Dördüncü kitab

 

Yeni nəşrlər

 

Müasir ədəbiyyatımızda özünəməxsus dəstxəti olan Sahib Əliyevin müxtəlif janrlarda qələmə aldığı əsərlər oxucular tərəfindən maraqla qarşılanır. Onun istər şeir və poemaları, istər hekayələri, istərsə də publisistik yazıları sevilə-sevilə oxunur.

Sahib Əliyevin bədii yaradıcılığı ədəbiyyatşünaslarımızın da diqqətindən kənarda qalmır, yeri gəldikcə, onun əsərlərindən bəhs edən məqalələr yazılır.

Bu günlərdə "Açıq dünya” nəşriyyatında müəllifin yaradıcılığından bəhs edən daha bir kitab işıq üzü gördü. "Dördüncü kitabadlanan yeni nəşrdə Sahib Əliyev haqqında, əsasən də, son vaxtlar qəzet və jurnallarda dərc olunmuş, sosial şəbəkələrdə yayılmış yazılar toplanmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədlinin tərtib etdiyi bu kitabda şairin yaradıcılığına xas ayrı-ayrı müsbət cəhətlər ustalıqla təhlil edilmiş, onun uğurları oxucuların diqqətinə çatdırılmışdır. Bu cəhətdən kitabın redaktoru Əli Rza Xələflinin "Ön söz əvəzi”, məşhur ədəbiyyatşünas-tənqidçi Qurban Bayramovun "Poetik fikrin təbiiliyi”, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədlinin "Şifahi xalq ədəbiyyatından qaynaqlanan ruh”, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fariz Çobanoğlunun "İlhamı bulaqdan götürəndə” yazıları xüsusi ilə diqqəti çəkir.

Kitabda təqdim olunan yazılar göstərir ki, Sahib Əliyevin yaradıcılığı ədəbiyyatşünaslarla yanaşı, digər peşə sahiblərinin də diqqətini cəlb edir. Kimya elmləri doktoru Əli Zalovun, fizika-riyaziyyat elmləri doktoru Bəhmən Sultanlının, tanınmış hüquqşünas Fəxrəddin Mehdiyevin fikirləri buna bariz nümunədir.

 

Azərbaycan.- 2019.-16 may.- S.9.