Azərbaycanla Gürcüstan
arasında dövlət sərhədinin delimitasiyası məsələsi
müzakirə olunub
Mayın 14-də Bakıda Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan Xarici işlər nazirinin müavini Laşa Darsaliya arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müvafiq dövlət qurumlarının nümayəndələrinin də iştirak etdikləri görüşdə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Görüşün nəticəsində iki dövlət arasında razılaşdırılmamış sahələr üzrə müzakirələrin Dövlət komissiyalarının gələn həftə keçiriləcək növbəti iclasında davam etdirilməsi qərara alınıb.
Məlum olduğu kimi, Azərbaycan və Gürcüstan arasında sərhəd hələ SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət komissiyaları yaradılıb və indiyədək komissiyaların 11 iclası keçirilib. Bu proses çərçivəsində 480 kilometrlik Azərbaycan–Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 kilometrlik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.
Cari il Pasxa bayramı ərəfəsində Gürcüstan sərhədçiləri Azərbaycanın
"Keşikçidağ” Dövlət
Tarix-Mədəniyyət Qoruğu ərazisində
yerləşən obyektlərinə
asanlaşdırılmış qaydada keçidin təmin edilməsi barədə
müraciət ediblər. Gürcüstanla
mövcud sıx əməkdaşlıq ruhuna uyğun olaraq, bu müraciət Azərbaycan
tərəfindən müsbət cavablandırılıb. Gürcüstan tərəfindən eyni rejimin növbəti həftəyə
şamil edilməsi barədə yeni müraciət daxil oldu. Azərbaycan tərəfi bu
müraciətə də anlayışla yanaşaraq,
iki ölkə arasında sərhədin
delimitasiyası məsələsinin ən qısa müddət
ərzində yekunlaşdırılmasının vacib olduğunu bəyan edib. Gözlənti ondan
ibarətdir ki, Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin
delimitasiyası qısa müddət ərzində
yekunlaşdırılacaq.
Azərbaycan.-
2019.- 15 may.- S.3.