Turizm bölgələrində yolların abadlığının ikiqat əhəmiyyəti var

 

Ölkədə reallaşdırılan infrastruktur layihələri sırasında avtomobil yollarının çəkilməsi, yenidən qurulması xüsusi qeyd olunmaldır. Müasir, rahat yollar bütün yaşayış məntəqələri ilə yanaşı, turizm bölgələri üçün daha böyük əhəmiyyətə malikdir. Bu baxımdan İsmayıllı rayonu da istisna deyil.

Rayon ərazisində fəaliyyət göstərən "9 №-li Yol İstismarı” MMC tərəfindən Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixdə Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun tikintisi ilə əlaqədar sərəncamı icra olunur. Bundan əlavə, 2019-cu ildə Quşencə-Zoğallıq avtomobil yolunun yenidən qurulmasına başlanılıb. 8 kilometrlik Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun torpaq yatağının və çınqıl örtüyünün tikinti işləri başa çatıb. Yolun 7 kilometr hissəsinə bir qat asfalt-beton örtük qoyulub. 7 kilometrlik Quşencə-Zoğallıq avtomobil yolunun torpaq yatağının və çınqıl örtüyünün tikintisi yekunlaşıb. Yolun 2 kilometrlik hissəsinə bir qat asfalt-beton örtük qoyulub. Hər iki yolda təmir işləri davam edir. Sumağallı-Qalacıq avtomobil yolunun 7-ci kilometrində qəzalı vəziyyətdə olan körpü təmir olunur.

Ümumilikdə idarə 86 kilometr respublika əhəmiyyətli və 279 kilometr yerli əhəmiyyətli avtomobil yollarına, 23 körpüyə və yol qurğularına xidmət edir. İlin əvvəlindən idarə tərəfindən Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolundayerli əhəmiyyətli yollarda cari təmir işləri aparılıb. Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yollarının hərəkət hissələrində çalalar doldurulub, yol hamarlanıb.

Eyni zamanda yollardakı istismar müddəti ötmüş nişanların bir qismi təmir olunub, respublika əhəmiyyətli avtomobil yollarının kənarları tullantılardan təmizlənib, Muğanlı-İsmayıllı avtomobil yolunun hərəkət hissəsində qabarmalar və çökmələr aradan qaldırılıb, yollarda üfüqi xətlənmə işləri aparılıb, çatışmayan yerlərə yeni işarə dirəkləri basdırılıb.

Respublika əhəmiyyətli yollarla yanaşı, yerli yolların təmiri və tikintisi işlərinə də xüsusi diqqət yetirilir. Digər bölgələrdə olduğu kimi, İsmayıllıda da yerli əhəmiyyətli yolların tikintisi ildən-ilə genişlənir. Prezidentin sərəncamına əsasən 3 kəndi və bir yaşayış məntəqəsini birləşdirən, 1020 nəfər əhaliyə xidmət göstərən Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunda 72 min kvadratmetr asfalt-beton örtük qoyulub və 12 kilometr yol əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib. Həmin yolda müxtəlif ölçülü 20 dəmir-beton suötürücü borular qoyulub, 5 avtodayanacaq tikilib. Yol nişanlarsiqnal dirəkləri ilə təmin edilib, Kəlbənd çayı üzərində iki aşırımlı yeni dəmir-beton körpü tikilib. 5 kəndi birləşdirən, 850 nəfərdən çox əhaliyə xidmət edən Minkə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolu əsaslı təmir olunub. Yolun Bilistan kəndinədək olan 2,5 kilometr hissəsinin təmirini isə bu il başa çatdırmaq nəzərdə tutulub.

 

Əli XASAYOĞLU

 

Azərbaycan.- 2019.-19 may.- S.1; 5.