Göz nurunu itirənlərin
ziya ocağı
Mehriban
Əliyevanın şəfqəti yüzlərlə
uşağın dünyasını işıqlandırır
...Binanı üzük qaşı
kimi dövrəyə alan hasarın
kiçik darvazasına yaxınlaşıb, dəmir
barmaqlıqlarla bəzədilmiş qapını
açıb, yaşıllıqla əhatə olunmuş həyətə
daxil oluruq. Mərmər pillələri
qalxıb, binanın iri taxta qapısını yavaşca
aralayaraq kandarından içəri giririk.
Qapıdakı mühafizəçidən
başqa heç kim gözə dəymir. Bizi ilk olaraq insana hüzur verən xoş bir
sükut qarşılayır. Heç elə
bil yüzlərlə uşağın
qaynayıb-qarışdığı məkan deyil. Amma bu sakitlik müvəqqətidir. Bir neçə
dəqiqə sonra zəng vurulacaq və uşaqların səs-küyü,
danışıqları, gülüşləri dəhliz boyu
yayılaraq sükutu pozacaq...
Bura məktəbdir. Sağlamlıq imkanları
məhdud uşaqlar üçün... Görmə qabiliyyəti
zəif olan uşaqlar üçün... Bu dünyanın rənglərini,
öz simalarını, valideynlərini,
yoldaşlarını... - heç nəyi görməyən,
yalnız xəyallarında təsəvvür edən
uşaqlar üçün... Amma yalnız məktəb
deyil... Bəziləri üçün ora həm də evdir...
Həsrətində olduqları yuvadır...
Arzuladıqları isti qucaqdır...
Məktəbin
çempionları
Sağlamlıq imkanları məhdud
uşaqlar üçün 5 saylı respublika xüsusi internat
məktəbindəyik. 1936-cı ildən fəaliyyət göstərən
məktəbin hazırkı binası 1961-ci ildə inşa
olunub. 2006-cı ildə isə
"Uşaq evləri və internat məktəblərinin
inkişafı proqramı” çərçivəsində
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
tapşırığına əsasən, yenidənqurma və
bərpa işlərindən sonra istifadəyə verilib.
Üçmərtəbəli binada uşaqlar
üçün lazım olan bütün şərait
yüksək səviyyədə və müasir standartlara
uyğun yaradılıb.
İlk olaraq məktəbin
direktoru İradə Vəzirovanın otağına gedirik. Otaq məktəb
şagirdlərinin müxtəlif yarış və müsabiqələrdə
qazandıqları fəxri fərmanlar, diplomlar, kuboklar və
medallarla bəzədilib. İradə
xanım şagirdlərinin qazandıqları nailiyyətlər
barədə fəxarətlə danışır. Deyir, bacardığımız qədər
çalışırıq ki, uşaqlar müxtəlif
yarışlarda, müsabiqələrdə iştirak etsinlər.
Məsələn, Fövqəladə Hallar
Nazirliyinin keçirdiyi "Fövqəladə hallar
uşaqların gözü ilə” müsabiqəsinə hər
il qatılırlar və yüksək nəticələr əldə
edirlər.
Qolbol üzrə Azərbaycan
milli komandasının 7 üzvü bu internat məktəbinin
şagirdləridir. Milli komanda 2 dəfə Avropa
çempionatında, 3 dəfə beynəlxalq yarış və
turnirlərdə iştirak edib. Bir müddət
öncə məktəbin şagirdi Gülnar Rəhimova
İranda xizəksürmə üzrə paralimpiya
oyunlarında 2 qızıl medala layiq görülüb. Məktəbin cüdo komandası da müxtəlif
kuboklar qazanıb. 16 yaşlı cüdoçu Həcər
Mirzəyeva isə paralimpiya oyunlarından 6 il
ərzində 72 medal alıb. Bütün bu
mükafatlar direktorun otağının ən qiymətli
dekorları, bəzəkləridir.
