Dövlət qulluğu dövlət idarəçiliyinin
başlıca komponentlərindəndir
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan demokratik prinsiplərə əsaslanan dövlət quruculuğu sahəsində qətiyyətli addımlar atdı. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazandı. Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi və siyasi uzaqgörənliyi müstəqillik yoluna qədəm qoymuş ölkəmizin mövqelərini möhkəmləndirdi. Bir sözlə, ulu öndər Azərbaycanın uğur strategiyasının konturlarını cızdı. Onun "Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında: yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” və ondan sonrakı başqa çıxış və nitqləri keçən əsrin tarixi salnaməsi olmaqla yanaşı, həm də XXI yüzilliyin siyasi və sosial-iqtisadi inkişafının bitkin konsepsiyası və aydın proqramıdır.
Bu gün Azərbaycan siyasi, iqtisadi, sosial, humanitar sahələrdə inkişaf templərinə görə dünyada analoqu olmayan özünəməxsus bir inkişaf modeli ortaya qoyub, üstün start imkanlarına malik ölkə imici qazanıb və artıq intensiv inkişaf dövrünü yaşayır. Bu arada xüsusi vurğulamaq lazımdır ki, dövlət siyasətinin məqsədlərinin uğurla reallaşdırılmasında dövlət qulluğu başlıca alət kimi çıxış edir. Azərbaycanda dövlət aparatının təkmilləşdirilməsi sahəsində görülən işlərin kökündə isə düzgün kadr siyasəti dayanır. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki islahatlarının vacib bir istiqamətini də müstəqil dövlətin qarşıya qoyduğu vəzifələri həyata keçirə biləcək kadrların hazırlanması təşkil edirdi. Onun hakimiyyətinin həm birinci, həm də ikinci mərhələsində bu sahəyə xüsusi diqqət yetirilmişdir. Elə Azərbaycanda prinsip etibarilə yeni, zamanın çağırışlarına və beynəlxalq standartlara cavab verən dövlət qulluğu sistemi və onun hüquqi bazasının formalaşdırılması da məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin dövlətçilik ənənələri və dövlət qulluqçusu üçün olduqca zəruri olan keyfiyyətləri onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən yaşadılır və ardıcıllıqla davam etdirilir. Azərbaycan dövlətinin həyatında keyfiyyətcə yeni mərhələyə yol açan cənab Prezident "qara qızılı insan kapitalına çevirək” deməklə əslində insan resursunu bütün sahələrdə inkişafın aparıcı lokomotivi kimi müəyyənləşdirib. "XXI əsrdə azərbaycançılıq ideyası kreativ insanlar milləti kontekstində” adlı elmi araşdırmasında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, sağlam düşüncəli hər bir şəxsiyyətin həyatda öz məqsədləri olur, o öz strategiyasına can atır. Bunun üçün öyrənmək, təhsil səviyyəsini artırmaq, düşünmək, fikirləşmək, əmək vərdişlərini təkmilləşdirmək, sosial məsuliyyəti və nəticə etibarilə şəxsiyyətin və bütövlükdə ölkənin rəqabət qabiliyyətini gücləndirmək lazımdır. Akademikin fikrincə, millətin tərkibində kreativ və ağıllı insanların, yaradıcı enerjiyə malik olan intellektualların sayının artması ona Azərbaycanda müasir cəmiyyət qurulmasına gətirib çıxaracaq başlıca qüvvə verə bilər. Əslində, bu deyilənlər ilk növbədə dövlət qulluğunda çalışanlara şamil edilməlidir. Çünki dövlət qulluğu dövlət idarəçiliyinin başlıca komponentlərindən biridir və dövlət quruculuğu və ümumiyyətlə, inkişaf proseslərinin avanqardı da məhz dövlət qulluqçuları olmalıdır. Və ilk növbədə onların kreativ düşünmək bacarığı, yaradıcılıq enerjisi sayəsində Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərə çataraq yeni innovativ-texnoloji təkamül möcüzəsi sərgiləmək olar.
Bu gün səmərəli və peşəkar hökumətin yaradılması Azərbaycan Respublikasında dövlət qulluğu islahatlarının prioritet istiqamətlərindəndir. Qeyd etmək lazımdır ki, ölkədə dövlət qulluğunun optimallaşdırılması sahəsində əsaslı nailiyyətlər əldə edilib.
