Azərbaycan tarix elminə Prezident qayğısı
Tarix İnstitutu son 15 ildə
Tarix İnstitutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzidir.
İlham ƏLİYEV
Prezident İlham Əliyev "Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 26 aprel 2012-ci il tarixli sərəncamında Milli Elmlər Akademiyası Tarix İnstitutunun fəaliyyətini yüksək qiymətləndirərək bu elmi-tədqiqat müəssisəsini "ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmışdır.
İnstitutun yaradıcı heyəti son 15 il ərzində birbaşa Prezident İlham Əliyevin tariximizin taleyüklü problemləri ilə bağlı irəli sürdüyü təşəbbüslər, çağırışlar və dövlət başçısının konkret tapşırıqları əsasında fəaliyyət göstərmişdir.
Ölkə başçısı öz çıxışlarında, akademiyadakı görüşlərində, institut rəhbərliyinə verdiyi konkret tapşırıqlarda Tarix İnstitutu qarşısında başlıca olaraq aşağıdakı istiqamətlərdə tədqiqatlar aparılması vəzifəsini qoymuşdur:
- Tariximizin bütün dövrlərinin Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında tədqiq olunaraq xalqımıza olduğu kimi çatdırılması;
- Azərbaycan tarix elminin ayrı-ayrı dövrlərdə məqsədyönlü surətdə həyata keçirilmiş saxtalaşdırmalardan və təhriflərdən təmizlənməsi;
- İlk növbədə Azərbaycanın qədim dövlətçilik tarixini əks etdirən "Azərbaycan Tarixi Atlası”nın yaradılması;
- Xarici ölkələrdə saxlanılan ilk mənbələrin, o cümlədən arxiv sənədlərinin ölkəyə gətirilməsi və bununla Azərbaycan tarix elminin ilk mənbə bazasının genişləndirilməsi;
- Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımları və deportasiyalar tarixini Heydər Əliyevin müəyyən etdiyi konsepsiya istiqamətləri əsasında daha dərindən araşdıraraq 26 Bakı komissarının fəaliyyətinə düzgün elmi qiymət verilməsi və ölkəmizin müxtəlif bölgələrində həyata keçirilmiş soyqırımları barədə ayrı-ayrılıqda elmi-tədqiqat əsərlərinin yazılması və nəşr olunması;
- Erməni saxtakarlarının "Arsax”la (erməni saxtakarları sak türkləri ilə bağlı "Ərsak” terminini təhrif edərək və özününküləşdirərək "Arsax” kimi təqdim edirlər) bağlı cızmaqaralarını ifşa edən mükəmməl Qarabağ tarixinin yazılması və nəşr olunması;
- Ermənilərin Naxçıvanla və bu bölgəmizin tarixi abidələri ilə bağlı heç bir elmi əsası olmayan uydurmalarına qarşı ən qədim zamanlardan günümüzədək bütün dövrləri əhatə edən Naxçıvan tarixinin yazılması;
- Azərbaycanın itirilmiş torpaqlarının, o cümlədən İrəvan xanlığının tarixinin yazılması və milli tarixşünaslığımıza daxil edilməsi;
- Tarixi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Zəngəzurun mükəmməl tarixinin yaradılması;
- Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair tədqiqatların genişləndirilməsi və ulu öndərin vəsiyyətinə uyğun olaraq Xalq Cümhuriyyətinin tarixini əks etdirən ensiklopedik nəşrin hazırlanması.
Ölkə başçısının tarix elmimizin inkişafı ilə bağlı yuxarıda göstərilən müdrik göstərişlərinin yerinə yetirilməsi mahiyyətcə xalqımızın hər cür saxtalaşdırmalardan və təhriflərdən təmizlənmiş gerçək tarixinə sahib çıxmasının təmin olunması demək idi. Tarix İnstitutu totalitar sovet rejiminin doğurduğu bütün meyillərdən uzaqlaşaraq ölkənin mühüm azərbaycançılıq mərkəzinə çevrilməli idi. Əlbəttə, bu, asan məsələ deyildi. Qarşıya qoyulmuş son dərəcə şərəfli və bir o qədər də çətin vəzifələrin öhdəsindən gəlmək üçün bir tərəfdən tariximizin bütün dövrləri və taleyüklü problemləri barədə bundan əvvəl yazılanlar saxtalaşdırmalardan təmizlənməli, digər tərəfdən isə müstəqil təfəkkürlə vətənin hər bir dövrünün, hər bir elmi probleminin yeni tarixi yazılmalı idi. Bu ağır problemlərin həlli zamanı, təbiidir ki, həm daxildə, həm də xaricdə saxta konsepsiyalar əsasında tarix yazanların və onların tərəfdarlarının müqaviməti ilə qarşılaşacağımız labüd idi...
