Jurnalistikadan incəsənətə

 

Bir ailənin yaratdığı LATİS brendi zərgərliklə tətbiqi sənəti sintezləşdirib

 

Ailə dövlətdir! Ailə Vətəndir! Ailə sevgidir, səadətdir!

Ailə mərhəmət, ailə hikmətdir!

Körpə nəvazişindən müdriklik əlçatmazlığınadək yoldur ailə!

Tarix, etnoqrafiya, məişət, milli adət-ənənələr həm də xalq tərəfindən yaradılan sənətkarlıq nümunələrində nəsildən-nəsilə yaşadılır. Bunların da yolu ailədən başlayır.

Zərgərlik məmulatları, zinyət əşyaları, soyuq silahlar, çini, şüşə, ağacdaş üzərində oyma, tikmə, parça, kişi, qadın, uşaq milli geyimləri, zərif naxışlı bədii metal nümunələri və s. kimi tətbiqi sənət nümunələri bu gün də özünəməxsusluğu və unikallığı ilə seçilir, qorunub saxlanılır.

Bu günlərdə keçirilən satış-sərgidə ziyarətçilərə təqdim olunan, zərifliyi ilə daha çox diqqəti cəlb edən sənətkarlıq nümunələrinə atalar demiş: "Baxmağa iki gözaz idi”. "Jurnalistikadan incəsənətə” adlı satış-sərgidə nümayiş etdirilən, bir ailənin yaratdığı LATİS brendli tətbiqi sənət nümunələri haqqında ayrıca söz açmağa dəyər.

 

Sənətdən sənətkarlığadək...

 

Bir-birindən maraqlı, incə zövqlə işlənmiş sandıq və sandıqçalar, eləcə də müxtəlif zərgərlik məmulatları ilə bəzədilən digər məişət əşyaları nəinki Şərq aləmini, hətta avropalıları da heyran qoyan sənətkarlıq nümunələri idi. Sənət incisi olan bu əl işləri, sözün əsl mənasında, dünyanın ən aparıcı, tanınmış muzeylərinin ekspozisiyasının bəzəyinə çevrilə bilər. Təəssüf ki, onlar indiyə kimi sənət əsərləri sərgilərində nümayiş etdirilməyib.

"Azərkitab” və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı və dəstəyi ilə ərsəyə gələn, Lalə və İsgəndər Sərdarlıların tətbiqi sənət nümunələrindən ibarət fərdi sərgisi, əslində, üç nəfərlik bir ailənin (Lalə+Toğrul+İsgəndər - ana, oğulata) təqdim etdikləri müəllif işləridir. 1966-cı ildə Goranboy rayonunda dünyaya göz açan İsgəndər Sərdarlının uşaqlıq illərindən arzusu yazıb-yaratmaq olsa da, tale onu bu sənətə sonradan gətirib. Goranboy şəhərindəki 2 nömrəli orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra ozamankı NeftKimya İnstitutuna (indi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qəbul olubilk baxışdan qeyri-adi görünən ixtisas seçib: "mühəndis-texnik, analitik-jurnalist”. Tələbəlik illərində sevib-seçdiyi Lalə xanımla institutun sahə qəzetində bir-birindən maraqlı yazılarla çıxış ediblər. Lalə xanım Baki şəhərində 175 saylı orta məktəbi əla qiymətlərlə bitirmiş, o da sonradan məhz bu ixtisasın sahibi olmuşdur.

 

"Əbədiyyətə qovuşmasa da...

 

Sonralar İsgəndər Sərdarlı Azərbaycan SSR Dövlət Təchizat Komitəsində aparıcı mütəxəssis kimi çalışmış, Lalə xanım isə ali təhsilini başa vurduqdan sonra Neft-Kimya İnstitutunun Fizika kafedrasının elmi işçisi kimi çalışmışdır. Həmin dövrdə Lalə xanım dissertasiya üzərində işləyir, lakin 1990-cı illərin əvvəllərində ölkədə yaranmış vəziyyət onların hər ikisinin bu sahələrdəki fəaliyyətlərini yarımçıq qoyur. Mətbuat sahəsində fəaliyyətlərini davam etdirirlər. Lalə xanımın rəhbərlik etdiyi "Birlik” adlı sahə qəzeti dəfələrlə ölkənin ayrı-ayrı jurnalist təşkilatlarının mükafatlarına layiq görülür. Oğlu Toğrul Sərdarlı o illərdə Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakultəsini bitirir. Lakin hələ 1-ci kursda oxuyarkən "Əbədiyyətə qovuşma” adlı ilk romanını yazır. Əsərin Riqa şəhərində təqdimatı keçirilir. Ailənin 2010-cu ilə təsadüf edən bu sevincli günləri həm də ona görə əlamətdar idi ki, Toğrul o zaman respublikanın xalq artisti Samir Cəfərovdan və keçmiş SSRİ-nin məşhur bəstəkarı, Latviyanın canlı əfsanəsi Raymond Paulsdan vokal dərsləri və bu sənətdə öz xeyir-duasını alır. Təbii ki, gənc Toğrul üçün böyük perspektivlər açılır. Lakin qəfildən bu xoşbəxtliyin üzərinə qara bir kölgə çökür: İsgəndər Sərdarlı şəkərli diabetin fəsadlarından komaya düşür. Komadan sonrakı həyat isə öz gərginlik dolu diktələrini edir. Bununla da ailənin jurnalistika aləmi ilə əlaqəsi birdəfəlik kəsilir. Həkimlər ona yazı-pozu ilə məğul olmağa izacə vermir. İsgəndəri yenidən həyata qaytarmağa çalışan Lalə xanım eyni zamanda onun ev həkiminə çevrilir.

