Azərbaycanda
gənclərin fəallığını
stimullaşdıran hüquqi baza mövcuddur
"Bu gün Azərbaycan gəncləri
müstəqillik dövründə yaşayırlar. Bu,
böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər
azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil
Azərbaycan Respublikasının vətəndaşıdır.
Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin
çox böyük rolu vardır. Gənclər müxtəlif
sahələrdə çox uğurla fəaliyyət göstərirlər,
ölkəmizin ümumi inkişafına böyük töhfə
verirlər”. Dövlət başçısı İlham
Əliyevin Azərbaycan Gəncləri Gününə həsr
olunmuş respublika toplantısında söylədiyi bu fikirlər
arxada qalan illərin aydın mənzərəsini yaradır. Təbii
ki, hansı sahədən bəhs ediriksə, ilk növbədə,
müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,
ulu öndər Heydər Əliyevin xidmətlərini
xüsusi qeyd etməyə böyük zərurət duyulur. Gənclərə
diqqət və qayğı ümummilli lider Heydər
Əliyevin hakimiyyətinin hər iki dövründə həyata
keçirilən siyasətin əsasında dayanıb. Gəncləri
Azərbaycanın gələcəyi kimi dəyərləndirən
ulu öndər, eyni zamanda, bildirirdi ki, cəmiyyətin gələcək
tərəqqisi bir çox cəhətdən indi gənclərimizə
nəyi və necə öyrətməyimizdən asılı
olacaq. Gənclərimiz mükəmməl təhsil almalı,
həyatı dərindən öyrənməli, dünyada gedən
prosesləri bilməli, lazımi fəaliyyət göstərib
öz xalqına, dövlətinə xidmət etməlidir.
Tarixi paralellər fonunda təhlil
apardıqda görürük ki, dahi şəxsiyyət Heydər
Əliyev hakimiyyətinin birinci dövründə daha çox
gənclərin bir kadr kimi yetişməsinə
çalışırdısa, 1993-cü ildə xalqın təkidli
tələbi ilə hakimiyyətə
qayıdışından sonra onların dövlətin idarə
edilməsində fəal iştirakını təmin etmək
üçün biri-birindən mühüm addımlar
atmışdır. Ümummilli liderin hakimiyyətinin birinci
dövründə minlərlə Azərbaycan gəncinin
keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində
müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilməsi
də bu istəyin göstəricisidir. 1993-cü ildən
başlanan Heydər Əliyev yolunun mühüm
uğurları sırasında da gənclərin
dünyanın müxtəlif ali məktəblərinə
göndərilməsi siyasətinin davam etdirilməsi əsas
yer tutur. Müxtəlif ölkələrlə əməkdaşlıq
müqavilələri çərçivəsində
ayrılmış təqaüd yerləri hesabına gənclərimiz
bu və ya digər ölkələrdə ali təhsil
almağa göndərilmişdir.
Qeyd etdiyimiz kimi, Azərbaycan gənclər
ölkəsidir. Bu gün bu fikri böyük fəxr hissi ilə
qeyd edirik ki, ulu öndər Heydər Əliyevin
yaradıcısı olduğu, hazırda Prezident İlham
Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən,
sıralarını günbəgün kəmiyyət və
keyfiyyət baxımından daha da zənginləşdirən
Yeni Azərbaycan Partiyasında gənclərimiz çoxluq təşkil
edirlər. Ümummilli lider Yeni Azərbaycan Partiyasının
II qurultayında partiyanın sıralarında gənclərin
çoxluq təşkil etməsinin vacibliyini bildirərək
xüsusi qeyd etmişdir ki, gənclər bu partiyada birləşməlidir.