Çətinliklərlə və maneələrlə dolu olan yeni yolu seçmək və bu yoldan keçmək, əlbəttə, asan olmur. Tarix İnstitutu Prezident İlham Əliyevin qətiyyətinə arxalanaraq tariximizi xalqa olduğu kimi çatdırmaq yolunu tutdu. İnstitutun elmi-tədqiqat planları tamamilə dəyişdirildi. Ölkə başçısını narahat edən bütün məsələlər elmi-tədqiqat planlarına daxil edildi. Müstəqillik təfəkkürü əsasında yeni mövzu toplusu yaradıldı. Fəlsəfə doktorluğu və elmlər doktorluğu dissertasiyalarının mövzuları yeniləşdirildi. Əsaslı struktur islahatları keçirildi.
Bir sözlə, institutun tarixində yeni dövr başlandı: ulu öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin konkret göstərişləri əsasında Tarix İnstitutunun ölkənin mühüm azərbaycançılıq mərkəzinə çevrilməsi dövrü.
İlk uğur
Öz fəaliyyətində vacib dövlət tapşırıqlarını əsas tutan institut az vaxt içərisində mühüm uğurlar qazandı. İnstitut ilk uğurlarından birinə Ensiklopediyanın xüsusi "Azərbaycan” cildi hazırlanarkən imza atdı. 2004-cü ilin aprelində tələm-tələsik təqdimat mərasimi keçirilərkən dövlət başçısı bu cildi kəskin tənqid etmişdi.
Prezident Administrasiyasında dövlət başçısının rəhbərliyi ilə keçirilən müşavirədə bu sətirlərin müəllifi də söz alaraq tənqidi çıxış etmişdi. Bu müzakirədən sonra hazırlanan yeni variantda da tariximiz lazımınca əks etdirilməmişdi. Azərbaycanın ən qədim zamanlarından günümüzə qədər davam edən tarixinə cəmi 30 səhifəlik səthi material ayrılmışdı. İnstitutun təkidi ilə xüsusi "Azərbaycan” cildinə tariximizlə bağlı nəzərdə tutulmuş 30 səhifə əvəzinə 220 səhifəlik mükəmməl Azərbaycan tarixi oçerki əlavə olundu. İlk dəfə məhz həmin cildə 40-a qədər tarix xəritəsi daxil edildi. Xüsusi cild saxtalaşdırmalardan və təhriflərdən təmizləndi. Bu, Tarix İnstitutunun vətənimizin tarixi keçmişini müstəqillik dövrünün azad təfəkkürü ilə yenidən yazmaq yolunda atdığı ilk addım idi, daha doğrusu, ilk uğurumuz idi.
İlk "Azərbaycan Tarixi Atlası”
İnstitut Prezidentin tapşırığına əsasən növbəti mühüm uğuruna 2007-ci ildə imza atdı. Azərbaycanın dövlətçilik tarixinin bütün dövrlərini əhatə edən 55 xəritədən ibarət olan "Azərbaycan Tarixi Atlası”nı nəşr etdi. Bu, olduqca mühüm elmi nailiyyət idi. Çünki ermənilər sovet dövründə tarixi Azərbaycan torpaqlarını əhatə edən qondarma "Ermənistan dövləti”nin tarixinə dair dəfələrlə atlaslar buraxdıqları halda Azərbaycan tarixi atlasının nəşr olunmasına imkan verməmişdilər. Bu istiqamətdə edilən bütün cəhdlər nəticəsiz qalmışdı. Yeri gəlmişkən, ötən əsrin 60-cı illərində ilk Azərbaycan Ensiklopediyasının nəşrinə başlanılarkən Baş redaktor Rəsul Rzanın təşəbbüsü ilə bununla bağlı ilk addım atılmışdı. O zaman Ensiklopediyanın Azərbaycan tarixi redaksiyasının müdiri, sonralar isə elmi işlər üzrə baş redaktor müavini olan bu sətirlərin müəllifi Rəsul Rzanın yaxından köməyi ilə Kiyev Xəritə Fabrikində (bu müəssisə SSRİ-də ermənilərin təsiri altında olmayan yeganə xəritə fabriki idi) Azərbaycan tarixi xəritələrinin nəşrinə nail olmuşdu. Lakin Moskvadan və İrəvandan olan bədxahlarımız, habelə onların əlaltıları olan daxildəki dönüklərdən ibarət antiazərbaycan qüvvələri bu xəritələrin müstəqil "Azərbaycan Tarixi Atlası” halında nəşr olunmasına imkan verməmişdilər.
