Ötən illərin tarixini yaşadan məkan

 

50 yaşlı Sumqayıtın Tarixi Muzeyi öz dəst-xəti ilə, profilinə uyğun fərqlənir. 1967-ci ildə yaradılmış bu muzey gənclik şəhərinin həyatına, sənayenin, təhsilin, səhiyyənin, mədəniyyətin, dostluq əlaqələrinin inkişafına az da olsa işiq sala bilmişdi. Eksponatların köməyi sayəsində XX əsrin möcüzəsi - Sumqayıt şəhəri göz önündə yaranır, böyüyür, inkişaf edirdi: inşaat, quruculuq işləri, ilk müəssisələr, zavodlar, fabriklər, təhsil, səhiyyə, mədəniyyət ocaqları, əmək qabaqcılları və daha nələr...

Muzeyin əsas və köməkçi fondlarında qorunan eksponatların sayı 1967-ci ildə 1113 göstərilirdisə, 1969-cu ildə bu rəqəm 1828-ə çatdırılmışdı. Öz işinə məsuliyyətlə yanaşan muzey kollektivi 1972-ci ildə ilk qiymətini almışdı. O zaman SSRİ Mədəniyyət Nazirliyi tərəfindən elmi-kütləvi, maarifləndirici işlərdə fəal iştirakına görə diplom, medalpul mükafatına layiq görülmüşdür.

1974-cü ildə Sumqayıtın 25 illik yubileyi ilə əlaqədar muzeyin elmi heyətinin tərtib etdiyi sərgi bayram əhvali-ruhiyyəsi yaşayan şəhərdə böyük rezonans doğurmuşdu. Ötənləri tarixi eksponatların dili ilə ictimaiyyətə xatırladan Sumqayıtın Tarixi Muzeyi həmin il Sumqayıt Şəhər Mədəniyyət Şöbəsi tərəfindən elmi-maarifləndirmə işində səmərəli iştirakına görə fəxri fərmanla qiymətləndirilmişdir. 1980-ci illər də muzeyin həyatında yaddaqalan tarixə köçürüldü. "Sumqayıt - sənaye mərkəzi”, "Məktəblilərin əl işləri”, "Bizim müasirlərimiz - əmək qəhrəmanları”, "Qardaşlaşmış şəhərlər” və başqaları bir-birini əvəz edən müxtəlif sərgilərin tərtibatı, şəhər əhəmiyyətli muzeydaxili, muzeydənkənar tədbirlərin təşkili əməkdaşların gərgin əməyindən xəbər verirdi. Elə bu gərgin əməyin nəticəsi olaraq muzey 1985-1986-cı illərdə sovetlər birliyinin müxtəlif diplomlarına layiq görülmüşdü.

1988-ci ildə şəhərin tarixini özündə yaşadan, onunla nəfəs alan, böyüyən Sumqayıtın Tarixi Muzeyi 4-cü mikrorayonda yerləşən ikimərtəbəli binaya köçürüldü. Muzeyin ümumi sahəsi 2680 kvadratmetr təşkil edirdi ki, bu da əvvəlkindən 8 dəfə böyük idi. Yeni binaya köç edən muzey 1990-cı illərdə ikinci həyatını yaşamışdır. Muzey şəhərin tarixi ilə yanaşı, bütövlükdə Azərbaycanı - onun keçmişini, mədəniyyətini əks etdirən bir tarix yaşadır. Məlum səbəblərdən Qərbi Azərbaycanın Qafan rayonu Nəcəfi kənd Tarix-Diyarşünaslıq Muzeyindən "qaçqın” düşən tarixi-məişət əşyaları illər uzunu muzeyin sərgi zalında "Bir elin harayı” adı altında nümayiş olunmuşdur. Zəngəzur, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarından toplanmış eksponatlar geniş tamaşaçı kütləsinin marağına səbəb olmuşdu.

Şəhərdə baş verən ictimai-siyasi hadisələr, mədəni-maarif sahəsində yaranan dönüş, qazanılan uğurlar muzeyin tərtib və təsdiq olunmuş ekspozisiyalarında öz əksini tapır. Muzey fondunun materialları, həmçinin ictimai-siyasi xarakterli ümumşəhər tədbirlərində də nümayiş etdirilir. Sumqayıtın 55, 60, 65 illik yubileyləri ilə əlaqədar keçirilən tədbirləri xatırlatmaq yerinə düşər. Şəhərin 60 illik yubileyinə hədiyyə - "Mədəniyyətin tərəqqi ünvanı - Sumqayıt” kitabı muzey fondunun materialları əsasında elmi heyət tərəfindən hazırlanaraq ictimaiyyətə təqdim olunub.

