıqlı yazımda ulu öndərlə cəlilabadlıların
dostluğundan, bu dostluğu əks etdirən xatirələrdən
bəhs etmişəm. Bu dəfə isə həmin illərdə
əmək veteranı Qılıncxan Məmmədovla
görüşüb çay süfrəsi arxasında
söhbət etdik. Yaddaş dəftərçəsini vərəqlədikcə
xatirələri onu keçmiş illərə apardı. Məlum
oldu ki, gənc yaşlarından əmək cəbhəsinə
atılıb. Əvvəlcə rayon komsomol komitəsində
işləyib. Qısa bir müddətdən sonra Cəlilabad
Rayon Partiya Komitəsində təlimatçı vəzifəsinə
keçirilib. Yeni vəzifəyə təsdiq olunan zaman partiya
komitəsinin birinci katibi N.Muradov büro üzvü seçilən
rayon komsomol komitəsinin katibinə üzünü tutaraq:
"Yoldaş Əsgərov, bu oğlanın hələ 21
yaşı var. Bəlkə komsomolda bir müddət də
işləyib özünü göstərsin? Bərkə-boşa
düşsün ki, gələcəkdə çətinlik
çəkməsin” deyib. Komsomol katibi ayağa duraraq:
"Yoldaş katib, bu oğlan artıq sınaqdan
çıxıb, zəhmətin, məsuliyyətin nə
olduğunu yaxşı bilir. Sosialist Əməyi Qəhrəmanı
Dünyamalı Məmmədovun oğludur” cavabını
verib. Raykom katibi bu sözdən sonra daha heç nə deməyib,
hazırlanmış qərar layihəsini imzalayıb.
Bir müddət keçdikdən
sonra, raykomun tövsiyəsinə əsasən,
Qılıncxan Məmmədov "Bakı fəhləsi”
sovxozunun partiya təşkilatının katibi seçilir. Q.Məmmədov
təşkilatın uçotunda dayanan 112 nəfər
kommunistin qüvvəsini qarşıda duran istehsalat
tapşırıqlarının yerinə yetirilməsinə səfərbər
edib. Təşəbbüskarlığını, təşkilatçılığını
görən rayon rəhbərliyi 1966-cı ildə onu
doğulub boya-başa çatdığı Sabirabad kəndindəki
"Azərbaycanın 40 illiyi” adına sovxoza direktor göndərib.
Gənclik həvəsi ilə çalışan, göstərilən
etimadı doğrultmaq üçün qüvvə və
bacarığını əsirgəməyən Q.Məmmədov
uzun illər müxtəlif təsərrüfatlara
başçılıq edib. Əməyi də sovet
dövrünün bir neçə orden və medalları, digər
mükafatları ilə qiymətləndirilib. Üstəlik
mövzu götürüb namizədlik dissertasiyası
müdafiə edib.
Q.Məmmədovun həyatında
ulu öndər Heydər Əliyevin Cəlilabada səfərləri
zamanı görüşlərdən, söhbətlərdən
qalan xatirələr silinməz izlər buraxmışdır.
Qılıncxan kişi deyir ki, Heydər Əliyev hər səfəri
zamanı bir neçə təsərrüfatda olar, sadə zəhmət
adamları ilə görüşüb söhbət aparar,
onların problemlərini, çətinliklərini
soruşardı: "Rayonda üzümçülüyün
inkişafını görüb sevinərdi. Hansı təsərrüfatda
olsaydı, bizi - sovxoz direktorlarını da ora dəvət edərdilər.
Burada o, bizə də öz tapşırıq, göstəriş
və tövsiyələrini verərdi. Sonra rayon fəallarının
müşavirəsi keçirilərdi. Yaxşı
yadımdadır ki, bir dəfə belə
yığıncaqların birində dedi:
- Vaxtilə buralar səhranı
xatırladırdı. İndi isə rayona gəlib
ucu-bucağı görünməyən üzüm
bağlarını seyr edəndə adam heyrət edir. Kəhrəba
salxımlı üzüm plantasiyaları göz
oxşayır. Cəlilabad respublikamızda ən böyük
üzümçülük rayonlarından biridir. Sizin
yetişdirdiyiniz kişmişi üzüm bütün
SSRİ-də şöhrət qazanmışdır. Sovxoz əməkçiləri
ildən-ilə üzüm yığımını
artırmağa çalışırlar. Sizdə çox
müxtəlif və keyfiyyətli üzüm sortları var.
Bu rayonun iqtisadi potensialı çox güclüdür. Mən
həmişə bura gələndə sevinirəm, sizinlə
qürur duyuram. Azərbaycan 1 milyon 700 min ton üzüm satmaq
barədə yüksək öhdəlik
götürmüşdür. Siz isə 300 min ton üzüm
yığıb verməyə söz vermisiniz. Bu nə qədər
şərəflidirsə, bir o qədər də çətindir.
Amma mən buna inanıram. İnanıram ki, Cəlilabad
üzümçüləri əsl qəhrəmanlıq
nümunəsi göstərəcək, dövlətə 300
min ton üzüm yığıb təhvil verəcəklər.