Bu baxımdan Prezident İlham Əliyevin yüksək dövlətçilik qayğısı sayəsində 2007-ci ildə ilk "Azərbaycan Tarixi Atlası”nın işıq üzü görməsi tarixi nailiyyət idi. Məhz bu elmi uğur nəticəsində 2014-cü ildə dövlət başçımızın xeyir-duası ilə işıq üzü görən "Azərbaycanın Milli Atlası”nın nəşri üçün çox gərəkli bir zəmin yaradılmış oldu. Milli atlasın ilk səhifələrinə Azərbaycan tarixinə dair 70 xəritə daxil edildi. Beləliklə, ölkəmizin qədim dövlətçilik tarixinin bütün mərhələləri xəritələrdə öz əksini tapdı. Ermənilərin saxta xəritələri Azərbaycan tarixşünaslığında Cənubi Qafqaz tarixinin elmi dövriyyəsindən çıxarıldı.
"Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi
və onun icrası
Tarix İnstitutu Prezidentin qarşıya qoyduğu tarixi vəzifələri icra etmək üçün "Azərbaycan tarixi ilk mənbələrdə” layihəsini hazırladı və onun icrasına başladı. Moskva, Sankt-Peterburq, İstanbul, Ankara, Berlin, Paris, London, Dehli, Tiflis, Mahaçqala, Həştərxan və dünyanın digər elmi mərkəzlərindən Tarix İnstitutuna minlərlə arxiv sənədi gətirildi. Bu sənədlərin xeyli hissəsi artıq onlarla sənəd toplusu halında nəşr olunmuşdur. Həmin sənədlər və sənəd topluları içərisində tariximizin taleyüklü problemlərini əhatə edən xanlıqlar dövrü və ölkəmizin çar Rusiyası ilə Qacarlar İranı arasında bölüşdürülməsi ilə bağlı sənədlər xüsusi yer tutur. İnstitut bu sənədlərin Azərbaycana gətirilməsini daim diqqət mərkəzində saxlamışdır.
Bunun nəticəsidir ki, artıq xanlıqlar dövrünə, Azərbaycan torpaqlarının bölüşdürülməsi və qanlı Qafqaz müharibələrinə aid "Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). I cild. Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri”; "Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri. II cild”; "Azərbaycan tarixi arxiv sənədlərində. XVIII əsr. Rusiya Federasiyası Dağıstan Respublikası Mərkəzi Dövlət Arxivinin sənədləri”; "Azərbaycan tarixi arxiv sənədlərində (XVI-XX əsrlər). I cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin və Dağıstan Mərkəzi Dövlət Tarix Arxivinin sənədləri”; "Azərbaycan tarixi arxiv sənədlərində (XVI-XX əsrlər). II cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin və Dağıstan Respublikası Elmlər Akademiyasının Əlyazmalar fondunun sənədləri”; "Rossiə i Azerbaydjanskie xanstva vo vtoroy polovine XVIII - naç. XIX vekov. Sbornik dokumentov), T. 1 (1751-1775 qq.)”; "Russkoəzıçnıe istoçniki po istorii Azerbaydjana pervoy polovinı XVIII veka T. II (1726-1750 qq.)”; "Russkoəzıçnıe istoçniki po istorii Azerbaydjana pervoy polovinı XVIII veka T. III (Prilojeniə)”; "Azerbaydjan v dokumentax qosudarstvennoqo arxiva Astraxanskoy oblasti (Sbornik dokumentov), T.2 (1734-1744 qq.)”; "Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrlər). I cild. Rusiya Dövlət Tarix Arxivinin sənədləri”; "Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). II cild. Rusiya Dövlət Hərbi Tarix Arxivinin sənədləri” adlı onlarla sənəd toplusu və bu toplulara daxil edilmiş yüzlərlə sənəd əlimizdədir.
