Ərtoğrul nisgili

 

Nakam talelər

 

Arzuların çiçəkləndiyi bir zamanda dünyaya göz açdı. 1919-cu il oktyabrın 22-si idi. Bir il beş ay idi ki, Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdu. O, azad ölkənin vətəndaşı olmağın qüruru ilə döyünən neçə-neçə ürəkdə ümid işığını bir az da şölələndirdi. Atasına - dövrünün böyük şairlərindən olan Hüseyn Cavidə dostları Əhməd Cavad, Ömər Faiq Nemanzadə, Abdulla Şaiq, Üzeyir Hacıbəyli, Seyid Hüseyn, Mikayıl Müşfiq gözaydınlığı verdilər.

Atası adını Ərtoğrul qoydu. O da yaşıdları kimi Azərbaycanın dövlət müstəqilliyinin qorunması uğrunda ölüm-dirim savaşı getdiyi günlərdə böyüyürdü. Ancaq bunu da ərtoğrullara çox gördülər. 1920-ci ilin aprelində bolşeviklər Azərbaycanda hakimiyyəti ələ keçirdilər. Yeni hökumət - Şura hökuməti ilk günlərindən xalqımızın vətənpərvər, azadlıqsevər ziyalılarına qənim kəsildi.

 

Ayrılığın bir addımlığında...

 

Cavidlər ocağının sonbeşiyi 1921-ci ilin 2 oktyabrında dünyaya gəldi. Cavid əfəndi qızını Turan adlandırdı.

Ölkə ictimai-siyasi təlatümlər içindəydi. Şura hökuməti Azərbaycanda yerini möhkəmlətmək üçün bütün vasitələrə əl atırdı. Sabahlarından nagümanlıq Cavid əfəndini ruhunu sarmışdı. Müəmmalı gələcəyin sıxıntıları içərisində yaşayır, arzularını, üsyanını ölməz əsərlərinə köçürürdü.

Ömürləri tufanlara düşmüş Cavid əfəndi dostları Azərbaycanın azad günlərinin xiffətini çəkir, övladlarını tarixin bu çarpaşıq vaxtlarında Vətənə məhəbbət ruhunda böyüdürdülər.

Ərtoğrul Cavidlər ocağının yeni nəfəsi, hərarəti, ümidiydi. Oxumağa, öyrənməyə həvəsi böyükdü. 1926-1927-ci illərdə Azərbaycan darülmüəlliminin yanındakı nümunə məktəbində əla qiymətlərlə oxudu. 1927-1928-ci illərdə isə 8-ci şura məktəbinin zərbəçi şagirdi oldu. Poeziyaya marağı atasının diqqətini çəkəndə onun səkkiz yaşı vardı. Yaşından, yaşıdlarından tez böyüdüyü şeirlərində əksini tapırdı. O, 1932-ci ildə, 5-ci sinifdə oxuyarkən "Sönük həyatadlı şeirində yazırdı:

 

Bir çiçək ki, yeni açmağa başlar,

Görənlər bir yarpaq həmən qoparar.

Ona toxunanlar həpsi vicdansız,

Könül çalan əfi, canavar, qansız,

Sonra çiçək incə boynunu büküb,

Göz yaşı yerinə zəhərlər töküb,

Gündən-günə solur, tikənə dönür,

Gözündə parlayan səadət sönür.

 

Könlünün duyğularını yalnız şeirlərində ifadə etmirdi. Ərtoğrul həm musiqini çox sevir, gözəl piano, fortepiano çalır, rəssamlıqla, şahmatla məşğul olurdu. Valideynləri , müəllimləri onunla fəxr edirdilər.

Ərtoğrul 1936-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indi N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti) Azərbaycan dili ədəbiyyatı fakültəsinə daxil oldu. Mir Cəlal Paşayevdən, Əli Sultanlıdan, Feyzulla Qasımzadədən, Cəfər Xəndandan, Məmməd Cəfər Cəfərovdan dərs almağa başladı.

1937-ci il qapının kandarındaydı. Repressiya bəlası isə amansız dalğa kimi gəlirdi. Geri çəkiləndə evlərinin böyüyünü - Hüseyn Cavidi aralarında görməyəcəkdilər...

 

Son görüş...

 

Həmin il iyunun 4-də, gecə saat 4-də NKVD-nin qara maşınında atasını həbs etməyə gəldilər. Axtarış apardılar, dəyərli vardısa, müsadirə etdilər. Ayrılıq anları çatdı. Cavid əfəndi qapıdan çıxarkən oğluna: "Kişi ağlamaz, sınar, əyilməz. Ananı bacını sənə tapşırıram. Salamat qal”, - dedi.

