İlham Əliyev daha bir
sahədə idxaldan
asılılığı aradan götürür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Pirallahı Sənaye Parkında "Diamed" şpris istehsalı zavodunun açılış mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev və "Diamed” şpris istehsalı zavodunun təsisçisi Aytən Quliyeva dövlətimizin başçısına bu istehsal müəssisəsi barədə məlumat verdilər.
Qeyd edək ki,
hazırda Azərbaycanda Prezident İlham Əliyevin müvafiq
fərman və sərəncamlarına uyğun
olaraq kimya, təkrar emal, yüngül sənaye,
gəmiqayırma, əczaçılıq sahələrində
ixtisaslaşmış 5 sənaye parkı fəaliyyət
göstərir. Bu sənaye parklarında
9 minə yaxın insan daimi işlə
təmin olunub. Prezident İlham
Əliyevin 2016-cı ildə
imzaladığı Sərəncama
əsasən isə
"Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin tərkibində Pirallahı Sənaye Parkı yaradılıb.
Bu parkın yaradılmasında
məqsəd qeyri-neft
sənaye sahələrinin
davamlı inkişafını,
sənaye sahəsində
sahibkarlıq fəaliyyətinin
daha da genişləndirilməsini,
qabaqcıl texnologiyalara
əsaslanan rəqabətqabiliyyətli
və innovativ sənaye sahələrinin
yaradılmasını təmin
etməkdir. Bundan başqa,
bu layihənin icrası əczaçılıq
sənayesinin inkişafı
və dəstəklənməsi,
əczaçılıq məhsullarının
idxalından asılılığın
azaldılması, əhalinin
dərman vasitələrinə
tələbatının ödənilməsində
yerli istehsalın təşviqi və istehsal sahəsində əhalinin məşğulluğunun
artırılması məqsədi
daşıyır. Ümumi
sahəsi 30 hektar olan parkın rezidentləri 7 il ərzində torpaq, gəlir, əmlak, əlavə dəyər vergilərindən, həmçinin
idxal olunan texnika, texnoloji avadanlıqlara görə
gömrük rüsumundan
azaddırlar.
Park yaradılandan
bəri burada əczaçılıq sahəsində
bir sıra mühüm layihələrin
həyata keçirilməsinə
başlanılıb. Reallaşdırılan mühüm layihələrdən
biri də şpris zavodudur. Azərbaycanda ilk şpris zavodu
olan bu müəssisə
Parkın 2017-ci ilin mayında rezidenti kimi qeydiyyata alınan "Diamed Co” MMC tərəfindən inşa
edilib.
Dövlətimizin başçısı zavodu
işə saldı.
Bildirildi ki, müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı
zavodunun illik istehsal gücü 150 milyon şprisdir. İnvestisiya
dəyəri 9,5 milyon manat olan
bu layihəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı
Fondu tərəfindən
5 milyon manat güzəştli kredit verilib. İki hektar ərazidə
yerləşən zavodda
Almaniya, İsveçrə,
İtaliya, Türkiyə,
İngiltərə və
Yaponiya texnologiyaları
və avadanlıqlarından
istifadə olunur.
Müəssisədə istehsal edilən
məhsullar yerli bazarın tələbatını
ödəməklə yanaşı,
Rusiya, Gürcüstan,
İran və Orta Asiya ölkələrinə
ixrac ediləcək.
Bu isə "Made in
Azerbaijan” brendi ilə
ixrac olunan məhsulların çeşidini
və sayını artırmağa imkan verəcək. Zavodda
150 yeni iş yeri yaradılacaq.
İqtisadiyyatın şaxələndirilməsi və
qeyri-neft sektorunun inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
sosial-iqtisadi siyasətin
prioritet istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın
digər sahələri
ilə yanaşı, sənayenin inkişafına
xüsusi önəm verilir. Dövlətimizin
başçısının sənayenin inkişafı
ilə bağlı strateji xəttinə uyğun olaraq, ölkəmizdə həyata
keçirilən genişmiqyaslı
sənayeləşmə siyasəti
nəticəsində rəqabətqabiliyyətli
və ixracyönümlü
yüzlərlə yeni
sənaye müəssisəsi
yaradılıb, tələbatın
ödənilməsində yerli
məhsulların payı
əhəmiyyətli dərəcədə
artıb, ixracın həcmi yüksəlib, beləliklə, ölkə
sənayesi yeni inkişaf mərhələsinə
qədəm qoyub.
Dövlətimizin başçısı zavodun
kollektivi ilə görüşdü.
Müəssisənin kollektivini
salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Bu gün Pirallahı rayonunda çox əlamətdar hadisəni qeyd edirik. Burada istehsal ediləcək
şprislər bizim səhiyyə sistemində
istifadə olunacaq və beləliklə, Azərbaycan bu sahədə də idxaldan asılılığı
aradan götürmüş
olacaq.
Hər bir yeni müəssisənin
açılışı məni sevindirir. Çünki
hər bir müəssisənin açılışı
yeni iş yerləri deməkdir. Mənə verilən məlumata görə, burada ilkin mərhələdə
30, sonra isə 150 yeni iş yeri
yaradılacaq. Beləliklə, burada işsizliklə bağlı problemlər öz həllini tapacaq.