Son iki yüz ilin
tarixi yenidən yazılır
Ölkəmizə gətirilmiş
yuxarıda göstərilən nadir sənədlər əsasında
ulu öndərin "Son iki yüz ilin tarixi yenidən
yazılmalıdır” göstərişi əsas
götürülərək geniş tədqiqat işlərinə
başlandı. Təkcə tariximizin xanlıqlar
dövrünə aid 50-yə yaxın monoqrafiya və müxtəlif
xarakterli toplular nəşr olundu. Dövlət
mükafatı laureatı, əməkdar elm xadimi T.T.Mustafazadənin
qiymətli monoqrafiyaları və nəşr etdirdiyi sənəd
topluları Azərbaycan xanlıqlarının tarixinə yeni
elmi baxışın təşəkkülündə
mühüm rol oynadı. İnstitutda
aparılan tədqiqat işləri Azərbaycanın həm
Şimal, həm də Cənub xanlıqlarının tarixini əhatə
etdi. Xanlıqlar tarixinə fəlsəfə
doktorluğu və elmlər doktorluğu dissertasiyaları həsr
olundu.
İnstitut xanlıqlar
dövrünün tarixinin araşdırılmasında da ən
mühüm addımı Prezident İlham Əliyevin təşəbbüsü
ilə atdı. Birbaşa Prezidentin qayğısı sayəsində
"Qarabağ: real tarix, faktlar, sənədlər”,
"Naxçıvan: tarixi və abidələri”, "İrəvan
xanlığı: Rusiya işğalı və ermənilərin
Şimali Azərbaycan torpaqlarına köçürülməsi”
kimi fundamental tədqiqatlar işıq üzü gördü.
Ermənilərin Cənubi Qafqazın aborigen
etnosu olmadığı və Azərbaycana çar
Rusiyası tərəfindən XIX əsrdə
köçürülüb gətirildiyi sübuta yetirildi.
Bununla sak türklərinin tarixi ilə
bağlı Ərsak yer adını saxtalaşdıran erməni
cızmaqaraları, qədim oğuz yurdu Naxçıvanla
bağlı uydurmalar ifşa olundu. "İrəvan
xanlığı” dünya dillərinə tərcümə
olunub yayıldı.
Bütün bunlar dövlət
başçısının qətiyyəti sayəsində
tarix elminin qazandığı böyük uğurlardır. Dövlət
başçısı bu mühüm elmi nailiyyətə
görə özünün 25 may 2012-ci il
tarixli sərəncamı ilə Tarix İnstitutunun 13 nəfər
əməkdaşını (Y.M.Mahmudov, T.T.Mustafazadə,
K.K.Şükürov, S.A.Məmmədov, G.C.Nəcəfli,
G.N.Məmmədova, H.N.Həsənov, İ.S.Məmmədov,
V.V.Umudlu, İ.M.Məmmədova, S.M.Hacıyeva, N.R.Gözəlova)
Dövlət mükafatına layiq gördü.
"Dünyanı
bəzəyən Abbasın tarixi”
2010-2014-cü illərdə
institutun tarixində ilk dəfə olaraq XVI-XVII əsrin əvvəllərində
yaşamış böyük Azərbaycan tarixçisi
İsgəndər bəy Münşinin "Dünyanı bəzəyən
Abbasın tarixi” adlı irihəcmli (159 ç.v.) əsəri
farscadan tərcümə olunaraq öz dilimizdə oxuculara təqdim
olundu. Bu qiymətli
ilk mənbənin tərcümə olunması barədə qərar
hələ 1996-cı ildə qəbul olunsa da, iş
görülməyərək qalırdı. Odur
ki, iki kitabdan ibarət olan 2544 səhifəlik ilk mənbənin
dilimizə çevrilməsi ölkə
başçısının qayğısı sayəsində
qazanılmış böyük elmi uğurdur. Yeri gəlmişkən, bu qiymətli ilk mənbəni
çevirən professor Şahin Fərzəliyev XVI əsrdə
yaşamış digər böyük tarixçimiz Həsən
bəy Rumlunun "Tarixlərin ən yaxşısı” əsərinin
də farscadan dilimizə çevrilməsini başa
çatdırmışdır və həmin mənbə indi
çapa hazırlanır. Bu gün Tarix
İnstitutunda "Azərbaycan tarixi ilk mənbələrdə”
layihəsi uğurla davam etdirilməkdədir. Bununla belə, tarixçilərimiz artıq ölkəmizə
gətirilmiş ilk mənbələr, o cümlədən
arxiv sənədləri əsasında tariximizin bütün
dövrlərinin təhriflərdən və
saxtalaşdırmalardan təmizlənmiş gerçək mənzərəsini
yarada bilərlər.
