Nəsimişünaslığa yeni
baxış
İmadəddin Nəsimi yalnız Azərbaycan türklərinin deyil, bütün türk dünyasının ən qüdrətli şairlərindən biri, türkdilli poeziyada fəlsəfi şeirin yaradıcısı, divan ədəbiyyatının formalaşmasında mühüm rol oynamış sənətkarlardandır. Şairin ən böyük xidmətləri sırasında Azərbaycan ədəbi dilini əvvəlki dövrlərlə müqayisədə görünməmiş dərəcədə inkişaf etdirməsi, onun ərəb və fars dilləri ilə rəqabətə girə biləcək səviyyəyə qaldırmasıdır.
Nəsimidən sonra türkdilli divan ədəbiyyatında çox şey dəyişdi: bu dildə yazılan şeir sözün həqiqi mənasında fəlsəfi məzmun kəsb etdi, şeirin dili bir tərəfdən Quran ayələrindən söz və istilahlarla, ərəb mənşəli ictimai-fəlsəfi terminlərlə, digər tərəfdən ana dilimizdən, canlı danışıq dilindən gələn ifadələrlə, atalar sözləri və məsələlərlə zənginləşdi. Bütün bunlarla bərabər, türkdilli poeziyaya özünün mübariz, əyilməz, coşğun xarakteri ilə qüdrətli, insanlara, oxucuya əmin olduğu həqiqətləri təlqin edən, humanist, fədakar bir sənətkar - Nəsimi obrazı daxil oldu. Bu yenilməz, məğrur şair obrazı və onun özünəməxsus ədası, ritmi olan alovlu şeirləri Azərbaycanda, Orta Asiyada, Osmanlı dövlətində və başqa məmləkətlərdə heyranlarını, təqlidçilərini tapsa da, təkraredilməz qaldı. Altı əsrdən artıqdır ki, Nəsimi şəxsiyyəti və poeziyası insanları, oxucuları heyran etməkdədir. Nəsiminin bütün Şərqdə populyarlığının bir səbəbi də onun əqidəsi uğrunda həlak olması, şair demişkən, şəhidlik zirvəsinə ucalmasıdır. Mənbələrin verdiyi məlumata istinadən Hələb şəhərində şairin şagirdlərindən biri onun bir qəzəlini ucadan oxuduğuna görə yaxalanır, "şeiri mən yazmışam” dediyi üçün qətlinə fərman verilir. Bunu eşidən Nəsimi özünü hadisə yerinə çatdırır, şeiri yazdığını elan etdikdən sonra vəhşicəsinə qətlə yetirilir. Bu fakt bir daha göstərir ki, Nəsimi yaradıcılığında insanın ucalığından, qüdrətindən, ilahiliyindən bəhs etdiyi kimi, öz həyatını da insan uğrunda mübarizədən kənarda görməmişdir. Müsəlman Şərqində 680-ci ildə Əməvilər tərəfindən öldürülən İmam Hüseyn, 922-ci ildə Bağdadda şəriət alimlərinin edamına fitva verdikləri Həllac Mənsur, 1394-cü ildə Əmir Teymurun əmri ilə Miranşah tərəfindən tutularaq qətlə yetirilən hürifiliyin banisi Fəzlullah Nəimi əqidə uğrunda fədakarcasına həlak olan şəhid kimi tanınırdılar. Nəsiminin 1417-ci ildə həlak olması şeirləri ilə birlikdə onun türk dünyasının əzabkeş şəhidi obrazını yaratdı. Onun möhtəşəm yaradıcılığını şəxsiyyətindən, əzablı həyat yolundan və müsibətli qətlindən kənarda təsəvvür etmək mümkün deyil.
