Laçının minillik
yadigarları
Bu ulu
yurddakı tarixi, dini, mədəniyyət abidələri erməni vandalları tərəfindən
məhv edilir
Ulu babalarımızın çox
dəyərli yadigarları
hesab edilən maddi mədəniyyət nümunələri respublikamızın
əksər ərazilərində
yetərincədir. Ona görə
də ölkəmizə
səfər edən səyyahlar Azərbaycanın
tarixini özündə
əks etdirən qədim dini və mədəni abidələrə heyranlıqlarını
gizlədə bilməmiş
və bu barədə dəfələrlə
öz xatirələrində
qeyd etmişlər.
Dağların "quşqonmaz” zirvəsində
əsrlərin "dizini
qatlayan”, minilliklərdən
soraq verən qalalar məskəni Laçının vəsfi
şeirin, musiqinin ritminə köklənib. Amma son illər
bəstələnən bir
mahnı da var ki, Laçının
təkcə təbiətini
deyil, taleyini də ifadə edir. Laçından
uzaq düşüb xiffət çəkərək,
sevilən mahnıları
ilə xatirələrdə
yaşayan Məhəbbət
Kazımovun haraylı
səsində "Laçınım...
Laçınım... Laçınım mənim” təkcə Laçında doğulanları
deyil, o yerlərin həsrətini çəkənləri
də yandırıb-yaxır,
qartalları iyirmi yeddi ildir qıy
vurmayan qayalı-daşlı
dağlara səsləyir.
Laçın düşmən məkrinin,
çirkin siyasətin
qurbanı olub. Dağlarımızın zirvəsi sayılan Laçının işğalının
növbəti ildönümündə
o yurdlarda doğulmuşların
qəlbindən qara qanların necə axdığını təsəvvür
etmək o qədər
də çətin deyil. Yazın gəlişi ilə dağlar yaşıl donuna bürünüb aran ellərini yaylağa haraylayardı...
Şuşanın arxa-dayağı,
söykənəcəyi olan
Laçının bir
tərəfi də Kəlbəcər idi...
Vaxtilə Soltan bəyin qarşısında
baş əyən erməni qaçaq-quldurlarının
törəmələri indi
o yerlərdə "at oynadır”!.. Xalqımızın ümumi sərvəti
olan dağlarımızın
yağmalanması ilə
dəyəri milyardlarla
ölçülən təbii
sərvətlərimiz daşnakların
əlinə keçdi,
talandı. Təkcə maddi
sərvətlər beşiyi
deyildi Laçın.
Burada minillərin, əsrlərin yadigarı olan mənəvi sərvətlərimiz də
az deyildi.
Təəssüflər olsun ki, bu gün sözdə
humanizmin təbliği
ilə məşğul
olan beynəlxalq təşkilatlar bu talanların qarşısını
almaq istəmirlər.
Laçından ayrıldığımız ötən
illərdə burada ermənilərin məskunlaşdırılması
dəfələrlə müzakirə
mövzusu olsa da, buna beynəlxalq
birlik göz yumur.
Dağlıq Qarabağ üçün "Laçın
koridoru”?!
Laçının ərazisindəki
maddi mədəniyyət
nümunələrimizin hansı
səviyyədə olması
isə işğal altında qalan torpaqlarımıza vaxtaşırı
səfər edən beynəlxalq faktaraşdırıcı
missiyanın üzvlərinə
də məlumdur: daşı daş üstə qalmayıb. Tarixin yaddaşı olan abidələr bu yerlərdə çoxdan saxtalaşdırılıb - erməniləşdirilib.
Bir sözlə, Azərbaycanın
mədəni irsini hədəf seçən
ermənilər işğal
altında qalan maddi mədəniyyət abidələrimizi tamamilə
və qəddarlıqla
məhv etmişlər.
