Milli Məclis hər zaman Prezident İlham
Əliyevin yürütdüyü müstəqil
siyasətə dəstək olub
Azərbaycana qarşı istənilən qarayaxma kampaniyasına adekvat
cavab veriləcək
Spiker Oqtay Əsədovun sədrliyi ilə dünən keçirilən Milli Məclisin iclası "Standartlaşdırma haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi ilə işinə başladı.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə sənədlə bağlı məlumat verərək bildirdi ki, yeni qanun 5 fəsil və 26 maddədən ibarətdir. Qanun standartlaşdırmanın məqsəd və prinsiplərini, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqini, bu sahədə fəaliyyətin maliyyələşdirilməsi mənbələri və digər məsələləri müəyyən edir.
İkinci oxunuş zamanı deputatlar layihə ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Komitənin iclasında sənədə bir neçə texniki düzəliş edilib. Komitə sədri qanun layihəsinin iqtisadiyyatın innovasiyalı inkişafı üçün yeni imkanlar açacağını və beynəlxalq əməkdaşlığın daha da dərinləşməsinə öz töhfəsini verəcəyini vurğuladı. Sənəd səsverməyə çıxarılaraq qəbul olundu.
Deputatlar Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsini də üçüncü oxunuşda təsdiqlədilər.
"Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə edilən dəyişiklik isə sənədin Mülki Məcəlləyə və "Müflisləşmə və iflas haqqında” qanuna uyğunlaşdırılması məqsədi daşıyırdı.
Deputatlar dəyişikliyə müsbət münasibət bildirdilər.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov "Yeyinti məhsulları haqqında” və "Baytarlıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verərək bildirdi ki, dəyişikliyə əsasən yeyinti məhsulları sahəsində yeni dövlət rüsumu müəyyənləşdirilir. Qida təhlükəsiziyi sertifikatının verilməsinə və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına (reyestrdən çıxarışın verilməsinə, çıxarışın dublikatının verilməsinə və reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq dəyişikliklərin edilməsinə) görə "Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq.
"Baytarlıq haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, baytarlıq şəhadətnaməsinin, sertifikatının, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin, heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə və ətin, heyvan və quş cəmdəklərinin üzərinə nişan qoyulmasına görə "Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövət rüsumu tutulacaq. Sənədlər səsverməyə çıxarılaraq qəbul edildi.
İclasda "Toxumçuluq haqqında”, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, "Torpaq icarəsi haqqında” və "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədlər də təsdiqləndi.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edərək son zamanlar Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının səbəbləri barədə danışdı. Onun sözlərinə görə, bəzi xarici dairələr Azərbaycanda keçirilən islahatlara qarşı ədalətsiz şəkildə qarayaxma kampaniyası aparır, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlara təzyiq göstərməyə çalışırlar. Onlar həmin dairələrdir ki, indi də idmanı siyasətə qatırlar: "Ölkəmizin ərazi bütövlüyü ilə bağlı Brüsseldə aparılan danışıqlarda Azərbaycana təzyiqlər olur. İdman oyununu da siyasətə qatırlar. Böyük Britaniyanın ən böyük şirkəti Azərbaycanda onillərdir işləyir. Bəs necə olur ki, Azərbaycanda neft çıxaranda təhlükəli deyildi, "Arsenal” komandası gələndə təhlükəli olur? Niyə Azərbaycan dünyanın ən təhlükəsiz ölkəsi olduğu halda belə ədalətsiz fikirlər səsləndirirlər? Deyirlər ki, Azərbaycanın hava məkanında yük daşınmasında problemlər var. Azərbaycan üzərindən NATO-nun yükləri Əfqanıstana daşınanda problem olmur, ancaq iki ingilis komandası Bakıya gələndə guya təyyarə reyslərinin gediş-gəlişi vaxtında olmayacaq, hava yolunda problem yaranacaq?!”