Heç zaman onu tək qoymayan Lalə xanım hələ uşaqlıqdan maraq göstərdiyi tətbiqi sənət nümunələrini elə onun yanındaca hazırlamağa başlayır. İlk əl işləri "Peyp artüsulu ilə hazırlanan müxtəlif çeşidli vazalar, pannolar olur. "Papye maşeüsulu ilə ərsəyə gətirdiyi qablar, nimçələr, Venesiya maskaları və s. diqqət çəkir. Təbii ki, bu yaradıcılıq atmosferini seyr edən İsgəndər Sərdarlıda ümidverici işartılar yaranır. Növbəti mərhələdə Lalə xanım hazırladığı bir boyunbağı üçün həyat yoldaşından xüsusi qab hazırlamasını xahiş edir. O zamanlar karton məmulatından hazırlanan bu qab İsgəndər Sərdarlını yeni həyata qaytarır. Bu minvalla o, canı-dildən bütün çalışmalarını bu sahəyə yönəldir: karton qutular mücrülərə, onlar da sandıqlara çevrilir. Az keçmir ki, bütün karyerasından, perspektivlərindən atasını tək qoymamaq naminə əl qötürən Toğrul da ona dəstək olur, yaradıcılıq işlərinə qoşulur. Bu ərəfədə Lalə xanımın hazırladığı işlər sosial şəbəkələr vasitəsilə özünə böyük şan-şöhrət qazandıra bilir. ABŞ, Kanada, Yaponiya, İtaliya, İspaniya, Fransa, Macarıstan, Türkiyə, Ukrayna, Rusiya kimi ölkələrdən alıcılar tapır.

 

Bu həm də yaşamağı öyrənməkdir...

 

Əlbəttə, elm-texnikadan incəsənətə keçid o qədər də asan olmur. Toğrul Sərdarlı bildirdi ki, əslində, art terapiyanın faydaları danılmazdır: "Zaman-zaman bu zərurətdən geniş tətbiq edilməkdədir. Atam bu işləri hazırlayarkən yaradıcılıq baxımından qarşısına bir hədəf qoymurdu. Və yaradıcılığında heç bir mövcud məktəbə də üz tutmayıb. Üzərində işlədiyi əsərlər də çox gözəl alınırdı. İşi başa çatdıranda uşaq kimi sevinirdi”.

İsgəndər Sərdarlının da ürəyi doludur: "Mən bu işin əlifbasını ömür-gün yoldaşımdan öyrəndim. Bu, sadəcə, nəyisə hazırlamağı, yaratmağı öyrənmək deyil. Bu həm də yaşamağı öyrənməkdir”.

Sənət nümunələrinin unikallığını təsdiqləyən səbəblər çoxdur. Məsələn, sandıqlar müxtəlif xalqların və dövrlərin yadigarlarıdır sanki. Bunları düzəldib təqdim etməklə sənətkarlar tarixlə incəsənətin sintezini yaradıblar.

Geniş xalq auditoriyasına yenicə təqdim edilən sənət nümunələrinin özəlliklərindən biri onların adlarındadır: "Mənim ailəm”, "Bahar təranələri”, "Novruz ovqatı”, "Atlantida”, "Sevgi atəşi”, "Lakşmi bəxşişi”, "Gözəllik ilahəsi” və s. Şərqin təbabət alimi İbn-Sinaya həsr edilən sandığın özəlliyi müəllifin bu əl işi vasitəsilə gələcəyə ünvanladığı mesajdadır.

