Avropa azərbaycanlıları Brüsseldə Azərbaycan Prezidentinə dəstək aksiyası keçiriblər

 

Mayın 13-də Avropa azərbaycanlılarının təşəbbüsü ilə Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşılanması və ona dəstək aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiyanın əsas təşkilatçısı Azərbaycan-Belçika Dostluq Cəmiyyətidir.

Dəstək aksiyasına Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa və digər Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri qoşulublar.

Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərində belə bir aksiyanın keçirilməsində məqsəd bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətlərində kök salan ikili standartlara etiraz etmək, ölkəmizin demokratik prinsiplərə hərtərəfli yiyələndiyini bir daha diqqətə çatdırmaqdır.

Aksiyada “Cənab Prezident, Avropaya xoş gəlmisiniz!”, “Cənab Prezident, Sizi salamlayırıq!” və sair şüarlar səsləndirən soydaşlarımız Azərbaycan dövlətinin başçısını və onun siyasi kursunu daim dəstəklədiklərini bəyan ediblər. Onlar azərbaycanlı olduqları ilə fəxr etdiklərini bildiriblər.

Diaspor təşkilatlarının rəhbərlərinin və üzvlərinin çıxışlarında Azərbaycanın hər zaman ümumbəşəri dəyərlərə hörmətlə yanaşdığı, Avropa ölkələri ilə Azərbaycanın dostluq münasibətlərinin daim inkişaf edən xətlə getdiyi, gündən-günə daha da dərinləşdiyi diqqətə çatdırılıb, bütün bunlar ölkəmizin böyük uğuru kimi qiymətləndirilib.

Aksiya iştirakçıları bundan sonra da Prezident İlham Əliyevə daim dəstək olacaqlarını bildiriblər.

 

Azərbaycan.- 2019.-14 may.- S.2.