Bəzi valideynlər
aylarla uşaqlarına baş çəkmir
İradə Vəzirova bizi məktəblə
tanış edərək, sinif
otaqlarını bir-bir gəzdirir, şagirdlər, müəllimlər
haqqında məlumat verir. Hazırda məktəbdə
299 şagird təhsil alır. Onlardan 135-i
məktəbdə daimi qalır. Məktəbə
gələ bilməyən bir neçə şagirdə isə
evində dərs keçilir. Birinci mərtəbədə
ibtidai sinif şagirdlərinin otaqları, xüsusi istirahət
kabineti və yeməkxana var.
Məktəbdə yaşayan
uşaqların günü səhər saat 7-də
başlayır. Yataq otaqları üçüncü mərtəbədə
yerləşir. Tərbiyəçilər
azyaşlı uşaqları yuyundurur, geyindirir, qızların
saçlarını darayıb, yığıb
düşürdürlər birinci mərtəbədəki
yeməkxanaya. Hava yaxşı olanda yeməkdən
öncə həyətdə idmanla da məşğul olurlar.
Məktəbdə şagirdlərə 4 dəfə
yemək verilir.
İ.Vəzirova menyunun zəngin
olduğunu deyir: "Uşaqların sağlamlığı
üçün bütün faydalı yeməklər menyuya
daxildir. Səhər yeməyi saat 8-ə
qalmış bitir. Saat 8-də isə dərs
başlayır. Burada təhsil alan
şagirdlərin əksəriyyətinin görmə qabiliyyəti
ya olduqca zəifdir, ya da tamamilə yoxdur. Hətta
müəllimlər arasında da bir neçə gözdən
əlil var. Bəzi uşaqları həftəsonu valideynləri
gəlib evə aparır. Elələri də var ki,
aylarla uşaqlarına baş çəkmirlər təəssüf
ki... Biz uşaqlara sevgi, qayğı, diqqətlə
yanaşırıq. Hər birinin məktəb,
idman formaları, gecə köynəkləri, dərslikləri
dövlət tərəfindən pulsuz verilir. Hər axşam yatağa girməzdən öncə
uşaqların ayaqları yuyulur. Hər
gün corabları, 10 gündən bir yataq dəstləri dəyişdiriliir.
Onlara öz balalarımız kimi sevgiylə qulluq
edirik”.
Məktəbin
"parnik”i, yetişmiş çiyələklər, inkubator
cücələri...
İradə Vəzirovanın
məktəbin bütün şagirdlərinin ad və
soyadını əzbərdən bilməsi diqqətimizi
çəkir.
Bu hələ harasıdır?! Nəinki şagirdləri, hətta onların valideynlərini
də tanıyır, üstəlik, ailələrindəki
problemlərdən də halidir. Təəssüf
ki, buradakı şagirdlərin çoxu
sağlamlıqları ilə yanaşı, sakit ailə
ortamından, isti ata-ana qucağından da məhrumdur.
- Məktəbdə
boşanmış, problemli ailələrin uşaqları həddən
çoxdur. Ailədəki durum da
uşağın psixologiyasına pis təsir edir. Bəlkə aşağı siniflərdə
şagirdlər o qədər də bunun fərqində
olmurlar. Amma 5-ci sinifdən sonra
görürsən uşaq dəyişib, əvvəlki kimi
deyil, özünü başqa cür aparır. Onlara daha diqqətlə yanaşırıq. Görəndə hansısa uşaq sinif
yoldaşları ilə qaynayıb-qarışmır, kənara
çəkilir, psixoloqumuz Hüsniyyə Hüseynova onunla
danışır, terapiya kursu keçir. Ümumiyyətlə,
məktəbdə davranış pozuntusu olan, problemli
uşaqlar az deyil. Keçən il bir şagird heç cür dərsdə
oturmurdu. Bir uşağımız düz 1 il
boyunca məktəbə gələndə ağladı. Psixoloqumuz hər gün belə uşaqlarla
danışır, onları gəzdirir, sakitləşdirirdi.