Sadiq bəy Əfşar "Məcməül-xəvas” adlı təzkirəsində müsəlman Şərqinin üç əsas dilində şeir yazmaq qüdrətinə malik olan Füzuli barədə yazır: "Həqiqətən, heç kəsə belə bir istedad səadəti üz verməyib ki, türk, fars və ərəb kəlamını bu səviyyədə bilsin”. Sadiq bəyin məlumatı olmasa da, biz bilirik ki, üç dildə yazmaq məharəti Füzulidən əvvəl İmadəddin Nəsimidə olmuşdur. Onun türk və fars divanları kitab halında nəşr edilsə də, ərəb şeirlərinin hamısı hələ də toplanılmayıb. Təbii ki, belə bir qüdrətli sənətkarı "özününküləşdirmək” istəyənlər də vardır. Qardaş Türkiyə və Türkmənistanda belə araşdırmalara rast gəlirik. Fikrimizcə, bu cür iddialara ən inandırıcı cavabı şairə dair mənbələrə və onun əsərlərinin dil xüsusiyyətlərinə əsaslanan böyük türk alimi Mehmed Fuad Köprülü 1926-cı ildə Bakıda nəşr edilən "Azəri ədəbiyyatına aid tədqiqlər” kitabında vermişdir, Nəsimini Azərbaycan ədəbiyyatının ən böyük şəxsiyyətlərindən biri hesab etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin İmaməddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili "Nəsimi ili” elan etməsi nəsimişünasları da, nəsimisevərləri də sevindirir və ilhamlandırır. Xatırladaq ki, sovet dövründə, 1973-cü ildə Nəsiminin 600 illik yubileyi bütün Azərbaycan, SSRİ miqyasinda, UNESCO xətti ilə dünya miqyasında kecirilmişdi. Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində bu münasibətlə ölkəmizdə xarici qonaqların iştirakı ilə təntənəli tədbirlər təşkil edildi, şairin əsərləri çoxtirajlı kitablar halında çapdan çıxdı (tərtibçi akademik Həmid Araslı). O zaman professor Cahangir Qəhrəmanovun tərtib etdiyi 3 cilddən ibarət Nəsimi divanının elmi-tənqidi mətni işıq üzü gördü. Mirzağa Quluzadə "Böyük Azərbaycan sairi” adlı monoqrafiya yazdı, Zümrüd Quluzadə şairin fəlsəfi görüşlərinə dair əsərlərini nəşr etdirdi. Böyük mütəfəkkirin həyat və yaradıcılığına, şeir və qəzəllərinin dilinə dair tədqiqatlar meydana çıxdı. Filologoya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva bütün elmi fəaliyyətini şairin həyat və yaradıcılığının araşdırılmasına həsr etmiş, 1991-ci ildə "Nəsiminin lirikası” mövzusunda namizədlik dissertasiyası yazmış, şairin ədəbi irsinin müxtəlif məsələlərinə işıq salan məqalələr çap etdirmişdir.
Bu gün nəsimişünaslıq qarşısında duran bir necə məsələdən qısaca olaraq danışmaq istərdim. Nəsimi irsinin nəşri sahəsində ölkəmizdə bir sıra dəyərli işlər görülsə də, son dövrlərdə dünya kitabxanalarında aparılan araşdırmalar göstərir ki, dahi sənətkarın irsinin mühüm hissəsi hələ işıq üzü görməyib. Şairin son dövrlərdə dünya kitabxanalarından əldə etdiyimiz bir neçə lirik şeirlər toplusunu - divanını nəzərdən keçirək: Ankara Milli Kitabxanasından şairin anadilli divanının iki nüsxəsini əldə etmişik. 83 vərəqdən ibarət birinci divan aydın nəsx xətti ilə köçürülüb. 308 vərəqdən ibarət olan ikinci divan da səliqəli və gözəl xətlə yazılıb. Qeyd edək ki, bu divan nüsxəsi Nəsimi divanları içərisində ən irihəcmlilərdəndir. Divanın əvvəlində "Divani-Həzrət Seyyid Nəsimi qəddəsə sirruhül-əziz” ("Həzrət seyid Nəsiminin (əziz qəbri pak olsun) divanı”) sözləri yazılıb. Buraya 711 qəzəl, 6 tərkibbənd, 3 məsnəvi, 9 müstəzad, 5 müxəmməs, 603 rübai, 3 qitə daxildir. Diqqəti cəlb edən cəhət odur ki, bu nüsxədə Nəsiminin mətbu divanlarında rast gəlmədiyimiz bir sıra şeirlər var. Qeyd etmək istərdim ki, şairin irsi ilə məşğul olan mətnşünaslar və əlyazmaşünaslar bir ciddi problemlə üzləşirlər: onun əsərləri içində hürufiliyi yaymaq məqsədilə Nəsiminin nüfuzundan istifadə edən, onun heyrani olan, adından əsərlər yazan hürufilərə məxsus şeirlər də az olmur... Belə şeirlər hürufiliyin yayılmasının tədqiqi baxımından maraq doğura bilər. Mənbələrdə böyük sənətkarın heç bir müxəmməsinə rast gəlmədiyimiz halda haqqında danışdığımız nüsxədə beş müxəmməsi var. Bu müxəmməsləri ciddi nəzərdən keçirdikdən sonra belə qənaətə gəlmək olar ki, onlar Nəsimi ardıcılı olan hürufilərə məxsusdur.
