Prezident İlham Əliyev islam
həmrəyliyinə böyük töhfələr
verir
Mayın 17-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli səfirlər.
Müqəddəs Ramazan ayında bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. İlk növbədə, xahiş edirəm ki, mənim səmimi salamlarımı, xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız. Bildiyiniz kimi, müsəlman ölkələri ilə bizim çox sıx əməkdaşlığımız var. Siyasi sahədə fəal dialoq aparılır. ƏIbəttə, çox istərdik ki, iqtisadi sahədə daha da fəal əməkdaşlıq olsun. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, digər sahələrdə birgə fəaliyyətimiz xalqlarımız üçün çox böyük əhəmiyyət kəsb edə bilər. Müsəlman ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu məsələlər daim gündəlikdədir. Əlbəttə, biz çox istərdik ki, təmsil etdiyiniz ölkələrdən olan şirkətlər Azərbaycanda müxtəlif layihələrdə daha fəal iştirak etsinlər.
Bildiyiniz kimi, son vaxtlar Azərbaycanda turizmin inkişafı sürətlə gedir. Çox şadam ki, müsəlman ölkələrindən olan turistlər Azərbaycana gəlirlər və onların sayı ildən-ilə artır. Bir sözlə, ikitərəfli formatda əlaqələrimiz uğurla inkişaf edir. Bu əlaqələrin gələcək inkişafı üçün çox yaxşı şərait və imkanlar var.
Biz beynəlxalq təşkilatlar çərçivəsində də çox fəal əməkdaşlıq edirik, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə qarşılıqlı dəstək göstəririk. Bu qarşılıqlı dəstək bizim əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Bildiyiniz kimi, Ermənistan Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və onun ətrafında yerləşən 7 rayonu uzun illərdir işğal altında saxlayır. Bu münaqişə və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bu, beynəlxalq hüququn pozulmasıdır. Baxmayaraq, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etmişlər, əfsuslar olsun ki, işğalçı dövlətə lazımi təzyiqi göstərmirlər. BMT Təhlükəsizlik Şurası – dünyanın ali orqanı 4 qətnamə qəbul edib və bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Ancaq bu qətnamələr kağız üzərində qalıb və bu, ikili standartların təzahürüdür. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və Azərbaycanın ərazi bütövlüyü tam beynəlxalq dəstək alıbdır. Ancaq işğalçıya kifayət qədər təzyiq göstərilmir. Münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi birmənalıdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Beynəlxalq təşkilatlarda bizə göstərilən dəstəyə görə müsəlman ölkələrinə bir daha təşəkkürümü bildirirəm.
Azərbaycan da öz növbəsində, beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. Bildiyiniz kimi, biz İslam həmrəyliyinin gücləndirilməsinə çox böyük əhəmiyyət veririk və bu istiqamətdə əməli addımlar atılır. Azərbaycanda keçirilmiş çoxsaylı tədbirlər İslam həmrəyliyinin möhkəmlənməsinə xidmət göstərir. Biz hamımız yaxşı bilirik ki, İslam həmrəyliyinin möhkəmlənməsi gündəlikdə duran əsas məsələlərdən biridir. Azərbaycan öz tərəfindən bu istiqamətdə çox ciddi addımlar atır və atacaqdır.
Bildiyiniz kimi, eyni zamanda, ölkəmizdə mədəniyyətlərarası dialoqla bağlı çoxsaylı tədbirlər keçirilir. Bu yaxınlarda Bakıda keçirilmiş V Mədəniyyətlərarası Dialoq Forumu da bu sıradan olan tədbirlərdəndir. Onu da bildirməliyəm ki, Azərbaycan İslam mədəniyyətini dünyada təbliğ etməklə bağlı çox böyük səylər göstərir. Bir çox ölkələrdə konfranslar, sərgilər, təqdimatlar keçirilir və beləliklə, biz İslamı dünyaya sülh, mərhəmət dini kimi təqdim edirik.
Keçən il Naxçıvan – bizim qədim şəhərimiz İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdir. Bu qərara görə biz bütün müsəlman ölkələrinə minnətdarıq. Onu da qeyd etməliyəm ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsində oynadığı rolu çox yüksək qiymətləndirir.
Mən bir daha sizi
ürəkdən salamlayıram. Bir daha xahiş edirəm ki, mənim səmimi salamlarımı
dövlət-hökumət başçılarına çatdırasınız.
Təmsil etdiyiniz ölkələrin
xalqlarına sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram.
***
Sonra Fələstin Dövlətinin Azərbaycan
Respublikasındakı səfiri
Nasir Əbdül Kərim Əbdül
RƏHİM çıxış edərək dedi:
-Zati aliləri cənab Prezident.
Azərbaycan Respublikasında akkreditasiya
olunmuş müsəlman
ölkələrinin səfirləri
və diplomatik missiyalarının rəhbərləri
adından Sizi müqəddəs Ramazan ayı münasibətilə
təbrik etmək mənim üçün böyük şərəfdir.
Cənab Prezident,
biz hamımız bu müqəddəs ayda bizimlə görüşmək
üçün dəyərli
vaxtınızı ayırdığınıza,
əsasını qoyduğunuz
ənənəyə görə
Sizə minnətdarıq
və bu Sizin müsəlman ölkələrini və
xalqlarını birləşdirən
qardaşlıq əlaqələrinə
dəstək və dayaq olmaq öhdəliyinizin
bir təzahürüdür.