O vaxt bu ayrılığın əbədi olacağına inanmırdılar. İki il sonra Cavid əfəndi Sibirə sürgün ediləcəkdi. 1941-ci il dekabrın 5-də isə İrkuts vilayətinin Şevçenko kəndinin əlillər xəstəxanasında gözlərini əbədi yumacaqdı. Bu böyük itkidən xəbərsiz Ərtoğrulun, Turanın, Mişkinaz xanımın gözləri Cavid əfəndinin yollarında qalacaqdı...

Amma hələ ki 1930-cu illərin axırları idi. Hüseyn Cavidin həbsi, adının çəkilməsinin, əsərlərinin yasaq olunması da sovet hökumətini qane etmədi. Ailəsini yaşadığı mənzildən çıxarıb, Sovetskidə bir neçə ailənin yaşadığı qapısız, pəncərəsiz evdə yerləşdirdilər. Qohumların, dostların da çoxunun üz çevirdiyi o ağır illərdə Mişkinaz xanım tikiş maşını ilə ailəni dolandırırdı.

Çətin günlərində Mişkinaz xanımla Turan xanımın güvənc yerləri idi. Cavid əfəndi gedərkən onları Ərtoğrula tapşırmışdı. O Ərtoğrula ki, hələ çox gənc idi. Amma atasının həbsindən sonra sanki birdən-birə yaşa dolmuşdu. Çünki Hüseyn Cavidin oğlu olmağın məsuliyyətini əvvəlkindən artıq hiss edirdi.

O, 1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışır, musiqi folkloru nümunələrinin toplanmasında iştirak edirdi. Bu məqsədlə Ərtoğrul Cavid Bülbüllə Azərbaycanın bir sıra rayonlarına ekspedisiyalarda oldu. 200-dən çox Azərbaycan xalq mahnısını, el havalarını nota köçürdü, aşıqlarımızın ifa etdikləri dastan və nağılların mətnlərini yazdı, öz yaradıcılığında onlardan bəhrələndi. Avroparus bəstəkarlarının ayrıca notlar şəkilində çap olunan romans və mahnılarını Azərbaycan dilinə tərcümə etdi.

Ərtoğrul Cavid 1940-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirdi. Elə həmin il Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil oldu. Konservatoriyada gələcəyin böyük bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Süleyman Ələsgərov, Ağabacı Rzayeva, Hacı Xanməmmədov və başqaları ilə birlikdə dahi bəstəkar Üzeyir Hacıbəylidən dərs alırdı. Bu təhsil ocağında da müəllimləri, tələbə yoldaşları ona böyük rəğbətlə yanaşırdılar. Üzeyir bəy Ərtoğrulun fitri istedadından danışırdı. İlk böyük əsərini - fortepiano üçün "9 Variasiya”sını, özfəaliyyət dərnəyi üçün "Eqoistin taleyipyesini yazdı, mahnılar bəstələdi.

 

"Həyat insanlardan da insafsızdır”

 

1942-ci illərdə konservatoriyanın əlaçı tələbəsi Ərtoğrul Cavid ordu sıralarına çağrıldı. "Xalq düşməni”nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna göndərildi.

Ərtoğrul anasından bacısından narahat idi. Ümid yeri olan müəllimi Üzeyir bəyə 1942-ci ilin 25 fevralında yazırdı: "Hörmətli Üzeyir bəy! Əsgərliyə getməzdən əvvəl sizinlə görüşmək istədimsə , qismət olmadı. Yeganə narahatçılığım anam bacımın acınacaqlı halıdır. Rica edirəm, keçirdiyimiz səmimi dərs günləri ümidli gələcək xatirinə, mümkün ola biləcək yardımınızı əsirgəməyin.

Anam uşaq bağçalarında işləyə bilər. Bacım həm bağçada, həm maşinistkalıq, həm ibtidai məktəbdə dərs (matematika, dil) deyə bilər. Lakin ən lazım məsələ çətin hallarda nəzər etmək, ürək vermək, mənəvi yardımdır. Zənn edirəm, rədd etməzsiniz”.

Məktubu alan Üzeyir bəy lazımi yerlərə zəng etdi. Bundan sonra Turan xanımı Radio Verilişləri Komitəsinə, Mişkinaz xanımı "Klara Setkinadına tikiş artelində işə götürdülər. Bütün bunlardan məlumatsız olan Ərtoğrul Cavid martın 15-də müəlliminə yazırdı: "Hörmətli Üzeyir bəy! İlk duracaq mənzilimiz Abxaziya dağları oldu - hər tərəf qarlı dağlar, soyuq, ağır . Bakıdan çıxdığım gündən heç kimdən məktub almamışam. Hətta ailəmizdən .

