Keçmişdən soraq
18 may Beynəlxalq Muzeylər Günüdür
Zaman ötüb keçir. Hər dövrdə baş vermiş tarixi hadisələr və görkəmli şəxsiyyətlər haqqında mühüm məlumatların, maddi və mənəvi dəyəri misilsiz olan sənət nümunələrinin qorunub saxlanılması böyük əhəmiyyət daşıyır. Muzeylər xalq üçün, bəşəriyyət üçün bu vacib vəzifəni yerinə yetirir.
Qədim eksponatların saxlanc yeri...
Eramızdan əvvəl XVI əsrdə Kritdə, III əsrdə Qədim Roma və Yunanıstanda ilk muzey nümunələrinin yarandığı məlumdur. Onlar əsasən məbədlərin və bəzi şəxslərin kolleksiyalarının toplandığı muzeyvari təşkilatlar idi. Sonralar kolleksiyaların mövzusu genişləndi, elmi, mədəni və tarixi əhəmiyyəti yüksəldi. Həmin kolleksiyalar sayəsində məşhur muzeylər yaradıldı. Bu gün dünyada qədim eksponatların, şəxsi kolleksiyaların, nadir əşyaların saxlandığı möhtəşəm muzeylər var. Vaşinqtonun Milli İncəsənət Qalereyası, Venesiya Akademiya Qalereyası, Drezden Şəkil Qalereyası, Moskva Tretyakov Qalereyası, Sankt-Peterburqdakı Ermitaj Muzeyi buna misaldır.
Ölkəmizdə ilk muzey isə Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə Bakıda yaradıldı. Bu muzey 1919-cu il dekabrın 7-də Cümhuriyyət parlamentinin yaradılmasının birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil olundu və İstiqlal Muzeyi adlandırıldı.
Azərbaycanın ilk memorial muzeyi isə 1938-ci ildə Şəkidə yaradıldı. 1930-cu illərdən ardıcıl olaraq ədəbiyyat, incəsənət, tarix, musiqi, teatr muzeyləri, həmçinin ev-muzeyləri açıldı. Hazırda Azərbaycanda 212 muzey fəaliyyət göstərir. Onlardan 13-ü incəsənət, 7-si ədəbiyyat, 13-ü tarix muzeyidir, 68 tarix-diyarşünaslıq, 6 döyüş şöhrəti muzeyi var. Ev-muzeylərinin sayı 46-ya çatır.
Ölkəmizin ən iri muzeyləri sırasına Milli Azərbaycan Tarixi Muzeyi, N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Milli İncəsənət Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Dövlət Teatr Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, İstiqlal Muzeyi və digər muzeylər daxildir.
Respublikamızın əksər bölgələrinin maddi-mənəvi, mədəni tarixini təcəssüm etdirən tarix və diyarşünaslıq muzeyləri fəaliyyət göstərir. Ölkəmizdə tarix-diyarşünaslıq muzeylərinin yaradılması və inkişaf dövrü keçən əsrin 60-70-ci illərinə təsadüf edir. 1980-ci illərdə bu muzeylərin infrastrukturunun inkişafında, eksponatların toplanılmasında xüsusi ilə nəzərəçarpacaq işlər görüldü.
Açıq səma altında muzeylər
Bənzərsiz memarlıq üslubuna malik bir sıra tikililər, abidələr, məqbərə və məbədlər, qalalar açıq səma altında muzey adlanır. Açıq səma altında muzey təşkil etməyin vacibliyi ideyası və prinsipləri ilk dəfə isveçrəli alim Ç.Bonsetten tərəfindən XVIII əsrdə irəli sürüldü. İsveçrədə 1891-ci ildə Qezelius məşhur "Skansen” muzeyini təşkil etdi. Hazırda dünyanın müxtəlif məkanlarında belə muzey fəaliyyət göstərir.
Ölkəmizin Şəki Xan Sarayı, Qobustan qayalıqları, Şirvanşahlar sarayı, Möminəxatun türbəsi kimi təkrarsız nümunələri var. Azərbaycanın Şuşa şəhəri, Lahıc qəsəbəsi, Qala kəndi kimi elə yaşayış məskənləri var ki, bütövlükdə bənzəri olmayan muzeylərdir.