Prezident İlham Əliyev "Hər bir dövlət qulluqçusu bilməlidir ki, o, ilk növbədə dövlətin güzgüsüdür. Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır” deməklə əslində çağdaş dönəmin dövlət qulluqçusunu dəqiqliklə ifadə edib və günümüzdə dövlət və onun institutlarının davamlı inkişafına şəraitin yaradılmasında rolunun diqqət mərkəzində olduğunu bir daha təsdiqləyib.
Azərbaycanda dövlət qulluğu sistemində islahatların uğuru ilk növbədə dövlət sektorunda dəyişiklikləri və inkişafı şərtləndirən amillərin düzgün müəyyənləşdirilməsi ilə birbaşa bağlıdır. Ölkədə inzibati sistemdə və dövlət qulluğunda islahatlara bir çox faktorlar təsir göstərib: dövlət xərclərinin ixtisar edilməsi, siyasi qərarlar və onların reallaşdırılması səmərəliliyinin yüksəldilməsi, dövlət qulluğunun cəlbediciliyi və imicinin yüksəldilməsi, dövlət xidmətləri sisteminin təkmilləşdirilməsi və vətəndaşların, özəl sektorun iqtidara inamının möhkəmləndirilməsi istəyi. Eyni zamanda, xarici təcrübənin ümumiləşdirilib sistemləşdirilməsi və Azərbaycan şəraitinə uyğunlaşdırılması prosesində konkret təkliflər, elmi-praktik tövsiyələr verilib.
Ekspertlərin də rəyinə görə, təkamül prosesində olan davamlı inkişaf konsepsiyası təkcə iqtisadi altsistemlərin deyil, eyni zamanda, sabitlik və rifaha önəmli təsir göstərən sosial amillərin bərabər və mütərəqqi inkişafını nəzərdə tutur. Azərbaycanda davamlı inkişaf ətraf mühitin qorunması şəraitində ölkənin və bütövlükdə sivilizasiyanın ayaqda durması və davamlı inkişafı strategiyasının reallaşdırılması imkanı kimi nəzərdən keçirilir. Heç şübhəsiz, istənilən dövlətin uzunmüddətli perspektivdə inkişafını dünyada baş verən transformasiyalar, beynəlxalq maliyyə arxitekturasının daim dəyişməsi riski üzündən proqnozlaşdırmaq olduqca mürəkkəb məsələdir. Qlobal iqtisadi rəqabətin kəskinləşməsi fərqli resurslara nəzarət sahəsində geosiyasi rəqabətlə müşayiət olunur. Danılmazdır ki, texnoloji dəyişikliklər, sosial-iqtisadi və ictimai inkişafda innovasiyaların artan rolu dövlət və onun institutlarından uyğun səviyyə, müasir informasiya-kommunikasiya texnologiyalarının istifadəsi ilə vətəndaşlarla qarşılıqlı əlaqə imkanı tələb edir. Bu səbəbdən ölkə rəhbərliyi tərəfindən dövlət sistemlərinin davamlı inkişafı prosesində insan potensialının getdikcə artan rolu kimi amillərə xüsusi diqqət yetirilir. Yeni ideyaların və ən əsası rəqabətədavamlı məhsul yaratmağa imkan verən bilik, bacarıq, qabiliyyət, motivasiyalar məcmusuna investisiyalar qismində insan potensialının inkişafı fikri vacib amil kimi dəyərləndirilir.
Azərbaycan
Respublikasında ictimai-siyasi və sosial-iqtisadi sahələrdə
qeydə alınan dəyişikliklər əhalinin tələbatlarının
ödənilməsi və keyfiyyətli dövlət xidmətlərinin
təklif olunmasına yönəlik yeni dövlət idarəçiliyi
sisteminin formalaşması ilə bağlıdır. Bu,
dövlət idarəçiliyi metodologiyası və təcrübəsinə
dəyişikliklərin edilməsini, bütövlükdə
davamlı və kompleks inkişafın
reallaşdırılması məqsədilə yeni vasitə
və metodların axtarışını nəzərdə
tutur. Azərbaycanda hələ zamanında ulu
öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
strategiyaya uyğun olaraq Prezident İlham Əliyevin rəhbərliyi
altında gerçəkləşdirilən dövlət idarəçilik
sistemi islahatları və dövlət qulluğunun modernləşməsi
proseslərinin əsasında məhz bu məqsəd
dayanır. Dövlət qulluğu islahatları ictimai
sektorda islahatların tərkib hissəsidir. Birmənalı
olaraq ictimai sektorun inkişafı proqramları arasında
dövlət qulluğu institutunun sistemli və struktur dəyişiklikləri
xüsusi yerə malikdir. Belə ki, dövlət
qulluqçuları islahatların təkcə obyekti deyil, həm
də subyektləridir. Dövlət aparatı ictimai
sektordakı bütün islahatlara məsuldur və onun fəal
iştirakı olmadan heç bir islahat reallaşdırıla
bilməz. Ümumiyyətlə,
dövlət qulluğu institutu dövlət idarəçiliyi
sisteminin səmərəliliyinin fundamental elementidir.