Amma bu il 1-ci sinfə gələn
şagirdlərin biri də ağlamadı. Özü
də öyrənməyə həvəsli, aktiv
uşaqlardır. Psixoloji problemi olan uşaqlarla
məşğələ istirahət otağında
aparılır. Otağın bir
küncündə divan qoyulub. Ehtiyac olduqda
uşaqları orada uzandırıb sakitləşdirirlər.
Bu otaq, adından da göründüyü kimi,
uşaqların istirahət otağıdır. Orada müxtəlif stolüstü oyunlar təşkil
edilir, pazllar yığırlar. Görməyən
uşaqlar üçün xüsusi pazllar var, onu elə dəqiqliklə
yığırlar ki, məəttəl qalırsan. Uşaqların zehinlərini və əl
duyğularını inkişaf etdirmək üçün bu
oyunların faydası var. Çalışırıq
uşaqlar maraqlı işlərlə məşğul
olsunlar. Həyətyanı sahəmiz var.
Bir müddət öncə uşaqlar orada zanbaqlar əkdilər.
Kiçik sahədə "parnik” düzəltmişik.
Ora pomidor, xiyar şitilləri əkirlər.
Yetişəndə dərib, yuyub yeyirlər.
Əkdikləri çiyələklər
yetişib artıq. Hətta keçən il
inkubatorda cücə çıxardılar və bir müddət
saxladılar. Uşaqlar belə işlərdən
böyük zövq alırlar.
Direktor qeyd etdi ki, internat məktəbində
təhsil ümumtəhsil proqramına əsasən
keçilir. Yəni buradakı təhsil sistemi digər orta məktəblərdəki
ilə eynidir. Hətta görmə qabiliyyəti
olmayan uşaqlar da eyni dərslikdə eyni
tapşırıqları öyrənir. Sadəcə
əlifba fərqlidir. İnternat məktəbinin
digər orta məktəblərdən fərqi odur ki, burada təhsil
12 illikdir.
Heydər
Əliyev Fondunun xüsusi hədiyyəsi
Məktəbin ikinci mərtəbəsində
sinif otaqları ilə yanaşı, idman zalı və
xüsusi sinif var. Xüsusi sinif Heydər Əliyev Fondunun
BMT-nin İnkişaf Proqramı ilə birgə həyata
keçirdiyi "Kor və görmə qabiliyyəti zəif
olan insanların informasiya-kommunikasiya texnologiyalarına
çıxışının təmin edilməsi” layihəsi
çərçivəsində yaradılıb. 2007-ci ildə
açılışı olan sinfə fond tərəfindən
müvafiq tədris vəsaitləri, kor və görmə
qabiliyyəti zəif uşaqlar üçün Almaniyadan gətirilmiş
xüsusi kompüter dəsti hədiyyə edilib. Burada həmçinin audiostudiya və kitabxana var.
Brayl əlifbası ilə Azərbaycan, rus və ingilis dillərində
olan istənilən kitabı kompüterin yaddaşına
köçürüb oxumaq, səsləndirib dinləmək,
musiqiyə qulaq asmaq, internetə bağlanmaq, məktublaşmaq
mümkündür. Fondun təşəbbüsü
ilə məktəbin nəzdində mətbəə də
yaradılıb. Burada Brayl əlifbasında
dərslik və dərs vəsaitləri çap olunur. Mətbəədə çap olunan dərs vəsaitləri
gözdən əlil uşaqların dərsliklərə olan
ehtiyacını tam təmin edir.
İradə Vəzirova deyir ki, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq bu məktəbə gəlir, şagirdlərlə
görüşür, onların təhsili, asudə
vaxtlarının təşkili ilə maraqlanır, əl
işləri ilə tanış olur: "Hətta son səfəri
zamanı uşaqların öz əlləri ilə düzəltdikləri
gəlin kuklası Leyla xanımın çox xoşuna gəldi.