Prezident İlham Əliyevin "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 6 mart 2007-ci il, "Azərbaycan regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planının təsdiq edilməsi haqqında” 22 may 2009-cu il tarixli sərəncamlarına əsasən əsaslı təmir olunmaqla yenidən qurulan muzey 2010-cu ildən yeni simada ziyarətçilərini qəbul edir.

"Səhra da ucsuz-bucaqsız, küləklər də şiddətli, Günəş də amansız idi, lap tale kimi. Sahilboyu qumsallıqda iz qoya-qoya karvan gedirdi...” Muzeyin birinci mərtəbəsindəki ekspozisiya zalında xüsusi qurğunun köməyi ilə səslənən Sumqayıt haqqında əfsanə burada nəfis tərtibatda hazırlanmış XVI-XVII əsrlər Sumqayıtını əks etdirən maketə aydınlıq gətirir. Əfsanədən gerçəkliyə adlayan "muzey bələdçisieradan əvvəl II əsrdən etibarən Çinin Sinan şəhərindən başlayaraq Şərq ölkələrinə uzanan Böyük İpək yolunun bir qolunun orta əsrlərdə Xəzərə yaxın Sumqayıtın ərazisindən keçdiyini söyləyir. Maketə yaxın xüsusi vitrinlərdə yerləşdirilmiş etnoqrafik məişət əşyalarının köməyinə arxalanan ekskursiya aparıcısı, buradakı diqqəti çəkən XII əsr tarixli şərab dolçasını Sumqayıt ərazisindən vaxtilə keçmiş tacirlərdən birinə məxsus olduğunu xüsusi vurğulayır.

Sumqayıtçayın adını daşıyan şəhərlə bağlı ətraflı məlumat ikinci mərtəbənin ekspozisiya zalında tamamlanır. Səhralıqda salınmış ilk tikililər Azərbaycanda bərqərar olan Sumqayıtın yarandığını ziyarətçilərə xəbər verir. Şəhərin istər sənaye - kimya, metallurgiya mərkəzi, istərsə də elm, maarif, səhiyyə, mədəniyyət ocağı, dostluq ünvanı olduğunu xatırladır. Beləliklə, muzey fondunun əşyaları sayəsində XX əsrin möcüzəsi - Sumqayıt göz önündə doğulur, böyüyür, inkişaf edir, sarsılmaz Azərbaycanın ayrılmaz hissəsi kimi müstəqillik yollarında inamla addımlayır.

Muzeyin kiçik ekspozisiya zalında "Vətən uğrunda ölüm - həyatın davamıdır” fikri qəhrəman sumqayıtlı oğul və qızların keçdiyi şərəfli yola işıq salır. Qeyd edək ki, Sumqayıtın Tarixi Muzeyində respublikada ilk dəfə daimi fəaliyyət göstərən "Şəhidlər qalereyası” yaradılıb. Buradakı vitrinlərdə yerləşdirilmiş sumqayıtlı şəhidlərin şəxsi arxivlərindən seçmələr, onlara məxsus geyimlərin, əşyaların nümayişi, mövzu ilə səsləşən "Ulduz axını” abidəsi, rəssamların rəngkarlıq nümunələri nümayiş etdirilir.

Ümummilli lider Heydər Əliyevin Sumqayıta səfərlərinə həsr olunan ekspozisiya zalında nümayiş olunan sənədlər, fotoşəkillər, fotoalbomlar, kitablar, qəzet və jurnallar toplusu isə səbəbkarın təbirincə desək: "Sumqayıt bütün Azərbaycanın gözəl təcəssümüdür” - fikrini əsaslandırır. Ekspozisiya zalının mərkəzində sanki Xəzərin qumsallığında qol-budaq atan Sumqayıtın yaranmasını, inkişafını göstərən, üzərinə zərvərəq çəkilmiş rəmzi - ağac zalın ümumi görünüşünə bitkinlik, tamlıq gətirir.

Burada "İlham Əliyev və yeniləşən Sumqayıt”, "Muzeyimizin fondlarından” kimi daimi sərgilər yer alıb. Ölkə rəhbərinin şəhərə səfərləri, sakinlərlə görüşlərini əks etdirən sərgilər muzeyə gələnlərin marağına səbəb olur.

Muzeyin kollektivi stasionar, səyyar sərgilərin tərtibatı, yerlərdə mühazirələrin dinlənilməsinin təşkili, dövrü mətbuat, yerli televiziya vasitəsilə fəaliyyətinin işıqlandırılmasını da təmin edir. Təşkilatlarda keçirilən görüşlərdə muzeyn eksponatlarının şəkil sərgiləri təşkil edilir.

Muzeyin sadiq qaldığı ənənələrdən biriburada yerli yazarların kitablarının təqdimat mərasimlərinin keçirilməsidir.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2019.-19 may.- S.7.