1992-ci il
may ayının 18-də erməni
işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini,
onlarla qəsəbə,
kənd və tarixi abidələrini dağıtdı. İşğal nəticəsində 63 min 341 Azərbaycan
vətəndaşı öz
yurdundan didərgin salındı, 300-dən artıq
hərbi və mülki şəxs həlak oldu və ya itkin
düşdü. Rayonda 154 məktəb,
yüzlərlə tarix-mədəniyyət
abidəsi işğal
altında qaldı.
Şuşanın Turşsu deyilən
ərazisindən və
Ermənistan istiqamətindən
hücuma keçən
düşmən geostrateji
mövqeyə malik olan Laçını işğal etməsi ilə Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Təbii sərvətlərlə zəngin
Laçında Turşsu,
Qaladərəsi, Ağanus,
Xırmanlar, Nurəddin,
Nağdalı, Hacıxanlı
kimi müalicəvi əhəmiyyətli bulaqlar
var idi. Ümumi ehtiyatları 1124
ton olan 3 civə (Narzanlı, Çilgəzçay,
Sarıbulaq), 4457 min ton əhəngdaşı,
ehtiyatları 2533 min kubmetr
olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Hoçaz mərmərləşmiş əhəngdaşı,
mişardaşı istehsalına
yararlı 2 tuf (Ağoğlan, Əhmədli),
2 əlvan bəzək
daşı, vulkan külü yataqları var idi.
Rayondakı Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı
da işğal altındadır. Ümumi sahəsi 240 hektar
olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü vardı. 1961-ci ilin noyabr ayında
heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə
yaradılan Dövlət
Təbiət Yasaqlığının
ərazisində cüyür,
dağkeçisi, çöldonuzu,
ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri
olub. 1989-cu ildə
yasaqlıqda aparılan
yoxlama zamanı dağkeçisi 96, qaban
360, cüyür 320, ayı
110 baş, eləcə
də çoxlu sayda digər vəhşi heyvanlar və quş növləri qeydə alınmışdı.
İşğalçılar beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan
qoşunlarının qeyd-şərtsiz
çıxarılmasına dair BMT-nin qətnamələrinə
məhəl qoymayaraq Laçında qanunsuz məskunlaşmanı bu gün də davam etdirirlər.
Laçın dağlarında qədim mədəniyyət abidələri
ilə təbiət bir-birini sanki tamamlayırdı. Cicimli, Güləbird, Soltanlar, Zeyvə, Malıbəy, Bülövlük, Araflı,
Əliqululu, Malxələf,
Hüsülü, Kosalar,
Seyidlər, Pircahan və digər kəndlərdəki tarixi
abidələr (12 qoç,
28 at fiquru, 36 müxtəlif
süjetli yazılar və rəsmlər, sal daş, müxtəlif
dövrlərdə ərəb
əlifbası ilə
yazılmış, bir-birinə
bənzəməyən sənət
rəmzləri həkk
edilmiş qəbirüstü
daşlar, məşhur
Sarı Aşığın
sevgilisi Yaxşının
məzarı) bu torpaqlarda minillər boyu yaşayan əcdadlarımızın bizə
yadigar qoyduğu nişanələr idi.
"Ay allahı” da bu yerlərdəydi...
Rayonun Cicimli kəndindəki məbəd, qədim anbar, Güləbirddə Sarı Aşığın
qəbirüstü ziyarətgahı,
rayon tarix-diyarşünaslıq muzeyi əsrlərin canlı salnaməsi idi. Muzeydə toplanmış nadir eksponatlar Laçının
zəngin tarixi keçmişi haqqında
dolğun təsəvvür
yaradırdı. Təəssüf ki, Laçının işğalı nəticəsində
bu tarixi incilər də təcavüzün qurbanına
çevrildi. Belə təcavüzə
məruz qalanlardan biri də saxta
erməni kilsəsi kimi təqdim olunan Ağoğlan abidəsidir. Böyük
Vətən müharibəsi
iştirakçılarınin xatirə kompleksinin erməniləşdirilməsi, şəhərin
qərb istiqamətdən
çıxışında tikilmiş abidə - "Qala qapısı” (üzərində erməni
xaçı) və
s. dediklərimizə əyani
sübutdur.