Siyavuş Novruzovun fikrincə, "sapı özümüzdən olan baltalar”ın hərəsinə erməni lobbisi tərəfindən "5” manat verilərək Azərbaycanın həyata keçirdiyi işlərə, iqtisadi islahatlara kölgə salmağa çalışırlar. Ancaq postsovet məkanında Avropa İttifaqı ilə Azərbaycan qədər əməkdaşlıq edən ikinci ölkə yoxdur. Azərbaycanın inkişafını həzm edə bilməyən qüvvələr hər zaman belə çirkinliklərə əl atıblar: "Onlar bu qədər görülən işləri kənara qoyub, qarayaxma kampaniyası aparmağa başlayırlar. Xaricdə olan bəzi azərbaycanlılar ermənilərlə eyni sırada fəaliyyət göstərirlər. Düyməni eyni yerdən basırlar. Bütün Azərbaycan cəmiyyəti Prezidentin siyasətini dəstəkləyir. Biz ölkəmizə qarşı çirkin kampaniya aparan şəxslərə cavab verməliyik. Onlar bizi hədələməklə öz maraqlarını həyata keçirə bilməyəcəklər”.
Milli Məclis
Sədrinin birinci müavini
Ziyafət Əsgərov həmkarının fikirlərinə
dəstək verərək dedi ki, bu kampaniyalar
zaman-zaman həyata keçirilib.
Azərbaycanda 2012-ci ildə "Eurovision”
mahnı müsabiqəsi, 2015-ci ildə I Avropa
Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi
Oyunları keçirilərkən də eyni
ssenari olub: "Azərbaycanın
inkişafını gözü
götürməyən qüvvələr çoxdur.
Onlar hər vəchlə
çalışırlar ki, hər
hansı yarışma zamanı ölkəmizə qara yaxsınlar. Sözsüz
ki, bunun cavabı
verilməlidir. Əslində Azərbaycan öz
inkişafı ilə onlara cavab verir. Bundan
sonra da belə olacaq. Bu cür
qarayaxma kampaniyaları bundan
sonra da təkrarlanacaq.
Kimin orada nə deməyindən
asılı olmayaraq, karvan
öz yolundadır. Azərbaycanda təhlükəsizlik
ən yüksək səviyyədə qurulub.
Biz Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik”.
Narahatlığa heç bir
əsasın olmadığını deyən birinci
vitse-spiker vurğuladı ki,
hansı hücumlar olacaqsa,
adekvat cavab veriləcək:
"Böyük Britaniya
Xarici İşlər Nazirliyi
bir söz deyir, Azərbaycandakı səfirlik isə başqa söz. Bu necə
ola bilər?
Belə olan halda bunlara
nə deyəsən?
Bütün bunların səbəblərindən
biri də odur ki, beynəlxalq
hüquq işləmir,
işləsəydi, hamı
yerində olsaydı, bu biabırçılıqlar
baş verməzdi.
Azərbaycanın ərazi bütövlüyü
ilə bağlı 4 qətnamə qəbul olunub. Amma icra olunmur.
Buna baxmayaraq istədikləri
məsələni bir
saatın içində
həll edirlər.
Özü də bu, mürəkkəbi qurumamış
baş verir. Bunlar açıq şəkildə
deyə bilmirlər ki, Azərbaycan, sənin inkişafını
istəmirik, müsəlmansan,
inkişaf edə bilməzsən. Ona görə
də hamımız çəkici bir yenə vurmalıyıq”.
Sonra iclasda "Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi
haqqında layihə barədə komitə sədri Ziyad Səmədzadə məlumat
verdi. Bu layihə "Büdcə
sistemi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanuna uyğunlaşdırmaq
məqsədilə hazırlanıb.
Qeyd olunan qanuna əsasən
dövlət büdcəsi
zərfinə daxil olan sənədlərin və məlumatların dairəsinin genişləndirilməsi
nəzərdə tutulur
ki, bu məlumatlardan
biri də Vergi Məcəlləsində
nəzərdə tutulmuş
güzəşt və
azadolmalar barədədir.