Bu müqəddəs
ayda müsəlmanlara
sülh, həmrəylik
ab-havasında bir araya gəlmək imkanı verilməklə İslamın xeyirxah dəyərlərinə çağırış
edilir, fikir və ruh yüksəlir
və bununla da sakitlik, sabitlik,
mənəvi yüksəliş
və xeyirxahlığa
doğru birlikdə addım atılır. Beləliklə, hər birimizin içində zəiflərə
və aztəminatlılara
yardım etmək, qardaşlıqda və ortaq taledən agah olaraq bağışlamaq
və qəbul etmək xüsusiyyəti oyanır.
Cənab Prezident,
nisbətən gənc
Azərbaycan Respublikası
müstəqilliyin ilk illərində
bir çox çağırışlarla üzləşmişdir
və o zaman onların öhdəsindən
gəlmək qeyri-mümkün
görünürdü. Lakin, ölkə
rəhbərliyinin müdrikliyi
və uzaqgörənliyi
sayəsində Azərbaycan
bu təhlükələrin
öhdəsindən uğurla
gələrək inkişaf
etmiş, müasirliyi
qəbul edən və gələcəyə
doğru sürətlə
addımlayan bir ölkəyə çevrilə
bilmişdir. Eyni zamanda,
qürur hissi ilə öz qədim İslam irsini və mədəniyyətini də
qoruya bilmişdir.
Müsəlman ölkələrinin səfirləri
kimi biz, qardaş Azərbaycanın möhtəşəm
inkişafını, yenidən
qurulmasını, bir çox sahələrdə
apardığı islahatlarını
və uğurlu transformasiyasını heyranlıqla
müşahidə etmişik.
Müsəlman ümməsinin
əziz, ayrılmaz və vacib bir
üzvü kimi, Azərbaycan müsəlman
aləminin Dağlıq
Qarabağdan tutmuş
Əl-Qüds, Əl-Şərif,
Kəşmirə qədər
və digər işğal olunmuş müsəlman əraziləri
ilə bağlı məsələlərdə ədalətli
haqq işini böyük səylə dəstəkləmiş, habelə
bu günün çoxsaylı çağırışları
ilə mübarizədə
birgə səylərin
önündə olmuşdur.
Bunlardan biri də məkrli
və yanlış məfhum olan islamofobiya ilə mübarizə aparmaqdır.
Sakit düşüncə
ilə, təsdiqlənə
bilən danılmaz mədəni, tarixi və dini faktları
gətirməklə bu
məfhumu təkzib edərək, İslamın
tarixdə, öz qızıl əsrində
insan birliyinin və mədəniyyətinin
bütün sahələrinə
əsas töhfə verən və bəşəriyyətin hamisi
kimi böyük rolunu vurğulayaraq, Bakıda mədəniyyətlərarası
və konfessiyalararası
dialoqa dair çoxsaylı vacib konfranslar keçirməklə,
"Bakı Prosesi”nə
start verməklə Siz
bəşəriyyətin universal və ortaq dəyərlərinə
hörmət bəslənilməsinin
vacibliyini qeyd etməyə davam edirsiniz. Sadəcə, fikir ayrılıqlarını
aradan qaldırmaq, eləcə də sivilizasiyaların toqquşması
adlanan yanlış arqumenti ifşa etmək üçün bəşəriyyətin nəyi
paylaşdığını vurğulamaqla şərəfli
missiyanın önündəsiniz.
Biz bunu bir
neçə gün öncə Bakıda keçirilmiş V Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunda da gördük. Qoşulmama Hərəkatına
bu il
rəhbərlik etməklə
inkişaf etməkdə
olan ölkələrin
və bəşəriyyətin
üzləşdiyi məsələlərin
həllində fəal
iştirak edirsiniz.
Azərbaycanın sülhün, inklüzivliyin
və hörmətin üstünlük təşkil
etdiyi, müxtəlif dinlərin nümayəndələrinin
bir-biri ilə harmoniya içində yaşayıb-çalışması ilə İslamın həqiqi ruhunu nümayiş etdirən parlaq ulduzlardan biri olması danılmazdır. Bunu müşahidə etmək zövq verir. Beləliklə, dünyanın müxtəlif
guşələrindən olan
qonaqlar çox müsbət təəssüratlarla
öz evlərinə qayıdır, Azərbaycan
və İslam haqqında məlumatlar onların yaddaşına həkk olunur.
Cənab Prezident,
müsəlman ümməsi
Dağlıq Qarabağ
münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində, sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həllini dəstəkləyir və
bu məsələdə
Azərbaycanın yanındadır,
BMT Təhlükəsizlik Şurasının
qəbul etdiyi bütün qətnamələrin
seçmə üsulu
ilə yox, bərabər şəkildə
icrası üçün
çağırış edir.
Bu müqəddəs ayda biz bütün işğal olunmuş müsəlman ərazilərinin və müqəddəs yerlərin öz həqiqi sahiblərinə qayıdacağı, ümməmizin İslamın adına ləkə gətirən pis, bədxah və cahil qüvvələri məğlub edəcəyi və bununla da bəzi ölkələrimiz üzərində olan qara buludların çəkiləcəyi, habelə qardaş ölkələrimiz arasında birlik və harmoniyanı bərqərar etmək üçün fikir ayrılıqlarının aradan qaldırılacağı günün yaxınlaşmasını arzu edirik. Bu da bizə innovasiya və tərəqqidə bəşər sivilizasiyasına mühüm töhfə verən tərəf kimi öz həqiqi yerimizi tutmağa imkan verəcəkdir.
Zati-aliləri, müsəlman ölkələrinin səfirləri və diplomatik missiyaların rəhbərləri adından sidq ürəklə Sizə və ailənizə cansağlığı, səadət və uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh, inkişaf və rifah arzulayırıq.
Allah Sizi, Azərbaycanı və İslam ümməsini qorusun.
Çox sağ olun, cənab Prezident.
***
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2019.-18 may.- S.1-2.