Uşaqlar həmin kuklanı sevinə-sevinə
ona hədiyyə etdilər. Çox məmnun
qaldı. Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il
bayramları ərəfəsində "Buta” sarayında
uşaqlar üçün ənənəvi şənlik təşkil
edir. Bizim məktəb də o bayramda iştirak
edir. Mehriban xanım orada uşaqlarla
görüşür, onları təbrik edir, sevinc bəxş
edir. Sağ olsun Mehriban xanım və Leyla xanım, daim
bizi diqqətlərində saxlayırlar, uşaqlara
qayğı, nəvaziş göstərirlər”.
Gələcəyin
heykəltəraşları
Yeri gəlmişkən qeyd
edək ki, internat məktəbində kukla düzəltmək
şagirdlərin sevimli məşğuliyyətinə
çevrilib.
Daha çox da qızların. Oğlanlar isə heykəltəraşlıqla məşğul
olurlar. Bunun üçün məktəbdə
xüsusi emalatxana fəaliyyət göstərir. Direktor
vurğulayıb ki, həmin emalatxanada Qala qoruğunda işləyən
heykəltəraş-rəssam Tamerlan Mirzəliyev və kukla
ustası Fərəh Əliyeva uşaqlara dərs keçir:
"Uşaqlar bu dərsləri o qədər sevirlər ki... Əvvəl gildən adi qab düzəldirdilər.
Bu xüsusi gili müəllim özü alıb
gətirir. Gili sobada bişirirlər və
hazırlayırlar. İndi heykəltəraşlığa
keçiblər. Plastilindən heykəllər,
taxtadan oyma düzəldirlər. Bunları
çox böyük həvəslə, maraqla edirlər.
Fərəh Əliyeva uşaqlara kukla sənətinin
sirlərini öyrədir. Lazım olan
bütün materialları - parçalar, muncuqlar, əşyalar,
şinyonlar alırıq. Qızlar
kuklanı sıfırdan özləri düzəldir,
paltarını tikir, şinyonla saç qoyur, üzünü
çəkirlər. Bu, onlar
üçün bir sənətdir. Şagirdlərin
zövqlə düzəltdikləri bütün kuklaları,
heykəlləri, qabları, əl işlərini, hətta
çəkdikləri rəsmləri də saxlayırıq.
Bacarıqlı, istedadlı
uşaqlarımız çoxdur. Bəlkə
də gələcəkdə hansısa bu sənətlərdən
birini daha da inkişaf etdirəcək. Bəlkə
də gələcəkdə hansısa biri rəssam, yaxud
kukla ustası olacaq. Ola bilər ki, biz gələcəyin
görkəmli bir heykəltəraşını
yetişdiririk...”
Öyrəndiklərini, bacarıqlarını nümayiş etdirməyə həvəsli, çöhrələrindən təbəssüm əskilməyən uşaqlarla sağollaşıb, məktəbi xoş təəssüratla tərk edirik. Bəli, bu uşaqların gözlərinin işığı zəifdir, bəzilərində isə heç yoxdur. Amma biz o gözlərdə başqa işıq, parıltı gördük - ümid işartısı, həyat qığılcımı... Məhdudiyyətlərə rəğmən, öyrənmək, inkişaf etmək, irəli getmək əzmi... Sönməz həyat eşqi... Bu da onu deməyə əsas verir ki, bu təhsil ocağı gözünün nuru zəif olan uşaqlara dünyanı, həyatı daha rəngli, daha gerçək görməyə kömək edəcək. Onları cəmiyyətimizə, vətənimizə əsl ZİYALI kimi yetişdirəcəklər.
Xəyalə MURADLI
Azərbaycan. - 2019.-14 may.- S.1; 5.