Azərbaycan yeni dünya
rekorduna imza atıb
Bu, Dünya İqtisadi
Forumunun inklüziv inkişaf naminə iqtisadi
resurslardan səmərəli istifadə
üzrə 2018-ci ilin hesabatında təsdiqlənib
Müasir dünya düzənində istənilən xalqın, dövlətin uğurlu gələcəyini təmin edən əsas göstəricilər iqtisadi islahatların tempi və miqyasından asılıdır. Əgər bu iki amil arasında harmoniya mövcuddursa, qarşıya qoyulan məqsədlər reallıqlarla uzlaşırsa iqtisadiyyatın müxtəlif sahələrinə tətbiq edilən yeniliklər faydasını verir, ölkənin iqtisadi göstəriciləri müsbətə doğru dəyişərək digərlərini sürətlə arxada qoyur və nəticədə əhalinin maddi rifah halı yaxşılaşır.
Söhbət adi şüarların şişirdilib təmtəraqlı təqdimatından yox, əksinə, düşünülmüş, iqtisadi hədəflərin sürətlə və ardıcıl dəf edilməsindən gedir.
Dünyanın əksər bölgələrində baş verən ağır iqtisadi proseslər, eləcə də qanlı toqquşmalar, vətəndaş müharibələri, dövlət çevrilişləri, qlobal təhlükələr oturuşmuş ölkələrdə belə reallığa çevrilmiş, milyonlarla insan misilsiz faciələrin aramsız davamı qarşısında aciz qalmışdır. Azərbaycanda isə həmin risklərin hamısı neytrallaşdırılmış, Prezidentin təbirincə desək, ölkəmiz bu gün dünya miqyasında sabitlik adasına çevrilmişdir.
Bunu beynəlxalq reytinq və maliyyə qurumları da dönə-dönə qeyd edirlər.
AR İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Doing Business-2020” islahatlarına dair növbəti icmalında ölkəmizdə aparılan islahatlar 11 indikator üzrə qiymətləndirilmişdir. Qeyd olunur ki, sözügedən dövrdə ölkədə biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam etmiş, onlayn vahid ixrac ərizəsi, yaşıl dəhliz, elektron məhkəmə, tikintidə "Bir pəncərə”, biznesə başlamaq, elektrikə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası, əmlakın qeydiyyatı sahələrində ən vacib islahatlar həyata keçirilmişdir.
Dünya Bankı tərəfindən hazırlanan "Doing Business-2019” hesabatında Azərbaycan 190 ölkə arasında 32 pillə irəliləyərək 57-ci pillədən 25-ci, o cümlədən biznesə başlamaq üzrə 18-ci pillədən 9-cu, tikinti üçün icazələrin alınması üzrə 161-ci pillədən 61-ci, elektrik təchizatı şəbəkələrinə qoşulmaya görə 102-ci pillədən 74-cü, əmlakın qeydiyyatı üzrə 21-ci pillədən 17-ci, kreditlərin alınmasına görə 122-ci pillədən 22-ci, kiçik investorların maraqlarının qorunmasına görə 10-cu pillədən 2-ci, vergilərin ödənilməsi üzrə 35-ci pillədən 28-ci, müflisləşmənin həllinə görə 47-ci pillədən 45-ci yerə yüksəlmişdir.
Ümumiyyətlə, biz artıq dünyanın nüfuzlu reytinq agentliklərinin ölkəmizin müxtəlif sahələrdə apardığı islahatlara yüksək dəyər vermələrinə alışmışıq. Bu barədə il boyu dünyanın sorğu agentlikləri müxtəlif məruzə və hesabatlarında geniş məlumatlar yayırlar. Ötən bir il ərzində dövlət başçısının gördüyü işlərə ABŞ-ın İrs Fondu da yüksək qiymət vermişdir. Vaşinqtonda fəaliyyət göstərən bu nüfuzlu təşkilat (Heritage Foundation) cari ildə yayımladığı illik Dünya İqtisadi Azadlıq İndeksi hesabatında Azərbaycanın yüksək göstəriciyə malik olduğunu bildirmişdir. Məlumat üçün bildirək ki, "The Heritage Foundation” Birləşmiş Ştatlarda 1973-cü ildə təsis edilən Strateji Araşdırmalar İnstitutudur, ABŞ-da ciddi nüfuza malik olan bu təşkilatın fəaliyyətinə 100 minlərlə fiziki şəxs, həmçinin müxtəlif fond və korporasiyalar dəstək verir. Məhz belə nüfuzlu təşkilatın ölkəmizdə 2018-ci ildə aparılan islahatlara yüksək qiymət verməsi həm də Azərbaycan Prezidentinin islahatlarının təqdir olunmasını təsdiqləyir.