Şairin Tehranın Məclis kitabxanasından surətini əldə etdiyimiz əlyazma divanında onun "Nəsimi” təxəllüsü ilə yanaşı, "Hüseyni” və "Seyyid” təxəllüsləri ilə də yazdığı şeirləri vardır.
Ankara Milli Kitabxanasından surətlərini əldə etdiyimiz iki Nəsimi divanında da onun "Hüseyni” təxəllüsü ilə yazdığı bir sıra şeirləri diqqəti cəlb edir. Bəzi tədqiqatçılar belə hesab edirdilər ki, şair "Hüseyni” təxəllüsündən gənclik illərində, yaradıcılığa yeni başladığı dövrdə, hələ Nəimi ilə görüşüb hürufiliyi qəbul etmədiyi zamanlarda istifadə etmişdir. İndi bu məsələni araşdırmaq imkanı yaranmışdır.
Nəsiminin anadilli divanının elmi-tənqidi mətninin yenidən tərtib edilməsi vaxtının çatdığını qeyd etmək istərdik. C.Qəhrəmanov şairin divanının elmi-tənqidi mətnini tərtib edərkən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan iki, Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq bölməsinin əlyazmalar şöbəsindəki bir, İrəvandakı "Matenadaram” adlanan Elmi-Tədqiqat İnstitutundakı bir, Özbəkistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əlyazmalar şöbəsində saxlanan bir əlyazmadan, eləcə də 1926-cı ildə Salman Mümtaz tərəfindən hazırlanmış Bakı nəşrindən, iki Türkiyə nəşrindən istifadə etmişdir. Məlum məsələdir ki, sovet dövründə dünya kitabxanaları, muzey və kolleksiyaları ilə əlaqə saxlamaq, onlardan lazım olan əsərin surətini almaq çox çətin, əksər hallarda isə qeyri-mümkün məsələ idi. İndi isə vəziyyət başqa cürdür. Əldə edilən (onlardan bəziləri haqqında məlumat verdik) və edilməsi mümkün olan nüsxələrin köməyi ilə tərtib edilməsinə ehtiyac olan Nəsimi divanının elmi-tənqidi mətni vasitəsilə şairin ədəbi irsi barədə yeni ciddi elmi fikir söylənəcəyinə inamımız böyükdür.