İsgəndər Sərdarlının iki əsəri Macarıstanın milli muzeyində (Avstro-Macarıstan krallığının kraliçası Yelizaveta Bavarskayaya həsr edilmiış "Koroleva Sisi” adlı mücrü) və Kipr muzeyində ("Qızılgül ovqatı”) saxlanır. Bu əntiq əşyaların ilk vaxtlar satışı nəzərdə tutulmayıb. Müəllif olub-keçənləri acılı-şirinli xatirə kimi söyləyir: "Bu əsərləri heç vaxt satmaq fikrimiz olmayıb. Onları nəslimizə, muzeylərimizə ərməğan etmək üçün yaratmışdıq”.

 

50 min avroya dəyən əsər yaratmaq məharəti və...

 

Lakin hazırda ailənin başqa yerdən gəliri olmadığı və İsgəndər Sərdarlının müalicəsinin davam etdirilməsi üçün hər biri yeganə nüsxə olsalar da satışı nəzərdə tutulub. Burada müəllifin 50 manatdan 5000 manatadək dəyişən qiymətli əl işləri var. Əslində, ekspertlər bu işlərə qat-qat yüksək dəyər və qiymət veriblər. LATİS-in üçüncü üzvü Toğrul Sərdarlı atasının fikirlərini davam etdirir: "Bu sandıqların birinə ("Mənim ailəm”) Avropada, İspaniyanın Malaqa şəhərindəki qalereyalardan birində ekspertlər 50 000 avro civarında qiymət müəyyənləşdirdilər və bildirdilər ki, bu işləri Fransada daha baha satmaq olar. Lakin o zamanlar bu işləri satmaq heç ağlımıza da gəlməzdi”.

Lalə Sərdarlının ərsəyə gətirdiyi əfsanəvi "Səməndər quşları”ndakı (barelyef işi) sirlər də az deyil. Bu işə Türkiyənin tanınmış rəssamı İsmət Çabuk çox yüksək dəyər verib. Bildirib ki, böyük məmnuniyyətlə Lalə xanımla birgə bu səpkidə daha bir layihə reallaşdırmağa hazırdır.

Sərgi zamanı digər ölkələrdən gəlmiş insanlar da "LATİS”-in işlərinə böyük maraq göstərdilər. Əşyaların arasında sənətkarların ilk əl işləri də diqqət çəkirdi ki, adı "İlkimdir. "Mənim Turanım”, "İsgəndəriyyə bəxşişi”, "Şərq gözəli”, "Niyyət”, "Dərya”, "Yaşıl sirdaş” adlı əsərlər milli koloritləri və orijinallıqları ilə də seçilirdi.

 

"Sultanın bəxşişi”nin qazandırdığı böyük uğur

 

Lalə Sərdarlı bu işlərlə bağlı bir qədər tarixə ekskurs etdi: "XVI-XIX əsrlərdə hazırlanmış bədii metal nümunələri 6 texniki üsulda bəzədilirdi: döymə, basma, qara savad, şəbəkə, xətəmkarlıq, minaçılıq. Orta əsr mənbələrində zərgərlik sənətinin inkişafı haqqında məlumatlara rast gəlinir. Həmin mənbələrdə zərgərliyin daha çox inkişaf etdiyi Gəncə, Şamaxı, Bakı, Beyləqan şəhərlərinin adları göstərilir. On yeddi-on səkkizinci yüzilliklərdə isə Şamaxı ustalarının bəzək əşyaları böyük şöhrət qazanıb. Mən isə həm də qədim yapon məktəbindən bəhrələnərək yeni bir sintez qurub öz xəttimi təsdiqləməyə çalışıram. Bizdə yuxarıda sadaladığım zərgərlik məktəbi, yaponlarda isə qədim Şibori var. Hələ üç il əvvəl Sankt-Peterburqda keçirilən Şibori məhsulları ilə hazırladığım bəzək əşyaları beynəlxalq müsabiqədə üç nominasiya üzrə mənə birincilik qazandırdı. "Sultanın bəxşişi” adlı işim mənə böyük uğur gətirdi. İndiyədək zərgərlik məktəbindən bəhrələnsəm də, istifadə etdiyim məmulatlar qızıl və brilliantlardan ibarət deyil, adi metal və daşlardandır. Lakin şibori ilə təbii daşların, eləcə də qızıl və brilliantın sintezi daha məqsədəuyğun olardı. Bu işdə bizə kimlərsə yardımçı olsa, dünyada yeni bir nümünəyə imza ata bilərik”.

Azərbaycan xalqı özünün milli-mənəvi sərvətlərindən sayılan sənətkarlıq nümunələrini daim qoruyub saxlayıb. Xalqımızın minillik tarixində zərgərlik kimi unudulmayan, sonrakı dövrlərdə də öz əhəmiyyətini saxlayan sənətlər az deyil. Onları qorumaq geniş ictimaiyyətin də vətəndaşlıq borcudur.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 15 may.- S.6.