Builki təqdimat mərasimində çıxış edən fondun rəhbərliyi Azərbaycanın xüsusən mülkiyyət hüquqları, idarəetmənin şəffaflığı və ədliyyə sisteminin inkişafı sahələrində böyük irəliləyişlərə nail olduğunu məxsusi vurğulamış, ölkəmizin 2018-ci ildə iqtisadi azadlıq və islahatlar sahəsində sürətlə irəlilədiyini təsdiq etmişdir. Ölkəmizin sürətlə iqtisadi islahatlara getdiyini qeyd edən fond Azərbaycanın iqtisadi azadlıqlar sahəsində İtaliya və Fransa kimi Avropa ölkələrini geridə qoyduğunu bildirmişdir. Müharibə şəraitində yaşayan ölkənin bu cür yüksək iqtisadi islahatlar həyata keçirməsi, sözün əsl mənasında, bütün dünya iqtisadiyyatı üçün maraqlı və unikal hadisədir.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlətin ali məqsədi təkcə iqtisadi göstəricilərin artımına nail olmaq deyil, həm də insanların rifahının yüksəldilməsi və onların sosial müdafiəsinin təmin edilməsidir. Son dövrlər həyata keçirilən sistemli islahatlar və paralel olaraq minimum əməkhaqqının, təqaüd və müavinətlərin, eləcə də tələbə təqaüdlərinin artırılması dövlət başçısının dediklərini təsdiq edən ciddi sosialyönümlü islahatlardır və bunlar Azərbaycanda davamlı inkişaf edən inklüziv cəmiyyətin təkamülünü təsdiq edir.
Davos Dünya İqtisadi Forumunun yaradıcısı və prezidenti, professor Klaus Martin Şvabın 2018-ci ildə dərc edilmiş hesabatı da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Alimin məruzəsində ABŞ, Almaniya və Danimarkanın iqtisadi göstəricilərinin müqayisə edilən digər ölkələrdəkindən əhəmiyyətli dərəcədə yüksək olması qeyd edilsə də, sosial siyasət baxımından Azərbaycanın onlardan üstün mövqeyə malik olması diqqətə çatdırılır. Həmin hesabatda diqqətçəkən məqam odur ki, yüksək inkişaf etmiş bu ölkələr sosial siyasət və gəlirlərin əhali arasında ədalətli bölgüsünü xarakterizə edən Cini indeksinə görə Azərbaycandan geridədir. Professor Klaus Martin Şvab bununla Azərbaycanın müqayisə edilən ölkələr sırasında ən səmərəli sosial siyasət yeritdiyini təsdiqləmiş olur.
Professorun təhlillərində Azərbaycanın adları çəkilən ölkələrlə müqayisədə sosial sahənin planlaşdırılması və idarə edilməsinə yönəlik daha səmərəli siyasət gerçəkləşdirməsi də təsdiqlənir. Azərbaycanın rəqabətqabiliyyəti indeksi "Böyük iyirmilik” (G 20) və VRİCS üzvü olan Braziliya və Cənubi Afrika Respublikası kimi ölkələrin göstəriciləri ilə eyni olsa da, Cini indekslərinin təhlili belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycanda sosial siyasət və əhali arasında gəlirlərin bölgüsü xarakteri ABŞ, Yaponiya, Fransa, İtaliya, Kanada və dünyanın digər lider dövlətləri və "böyük yeddilik” (G 7) ölkələrindəkindən daha səmərəlidir.
Bu isə o deməkdir ki, Dünya İqtisadi Forumunun 2018-ci il üçün hesabatına əsasən, inklüziv inkişaf naminə iqtisadi resurslardan səmərəli istifadə üzrə dünya rekorduna Azərbaycan imza atıb. Azərbaycanın inklüziv inkişaf səviyyəsinə görə reytinqi ölkənin iqtisadi imkanlarından 23 pillə üstündür. Bu özəllik belə bir faktı şərtləndirib ki, inklüziv inkişaf məqsədilə iqtisadi və insan resurslarının optimal idarə edilməsi üzrə Azərbaycanın təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında geniş təhlil edilmişdir. Professor Klaus Şvab bu sənəddə ölkələrin rəqabət qabiliyyətləri ilə onların davamlı inklüziv inkişaf cəmiyyətinin formalaşdırılması sahəsində nailiyyətləri arasında asılılığı nəzərdən keçirərək belə qənaətə gəlmişdir ki, müqayisə olunan ölkələr arasında yalnız Azərbaycanda sosial inkişaf göstəriciləri və əhali arasında gəlirlərin bölünməsi xarakteri iqtisadi göstəricilər səviyyəsindən əhəmiyyətli dərəcədə üstündür.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə işlənmiş geniş islahatlar sisteminin dünyanın məşhur reytinq agentliklərinin sorğu və hesabatlarında yer alması, xüsusi təhlil predmetinə çevrilməsi bizim özümüz qədər bütün dünya üçün də qlobal əhəmiyyət kəsb edir.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2019.- 21 may.- S.1; 4.