Bu mühüm məqam da diqqətə
çatdırılmışdır ki, gənclər Azərbaycanın
müstəqillik yolunun nə qədər ağır dövr
keçməsindən xəbərsizdirlər. Onlara həmin
dövrün reallıqlarının olduğu kimi
çatdırılması vacib şərtdir. Partiyanın gələcəyinə
böyük inamla yanaşan dahi şəxsiyyət Heydər
Əliyev bildirmişdi: "Həm indi partiyamızda üzv
olan, həm də gələcəkdə üzv olacaq gənclərin
hamısı bizim gələcək nəsillərimizdir. Onlar
Naxçıvanda əsası qoyulan işlərin
davamçıları və 1993-cü ildən hakimiyyətdə
olan partiyamızın həyata keçirdiyi işin
davamçıları olmalıdırlar. Hesab edirəm ki, biz
elə nəsil tərbiyə etməliyik ki, onlar nəinki
bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanı
fəlakətdən qorusunlar. Onlar düzgün, doğru yolla,
milli hislər yolu ilə getməli və partiyamıza sadiq
olmalıdırlar”. Məhz bu diqqət və
qayğının nəticəsidir ki, partiyanın
sıralarında təmsil olunan gənclər onlara potensial
imkanlarını ortaya qoymaq üçün böyük
meydan verildiyini, gələcəyin liderləri kimi yetişmələri
üçün biri-birindən önəmli layihələrin
həyata keçirilməsindən məmnunluqlarını
ifadə edirlər. Bu gün hər bir Azərbaycan gənci
Heydər Əliyev ideyalarının təbliğatçısı
olmaqla yanaşı, onlara yaradılan şəraitdən bəhrələnərək
bütün qüvvə və bacarıqlarını Azərbaycanın
daha qüdrətli, zəngin dövlətə çevrilməsinə
yönəldirlər.
Ulu öndər Heydər
Əliyevin siyasi kursunu bütün istiqamətlərdə
uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin
böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin
onlara məxsusluğunu, eyni zamanda, müasir dövrün informasiya-kommunikasiya
texnologiyaları əsri olduğunu önə çəkərək
yüksəkixtisaslı gənclərin yetişdirilməsini
qarşıya mühüm vəzifə kimi qoyur: "Peşəkar
kadrların hazırlanması bu gün nəinki təhsil sahəsində,
yaxud da ki, hansısa ayrı bir neft-qaz sahəsində, ümumiyyətlə,
ölkə qarşısında duran ən vacib problemlərdən
biridir və biz bütün sahələrdə buna nail
olmalıyıq”. Ulu öndər Heydər Əliyev siyasətinin
davamı olaraq dövlət başçısı İlham
Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiqlənən
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” Azərbaycan gənclərinin intellektual səviyyəsinin
artırılmasına, elmi biliklərə dərindən yiyələnmələrinə,
dünyanın qabaqcıl ölkələrinin təcrübəsini
öyrənib ölkəmizdə tətbiqinə, eyni zamanda,
yeni texnologiyaların mənimsənilməsinə xidmət
edir.
Son 15 ildə təsdiqlənən
dövlət proqramlarına, imzalanan fərman və sərəncamlara
diqqət yetirsək, Azərbaycan gəncliyinin
inkişafının prioritetliyi daha aydın şəkildə
diqqət çəkir. Belə ki, dövlət
başçısı İlham Əliyevin 2011-ci il 7 iyul
tarixli Sərəncamı ilə təsdiqlənən "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə Dövlət
Proqramı”nın uğurlu icrasının davamı olaraq
2017-ci il 15 sentyabr tarixli Sərəncamla "Azərbaycan gəncliyi
2017- 2021-ci illərdə Dövlət Proqramı” təsdiqləndi.
Qəbul olunan və uğurla icra edilən dövlət
proqramlarında bütün həllivacib məsələlər
öz əksini tapır. Dövlət başçısı
İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli "2015-2025-ci illərdə
Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın
təsdiq edilməsi haqqında Sərəncamı da gənclərin
inkişafına yönələn addımların
davamlılığından xəbər verir.
Dövlət
başçısı İlham Əliyevin Gənclər
Gününə həsr edilmiş respublika toplantısında
"Mən bütün gənclərə üz tutub deyirəm
ki, təhsilə çox böyük fikir versinlər.
