Zirvələrin zümrüd tacının dumanlı taleyi...

 

Şuşanın işğalının 27-ci ildönümünə həsr edilən tədbirdə bu barədə söz açıldı

 

Adı dillər əzbəri olan musiqi beşiyi Şuşada dünyaya göz açanlar vaxtilə bəxtəvər sayılıblar. Çünki İlahi qüdrətdən yaradılan bütün gözəlliklər bu məkanda bir-birinə qovuşmuşdu. Zirvəsi duman-çənli, sinəsi nəğmə dolu musiqi beşiyi olan Şuşanı, heç də ötəri yerə "Qafqazın konservatoriyası” adlandırmayıblar.

Qarabağın əlçatmaz, ünyetməz zirvə səltənətinin erməni vandalizminin qurbanına çevrilməsindən 30 ilə yaxın vaxt keçir. Hər il bir qayda olaraq, digər işğal edilmiş rayon və onların yaşayış məntəqələrinin Ermənistanın təcavüzünə məruz qalması geniş ictimaiyyət və təşkilatlar tərəfindən anılır, müxtəlif səpkili tədbirlər keçirilir, torpaq uğrunda canlarından keçmiş şəhidlərimiz yad edilir, düşmənin məkrli, çirkin niyyəti nifrətlə beynəlxalq aləmin diqqətinə çatdırılır.

Bu günlərdə "Azərkitab” kitab təbliğatı mərkəzində "Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən növbəti tədbir də zirvələr səltənətində musiqi ocağı sayılan Şuşanın işğalının 27-ci ildönümünə həsr edilmişdi. Adıçəkilən ictimai birliyin sədri Tofiq Əlizadə tədbiri açaraq Şuşanın tarixinə və işğal günlərinə virtual səyahət edərək, bu qalalar şəhərinin Azərbaycan üçün əvəzsiz bir məkan olduğunudünyaya neçə-neçə ölməz sənətkar verdiyinə diqqət yetirdi.

Qeyd edildi ki, Azərbaycanda ilk musiqi məktəblərindən biri 1932-ci ildə məhz Şuşada böyük müğənni Bülbülün təşəbbüsü ilə açılıb. Həmin məktəbin məzunları sırasında Süleyman Ələsgərov, Əşrəf Abbasov, Rauf Əliyev, Kamal Məmmədov, Kamal Abbasov... kimi musiqi xadimlərimiz olub: "İstedadlı musiqi tədqiqatçısı Firudin Şuşinskinin təbirincə desək, İtaliya vokal məktəbi musiqi tarixində hansı mövqeyi tutursa, Şuşa vokal məktəbi də Şərq musiqi tarixində eyni yerdə idi...”

Ölməz Xan Şuşinskinin qaynı Şahlar Əliyev nisgil dolu bir həsrət və kədər notları üstündə ötənlərə qayıtdı: "Nəinki şuşalılar, ümumilikdə xalqımız Şuşada dünyaya göz açan görkəmli mədəniyyət və incəsənət xadimləri - şair, filoloq, rəssam, xəttat və musiqiçi Mir Möhsün Nəvvab, "tarın atası” hesab edilən Mirzə Sadıq Əsəd oğlu, tarzən Ağa Mirzə Ələsgər, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri Cabbar Qaryağdıoğlu kimi sənət aşiqləri ilə fəxr edir. Professional Azərbaycan musiqisininmilli operamızın banisi, bəstəkar, ictimai xadim, SSRİ xalq artisti, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki Üzeyir bəy Hacıbəyli, məşhur xanəndələrdən Keçəçi oğlu Məhəmməd, Zabul Qasım, Məcid Behbudov, İslam Abdullayev, Hacı Hüsü, Seyid Şuşinski, Xan Şuşinski... kimi sənətkarlarımızın adları musiqi tarixinə qızıl hərflərlə həkk edilib”.

Çıxışlarda o da bildirildi ki, Şuşada ilk musiqi məktəbi Xarrat Qulu Məmməd oğlu tərəfindən açılıb. O, bu məktəbdə özünün düzəltdiyi müxtəlif musiqi alətlərində uşaqlara ifa etməyi öyrədib. Şuşanın görkəmli xanəndələrinin əksəriyyəti də məhz bu məktəbin yetirmələridirlər.

1992-ci il may ayının 8-dək musiqili, nəğməli günlər yaşamış Şuşa həmin tarixdən erməni vandalizminin qurbanına çevrildi. Darmadağın edilən, qalaları uçurulan, dağıdılan Şuşadakı bütün hər şey məhvə məhkum olsa da, onun sənət dünyasına bəxş etdiyi nəsillərin yadigarları könüllərdə yaşadıldı.

Anım tədbirində iştirak edən şəhid atası Əkbər Rüstəmov, Mehriban Abdullayeva, Lalə Cavadzadə, Ofelya Babayeva, Xocalı RİH-nin nümayəndəsi Xəlil Vəliyev, Dünyaxanım Əliyeva, Bakı İslam Universitetinin əməkdaşları Elvin Talışınski ilə Qorxmaz Paşayev və başqaları çıxışlarında alınmaz qala kimi yaddaşlara yazılan Şuşanın - musiqi sənəti beşiyinin xəyanət nəticəsində işğala məruz qalmasından söz açdılar, lakin 2016-cı ildə Aprel döyüşlərində düşmənə öz yerini göstərən Azərbaycan Ordusunun gücü ilə əsarətdən xilas ediləcəyini isə əminliklə və qətiyyətlə bildirdilər.

 

M.NƏRİMANOĞLU

 

Azərbaycan. - 2019.- 9 may.- S.15.