Nəticə etibarilə əsaslı
olaraq dövlət aparatının keyfiyyəti, onun sadəcə
baş verən dəyişikliklərin obyekti deyil, bəzən
ambisiyalı, mövcud çərçivələrdən kənara
çıxan layihələr reallaşdırmağa qabil fəal
subyektinə çevrilmək qabiliyyəti, idarəetmə və
sosial innovasiyalara imza atan çevik və innovativ institut
olması ilə bağlı sual ortaya çıxır. Bu arada dövlət idarəçiliyi səmərəliliyi,
dövlət qulluğunun keyfiyyəti və effekti, dövlət
xidmətlərinin göstərilməsi prosesi və nəticələrindən
məmnunluq sadalananların birgə sistemli və sinxron
reallaşdırılmasından kumulyativ effektin
yaradılmasına qabil əlaqəli proseslərdir. Dövlət qulluğu institutunun təkmilləşdirilməsinin
əsas istiqaməti vətəndaş cəmiyyətinin
inkişafı və dövlətin qüdrətlənməsi
naminə bu sahədə keyfiyyət və səmərəliliyin
köklü şəkildə yüksəldilməsidir. Bu məqsədlə Azərbaycan Prezidenti İlham
Əliyevin konturlarını dəqiq müəyyənləşdirdiyi
siyasi xətt çərçivəsində rəqabətədavamlı,
səmərəli dövlət institutları
formalaşdırılıb. Onlar bu gün sosial-iqtisadi
siyasətin formalaşdırılması və
reallaşdırılmasına maraqlı subyektlərin cəlb
olunması ilə cəmiyyətin yeni inkişaf modelini
qurmağa, dövlətin inkişafının dinamikası və
yüksək səviyyəsini təmin etməyə, korrupsiya
səviyyəsinin azaldılması sayəsində onun
institutlarının fəaliyyət səmərəliliyini
yüksəltmək, dövlət idarəçiliyinin
bütün səviyyələrində qərar qəbulu
zamanı sosial qrupların maraqlarını müəyyənləşdirmək,
strukturlaşdırmaq və nəzərə almağa, həmçinin
qəbul edilmiş və reallaşdırılmış qərarlara
görə məsuliyyət daşımağa, vətəndaş
cəmiyyəti, biznes strukturları ilə ictimai həyatın
önəmli məsələləri ətrafında bərabər
dialoq aparmağa, vətəndaşların dövlət
qulluğuna və dövlət institutlarına inamını təmin
etmək və dəstəkləməyə, Azərbaycanın
inkişafı ilə bağlı bütün məsələlərdə
geniş ictimai konsensusa nail olmağa müvəffəq
durumdadır. Bu sahədə tədbirlər kompleksini
yekunlaşmış hesab etmək düzgün olmazdı.
O səbəbdən ki, dövlət qulluğu institutunun təkmilləşdirilməsi
prosesi tsiklik və mürəkkəbdir, həmçinin
dövlət və ictimai sistemlərin inkişafı prosesi və
nəticələrindən asılıdır. Azərbaycan
Respublikasında dəqiq müəyyən edilmiş
konsepsiyaya görə, dövlət qulluğunda önləyici
inkişafa yönəlik proqramlar gerçəkləşdirilir.
Dövlət qulluğu sisteminin önləyici
inkişafı xarici ölkələrin müsbət örnəyinin
ümumiləşdirilməsi və nəzərə
alınmasına, cəmiyyətin müxtəlif təbəqələrinin,
ekspert və dövlət qulluqçularının
mövqeyinin göz önündə tutulmasına əsaslanıb.
Nəticə etibarilə sabaha yönəlik iş quran
dövlət qulluğu sisteminin formalaşması digər sahələrdə
islahatların səmərəli reallaşdıra biləcək
səriştəli kadrların yetişməsini təmin etməyə
imkan verib. Etiraf etmək lazımdır ki, bu
sistemə də biznes əsasları, biznes menecment sistemi
nüfuz etməyə başlayıb. Və
əgər biz əvvəllər yaxşı dövlət
qulluqçusu deyə, bütün göstəriş, təlimatları
gerçəkləşdirən, vacib zaman kəsiyində
işdə olub zəruri miqdarda sənəd gözdən
keçirənləri nəzərdə tuturduqsa, indi cəmiyyət
və vətəndaşların dövlət
qulluqçularından tələbləri daha fərqlidir.
