Bakı Kitab Mərkəzində “Yolum keçir Qarabağdan” adlı rəsm sərgisi
açılıb
Mayın 8-də Bakı Kitab Mərkəzində “Yolum keçir Qarabağdan” adlı rəsm sərgisi açılıb və eyniadlı kataloqun təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Mərasimi Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq bildirib ki, sərgi Azərbaycanın dilbər guşələrindən olan Şuşanın işğalının 27-ci ildönümünə təsadüf edir.
G.Rzayeva qeyd edib ki, Kitab Mərkəzi ilə “My Way” Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin müştərək layihəsi olan “Yolum keçir Qarabağdan” adlı sərgidə 40-a yaxın əsər nümayiş etdirilir. Buradakı rəsmlər yaşı 12-18 arasında olan gənc rəssamlar tərəfindən çəkilib. Bu gənclər ABŞ vətəndaşlarıdır və onlardan heç biri Qarabağda olmayıb. Bəzilərinin valideynləri vaxtilə Azərbaycanda yaşasalar da, bu uşaqların əksəriyyəti ölkəmizi görməyib. Həmin uşaqlar Qarabağı görməmələrinə baxmayaraq, rəsmlərdə bu cənnət məkanını çox gözəl, sevə-sevə təsvir ediblər. Bu əsərlərin içində sanki bir ruh dolaşır. Yaradıcılıq Mərkəzinin direktoru Alyona Bədəlovanın səyi və təşkilatçılıq qabiliyyəti sayəsində bütün bu aylar ərzində uşaqlar Qarabağı yağlı boya ilə kətan üzərinə köçürüblər.
Yaradıcılıq Mərkəzi qeyri-kommersiya təşkilatının təsisçisi və direktoru Alyona Bədəlova layihə barədə məlumat verib. Bildirib ki, təmsil etdiyi təşkilat Nyu-Yorkda beş ildir fəaliyyət göstərir və incəsənət, rəqs, musiqi, idman və mədəni irsin öyrənilməsi vasitəsilə icmaları bir araya gətirir. Təşkilatda çalışan uşaqlar ABŞ vətəndaşlarıdır. Artıq dördüncü sərgidir ki, keçiririk. Onlar sadəcə, müəllimlərindən və sosial şəbəkələrdən Qarabağ və onun acı taleyi haqqında məlumat alaraq qəlblərindən keçəni kağıza və kətana köçürüblər. Əlbəttə, uşaqlar hələ peşəkar rəssam deyillər, onlar bu sənətin astanasında dayanıb öz seçimlərini etməyə hazırlaşırlar. Bəlkə də kimsə bu yolu davam edib dünyaca məşhur rəssam olacaq, nə vaxtsa “Yolum keçir Qarabağdan” sərgisi üçün çəkdiyi rəsmini mükəmməlləşdirib daha böyük və mötəbər sərgilərdə nümayiş etdirəcək.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov Azərbaycanın mədəniyyət beşiyi Şuşanın işğal gününə təsadüf edən və Qarabağ mövzusuna həsr olunan sərgi barədə fikirlərini bölüşüblər. Bildirilib ki, Azərbaycan xalqı üçün Dağlıq Qarabağ mövzusu qanayan yaradır. “Şərqin konservatoriyası” adlandırılan Şuşa Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarlarının və dirijorlarının vətənidir.
Natiqlər əminliklərini ifadə ediblər ki, uşaqların səmimiyyətlə və böyük məhəbbətlə çəkdikləri bu rəsmlər çox yaxın gələcəkdə Azərbaycanın ayrılmaz parçası olan Qarabağda və onun çırpınan ürəyi Şuşada “Yolum keçir Qarabağdan” sərgisində nümayiş etdirilərək hamımızın zövqünü oxşayacaq.
Sonra tədbirin bədii hissəsində “Simurq” uşaq musiqi festivalının qalibləri və laureatları, həmçinin Bülbül adına musiqi məktəbinin şagirdləri çıxış ediblər.
Sərgi ziyarətçilər
tərəfindən maraqla
qarşılanıb.
Azərbaycan.- 2019.-11 may.- S.8.