Nəsiminin təsiri ilə yazıb-yaradan, onun ardıcılı olan şairlərin ədəbi irsinin surətlərinin dünya kitabxanalarından toplanaraq nəşr və tədqiq edilməsi qarşıda duran vacib məsələlərdəndir. Bu, Nəsimi ədəbi məktəbinin, onun Yaxın və Orta Şərqdə yayılma miqyasının öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Süruri XV əsrin ikinci yarısı - XVI əsrin əvvəllərində yaşamış hürufi şairimiz şeirlərində Nəsimi ənənələrini davam etdirən, haqqında çox az məlumata malik olduğumuz, ədəbiyyat tariximizdə ancaq bir neçə şeirindən söhbət gedən sənətkardır. Son dövrlərdə şairin divanının Vatikanın Apostol kitabxanasında, İstanbulun Süleymaniyyə və Manisa şəhər kitabxanasında saxlanan əlyazmalarının surətlərini əldə etmiş, üç nüsxə əsasında müqayisəli mətn tərtib etmişik. Əsərin geniş araşdırma ilə nəşrinin nəsimişünaslığa töhfə olacağına inanırıq. Tehranın Məclis kitabxanasından Nəsimi şeirlərinə təxmis yazan Heydərinin 294 vərəqdən ibarət farsdilli divanının surəti əldə olunub. Şərqin müxtəlif ölkələrini səyahət etmiş, Heydərinin divanında Böyük Moğal imperatoru Əkbər Şaha (1556-1605) həsr olunmuş qəsidə vardır. Ankara Milli Kitabxanasından Nəsimi təsiri ilə şeirlər yazmış XVI əsr şairi Heyrətinin türk divanının sürətini əldə etmişik. Bu divandan məlum olur ki, şair ömrünün müəyyən hissəsini qürbətdə, Üstüpdə, Makedoniyanın paytaxtı Skopyedə yaşayıb. Divandan öyrənirik ki, Osmanlı şairi kimi tanınan sənətkarın əsli Azərbaycandan olmuşdur. Tehranın Məlik kitabxanasından Nəsiminin müridi Rəfiinin "Bəşarətnamə” əsərinin əlyazmasının surətini əldə etmişik. Bir sıra tədqiqatçıların göstərdiyinə görə, "Bəşarətnamə” və "Gəncnamə” adlı məsnəvilərin müəllifi olan bu hürufi şair Nəsimi ilə birlikdə Azərbaycandan Anadoluya mühacirət etmişdir. Türkiyə tədqiqatçısı Günay Qut əsərinin dil xüsusiyyətlərinə görə onun şirvanlı olması ehtimalını irəli sürmüşdür. 1409-cu ildə vəfat etmiş şairin bu əsəri yalnız hürufilik ideyalarının yayılması baxımından deyil, dövrün Azərbaycan türkcəsinin, ədəbi dilinin tədqiqi baxımından böyük maraq kəsb edir. Bu qeydlərdən də görürük ki, Nəsimi ardıcıllarının, ənənələrinin davamçılarının irsinin öyrənilməsi onun ədəbi məktəbinin geniş bir coğrafi miqyasda (Azərbaycan, Anadolu, Orta Asiya daxil olmaqla Şərqi Avropadan Hindistana qədər) yayıldığını göstərməyə, daha ətraflı araşdırmağa kömək edəcək.
Nəsimi irsini hərtərəfli öyrənmək üçün hürufiliyə dair ilkin mənbələrin tədqiqata cəlb edilməsi, tərcümə və nəşri çox vacibdir (o fikirlə tamamilə razıyıq ki, Nəsimini yalnız hürufi şair kimi nəzərdən keçirmək olmaz. Onun sadəcə sufi şair kimi, eləcə də dünyəvi mövzularda yazdığı şeirləri kifayət qədərdir). Bu məsələdə qarşıya çıxan ən böyük çətinliklərdən biri odur ki, hürufilik cərəyanının banisi Fəzlullah Nəiminin əsərləri fars dilinin Astrabad ləhcəsində yazılıb. Türkiyə müəllifləri Tirəli Əbdülməcid bin Firiştənin "Eşqnamə”si, Dərviş Mürtəzanın "Dürri-yetim”i "Cavidannamə”nin türk dilinə tərcüməsidir. Buna baxmayaraq, əsəri əslindən tərcümə etmək lazımdır. Bundan başqa, F.Nəiminin "Məhəbbətnamə”, "Növmnamə”, "Ərşnamə” və fars divanı, "Vəsiyyətnamə”si vardır ("Vəsiyyətnamə”ni Q.Beqdili tərcümə edərək ilk dəfə "Azərbaycan” jurnalında nəşr etdirmişdir). Bu əsərlər dilimizə çevrilməli, ətraflı araşdırılmalıdır. Hürufiliyin digər xadimlərinin əsərləri də tərcümə və nəşr olunmalı, tədqiqata cəlb edilməlidir.
Paşa KƏRİMOV,
AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar
İnstitutunun direktor müavini, filologiya elmləri doktoru
Azərbaycan.- 2019.- 16 may.- S.10.