Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə Moskvada iftar verilib
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə Rusiya Müftilər Şurası tərəfindən
Moskvadakı “Poklonnaya qora”da qurulmuş “Ramazan
çadırı”nda “Azərbaycan Günü” təşkil
edilib və iftar süfrəsi açılıb.
AZƏRTAC xəbər verir ki,
iftardan əvvəl Azərbaycan ruhanilərinin nümayəndəsi
Müqəddəs “Qurani-Kərim”dən ayələr oxuyub,
axşam duası verib.
Tədbirdə ictimai xadimlər, Azərbaycan
diasporunun nümayəndələri, müxtəlif millətlərdən
olan 1000-ə yaxın müsəlman iştirak edib. Gecədə
“İxlas” Fondunun nümayəndəsi Anas Məmmədov,
“Əhli-beyt” dini təşkilatının sədri Nizami
Baloğlanov çıxış edərək iftar süfrəsinin
təşkilinə görə tədbir
iştirakçıları adından Heydər Əliyev
Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla
Əliyevaya təşəkkür ediblər. Onlar qeyd ediblər
ki, “Poklonnaya qora”da “Ramazan çadırı” təşkil
edilməsi artıq ənənəyə çevrilib və
müsəlmanlar üçün bu mühüm tədbirdə
Azərbaycan, Heydər Əliyev Fondu hər il iştirak edir.
Tədbirin aparıcısı
Rusiya Müftilər Şurası adından Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevaya, habelə “Ramazan
çadırı-2019” tədbirinə təşkilati,
yaradıcı və mənəvi töhfəyə görə
Fondun nümayəndəsi Ayan Həsənovaya təşəkkürnamə
təqdim edib.
Azərbaycanın Rusiyadakı səfirliyinin
müşaviri Vüqar İmaməliyev bütün müsəlmanları
Ramazan ayı münasibətilə təbrik edib, “Ramazan
çadırı”nın təşkilinə görə Heydər
Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin
rəhbəri Leyla Əliyevaya və Moskva Müsəlmanları
Ruhani İdarəsinə təşəkkürünü
bildirib.
“Zəkat” Fondunun rəhbəri
Rifat İzmayılov xeyriyyəçiliyin vacibliyi barədə
çıxış edərək deyib: “Biz, dindarlar xeyriyyəçilik
trendi yaratmalıyıq. Ona görə ki, “xeyriyyəçilik”
anlayışını başqalarına sirayət etməklə
biz dünyanı daha da yaxşılaşdırır, onu daha
xeyirxah edirik. Heydər Əliyev Fondu da, digər xeyriyyə
fondları da buna çalışır, yaxşılıq
etməyin asan olmasını şəxsi nümunələrində
göstərirlər”.
Sonra müsəlmanlar
iftarlarını açıb, Azərbaycan milli mətbəxinin
yeməklərini və şirniyyatını dadıblar.
İftarda Heydər Əliyev
Fondunun 15 illiyinə həsr olunmuş videoçarx
nümayiş etdirilib. Tədbirdə “Bakı”
ansamblının və müğənni Samir Salamın ifasında
Azərbaycan milli musiqisi səslənib. “İman” müsəlman
məktəbinin şagirdləri Ramazan ayına həsr
edilmiş səhnələşdirilmiş proqram təqdim
ediblər.
Qeyd edək ki, Rusiya Müftilər
Şurasının mühüm layihəsi olan “Ramazan
çadırı” xalqlar arasında dostluğu möhkəmlətmək,
Moskvada yaşayan və islam dininə etiqad bəsləyən
çoxsaylı xalqların nümayəndələrini birləşdirmək
naminə həyata keçirilir.
Heydər Əliyev Fondunun Rusiya
Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə
fəal iştirak edir, dindarlar üçün iftar təşkil
edir.
Azərbaycan.-
2019.-16 may.- S.5.