Bir əsr mənalı ömür
yaşadı
Faşizmlə vuruşub xalqına
şöhrət, təbiətlə çarpışıb vətəninə
sərvət gətirdi
Döyüşçü, neftçi-geoloq, alim, müəllim, ata, insan, vətəndaş... Abdul Ağa Əli oğlu Cavadov taleyin ona bəxş etdiyi bu adların hamısını şərəflə daşıdı. Uzun ömrünün hər anını mənalı yaşadı.
O, Azərbaycanın həyatında keşməkeşlərlə dolu olan 1920-ci ildə Bakının Zirə qəsəbəsində dünyaya göz açmışdı. Atası Əli kişi neftçi olduğundan ailə Pirallahıda yaşayırdı. Böyük Vətən müharibəsi adlanan ölüm-dirim savaşı başlayanda Zabitlər Məktəbinin məzunu olan Abdul Ağa hərbi komissarlığa gəlib cəbhəyə göndərilməsini xahiş edir. Ona bir qədər gözləməyi və hələlik mədəndə atasına kömək etməyi məsləhət görürlər.
1942-ci ildə Abdul Ağanı müharibəyə göndərirlər. Beləliklə, gənc neftçi arxa cəbhədən ön cəbhəyə yollanır.
Doğma Bakı torpağının təkindəki, sonra da coşqun Xəzərin dərinliklərindəki "qara qızıl”ı üzə çıxarmaq üçün, ilk növbədə, bu sərvətin faşistlərin əlinə keçməsinə yol vermək olmazdı. Çünki Hitler Bakıya can atırdı, Azərbaycan nefti onun üçün əvəzolunmaz nemət idi. Odur ki, minlərlə Azərbaycan oğlu kimi Abdul Ağa da silaha sarılmışdı. Ölümü gözünün altına alaraq vuruşurdu.
825-ci Dağ Diviziyasının tərkibində döyüşən Abdul Ağa bir müddətdən sonra yaralanır. Bu zaman onun vuruşduğu dəstəni gəmi ilə Novorossiyskdən Kerçə aparırlar. Burada o, 157-ci briqadada xidmət edir. Sonra həmin briqadanı 4-cü dəniz polku ilə birləşdirib diviziya yaradırlar.
Yaralanandan sonra A.Cavadova əlillik dərəcəsi
verilmişdi. Buna baxmayaraq
o, yenidən könüllü
surətdə cəbhəyə
yollanmış və
vuruşmağa davam etmişdi.
Odlardan-alovlardan keçən qorxmaz əsgərin döyüş
yolu Polşa torpağınadək uzandı. Qarşıda Berlin dayanırdı.
A.Cavadov az qala hər
ağır vuruşmadan
sonra bir ordenə, yaxud medala layiq görülür,
komandanlığın təşəkkürünü,
tərifnaməsini alırdı.
Faşistlərə son zərbəsini onların elə öz yuvasında endirdi. Berlində Reyxstaqın divarlarına imzasını həkk etdi: "Mən azərbaycanlıyam və
burada olmuşam” sözlərini yazdı. Bununla tarixə öz adını həm də Böyük Vətən müharibəsinin
əvvəlindən son gününədək
döyüşən yeganə
neftçi kimi daxil etdi.
İgid döyüşçünün
layiq görüldüyü
birinci və ikinci dərəcəli
"Vətən müharibəsi”,
"Qırmızı Ulduz”
ordenləri, "Qafqazın
müdafiəsinə görə”,
"Varşavanın azad
edilməsinə görə”,
"Döyüşdə göstərdiyi
şücaətə görə”,
"Almaniya üzərində
Qələbəyə görə”
medalları... Bütün təltiflərini
sadalamaqla uzun bir siyahı alınar. Bu, əslində Abdul Ağa Cavadovun keçdiyi mərdlik yolunun bir salnaməsi, sözsüz, şərhsiz
təsdiqidir.
1947-ci ildə
baş leytenant A.Cavadov Bakıya açıq alınla, sinəsində orden-medallarla,
kiçik əsgər
çamadanının içi
dolu tərifnamələrlə
qayıtdı. İndi onu neft cəbhəsi gözləyirdi.
Çalışmaq, axtarışlar aparmaq, neftli ərazilərin yeni "imkan”larını üzə
çıxarmaq lazım
idi. Bunun üçün isə mükəmməl bilik, seçdiyi sahəyə aid dərin savad tələb olunurdu. Beləliklə,
müharibədən sonra
Azərbaycan Sənaye
İnstitutunun (indi Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti) geoloji-kəşfiyyat
fakültəsini fərqlənmə
diplomu ilə bitirən A.Cavadov ali məktəbdə
qazandığı bilikləri
istehsalatda tətbiq etməyə başladı.
Əvvəlcə "Balaxanıneft”
NQÇİ-də, sonra
elmi-tədqiqat institutunda
geoloq vəzifəsində
çalışdı.
