Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri Ekologiya və Təbii Sərvətlər Nazirliyində olublar

 

Ümummilli lider Heydər Əliyev tərəfindən ölkə ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sularından, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası istiqamətində işlənib hazırlanmış dövlət siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu siyasətin davamı olaraq gənclərdə ekologiya sahəsində hüquq düşüncəsinin formalaşdırılması, onların ətraf mühitin mühafizəsi ilə bağlı fəallığının artırılması, ekoloji hüquq pozucusuna münasibətdə qanunun doğrudüzgün tətbiq edilməsi istiqamətində yeni biliklərə yiyələnməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsində "Ekologiya hüququ” fənni tədris edilməkdədir.

Qeyd olunan sahədə nəzəri biliklərə yiyələnmənin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərovun təşəbbüsü ilə Siyasi idarəetmə fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan 2-ci kurs tələbələri 7 may 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində olmuşlar. Nazirliyin strukturu ilə tanış olan tələbələr Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdiri Mirsalam Qəmbərovun "Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tətbiqi məsələləri” mövzusunda mühazirəsini dinləmiş, nazirliyin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələndirmə şöbəsinin müdiri Səyyarə Məmmədovanın ekoloji maarifləndirmədə hüquqi biliklərin rolu ilə bağlı tövsiyələrinə qulaq asmışlar. Diskussiya şəraitində keçən praktiki dərsdə tələbələri maraqlandıran suallara cavab verilmiş, nazirliyin nümayəndələri tələbələrlə münasibətlərindən məmnun olduqlarını bildirmiş, bu təcrübədən gələcəkdə də istifadə edilməsinin məqsədəuyğun olduğu qeyd edilmişdir.

Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, hüquq üzrə elmlər doktoru İsaxan Vəliyev səmərəli keçən görüşün təşkili və maraqlı təcrübi dərsə görə nazirliyin rəhbərliyinə və görüş iştirakçılarına təşəkkürünü bildirmişdir.

 

Azərbaycan.- 2019.- 11 may.- S.11.