Rusiyanın çoxsaylı regionlarında müxtəlif layihələr reallaşdıran Heydər Əliyev Fondu Həştərxan vilayətinin əsl dostudur

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Həştərxanda bir sıra tədbirlər keçirilib

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələləri üzrə köməkçisi Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Həştərxan vilayətinə rəsmi səfərə gəlib. Həştərxan şəhərinin beynəlxalq aeroportunda Azərbaycan nümayəndə heyətini Həştərxan vilayəti qubernatorunun səlahiyyətlərini müvəqqəti icra edən Sergey Morozov və digər rəsmi şəxslər qarşılayıblar. Ənənəyə görə, qonaqları duz-çörəklə qarşılayıblar.

Sonra Azərbaycan və Həştərxan nümayəndə heyətləri ümummilli lider Heydər Əliyevin Həştərxan şəhərinin mərkəzində onun adını daşıyan parkda ucaldılmış abidəsi önünə tər güllər düzüblər.

Heydər Əliyev adına parkda hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə rəmzi ağacəkmə aksiyası keçirilib.

Daha sonra Həştərxan vilayəti administrasiyasında Azərbaycan və Həştərxan nümayəndə heyətlərinin görüşü olub. Görüşdə ikitərəfli münasibətlərə dair məsələlər müzakirə edilib, qarşılıqlı əməkdaşlığı genişləndirməyin və dərinləşdirməyin vacibliyi vurğulanıb.

Görüşdən sonra Əli Həsənov və Sergey Morozov Azərbaycan və Rusiya KİV nümayəndələrinin suallarını cavablandırıblar.

Əli Həsənov jurnalistlərlə söhbətində deyib ki, Həştərxan vilayəti qubernatoru səlahiyyətlərini icra edən Sergey Morozovla görüşdə ikitərəfli münasibətlərə dair məsələlər müzakirə edilib. Prezidentin köməkçisi deyib: "Biz regional əməkdaşlığı dərinləşdirəcək, genişləndirəcək və inkişaf etdirəcəyik. Bu, həm Həştərxan vilayətinin sakinləri, həm də Azərbaycan əhalisi üçün vacibdir. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının prezidentləri bizim qarşılıqlı tərəfdaşlıq münasibətlərimizin strateji istiqamətlərini müəyyən ediblər. Həştərxan vilayətinin və Azərbaycan Respublikasının rəhbərləri bu planları ən qısa müddətdə həyata keçirməyə çalışacaqlar”.

Qubernator səlahiyyətlərinin icra edən Sergey Morozov vurğulayıb ki, Həştərxan vilayəti Azərbaycan ilə qarşılıqlı fəaliyyət üzrə böyük işlər planlaşdırır. S.Morozov deyib: "Bugünkü görüşümüz ümumi niyyətlərə yönəlmiş daha bir addımdır. Görüş yüksək səviyyədə keçdibiz bundan sonra da ikitərəfli münasibətlərin inkişafını davam etdirəcəyik”.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan İşgüzar Mərkəzində olub, orada Heydər Əliyev FondununFondun vitse-prezidenti Leyla Əliyevanın adından Həştərxan şəhərindəki uşaq evlərində tərbiyə alan bir qrup uşağa ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə xatirə hədiyyələri təqdim edilib. Uşaqlar onlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fonduna təşəkkür ediblər. Hədiyyələrin təqdim edilməsi mərasimindən sonra uşaq evlərində tərbiyə alanlar və onların müəllimləri Azərbaycan İşgüzar Mərkəzinin binası qarşısında Azərbaycanın üçrəngli bayrağı rəngində olan şarları səmaya buraxıblar. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinə gəlib. Burada təhsil müəssisəsinin foyesində Azərbaycan xalqının Ümummilli Liderinin büstü önünə tər çiçəklər qoyulub. Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Ulu Öndərin adını daşıyan və 8 il bundan əvvəl Fondun təşəbbüsü ilə əsaslı təmir edilmiş məktəbdə şagirdlər tərəfindən bədii konsert proqramı təqdim olunub.

Tədbir çərçivəsində təhsildə fərqlənən şagirdlərə və onların müəllimlərinə Heydər Əliyev Fondu adından hədiyyələr təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, vitse-prezident, Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya Fondun çoxşaxəli fəaliyyətinə görə təşəkkür ifadə edilib.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, habelə Fondun həm ölkəmizdə, həm də Azərbaycan hüdudlarından kənarda həyata keçirdiyi irimiqyaslı layihələr barədə məlumat verib. Qeyd edilib ki, Rusiyanın çoxsaylı regionlarında müxtəlif layihələr reallaşdıran Fond Həştərxan vilayətinin əsl dostudur.

Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri səlahiyyətlərini icra edən Denis Afanasyev, Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinin direktoru Tatyana Tixomirova, Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidenti Mehriban Əliyevanın Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında dostluq münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərini qeyd ediblər.

Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Həştərxan vilayəti ərazisində yaradılmış Azərbaycanın "KDY Logistics” şirkətinin logistik habı ilə də tanış olub. Bu şirkət "bir pəncərə” prinsipi üzrə gömrükfitosanitar nəzarətin həyata keçirilməsini, həm Azərbaycandan, həm də başqa ölkələrdən kənd təsərrüfatı məhsullarının qəbulunu, saxlanılmasını və göndərilməsini təmin edir. Hab ilə tanışlıq zamanı Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Həştərxan vilayəti gömrük xidmətinin, "Rospotrebnadzorun, "Rusiya Dəmir Yolları” ASC-nin Volqaboyu dəmiryolu struktur bölməsinin Həştərxan şöbəsinin və digər əlaqədar strukturların rəhbərləri ilə fikir mübadiləsi aparıb.

Bununla da Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinə səfəri başa çatıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2019.- 18 may.- S. 3.