Azərbaycan islamı dünyaya sülh, mərhəmət dini kimi təqdim edir

 

İlham Əliyev: "Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir”

 

Bəşəriyyətdə fikir ayrılıqlarını aradan qaldırmaq, eləcə də sivilizasiyaların toqquşması adlanan yanlış arqumenti ifşa etmək kimi şərəfli missiyanın önündə olan Azərbaycan bu gün müsəlman və islam dünyasına örnəkdir. Bunu bir neçə gün öncə Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da təsdiqlədi.

Belə ciddi missiya ilə beynəlxalq siyasi arenada özünün mövcudluğunusivil dünyanın demokratik dəyərlərini daim öndə tutan Azərbaycanın Qoşulmama Hərəkatına bu il rəhbərlik etməsi də təsadüfi deyil. Bununla Azərbaycan inkişaf etməkdə olan ölkələrin və bəşəriyyətin üzləşdiyi məsələlərin həllində fəal iştirakını da təmin və təsdiqləmiş olur.

Müqəddəs ramazan ayı münasibətilə müsəlman ölkələrinin ölkəmizdəki səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini mayın 17-də qəbul edən Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan islam mədəniyyətini dünyada təbliğ etməklə bağlı çox böyük səylər göstərir. Bir çox konfranslar, sərgilər, təqdimatlar keçirilir və beləliklə, biz islamı dünyaya sülh, mərhəmət dini kimi təqdim edirik.

Azərbaycan Prezidenti görüşdə islam ölkələrinin bir-biri ilə bütün sahələrdə, o cümlədən ticarət və turizmdə əməkdaşlığının genişləndirilməsinin vacibliyini diqqətə çatdıraraq bildirdi ki, sülh, dostluq və qardaşlıq şəraitində inkişaf bugünün vacib məsələlərindəndir: "Müqəddəs ramazan ayında bizim görüşlərimiz ənənəvi xarakter daşıyır... Bildiyiniz kimi, müsəlman ölkələri ilə bizim çox sıx əməkdaşlığımız var. Siyasi sahədə fəal dialoq aparılır. ƏIbəttə, çox istərdik ki, iqtisadi sahədə daha da fəal əməkdaşlıq olsun. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, digər sahələrdə birgə fəaliyyətimiz xalqlarımız üçün çox böyük əhəmiyyət kəsb edə bilər. Müsəlman ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu məsələlər daim gündəlikdədir. Əlbəttə, biz çox istərdik ki, təmsil etdiyiniz ölkələrdən olan şirkətlər Azərbaycanda müxtəlif layihələrdə daha fəal iştirak etsinlər”.

Dövlət başçısı qeyd etdi ki, son vaxtlar Azərbaycanda turizmin inkişafı sürətlə gedir. Müsəlman ölkələrindən olan turistlərin ölkəmizə səfərlərində xeyli irəliləyişlər hiss olunur, onların sayı ildən-ilə artır. İkitərəfli formatda əlaqələr uğurla inkişaf edir. Çünki bu əlaqələrin gələcək inkişafı üçün çox münbit şərait və imkanlar var.

Beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlıq daha çox diqqət çəkir. Məsələn, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında Azərbaycan islam ölkələrindən daim qarşılıqlı dəstək görür. Bu dəstək ölkələr və xalqlarımız arasındakı əlaqələrin yüksək səviyyədə olmasının təzahürüdür. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir.

Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müsəlman və islam ölkələrinin səylərini daha da artırmasının vacibliyini vurğulayaraq, təcavüzkarın çirkin siyasətinin ifşasının zəruriliyini diqqətə çatdırdı: "Bildiyiniz kimi, Ermənistan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı və onun ətrafında yerləşən 7 rayonu uzun illərdir işğal altında saxlayır. Bu münaqişə və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bu, beynəlxalq hüququn pozulmasıdır. Baxmayaraq, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etmişlər, əfsuslar olsun ki, işğalçı dövlətə lazımi təzyiqi göstərmirlər. BMT Təhlükəsizlik Şurası - dünyanın ali orqanı 4 qətnamə qəbul edibbu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır.

Ancaq bu qətnamələr kağız üzərində qalıb və bu, ikili standartların təzahürüdür. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və Azərbaycanın ərazi bütövlüyü tam beynəlxalq dəstək alıbdır. Ancaq işğalçıya kifayət qədər təzyiq göstərilmir. Münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi birmənalıdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Azərbaycan Prezidenti xüsusi olaraq vurğuladı ki, respublikamız da, öz növbəsində, beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. İslam həmrəyliyinin gücləndirilməsinə çox böyük əhəmiyyət verən Azərbaycan bu istiqamətdə əməli addımlar atır. Azərbaycanda keçirilmiş çoxsaylı tədbirlər islam həmrəyliyinin möhkəmlənməsinə böyük töhfədir. Həmçinin islam həmrəyliyinin möhkəmlənməsi gündəlikdə duran əsas məsələlərdəndir. Azərbaycan öz tərəfindən bu istiqamətdə çox ciddi addımlar atmaqdadır.

Fələstin dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim Əbdül RƏHİM isə çıxışında qeyd etdi ki, doğrudan da Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər keçirilir. Yaxın günlərdə Bakıda keçirilmiş V Mədəniyyətlərarası Dialoq Forumu da bu sıradan olan tədbirlərdən idi: "Biz hamımız bu müqəddəs ayda bizimlə görüşmək üçün dəyərli vaxtınızı ayırdığınıza, əsasını qoyduğunuz ənənəyə görə Sizə minnətdarıq və bu, Sizin müsəlman ölkələrini və xalqlarını birləşdirən qardaşlıq əlaqələrinə dəstək və dayaq olmaq öhdəliyinizin bir təzahürüdür. Bu müqəddəs ayda müsəlmanlara sülh, həmrəylik ab-havasında bir araya gəlmək imkanı verilməklə islamın xeyirxah dəyərlərinə çağırış edilir, fikirruh yüksəlir və bununla da sakitlik, sabitlik, mənəvi yüksəliş və xeyirxahlığa doğru birlikdə addım atılır. Beləliklə, hər birimizin içində zəiflərə və aztəminatlılara yardım etmək, qardaşlıqdan və ortaq taledən agah olaraq bağışlamaq və qəbul etmək xüsusiyyəti oyanır...”

Səfir onu da bildirdi ki, nisbətən gənc Azərbaycan müstəqilliyinin ilk illərində bir çox çağırışlarla üzləşdi, hansı ki, o zaman onların öhdəsindən gəlmək qeyri-mümkün görünürdü. Lakin ölkə rəhbərliyinin müdrikliyi və uzaqgörənliyi sayəsində Azərbaycan bu təhlükələrin öhdəsindən uğurla gələrək, müasirliyi qəbul edən və gələcəyə doğru sürətlə addımlayan bir ölkəyə çevrildi. Azərbaycan, eyni zamanda, qürur hissi ilə öz qədim islam irsini və mədəniyyətini də qoruya bildi.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.-19 may.- S.1; 3.