Laçın ərazisindəki memarlıq
abidələrinin əksəriyyəti
Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Memarlıq
elmləri doktoru D.A.Axundov və fəlsəfə doktoru M.D.Axundov "Qafqaz Albaniyasının stellalarında
dini simvolika” və "Dünyanın mənzərəsi” adlı
məqalələrində göstərirlər
ki, düzbucaqlı çərçivə içərisində
cızma texnikası ilə işlənilən
qadın, güman ki, Ay allahı kimi təsvir olunmuşdur. Göstərilən bu abidə-stella
bizim eranın xristianlıqdan əvvəlki
dövrünə, bəlkə
də daha qədimlərə aiddir.
Buna bənzər, daha
doğrusu, tamamilə
onun eyni olan bir stella da Kosalar kəndində, Ağoğlan qəsrinin həyətində idi.
Alı Xəlifə ocağı Laçının Böyük
Seyidlər kəndində
idi. Qarabağın ən ağır
seyidlərindən sayılan
Alı Xəlifə həmin kənddə dünyasını dəyişmişdi
və məzarı üstündə sərdaba
tikilmişdi. Ən ulu
səcdəgahlardan biri
də məhz Alı Xəlifənin ocağı sayılırdı.
Laçının müqəddəs yerlərindən
biri də Böyük Seyidlər kəndindəki Seyid Hüseyn ziyarətgahı
idi. Bu kənddəki
"Güllü qəbir”
piri də müqəddəs məkanlardan
hesab edilirdi. Orada dəfn edilmiş Hacı İbrahim ağa, məlumatlara əsasən, Qarabağ ellərinin ağır övliyalarından sayılan
Xudavəndə Xəlifənin
nəvəsi idi.
Uca dağlar
al şəfəqə bürünmür...
Ağoğlan qəsri Laçının
Minkənd çayının
kənarında, hündür
bir yerdədir. Cicimlidə
məbəd, qədim
anbar, Güləbirddəki
Sarı Aşığın
qəbirüstü ziyarətgahı,
Zeyvədə Şeyx
Əhməd, Soltanbaba,
Minkənddə XV əsr
məbədi, Qarıqışlaqda
Dəmirovlu pir-məbədi,
Bülövlük kəndinin
şimalındakı qədim
Kişpəyədə və
Piçənisdəki alban
məbədləri, Xan
qəbiristanlığındakı Zəngəzurun sultanları
- Qara Murtuza bəyin, 1-ci Alməmmədin,
2-ci Alməmmədin
hasardakı türbələri,
Şeyx Şamillə
dostluq etmiş, ona kömək göstərmiş Cəbrayıl
bəyin türbəsi,
Araflıda Murtuza Sultanın anasının türbəsi, Pircahan çayı üzərindəki
Məşədi Mehralının
arxitekturalı və Minkənd körpüləri
kimi tarixin nadir inciləri erməni vandalları tərəfindən
darmadağın edildi.
Təbii ki, Laçın rayonu ərazisində bir vaxtlar mövcud
olmuş tarixi abidə və məbədlər adları
yuxarıda çəkilənlər
deyil. Qalalar, məbədlər diyarında təbii sərvətlər bu gün də ermənilər tərəfindən
vəhşicəsinə talan
edilməkdədir. Son vaxtlar oradan tapılmış xəzinə
də bunu təsdiqləyir.
...Uca dağlar al şəfəqə
bürünürmü? Yal-yamacda
ağ sürülər
görünürmü? Duman yenə
dağlar ayağına
sürünürmü?! Görəsən, bu yanıqlı səs yalçın qayalarda duyulurmu: nə yaman ağrılı imiş Laçın həsrəti. Kim çəkə bilər ki, belə möhnəti,
Laçınım mənim?!
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan. - 2019.- 18 may.- S.5.