Səni bu hüsni-camal ilə, bu lütf ilə görən

 

Ləbinə əhli-nəzər çeşmeyi-heyvan dedilər,

Gərçi uçmaq hurusu cümlə ana can dedilər.

 

Səni bu hüsni-camal ilə, bu lütf ilə görən,

Qorxdular həq deməgə, döndülər insan dedilər.

 

Surətin vəsfini sordum isə hər taifədən,

Mə'ninin güzgüsünü surəti-rəhman dedilər.

 

Sunbülün halı pərişan, dedilər, hal əhli,

Allah-Allah, nə üçün, mişkə pərişan dedilər?

 

Bir qılın qiymətini hər kimə sordumsa, ana

Gənci-Qarun ilə min mülki-Süleyman dedilər.

 

Düşmənin adını aşiqlərə sordum ki, nədir,

Eşidən cümlə nə kafər, nə müsəlman dedilər.

 

Şək degil kim, üzünü görməmiş anlar ki, səni

Huriyə bənzədübən Yusifi-Kən'an dedilər.

 

Ləblərin vəslinə irmək mana müşkül görünür,

Gərçi sordular anı, dil ilə asan dedilər.

 

Ağzın əsrarına əndişə qaçan vaqif ola

Ki, üqul əhli ana nükteyi-pünhan dedilər.

 

Ey Nəsimi, dəmi-İsa degil isə nəfəsin,

Nəfəsi doğrular ana nə üçün can dedilər?

 

İmadəddin Nəsimi

 

Azərbaycan. - 2019.- 16 may.- S.10.