Zəncirli bina
Memarlıq abidəsi
İçərişəhərdə "Zəncirli bina” adlanan mülk XX əsrin əvvəllərində inşa edilmişdir. 1920-ci ildə tacir Hacı Məmmədhüseyn Məmmədova məxsus olmuşdur.
1928-ci ildə bu mülkü İçərişəhərin tanınmış tacirlərindən sayılan Məlikov qardaşları almışlar. 1930-cu ildə Bakı Şəhər Gömrük İdarəsi qaçaqmalçılığa görə bu mülkü müsadirə etmiş və dövlətin istifadəsinə vermişdir.
Binanın damını yunan tipli üç qadın heykəli və iki vaza bəzəyirdi. Heykəllərin və vazaların büstləri qoşa dəmir zəncirlərlə birləşdirilmişdi. Buna görə də tikili "Zəncirli ev” adı ilə məşhurlaşmışdı.
1930-cu ildən bu binada N.Nərimanov adına tikiş fabriki yerləşmişdir. Bina tikiş fabriki kimi fəaliyyət göstərdiyi üçün fasadında dəyişikliklər edilmiş, bəzi memarlıq elementləri götürülmüşdür. Mülkün son sahibi Məlikov qardaşları olduğu üçün bina Məlikovların mülkü kimi tanınır.
Binanın fasadı Qoşa qala qapıları ilə üzbəüz yerləşib İçərişəhərin əsas giriş meydanını sol və sağ tərəfdən iki - Böyük qala və Qüllə küçələrinə ayırır. Zəncirli bina memarlıq üslubuna və bədii-estetik görünüşünə görə XX əsrin əvvəllərində İçərişəhərdə inşa olunmuş memarlıq abidələri içərisində özünəməxsus yer tutur.
Hazırda binada
AMEA-nın Arxeologiya və Etnoqrafiya
İnstitutunun Arxeologiya
və Etnoqrafiya Muzeyi
fəaliyyət göstərir.
Azərbaycan.-
2019.-19 may.- S.6.