Biz artıq ictimai əhəmiyyətli layihələr,
vəzifələrin yerinə yetirilməsi ilə
maraqlanırıq. Bu isə dövlət
qulluqçusu obrazının əsrlik şablonundan
uzaqlaşmaq kimi psixoloji dəyişiklikdir. Dövlət qulluqçusu günümüzdə
yalnız təlimatlara uyğun davranan
darıxdırıcı və boz insan imicindən qurtula bilib.
Yeni addımlar
sırasında Birinci vitse-prezident institutunun təsis edilməsi
və bu yüksək vəzifəyə Heydər Əliyev
Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təyin
olunması da xüsusi əhəmiyyət kəsb edir. Məhz onun fəaliyyətinin
nəticəsi olaraq ölkəmizdə dövlət
qulluğu təkcə hüquqi və təşkilati deyil, həm
də publik və sosial institut imici qazana bilib. Bu gün dövlət aparatı qarşısında
daha səmərəli, mobil və vətəndaşlara
yönəlik, daim təkmilləşən instituta
çevrilmək kimi bir çağırış var. Bu
institutun başlıca kapitalı insanlardır. Peşəkar insanların uzunmüddətli karyeralarını
dövlət aparatı ilə bağlamaları
üçün dövlət qulluğu həm "daxildən”,
həm də "xaricdən” cəlbedici iş yerinə
çevrilməlidir. Bunun üçün
dövlət qulluğunda yeni yanaşmaların tətbiqi zəruri
tələb kimi qarşıya qoyulub. Öncə
dövlət qulluğunun cəlbedici işəgötürən
kimi formalaşması üçün tədbirlər
gerçəkləşdirilib, dövlət
qulluqçularının sosial təminatları ilə
bağlı bir çox məsələlər həllini
tapıb. Dövlət qulluğunun cəlbediciliyinin
yüksəldilməsi məqsədilə dövlət
aparatının təşkilati mədəniyyəti təkcə
daha çevik proses deyil, nəticəyə yönəlik və
innovativ yanaşmalara açıq duruma gətirilib. Eyni zamanda, yeni çağırışlar fonunda
dövlət qulluqçularının potensialı və
bacarıqlarının inkişafı, həmçinin
dövlət qulluğunda insan resurslarının idarə edilməsinə
yönəlik texnologiyaların tətbiqinə
başlanılıb, meritokratiya prinsiplərinin gücləndirilməsi
prioritet kimi önə çəkilib.
Bəlli olduğu kimi, istənilən
islahat eyni zamanda iki müstəvidə gerçəkləşdirilir:
- normativ, yaxud hüquqi-təşkilati və kadr. Hər iki
müstəvidə fəaliyyətin
razılaşdırılması və
sinxronlaşdırılması təkmilləşdirmə
prosesində səmərəliliyə nail olmaq
üçün vacib şərtdir. Dövlət
qulluğunun cəmiyyət tərəfindən qəbul edilməsi
dövlətin səmərəliliyi, yəni dövlət
aparatının cəmiyyəti maraqlandıran problemləri nə
dərəcədə uğurla həll etməsi səviyyəsi
ilə müəyyənləşir. Bu
gün Azərbaycanda dövlət qulluğunun imici kifayət
qədər yüksəkdir. Bunun
başlıca səbəbi kimi dövlət aparatının cəmiyyətin
maraqlarının ödənilməsinə yönəlik və
nəticəyə hesablanmış fəaliyyətinin təmin
olunması göstərilə bilər. Azərbaycan
dövlətinin diqqət mərkəzində
bütövlükdə cəmiyyətin inkişafı
dayanır. Beləliklə, dövlətin
inkişafında mahiyyətcə sosial tərkib hissənin
dominantlığı dövlət qulluğunun təkmilləşdirilməsi
prosesində yeni şərtlərin ödənilməsinə
ehtiyac yaradır. Bu şərtlər sırasında kadr
siyasətinin xüsusi forması kimi volontyorluğun
inkişafını nəzərdə tutan şəbəkə
prinsipini, dövlət və vətəndaş cəmiyyəti
arasında əməkdaşlığı və s. göstərmək
olar. Bu arada yeni iş yerlərinin açılması ilə
yanaşı, insan resurslarının şəxsi keyfiyyətlərinin
və qabiliyyətlərin inkişaf etdirilməsinə
xüsusi önəm verilməsi, ölkədə yaradılan
müasir idarəetmə modelinin mərkəzində Azərbaycan
vətəndaşı və onun maraqlarının
dayanması, şəffaf, demokratik, səmərəli və
innovativ idarəetmə çərçivəsində
dövlət qulluğunun "xalqa xidmət” konsepsiyasında
həyata keçirilməsi, vətəndaşla dövlət
qulluqçusu, məmur arasındakı münasibətlərdə
yeni düşüncə tərzinə keçidə nail
olunması görülən işlərin məntiqi yekunudur.
