İlham Əliyev növbəti mühüm
uğura imza atdı
DOST Agentliyi fəaliyyətə
başladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.
DOST Agentliyinin və ilk DOST mərkəzinin 7 mərtəbəli inzibati binasının memarı Nəriman İmaməliyevdir. Neomodernizm üslubunda inşa edilən bu bina mühəndis sistemləri baxımından ən müasir tələblərə cavab verir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binada yaradılan şəraitlə yaxından tanış oldular.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev binada yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, mərkəzdə xidmətin asanlaşdırılması məqsədilə elektron lövhələr və məlumat köşkü yaradılıb. Nazirliyin aidiyyəti qurumlarının fəaliyyəti mərkəzdə əlaqəli şəkildə təmin edilib. Əlilliyi olan şəxslər üçün lazımi şərait yaradılıb. Xidmətlər vahid standartlar əsasında və bir-birinə inteqrasiya olunmuş şəkildə elektron müstəvidə təqdim olunur. DOST mərkəzlərində proaktiv xidmətlər də göstəriləcək, vətəndaşlara bu və ya digər sosial hüquqları barədə məlumat veriləcək.
Qeyd edək ki, ilk DOST mərkəzi gün ərzində 350 vətəndaşı qəbul edə biləcək. Mərkəz ilkin mərhələdə Bakının Yasamal və Səbail rayonlarının əhalisinə xidmət edəcək. İl ərzində 100 mindən artıq vətəndaşa "bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 126 xidmət göstəriləcək. Mərkəzdə 96 nəfər, "Gənc DOST” proqramı üzrə isə 50 könüllü fəaliyyət göstərəcək. Burada "Pensiya və sosial sığorta”, "Sosial müavinətlər və təqaüdlər”, "Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, "Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, "Əmək münasibətləri”, "Məşğulluq xidmətləri”, "Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, "Bank və notarius xidmətləri” də var. Beləliklə, mərkəz vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən "bir pəncərə”yə müraciət edib və "bir pəncərə”dən faydalanmasına imkan verir. Vətəndaşlara məsləhət və məlumat xidmətləri də göstəriləcək. Onların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi də təmin ediləcək.
Dövlətimizin başçısı və birinci xanım əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgiyə də baxdılar.
Prezident İlham Əliyevin uğurlu sosial siyasəti əhalinin rifah halının yaxşılaşdırılmasına, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, bu sahədə mühüm addımların atılmasına, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. Bunlarla yanaşı, Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Dövlətimizin başçısının "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, "bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir.
Əhalinin sosial müdafiəsi istiqamətində son illər görülən işlərlə bağlı da məlumat verildi.
Qeyd edildi ki, ilin birinci rübündə dövlətimizin başçısı tərəfindən həyata keçirilən sosial islahatlar paketinin uğurlu nəticələri kimi əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar 3 milyondan artıq vətəndaşın rifahına mühüm dəstək olub. O cümlədən minimum əməkhaqlarının və pensiyanın minimum məbləğinin 40 faizədək, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılması təmin edilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ötən il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 626 mənzil verilib, 265 nəfər isə avtomobillə təmin olunub. 2019-cu ildə isə azı 800 mənzilin və 600 avtomobilin qeyd olunan kateqoriyalara aid şəxslərə verilməsi nəzərdə tutulur. Bildirildi ki, 2019-cu ildə bir neçə reabilitasiya və sosial xidmət müəssisəsi də istifadəyə veriləcək. Ötən il Özünüməşğulluq Proqramından 7267 ailə istifadə edib. Bu il 10 min ailənin bu proqrama qoşulması nəzərdə tutulur.
Sonra DOST Agentliyinin E-sosial portalı, E-pensiya və məşğulluq altsistemi barədə videoçarx nümayiş olundu.
Vurğulandı ki, hazırda dünya təcrübəsində oxşar layihələr olsa da, DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin "bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihədir. Ona görə də DOST mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində Azərbaycanın yeni brendinə çevriləcəyi gözlənilir. Agentlik DOST mərkəzləri vasitəsilə "bir pəncərə" prinsipi ilə 2,8 milyon şəxsə xidmət göstərəcək. Agentliyin 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. DOST Agentliyinin mərkəzi aparatında 315 nəfər, DOST mərkəzlərində kateqoriyasından asılı olaraq 50-100 nəfər xüsusi təlim keçən sosial agentlər və sosial işçilər fəaliyyət göstərəcək. "Gənc DOST” könüllülər proqramı hazırlanıb və artıq 50 könüllü işə başlayıb. Hər mərkəzdə 30-50 könüllünün, gələcəkdə isə yaşlıların cəlbi də nəzərdə tutulur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DOST Agentliyinin bir qrup işçisi və "Gənc DOST” könüllüləri ilə görüşdülər.
Agentliyin işçilərini və "Gənc DOST” könüllülərini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Əziz dostlar,
bu gün ölkəmizin
həyatında çox əlamətdar bir gündür. İlk DOST mərkəzi açılır, fəaliyyətə
başlayır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.
Keçən ilin avqust
ayında mənim Sərəncamımla DOST Agentliyi
yaradıldı və şadam ki, qısa müddət ərzində, heç bir il keçməmiş birinci
mərkəz artıq fəaliyyətə başlayır. Bildiyiniz kimi, Bakıda, bütün bölgələrdə
bütövlükdə 31 mərkəz yaradılacaq. Vətəndaşlara
yüksək xidmət göstərmək üçün
burada bütün
şərait, bütün imkanlar
var. Bina çox gözəldir, müasirdir,
həm xarici görünüşü,
həm də dizayn-tərtibat baxımından. Bu, bir daha onu göstərir
ki, sosial sahə bizim üçün prioritet sahədir. Hər mərkəzdə təqribən
100-150 iş yeri olacaq, bu da
çox önəmlidir.