Əsirlikdə qalan
maddi-mənəvi xəzinəmiz
Təəssüf ki, ötən əsrin sonlarında qədim ərazilərimizin erməni işğalına məruz qalması nəticəsində tarixi mədəniyyət və memarlıq nümunələrimiz də terror qurbanına çevrildi. Maddi-mənəvi xəzinəmiz olan neçə-neçə abidəmiz, muzeylərimiz erməni quldurları tərəfindən qarət olundu, dağıdıldı. Ermənilərin işğal etdikləri ərazilərimizdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. İşğalçılar 22 muzeyi, 4 rəsm qalereyasını yerlə-yeksan ediblər. Həmin 22 muzeydə 100 mindən artıq əşya toplanmışdı. Tamamilə məhv edildiyi bildirilən Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyində 30 mindən artıq tarixi əhəmiyyətli əşya var idi.
Canlı muzey sayılan Şuşanın özündə 8 muzey vardı. Şəhərin işğalı zamanı yalnız Xalça və Tətbiqi Sənət Muzeyinin Şuşadakı filialının, Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinin və Rəsm Qalereyasının eksponatları çıxarıldı. Ancaq həmin muzeylərin fondu da tam xilas edilmədi.
Dövlət Qarabağ Tarixi Muzeyi, Natəvan, Bülbül, Əbdürrəhim bəy Haqverdiyev, Mir Mövsün Nəvvab və başqalarının ev muzeyləri, Qurban Primovun Ağdamdakı xatirə muzeyi qarət olundu. Dünyada analoqu olmayan Ağdamdakı Çörək muzeyi bu şəhərin bombalanması zamanı yerlə-yeksan edildi. İşğal olunmuş ərazilərimizin muzeylərindəki Azərbaycan xalqına məxsus dəyərli eksponatları ermənilər ərazidən çıxardılar. Hətta muzey əşyalarımızın bir hissəsi məkirli qonşularımız tərəfindən digər ölkələrə aparıldı.
Bundan başqa, əhalinin şəxsi evlərində saxlanılan 100 minlərlə dekorativ-tətbiqi sənət nümunələri - xalçalar, tikmənaxışlı qədimi geyimlər, zərgərlik və misgərlik əşyaları talan edildi. Milli-mənəvi dəyərləri olan əşyalarımızın çoxu ermənilər tərəfindən Ermənistana daşınaraq saxtakarlıqla özününküləşdirildi.
Mədəniyyət nümunələrimiz
dünyanın gözü ilə...
Azərbaycan xalqına məxsus olan mədəniyyət inciləri hazırda dünyanın müxtəlif ölkələrinin muzey və sərgi salonlarını bəzəyir. Dünyanın ilk ən böyük və qədim xalçası - XVI əsrdə toxunmuş "Şeyx Səfi” xalçası Londonun Viktoriya və Albert Muzeyində saxlanılır. Həmin xalçanın uzunluğu 10,51 metr, eni 5,34 metr, ümumi sahəsi 56,2 kvadratmetrdir.
Müxtəlif yollarla ərazilərimizdən çıxarılmış, dünyanın fərqli ölkələrinin muzeylərində və ya şəxsi kolleksiyalarda saxlanılan milli-mənəvi dəyərlərə, tarixi əhəmiyyətə malik əşyalarımızın böyük əksəriyyəti Azərbaycanın və azərbaycanlıların adı ilə təqdim olunmur.
Başqa millətlərin nəinki torpaqlarına, həm də mənəvi dəyərlərinə göz dikən ermənilər isə muzey eksponatlarımızı, tarixi abidələrimizi öz adlarına çıxarmağa cəhd göstərir, bunun üçün bütün vasitələrə əl atırlar. Ancaq unudurlar ki, o qədim nümunələrdə yalnız xalqın tarixi deyil, həm də ruhu yaşayır. Belə sənət əsərləri hansı dövrdə yaradılmasından asılı olmayaraq, yalnız həmin xalqa məxsusdur.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2019.-18 may.- S.6.