Bütövlükdə Pirallahı rayonunda işsizliklə problem demək
olar ki, yoxdur. Son illərdə Pirallahı
rayonunda çox böyük quruculuq-abadlıq
işləri aparılıb,
rayonun, adanın siması gözəlləşib,
çox böyük inkişaf var, yaşayış binalarının
təmiri, yeni ictimai zonaların, iş yerlərinin yaradılması, yeni körpünün salınması,
yəni, bütün bunlar rayonun gələcək inkişafına
qoyulan sərmayədir
və rayona göstərilən diqqətdir.
Bu zavodda
bizim siyasətimiz öz əksini tapır. Çünki idxaldan asılılığı
azaltmaq bizim üçün əsas məsələlərdən biridir.
Bu günə qədər biz şprisləri
xaricdən alırdıq,
indi isə buna ehtiyac qalmır,
əksinə, verilən
məlumata görə,
artıq xaricdən sifarişlər də alınır. Beləliklə, həm daxili tələbat tam ödəniləcək,
həm də biz öz yeni məhsulumuzu
xaricə ixrac etmiş olacağıq.
Bu, sənayemizin inkişafına verilən
töhfədir. Ölkəmizdə sənaye istehsalı artır. Görülən işlər nəticəsində
bu ilin dörd
ayında qeyri-neft sektorunda 15 faizdən çox artım olub. Həm sənaye potensialımızı
gücləndirən böyük
müəssisələr fəaliyyətə
başlayır, həm
də kiçik və orta müəssisələr
işə düşür.
Ölkəmizdə çox gözəl
biznes mühiti, sərmayə iqlimi var. Belə olmasaydı, xarici şirkətlər, yerli şirkətlər vəsait qoymazdılar.
Beləliklə, biz biznes mühitinin
yaxşılaşması nəticəsində
yeni reallıqları görürük və əminəm ki, dinamik inkişafımız
bundan sonra da təmin ediləcək.
İqtisadi və sosial sahədə aparılan islahatlar nəticə verir. Biz Dünya Bankının biznes mühitinə dair hesabatına görə, bu gün dünyada
25-ci yerdəyik. Mən bunu
dəfələrlə qeyd
edirəm ictimaiyyət
bilsin ki, nə qədər böyük islahatlar aparılıb və aparılacaq. Bu, imkan verir ki,
biz sosial sahəni də gücləndirək,
işsizliyi aradan qaldıraq, yerli istehsalı artıraq və beləliklə, vətəndaşların sosial
təminatını gücləndirək.
Bu il atılan
addımlar, imzalanmış
sərəncamlar, qəbul
edilmiş qərarlar bizim siyasətimizi əks etdirir. Biz sosialyönümlü siyasət aparırıq və bu siyasət
öz nəticəsini
verir.
Əlbəttə, gələcəkdə hələ
çox işlər görüləcək. Regionların sosial-iqtisadi inkişafı
üzrə dördüncü
Dövlət Proqramı
artıq icra edilməyə başlamışdır.
Əminəm ki, bu il nəzərdə tutulan bütün vəzifələr
icra ediləcək. Dinamik inkişafa nail olmaq üçün qeyri-neft sektorunun xüsusi rolu var. Biz bu məsələ ilə çox ciddi məşğuluq və nəticələr də göz qabağındadır. Biz bir
neçə il bundan əvvəl bu zavodun yaradılmasını
bəlkə də təsəvvür edə bilməzdik, xüsusilə
Pirallahı rayonunda. Burada ümumiyyətlə qeyri-neft
sektoru ilə bağlı işlər demək olar ki, yavaş gedirdi. Ancaq bu gün bu zavod reallıqdır.
Bu, Pirallahı Sənaye Parkında birinci zavoddur. Çünki burada bir neçə müəssisə
yaradılacaq. Hazırda
tikilməkdə olan böyük dərman preparatları zavodunun fəaliyyətə başlaması
nəticəsinə daha
çox iş
yerləri açılacaq
və biz dərman preparatlarının idxalından
asılılığı müəyyən dərəcədə
aradan götürəcəyik.
Digər
zavodların fəaliyyətə
başlaması nəzərdə
tutulur. O cümlədən
sosial məsələlər
öz həllini tapır. Məcburi köçkünlər üçün yeni evlər tikilir və burada 300 köçkün ailəsi
evlə təmin olunacaq, məktəb tikilir. Yəni, bu gün bu zavodun timsalında
görülmüş işlərin
gözəl nəticələrini
görürük, siyasətimizin
uğurlu nəticələrini
görürük və
bu, bizi gələcəkdə yeni
addımların atılmasına
sövq etməlidir.
Biz düzgün yolla inkişaf edirik və dinamik inkişaf bundan sonra da
mütləq gedəcək.
İslahatlarla bağlı bizim siyasətimiz bu gün burada bir daha özünü
göstərir. Əminəm ki, növbəti
dövrdə həm sənaye, həm kənd təsərrüfatı,
həm də infrastruktur sahələrində
daha geniş miqyasda əlavə nəticələr olacaqdır.
Sizi bu gözəl hadisə münasibətilə
təbrik edirəm, zavodun əməkdaşlarına
uğurlar arzulayıram. Sağ olun.
***
Sonda xatirə şəkli çəkdirildi.