Yavaş-yavaş kimsəsizlik, ayrılıq, nigarançılıq duyğularım artır; səhhətim zəifləyir. Lakin olursa-olsun, mən səhhətimi saxlayacağam. Ən böyük əzab verən, məni rahat buraxmayan səbəb varsa, yalnız ailəmizdir. Mən çox yaxşı bilirəm ki, anam xəstədir, bəlkə yataqdadır, bacım həyatı dərk etməyə başlarkən ancaq sıxıntılıq, ağır yaşayış gördü. Mən öz oğulluq borcumu yerinə yetirə bilmədim. Bəzən o dərəcədə bədbinləşirəm ki, yenidən görüşmək ümidi sönür, özümü ən bədbəxt bir fərd zənn edirəm. Ailəmizin rahat dolanmasına əmin ola bilsəydim, kədərim xeyli azalardı”.

Martın 24-də o, yenə müəlliminə yazırdı: "Hörmətli müəllimim Üzeyir bəy!

Bakıdan çıxdığım gündən ailəmizdən, onların yaşayışı haqda heç bir məktub almamışam. Nigarançılığım həddini aşmaq üzrədir. Əgər bir neçə ay belə davam edərsə, şübhəsiz ki, əsəb xəstəliyinə tutulacağam”.

"Xalq düşmənləri”nin oğulları ən ağır işlərdə çalışdırılırdı. Tunel tikintiləri Ərtoğrulun da sağlamlığını əlindən aldı. Vərəmə tutuldu. Tiflis hospitalına düşdü. Tərxis olunmağı ləngidilirdi. Vərəmin ağrıları isə getdikcə şiddətlənirdi. Yenə doğmalarını düşünür, bacısına yazdığı məktublarda soyadlarını uca tutmağı tövsiyə edirdi.

Anası çağırış teleqramı aldıqdan sonra çətinliklə Tiflisə, onun yanına gedə bildi. O vaxt Ərtoğrulun vəziyyəti xeyli ağırlaşmışdı. O, 1943-cü il aprelin 26-da Tiflis xəstəxanasından böyük müğənni Bülbülə yazırdı: "Hörmətli Bülbül dayı. Salamlar. Bir ədib söyləmiş ki, həyat insanlardan da insafsızdır. Doğrudan da, belə imiş. Tale məni elə bir dərdə saldı ki, bütün planlarım, arzularım alt-üst oldu. Qarşıdakı əsas məsələ möhkəm yemək, təmiz hava udmaq və dincəlməkdir. Bəlkə kiçicik ömrümə bir neçə gün əlavə edə bildim. Vəziyyətim çox da yüngül deyil. Aprel ayının 7-dən başlayaraq ta 18-nə qədər sinəmdən qan gəldi. Temperaturum səhərlər 38-dən aşağı enmir. Gecə isə 40-a qədər qalxır. Lazımi davacat və yeməyin olmaması işləri daha da ağırlaşdırır. Son dərəcə zəifəm. Yerimdə otura bilmirəm. Doktor yazmağa yol vermir. Məktubu gizli, uzandığım halda yazıram.

Vəziyyətin bu qədər ağırlığına baxmayaraq, gizli bir mənbə mənə daima qüvvət verir. Məni yaşadan bu qüvvə, sarsılmaz iradə və möhkəm inamdır; mən öz məqsədimə - idealıma çatacağam. O musiqidir...”

Ərtoğrul müəlliminə planlarından söz açırdı: "Mənim indiki planım Naxçıvana getməkdir. Orda hər bir şey var. Nənəmlə qonşu kəndlərə gedəcəyəm. Əgər səhhətim imkan versə, kabineti maraqlandıran materiallar toplayacağam. Yanımda xeyli not və yazı kağızı var”.

1943-cü ilin sentyabrında, nəhayət, Ərtoğrul ordudan tərxis edildi. Yaşamaq istəyirdi. Onu gündən-günə zəiflədən xəstəliklə mübarizə aparır, sabaha ümid arayırdı. Ancaq Tiflisdə vəziyyəti ağırlaşdı. Onu Naxçıvana apardılar. Ərtoğrul ailəsinə yazırdı: "Əzizlərim, salamlar! Nəhayət, Naxçıvana gəldim. Ümid bağladığım bir adam - Əziz Şərif məni çox rahat gətirib çıxartdı. Səhər 7-də çatdım. Əvvəl Əziz Şərifgilə getdik. Ərtoğrul, 6 sentyabr, 1943-cü il”.

Ərtoğrulun son günləri çox ağır keçdi. Ölümlə həyat arasında çırpındığı vaxtlarda yeganə istəyi anasını və bacısını görməkdi. Amma son arzusuna da çata bilmədi. İyirmi dörd yaşlı Ərtoğrul Cavid 1943-cü ilin 14 noyabrında atasının taleyindən xəbərsiz Naxçıvanda vəfat etdi.

 

Zöhrə FƏRƏCOVA

 

 

Azərbaycan.- 2019.-16 may.- S.9.