Bu isə azadolma
və güzəştlərin
həcmi, effektliyi, onun məbləği barədə qiymətləndirmələrə
imkan verəcək.
Eyni zamanda 8.0.13-cü maddənin
ləğvi nəzərdə
tutulur ki, nəticədə Hesablama
Palatasının inzibati
xətalar haqqında işlərə baxmaq və inzibati tənbeh tətbiq etmək hüququ aradan qaldırılır.
Sənəd səsverməyə çıxarılaraq qəbul
edildi.
"Dövlət
rüsumu haqqında” və "Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi
barədə qanun layihəsi (birinci oxunuş) geniş müzakirəyə səbəb
oldu. Çünki bu dəyişikliklərə
əsasən, təhsil
müəssisələrinin akkreditasiyasının keçirilməsi
üçün dövlət
rüsumu tutulacaq.
Dövlət rüsumunun məbləğləri
təhsil müəssisələrinin
statusundan və səviyyələrindən asılı
olaraq fərqləndirilib.
Məktəbəqədər təhsil müəssisələrinin
akkeditasiyası üçün
dövlət rüsumunun
məbləği 3000, ümumi
təhsil müəssisələri
üçün 5000, məktəbdənkənar
təhsil müəssisələri
üçün 7000, peşə
təhsili müəssisələri
üçün 10 000, orta
ixtisas müəssisələri
üçün 15 000, ali təhsil müəssisələri üçün
20 000, əlavə təhsil
müəssisələri üçün
15 000, təhsil fəaliyyətini
həyata keçirən
digər müəssisələr
üçün 15 000 manat
müəyyən edilib.
Deputatlar ümumtəhsil müəssisələrinin
akkreditasiyası ilə
bağlı müəyyən
edilən dövlət
rüsumunun ləğv
edilməsini istədilər. Qüdrət
Həsənquliyev, Əflatun
Amaşov, Asim Mollazadə, Musa Quliyev, Qənirə Paşayeva, Məlahət İbrahimqızı
çıxış edərək
bildirdilər ki, bu, dövlət siyasətinə və son illərdə həyata keçirilən sosial-iqtisadi
islahatlara uyğun deyil. Ona görə də
sənədə düzəlişlər
edilməlidir.
Deputatların iradlarına münasibət bildirən parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirdi ki, əvvəllər akkreditasiya 5 ildə bir dəfə keçirilib. Komitə sədri təklif edib ki, dövlət deyil, özəl təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi məqsədəuyğun olar: "Deputatların narazılığı rüsumların miqdarı ilə əlaqədardır, akkreditasiyanın keçirilməsi ilə bağlı deyil. Əgər deputatlar rüsumların məbləğindən narazıdırsa, biz qanun layihəsini yenidən Təhsil Nazirliyi ilə birgə müzakirə edib, baxa bilərik”. Sənəd səsverməyə çıxarılaraq qəbul olundu.
"Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyə əsasən dövlət məktəbəqədər təhsil müəssisələri və ümumtəhsil müəssisələrinə lisenziya verilməsinə görə rüsum alınmayacaq. Qeyd edək ki, hazırda qüvvədə olan qanun layihəsinə görə, məktəbəqədər təhsil müəssisələri lisenziya verilməsinə görə 1250 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) isə 10000 manat dövlət rüsumu ödəməlidir. Qanun layihəsinə edilən dəyişiklik qəbul edildi.
İclasda həmçinin Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), "Yol hərəkəti haqqında”, "Milli arxiv fondu haqqında”, "Avtomobil yolları haqqında” və "Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihə də (birinci oxunuş) təsdiqləndi. "İcra haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Banklar haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "İnvestisiya fondları haqqında” və "Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və "Texniki tənzimləmə haqqında” qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edildi və bununla da Milli Məclisin plenar iclası başa çatdı.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 18 may.- S.1; 3.