TAP yüksək gəlirlər gətirəcək, əməkdaşlıq
körpülərini möhkəmləndirəcək
Kəmərin təməlinin qoyulduğu
vaxtdan 3 il keçir
TAP (Transadriatik Qaz Boru Kəməri) "Cənub qaz dəhlizi”ni yaradan üç mühüm kəmərin sonuncusudur. Hazırda çəkilişi başa çatmaqda olan bu kəmər Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq.
TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Təməlqoyma mərasimində Azərbaycanın, Yunanıstanın, ABŞ-ın, Albaniyanın, İtaliyanın, Türkiyənin, Gürcüstanın, Bolqarıstanın yüksək vəzifəli şəxsləri, Avropa Komissiyasının və konsorsiuma daxil olan şirkətlərin səlahiyyətli nümayəndələri iştirak ediblər.
Transadriatik Qaz Boru Kəmərinin inşasına başlanması region üçün böyük əhəmiyyət kəsb edən hadisə idi. Çünki bu kəmər enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və mənbələrin şaxələndirilməsinə ciddi dəstək verəcək. O, eyni zamanda regionda əməkdaşlıq körpülərini möhkəmləndirəcək, yüksək gəlirlər, firavanlıq, xeyir-bərəkət gətirəcək.
Təməlqoyma mərasimində bildirilmişdi ki, 2020-ci ildən başlayaraq Azərbaycan qazının Avropaya nəqli nəzərdə tutulur. Ona görə də qarşıda qazı Avropa bazarına vaxtında çatdırmaq, tranzit və istehlakçı ölkələrin hər birinin iqtisadi maraqlarının təmin edilməsinə nail olmaq kimi əsas vəzifə dayanır.
TAP layihəsinin reallaşması ilə Avropa bazarlarına yeni mənbədən qaz çıxışına şərait yaranacaq. Belə ki, "Cənub qaz dəhlizi”nin sonuncu seqmenti olan TAP Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan mavi yanacağı nəql edəcək. Kəmərlə ilk dövrlərdə Avropaya ildə 10 milyard kubmetr qaz çatdırılacaq. Sonrakı illərdə qazın həcmi 20 milyard kubmetrə qədər artırılacaq.
Xatırladaq ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan "Cənub qaz dəhlizi” müasir dövrün ən böyük infrastruktur layihələrindən biridir. Hazırda layihənin gerçəkləşməsində yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Azərbaycan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə də Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb. Beləliklə, bu qlobal xarakterli layihə möhkəm beynəlxalq əməkdaşlıq təməli üzərində getdikcə şaxələnir.
TAP layihəsində
SOCAR (20 faiz), BP (20 faiz),
"Snam S.p.A.” (20 faiz), "Fluxys” (19 faiz), "Enagas” (16 faiz) və "Axpo” (5 faiz) şirkətləri iştirak
edir.
TAP kəməri Azərbaycan qazının
Yunanıstandan, Albaniyadan,
Adriatik dənizinin altından keçməklə
İtaliyanın cənubuna,
oradan da Qərbi Avropaya daşınmasını nəzərdə
tutur. Bu, uzunluğu
təxminən 878 kilometr
olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın,
210 kilometri Albaniyanın
ərazisindən, 105 kilometri
Adriatik dənizinin altından keçəcək
və sonuncu hissəsi İtaliya torpağında quru sahəyə çıxacaq.
Burada kəmər "Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşdiriləcək.
Layihənin İtaliyada
bitməsinə baxmayaraq,
gələcəkdə ara keçid boru kəmərləri vasitəsilə İsveçrə,
Avstriya, Fransa, Almaniya, Belçika, hətta İngiltərəyə
təbii qazın ötürüləcəyinin mümkün
olacağı istisna edilmir. TAP-ın əhəmiyyəti həm
də ondadır ki, Yunanıstan-Bolqarıstan
İnterkonnektoru və
İon-Adriatik qaz kəmərinin təchizatını
asanlaşdıracaq.
Üç il əvvəl təməli qoyulan kəmərin tikintisi həmin vaxtdan indiyədək ahəngdar
davam edir. 2009-cu ildən bəri aparılan dizayn və mühəndislik işləri də daxil olmaqla, layihənin ümumi dəyərinin 4,5 milyard avro təşkil
edəcəyi nəzərdə
tutulur.
Kəmərin çəkilişi inşaatçılardan
böyük səriştə
və məsuliyyət
tələb edir. Belə ki,
xəttin keçdiyi yol fərqli coğrafi şəraitdə
yerləşir. Marşrut boyu
kəmərin ən aşağı hissəsi
dəniz səviyyəsindən
təxminən 820 metr
dərinlikdə olacaq.
Ən yüksək hissəsi isə Albaniya dağlarında 1800 metrə
çatan zirvələrdən
keçəcək. TAP-ın bir sıra
yerüstü obyektləri,
məsələn, ölçmə
və kompressor stansiyaları da var. Tikinti işlərinin çətinliyi həm də onunla bağlıdır ki, digər kəmərlərdən
fərqli olaraq, TAP-ın bir hissəsi
suyun altından keçir. Bütün bunlara baxmayaraq,
inşaatçılar öhdələrinə
düşən işi
ilk gündən bacarıqla
yerinə yetirirlər.
TAP Türkiyə
ilə Yunanıstan sərhədində yerləşən
Kipoi məntəqəsində
TANAP-a (Transanadolu Qaz Boru Kəməri) birləşəcək. Qeyd edək
ki, TANAP-la artıq bir ilə yaxındır
"Şahdəniz” qazı
nəql olunur.
"Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının
bu il fevralın
20-də Bakıda keçirilən
növbəti toplantısında
Prezident İlham Əliyev demişdir: "Transadriatik boru kəmərinin inşasında
da böyük irəliləyiş var. Ötən
ilin fevral ayında şura qarşısında çıxışımda
TAP-ın hazırlığının
67 faiz səviyyəsində
olduğunu qeyd etmişdim. İndi isə son göstəricilərə
görə bu rəqəm 87 faizdir.
Yəni bir ildə biz böyük irəliləyişə nail olmuşuq,
işlər uğurla
gedir və ümidvaram ki, gələn il biz yeni nəticələr haqqında danışacağıq”.
Son aylarda
kəmərin çəkilişi
bir qədər də irəliləyib. Bu da gözlənilən nəticələrin
gələn il
həqiqətə çevriləcəyindən,
TAP-ın Azərbaycan
qazını Avropaya vaxtında çatdıracağından
xəbər verir.
Flora SADIQLI
Azərbaycan.- 2019.- 17 may.- S.7.