Dövlət qulluğunun cəmiyyətdə
üst quruluş deyil, başlıca məqsədinin ölkənin
davamlı inkişafı və vətəndaşların həyat
keyfiyyətinin yüksəldilməsi olan institut kimi qəbul
edilməsi və real fəaliyyət göstərməsi
prioritet hədəfdir. Bu qanunvericiliyin təkmilləşdirilməsi
ilə yanaşı, kadr hazırlığı sistemində və
siyasətində də dəyişikliklər zərurətini
ortaya çıxarıb. Qeyd etmək yerinə
düşər ki, Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası da
ölkənin inkişafının indiki mərhələsinə
uyğun olaraq dövlət qarşısında duran mürəkkəb
və çoxyönlü vəzifələrin öhdəsindən
gələ biləcək kadrların yeni innovativ
yanaşmaların tətbiqi ilə hazırlanması və
fasiləsiz təhsili prosesində yaxından iştirak edir və
müasir şəraitdə effektiv dövlət kadr siyasətinin
transformativ fəaliyyət üçün güclü bir
vasitəyə çevrilməsi işinə töhfələrini
verir.
Çağdaş, peşəkar
və müstəqil dövlət aparatının
formalaşması və daim təkmilləşdirilməsi Azərbaycanın
gələcək sabit, davamlı inkişafının həlledici
faktorlarındandır, həmçinin qlobal
çağırışlara cavabıdır. Bu sahədə
islahatların uğuruna strateji məqsəd və taktiki vəzifələrin
dəqiq formalaşdırılması, ölkə rəhbərliyinin
siyasi iradəsi, qərarlılığı və tələbkarlığının
olması yol açıb. Beləliklə
də, dövlət qulluğu institutunun təkmilləşdirilməsi
ölkənin hərtərəfli inkişaf
dinamikasının yüksəlməsini şərtləndirib.
Çünki onun səmərəli və
innovativ fəaliyyəti dövlət siyasətinin strateji məqsədlərinin
yerinə yetirilməsini hədəfləyən dövlət
idarəçiliyi sisteminin davamlı inkişafına zəmin
yaratmış olub. Bu üzdən dövlət
qulluğunun cəmiyyətdə rolu da olduqca önəmlidir.
Bu günün məmuru maliyyə
baxımından şəffafdır və peşəkardır.
Ölkə Prezidentinin qarşıya qoyduğu
başlıca strateji vəzifə dövlət xidmətlərinin
keyfiyyətinin yüksəldilməsidir. Bu
arada ən vacib tərkib hissə dövlət
qulluqçularının peşəkar
hazırlığıdır. Beləliklə,
müasir inkişaf tendensiyaları yüksək səmərəyə
malik dövlət aparatının yaradılması məqsədilə
dövlət qulluğunun peşəkarlaşdırılması
vəzifələrinə cavab verməlidir. Bu isə öz növbəsində Azərbaycanın
gələcək inkişaf istiqamətlərinin
reallaşdırılması üçün zəmin
olacaqdır.
İndi əsas amal müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlarından biri olan dövlət qulluğu institutu və peşəkar dövlət qulluqçuları ordusunu təkmilləşdirmək və gələcəyə aparmaqdır. Şübhəsiz, bu, belə də olacaq. Çünki Azərbaycanın dövlət qulluqçuları ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabaha - yeni uğurlara imza atmağa daha yaxındır. Bu gün ölkəmizdə gedən proseslər göstərir ki, Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi "böyük gələcək” siyasəti artıq öz bəhrələrini verir.
Ziyafət HƏBİBOVA,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət
İdarəçilik Akademiyasının şöbə
müdiri,
siyasi elmlər doktoru, professor
Azərbaycan.-
2019.-19 may.- S.4.