Çünki bugünkü dünyada bilik, savad ön
plandadır. Bu gün dünya o qədər sürətlə
inkişaf edir, texnologiyalar o qədər sürətlə
qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini
tapmaq çox çətindir. Gənclər peşəkar
olmalıdırlar. İstənilən sahədə işləyən
gənclər çalışmalıdırlar ki, öz
peşəkarlıqlarını artırsınlar”
çağırışına uyğun olaraq təkcə
son bir ildə gənclərin təhsilinin inkişafı
istiqamətində atılan addımlara diqqət yetirək.
2018-ci il 16 noyabr tarixli "2019-2023-cü illər
üçün Azərbaycan Respublikasında ali təhsil
sisteminin rəqabətliliyinin artırılması üzrə
Dövlət Proqramı”nın, həmçinin 2018-ci il 23
noyabr tarixli "Azərbaycan Respublikasında dövlət
qulluğunun inkişafına dair 2019-2025-ci illər
üçün Strategiya”nın təsdiqlənməsi, cari
ildə "Ali təhsil müəssisələrində təqaüd
sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə
tədbirlər barədə, "Doktorantura, ali təhsil, orta
ixtisas və peşə təhsili müəssisələrində,
həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının
magistratura səviyyəsində təhsil alan tələbələrə
təqaüdlərin verilməsi haqqında” sərəncamlar,
həmçinin "Azərbaycan Respublikasının ali məktəb
tələbələri üçün Prezident təqaüdünün
təsis edilməsi haqqında” Fərman gənclərə
öz bilik və bacarıqlarını artırmaq
üçün geniş imkanlar açacaq.
Dövlətin gənclərə
diqqət və qayğısı onların daha səylə
çalışmalarında, davamlı uğurlarında
stimulverici amildir. Bu gün böyük fəxr hissi ilə qeyd
edirik ki, gənclərimiz müxtəlif beynəlxalq tədbirlərdə
Azərbaycanı yüksək səviyyədə təmsil
edir, keçirilən yarışlarda Azərbaycanın
bayrağını ən yüksəklərə
qaldırırlar. Gənclərimizin
reallıqlarımızın təbliğində əhəmiyyətli
rolu dövlətimiz tərəfindən daim yüksək dəyərləndirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti,
gördüyü işlər gənclərimiz
üçün örnəkdir. Onun fəaliyyətində
tariximizin, mədəniyyətimizin təbliği prioritet
istiqamətlərdəndir. Leyla Əliyevanın təşəbbüsü
ilə keçirilən "Xocalıya ədalət!”
kampaniyası çərçivəsində bütün
dünya xalqlarına bəyan edilir ki, ermənilər tərəfindən
əsl soyqırımına məruz qalan, torpaqları
işğal olunan Azərbaycan xalqıdır.
2016-cı ildə keçirilən
ümumxalq səsverməsinə çıxarılan əlavə
və dəyişikliklər sırasında yaş həddinin
aradan götürülməsi də gənclərə diqqət
və qayğının bariz nümunələrindəndir. Məqsəd
dövlət idarəçiliyində gənclərin
iştirakını daha da artırmaqdır. Gənclərin bələdiyyələrdə
və parlamentdə təmsilçilik faizlərinin
artırılması da onların ictimai-siyasi fəallıqlarında
əhəmiyyətli rol oynayır.
Sonda bu ümumiləşdirməni
apara bilərik ki, Azərbaycan günbəgün yeniləşir,
müasirləşir, yeni-yeni hədəflərə doğru
inamla irəliləyir. Bu hədəflər daim Azərbaycan gəncliyindən
yenilikçi olmağı, yeni texnologiyaların öyrənilməsinə
və tətbiqinə maraq göstərməyi bir tələb
kimi qarşıya qoyur. Dövlət başçısı
İlham Əliyevin Gənclər
Gününə həsr olunmuş respublika toplantısında
gənclərə bu çağırışını
xatırlatmaq istərdik: "Sizin üçün ən
başlıca vəzifə müstəqilliyi, milli maraqları
qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və
xalqımızın rahat həyatını təmin etməkdir.
Mən şübhə etmirəm ki, siz buna
hazırsınız. Azərbaycan gəncləri fəaldır,
vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər,
mən sizə inanıram, güvənirəm”.
Səlim
RƏHİMZADƏ
Azərbaycan.-
2019.- 16 may.- S. 4.