Ölkəmiz Asiya mədəniyyət
və turizm sərgisində iştirak edir
Azərbaycan Pekində keçirilən "Asiya sivilizasiyalarının dialoqu” konfransı çərçivəsində Asiya mədəniyyət və turizm sərgisində təmsil olunur.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin və ölkəmizin Pekindəki səfirliyinin dəstəyi ilə yaradılan stenddə Azərbaycan tarixinə, mədəniyyətinə, ölkəmizin müasir inkişafına, turizm potensialına dair eksponatlar, o cümlədən şəkillər, xalçalar, musiqi alətləri, milli geyim nümunələri, kitab və nəşrlər nümayiş etdirilir. Monitorda Azərbaycan təbiətinin gözəlliklərinə, ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərə, mötəbər idman yarışlarına dair videolar nümayiş olunur.
Azərbaycan stendini ziyarət edənlərə ölkəmizin hərtərəfli inkişafı, turizm obyektləri, mədəni irsi barədə məlumat verilir, nəşrlər paylanılır.
Qeyd edək
ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin təşəbbüsü
ilə keçirilən "Asiya
sivilizasiyalarının dialoqu” konfransı
bir həftə davam
edəcək. Tədbir çərçivəsində paytaxt Pekin ilə
yanaşı, Xancou, Quancou
və Çendu şəhərlərində
müxtəlif tədbirlər, forumlar, həmçinin
Asiya sivilizasiyalar
paradı, mədəniyyət və milli
mətbəx festivalları, film və televiziya həftəsi keçiriləcək.
"Asiya sivilizasiyalarının dialoqu” konfransı 2-ci "Bir
kəmər, bir yol”
beynəlxalq əməkdaşlıq forumu
və "Pekin Ekspo-2019” Botanika
Sərgisi ilə yanaşı, bu il Çində keçirilən ən böyük üç tədbirdən
biridir.
Azərbaycan.- 2019.-17 may.- S.6.