Elmlə istehsalatın əlaqələndirilməsinin
müsbət nəticəsi
Abdul Ağa Cavadovun
1962-ci ildə müdafiə
etdiyi "Sabunçu
layında Balaxanı-Sabunçu-Ramana
yataqlarının geologiyası
və neftqazlılığı,
onların işlənib
hazırlanmasının səmərəli
yolları” mövzusunda
namizədlik dissertasiyasında
özünü göstərdi.
Neftçi-alim uzun illər "Qaradağneft” NQÇİ-nin
baş geoloqu vəzifəsində çalışıb. İstehsalatdakı işlərin çətinliyinə,
boş vaxtın məhdud olduğuna baxmayaraq A.Cavadov bu dövrdə axtarışlarını səylə
davam etdirib. Atəşgah, Umbakı, Mezozoy çöküntüləri
sahələrində kəşfiyyat
quyularının qazılmasını
layihələndirib. Lökbatan qatının
meosen-mezozoy layında
qaz-kondensat yataqlarının
kəşfində və
istismarında iştirak
edib. Geoloq Cavadovun "Neft
Daşları”, "Günəşli”
yataqlarının salnaməsində
də "dəst-xət”i
var. Təsadüfi deyil
ki, neft sənayesinin inkişafındakı
xidmətlərinə görə
keçmiş SSRİ-nin
Dövlət Geologiya Komitəsi və Kəşfiyyat İşçiləri
Həmkarlar İttifaqı
Mərkəzi Komitəsinin
"Yerin təkinin kəşfiyyatı üzrə
peşəkarlıq” mükafatına
layiq görülüb.
Geoloqun axtarışları 1970-ci ildə
müdafiə etdiyi
"Abşeronun cənub-qərbindəki
məhsuldar qatların
geologiyası və neftqazlılığı” mövzusunda
doktorluq dissertasiyasında
da öz əksini tapdı. Mütəxəssislər yaxşı bilirlər ki, Azərbaycanın bu gün dünyaya
səs salan neft-qaz sənayesinin inkişafında vaxtilə
görülmüş həmin
işlər necə böyük əhəmiyyət
daşıyır. Həm də
qeyd edək ki, Abdul Ağa Cavadov bu dissertasiyasını
məhz istehsalatdakı
vəzifələrindən ayrılmadan hazırlayıb
və müdafiə edib.
Bir əsrə yaxın - 97 il
ömür sürən
bu insan geoloq kimi fəaliyyət
göstərdiyi dövrdə
gündüzlər qaynar
neftçi həyatının
olaylarını yaşamış,
məsul vəzifələrdə
çalışaraq istehsalatın
təxirəsalınmaz məsələlərini
həll etmiş, axşamlar istirahət saatlarından vaz keçərək qələmə
sarılıb sahənin
inkişafına təkan
verən əsərlər
yazmışdır. Beləcə, onun alim qələmindən
120-dən çox elmi
əsər çıxmışdır.
Təcrübəsini gənclərdən
əsirgəməyən Abdul Ağa Cavadov həm mədənlərdə,
həm də elmi laboratoriya və ali
məktəb auditoriyalarında
onların qayğıkeş
müəllimi olmuşdur.
Elmi-tədqiqat institutunda laboratoriyaya
rəhbərlik edəndə
də, vaxtilə özünün bitirdiyi institutda dekan, kafedra müdiri vəzifələrində çalışanda
da ənənəsinə
sadiq qalmışdır.
Təsadüfi deyil ki, 12 yetirməsi professor Cavadovun
rəhbərliyi ilə
namizədlik dissertasiyası
müdafiə etmişdir.
Ünsiyyətcil insan idi Abdul Ağa müəllim. Vaxtilə vuruşduğu,
azad etdiyi yerlərdən daim xəbər tuturdu, Rusiyadakı, Ukraynadakı,
Belarusdakı cəbhə
yoldaşları ilə
əlaqə saxlayırdı.
Odur ki, layiq görüldüyü
"Veteranların həmrəyliyi”,
"Müharibə veteranı”
ordenləri ona çox əziz idi. 2014-cü ildə Rusiya Federasiyasının Təhlükəsizlik
Şurasının katibi
Nikolay Petruşev Bakıya gələrək
A.Cavadova həmin qurumun ordenini təqdim etmişdir.
Abdul Ağa Cavadovun 74-78 il əvvəl uğrunda qan axıdaraq müdafiə etdiyi yerlərdə indi insanlar xoşbəxt yaşayır, yeni şəhərlər, qəsəbələr, bağlar salınır. Sinəsini sipər edib qoruduğu, faşistləri yaxınlığına buraxmadığı neft yataqlarının sərvəti onilliklər keçsə də, hələ tükənməyib. Bir neftçi, geoloq, alim olaraq gördüyü işlər isə müstəqil Azərbaycanın bugünkü inkişafına dəstək göstərməkdə, təkan verməkdə davam edir. Abdul Ağa Cavadovun özü artıq bir neçə ildir həyatda olmasa da... Belələri haqqında deyirlər ki, ömrünü hədər yaşamayıb!..
Flora SADIQLI
Azərbaycan.- 2019.- 9 may.- S.15.