Hər bir mərkəzdə könüllülər qrupu
fəaliyyət göstərəcək.
Beləliklə, bu mərkəzlər
vətəndaşlara yüksəksəviyyəli
xidmət etmək üçün gözəl
şərait yaradacaqdır.
Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə
çox böyük diqqət göstərilir və bu istiqamətdə
aparılan islahatlar artıq özünü göstərir. DOST Agentliyinin yaradılması
bu istiqamətdə atılmış çox
önəmli islahatdır.
Növbəti illərdə bu
agentliyin fəaliyyətinin
genişləndirilməsi əminəm
ki, vətəndaşlar
tərəfindən də
çox yüksək
qiymətləndiriləcək. Beləliklə, bu sahə ilə bağlı bizim siyasətimiz daha da geniş
miqyasda və məqsədyönlü şəkildə
icra ediləcəkdir.
Sosial sahə hər bir ölkə üçün böyük
önəm daşıyır.
Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir.
Bizim siyasətimiz sosialyönümlü
siyasətdir. Çalışırıq bütün əlavə
gəlirlərimizi sosial
sahəyə yönəldək
ki, vətəndaşların
rifah halı daha da yaxşılaşsın,
işsizliklə bağlı
problemlər daha da yüksək səviyyədə həll
olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə
buna nail
olmaq üçün,
ilk növbədə, iqtisadi
inkişaf olmalıdır
və biz bu məsələ ilə bağlı ciddi məşğuluq. Qeyri-neft sektorunun,
sahibkarlığın inkişafı
bir-biri ilə bağlı olan məsələlərdir. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər
uğurla gedir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilir.
Bildiyiniz
kimi, özəl sektor ümumi daxili məhsulumuzda təqribən 80 faiz təşkil edir. Beləliklə, iqtisadi artım,
iqtisadi sahədə aparılan islahatlar, büdcə daxilolmalarının
artımı, əlbəttə
ki, sosial sahəyə böyük diqqət göstərmək
üçün imkan
yaradır. Deyə
bilərəm ki, bu ilin dörd
ayında vergi və gömrük orqanları təqribən
400 milyon manata yaxın əlavə vəsait toplayıblar -
270 milyon manat vergi orqanları, 100 milyon manatdan bir qədər çox gömrük orqanları. Yenə də şəffaflıq,
yenə də islahatlar hesabına. Bu əlavə maliyyə
resursu imkan verir ki, biz pensiyaları,
maaşları, sosial müavinətləri artıraq
və bunu edirik. Bildiyiniz kimi, bu yaxınlarda çox ciddi sosial paket
hazırlanıb təsdiqləndi
və 3 milyona yaxın insan bu imkanlardan bəhrələnib. Bundan sonra
da bu istiqamətdə
işlər aparılacaq,
minimum əməkhaqqının, minimum pensiyanın artırılması
gündəlikdə duran
məsələlərdir. Məşğulluğun inkişafı - yəni,
qeyri-qanuni məşğulluqla
mübarizə nəticə
verir və beləliklə, ölkəmizin
iqtisadi və sosial siyasəti bir-biri ilə uzlaşır. Bu, belə də olmalıdır. Ancaq biz bunu
tam şəkildə icra
etsək, ölkəmizin
dayanıqlı uğurlu
inkişafı təmin
olunacaqdır.
Sosial sahədə bir önəmli təşəbbüs
də Özünüməşğulluq
Proqramıdır. Mən çox şadam
ki, vətəndaşlar
bu proqrama çox böyük maraq göstərirlər.
Biz artıq bir
neçə ildir ki, bu işlərlə
məşğuluq. Son dövrdə bu sahədə daha fəal iş aparılır və şadam ki, müraciətlərin sayı
artır. Mənim təşəbbüsümlə
biz Dünya Bankı ilə bu məsələni
müzakirə etdik.
Biz onları da
bu işlərə cəlb etdik. Dünya Bankı da öz maliyyə
resurslarından istifadə
edərək bu sahəyə vəsait ayıracaq və beləliklə, bu il təqribən
10 minə yaxın vətəndaş Özünüməşğulluq
Proqramı ilə əhatə olunacaq. Gələcəkdə bu işin miqyası artmalıdır.
Bu, həm məşğulluğun
artırılmasına xidmət
edəcək, eyni zamanda, ölkə iqtisadiyyatına böyük
töhfə olacaq.
Özünüməşğulluq Proqramının qeyri-neft sektorunun, kənd təsərrüfatının,
xidmət sektorunun inkişafı üçün
çox böyük əhəmiyyəti var.
Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində
öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı
mübarizə, yeni texnologiyalar, gənclərin
bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti.
Yəni,
bu mərkəzlər
müasir Azərbaycanın
simasını əks
etdirir və ölkəmiz məhz bu yolla inkişaf
etməlidir. Müasirlik, yenilik,
islahatlar, gənclərin
bu işlərə böyük dərəcədə
qoşulması ölkəmizin
inkişafına xidmət
göstərəcək.
Mən çox şadam ki, burada işləyənlərin demək olar, hamısı gənclərdir və gənclər üçün yaradılan şərait gələcəyə qoyulan sərmayədir. Çünki gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər, öz töhfələrini verəcəklər. Gənclər bilikli, savadlı, vətənpərvər və qayğıkeş olmalıdırlar. Əminəm ki, siz burada vətəndaşlara çox yüksək xidmət göstərəcəksiniz.
Sizi bir daha bu gözəl hadisə münasibətilə ürədən təbrik edirəm. Arzu edirəm ki, tezliklə növbəti DOST mərkəzləri yaradılsın. Sağ olun.
***
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2019.- 11 may.- S.1; 3.