Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib

 

Mayın 18-də Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov ölkəmizdə iqtisadi inkişafın davam etdiyini deyib. Bildirib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi sayəsində kənd təsərrüfatı, sənaye və digər sahələrdə yüksək artım müşahidə olunur. Dövlətimizin başçısının son vaxtlarda imzaladığı sərəncamlar və fərmanlar əhalinin müxtəlif sosial təbəqələrinin sosial rifahının yüksəlməsinə səbəb olub.

Ə.Əhmədov deyib ki, məcburi köçkünlər dövlətimizin daim diqqətindədir. Bu təbəqədən olan insanlar üçün tikilən evlərin sayı yenə də artırılacaq.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan dövlətinin imkanları yüksəldikcə bu kimi sosialyönümlü tədbirlər daha da artırılacaq.

Azərbaycanın qazandığı uğurları gözü götürməyən qüvvələr olduğunu deyən YAP sədrinin müavini qeyd edib ki, bu dairələrin qarayaxma kampaniyasının qarşısı alınmalıdır. Buna görə də vətəndaşlar, o cümlədən partiyamızın üzvləri həyata keçirilən dövlət siyasətinin uğurlarını daha geniş şəkildə təbliğ etməlidirlər.

 

Azərbaycan.- 2019.-19 may.- S. 3.