Bakı möhtəşəm finala
hazırdır
UEFA Avropa Liqasının kuboku Gəncədə nümayiş
etdirildi
Futbol üzrə əsas Avropa kuboklarından biri - Avroliqa kubokunun qalibi mayın 29-da Bakıda Olimpiya Stadionunda keçiriləcək final oyunundan sonra müəyyənləşəcək. 2018/2019-cu illər Avropa Liqasında 213 komanda mübarizəyə qoşulmuşdu. Final görüşündə İngiltərəni təmsil edən iki klub - "Çelsi” və "Arsenal” üz-üzə gələcək.
Turnirin həlledici matçı ölkəmizdə ilk dəfə keçiriləcək. Həmin arenada 2020-ci il Avropa çempionatının final mərhələsinin üç matçı da oynanılacaq.
Bir müddət əvvəl keçirilmiş püşkatma zamanı finalın nominal ev sahibi müəyyənləşdirilmişdir. Bu, "Çelsi” klubudur.
Gözlənildiyinə görə, 70 minə yaxın tamaşaçı tutumu olan Olimpiya Stadionunda azarkeşlərin sayına görə yeni rekord vurulacaq. Əvvəlki rekord 1999-cu ildə Moskvada qeydə alınmışdır. O vaxt "Parma” - "Latsio” oyununu 62 min tamaşaçı izləmişdir.
Bakı finalı həm də Avropa Liqası tarixində VAR sisteminin tətbiq olunacağı ilk matçdır. Həm də oyun əlavə vaxta keçsə, komandalar daha bir oyunçu dəyişikliyi edə biləcək.
Avropa Liqasının həlledici görüşünü Canluka Rokkinin başçılığı ilə italiyalı hakimlər briqadası idarə edəcək.
Futbolçular və qalib komandanın məşqçilər korpusu üçün 40 medal ayrılmışdır. Qalib həm də 2019-2020-ci illər UEFA Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanacaq. Yeri gəlmişkən, "Arsenal” və "Çelsi” indiyədək Avropa kubokları yarışında cəmi bir dəfə üz-üzə gəlmişdir. Çempionlar Liqasının 2003/2004-cü illər mövsümündə dörddə bir final oyununda "Çelsi” 3:2 hesabı ilə ümumi qələbə qazanmışdır.
Mayın 19-da UEFA Avropa Liqasının kuboku Gəncə şəhərinə gətirilmiş və Heydər Əliyev adına meydanda futbol azarkeşləri və ictimaiyyət qarşısında nümayiş etdirilmişdir. Tədbirin təşkilində məqsəd idmansevərləri Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununda təqdim olunacaq kubokla tanış etməkdir.
Kubok
ictimaiyyətə təqdim olunduqdan sonra konsert proqramı təşkil
olunmuşdur. İncəsənət
kollektivləri maraqlı ifaları ilə
tamaşaçılar qarşısında
çıxış etmişdir. Bundan əlavə, əyləncəli oyunlar, yarışmalar və viktorinalar
təşkil olunmuşdur.
Azərbaycan.- 2019.- 19 may.- S.1.