Bilirsiniz, mən Cəlilabada gələndə Ermənistan KP
MK-nın birinci katibi Karen Dəmirçiyan mənə zəng
vurub dedi: "Heydər Əliyev, mən Azərbaycanı
sosializm yarışına dəvət edirəm. Ermənistan
bu yarışda 250 min ton üzüm yığıb təhvil
verməyi öhdəsinə götürüb. Əgər Azərbaycan
bu qədər üzüm yığıb təhvil verə
bilərsə, bizimlə yarışa bilərsə, gəlin
yarışaq”. Siz bilirsiniz, mən ona nə cavab verdim? Mən
gülə-gülə ona dedim: "Karen, sən Azərbaycanla
yarışa girməzdən əvvəl, bizdə Cəlilabad
rayonu var, gəl həmin rayonla yarışa gir. Sən deyirsən
ki, Ermənistan 250 min ton üzüm yığmağı
öhdəlik götürüb, amma təkcə Cəlilabad
rayonu bu il 300 min ton üzüm yığıb dövlətə
təhvil verəcək”. Bu sözlərdən sonra Karen Dəmirçiyan
heç nə demədi, dəstəyi asdı. Axı nə
deyə bilərdi?! Ona görə mən sizin bu şücaətinizlə
fəxr edirəm. Cəlilabad zəhmətkeşlərinin əməyi
ilə qürur duyuram. Yaşasın Cəlilabad zəhmətkeşləri!
Ulu öndərin bu sözləri
bizim də hər birimizin qəlbində qürur, iftixar hissi
yaratdı. Digər xoş xatirəni də
danışacağam. 1981-ci il idi. Azərbaycan SSR Ali Sovetinin
deputatı Zinaida Streltsovanın briqadasının ikimərtəbəli
tarla düşərgəsində Privolnoye kəndinin
adamlarıyla görüş zamanı Heydər Əliyev
Sosialist Əməyi Qəhrəmanı Nüsrət Məmmədovun
həyat yoldaşı, qəhrəman ana, taxılçı
Firuzə Məmmədovanı yanına
çağırıb hal-əhval tutdu, uşaqları
soruşdu. Birdən üzünü Zinaida Streltsovaya
çevirib dedi:
- Neçə
uşağınız var?
Zinaida utana-utana:
- Yoldaş Əliyev, 3
uşağım var, - dedi.
Heydər Əliyev özünəməxsus
bir tərzdə gülümsəyib dedi:
- Bax odur, Nüsrət Məmmədovun
16 övladı var. Yarış dostundan nümunə
götür.
Hamımız
gülüşdük, ürəyimiz açıldı”.
Müsahibim pencəyinin qoltuq cibindən
12 vərəqlik şagird dəftərini çıxarıb
masanın üstünə qoydu.
- Qılıncxan kişi, bu nədir?
- soruşdum.
- Ümummilli lider haqqında bəzi
qeydlərimdir, - deyir. Sonra dəftərin arasındakı iki
saralmış vərəqi mənə uzadır. Kiril əlifbası
ilə çap olunmuş, biri Heydər Əliyev Naxçıvan
Muxtar Respublikasının Ali Sovetinin sədri işləyərkən
Q.Məmmədovun ona vurduğu teleqramın mətni, digəri
isə blanklı vərəqdə həmin teleqramın
alındığını bildirən poçt vərəqidir.
Yaşadığı Cəlilabad rayonundakı Sabirabad kəndinin
4 min 800 nəfər əhalisi adından göndərdiyi
teleqramda yazılıb: "...Respublikanın bütün əhalisi
kimi, cəlilabadlılar da ölkəmizdə hökm sürən
bu ağır vəziyyətdə Sizin respublikaya
qayıdıb xalqa başçılıq etməyinizi arzu
edir. Bütün əhalini bu bəladan qurtarmağı və
ölkənin parçalanmasının
qarşısının alınmasını yalnız Siz
bacararsınız. Biz Sizi Allahın qisməti hesab edirik.
Əziz Heydər Əliyev, nə qədər
çətin olsa da, xalqımızın və
bütövlüyümüzün mənafeyi,
hamımızın mənafeyi naminə Bakıya
qayıdıb, xalqa rəhbərlik etməyinizi Sizdən xahiş
edirik. Bunu yalnız Siz bacararsınız. Siz ölkəni
düşdüyü bu bəlalardan qurtarmağa qadir olan yeganə
şəxsiyyətsiniz”.
Məktubun mətnini oxuyub başa
çatdırdığımı hiss edən Q.Məmmədov
dedi:
- Böyük yaradan sanki səsimizi
eşitdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev hakimiyyətə
qayıtdı. Yenidən Cəlilabada səfərlər etdi.
İnkişafın yeni dövrü başladı və bu
gün də həmin inkişaf uğurla davam edir. Prezident
İlham Əliyevin rəhbərliyi altında, bütün
bölgələrimiz kimi, mənim doğma Cəlilabadım
da abadlaşır, gözəlləşir.
Qılıncxan kişinin
sözünə qüvvət - bəli, Heydər Əliyev Azərbaycanın
sözün həqiqi mənasında yaşaması naminə
hakimiyyətə qayıtdı. Polad iradəsi, uzaqgörən
siyasəti, gərgin əməyi nəticəsində ölkəni
pis niyyətli daxili və xarici qüvvələrin
caynağından xilas etdi. "Mən ömrümün qalan
hissəsini də xalqıma bağışlayıram” dedi.
Heydər Əliyev sözün əsl mənasında fenomen
şəxsiyyət, dünya miqyaslı siyasətçi idi.
Gün, ay, il dolanır, zaman
keçir. Ulu öndər artıq 16 ilə yaxındır ki,
cismən həyatda yoxdur. Amma əməlləri, ideyaları
yaşayır və yaşayacaqdır. Uzaqdan daha əzəmətli
və vüqarlı görünən dağ kimi zaman
keçdikcə Heydər Əliyev dühası, şəxsiyyəti
də daha dərindən dərk olunacaq,
böyüklüyü daha çox qəbul ediləcəkdir.
Seyran CAVADOV,
Azərbaycan.- 2019.- 9 may.- S.12.