Soyqırımlarının
tarixi: institutun qarşısına qoyulan ən mühüm vəzifələrdən
biri
Azərbaycan xalqına
qarşı soyqırımları tarixinin dərindən və
hərtərəfli araşdırılması, 26 Bakı
komissarı adlanan daşnak-bolşevik güruhunun antiazərbaycan
fəaliyyətinə düzgün elmi qiymət verilməsi
dövlət başçısının Tarix İnstitutu
qarşısında qoyduğu ən mühüm vəzifələrdən
biri idi.
Ulu öndər Heydər Əliyev
özünün 18 dekabr 1997-ci il tarixli
"1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan
ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə
deportasiyası haqqında” və 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların
soyqırımı haqqında” sərəncamları ilə bu
istiqamətdə aparılacaq tarixi tədqiqatların konseptual
əsasını müəyyən etmişdir. Dahi
şəxsiyyət imzaladığı bu mühüm dövlət
sənədləri ilə əslində Azərbaycan tarix
elmini yeni yola - müstəqillik yoluna
çıxarmışdır.
Prezident İlham Əliyev ulu
öndərin Azərbaycan tarixi ilə bağlı müəyyən
etdiyi konseptual elmi istiqaməti yaradıcılıqla daha da zənginləşdirdi
və qətiyyətlə davam etdirdi. Bu baxımdan dövlət
başçısının 26 Bakı komissarına, daha
doğrusu, soyqırımı cəlladlarına məxsus məzarlığın
şəhərin mərkəzindən - Sahil bağından
ümumşəhər qəbiristanlığına
köçürülməsi barədə göstərişi
müstəqillik dövrü tariximizin çox mühüm
hadisəsi kimi heç zaman yaddaşlardan silinməyəcəkdir.
Prezident bu müdrik və cəsarətli
addımı ilə hər şeydən əvvəl
xalqımızı onun qanını tökən cəlladların
"abidəsi” qarşısında səcdə etmək həqarətindən
xilas etdi. Digər tərəfdən, cəsədlərin
köçürülməsi prosesində məzarlıqda 26
deyil, 23 cəsədin qalığı olduğu aşkar
edildi. Bu fakt sovet dövründə
yazılmış tarix əsərlərinin nə qədər
iyrənc saxtakarlıqlarla və təhriflərlə dolu olduğunu
bariz şəkildə sübut etdi. Bu
baxımdan soyqırımı cəlladlarının cəsədlərinin
qalıqlarının ümumi qəbiristanlığa
köçürülməsi Prezident İlham Əliyevin
öz xalqı qarşısında, Azərbaycan tarix elmi
qarşısında misilsiz tarixi xidmətidir.
Məlum məzarlıqda 26
deyil, 23 cəsədin qalıqlarının aşkar edilməsi
Tarix İnstitutunda elmi şuranın müzakirəsinə
çıxarıldı. Tədqiqatlar genişləndirildi.
Dünyanın müxtəlif ölkələrindən
yeni sənədlər gətirildi. Daşnak cəlladı
Stepan Şaumyanın 26-larla bir sırada güllələnmədiyi,
onun 26-ların güllələnməsindən sonra 10 gün ərzində
Krasnovodsk həbsxanasında Anastas Mikoyanla birlikdə eyni
kamerada yaşadığı, bundan sonra hər iki məhbusun
müəmmalı şəraitdə "yoxa
çıxdığı” sübut olundu. Azərbaycan
tarix elmi sübuta yetirdi ki, Stepan Şaumyan bolşevik
şineli geyinməsinə baxmayaraq, "Daşnaksütyun”
partiyasının rəhbərlərindən biri, həmin
partiyanın Bakı komitəsinin üzvü olmuşdur.
Tarix İnstitutu xalqımıza
qarşı soyqırımları tarixini sistemli şəkildə
araşdırmaq üçün ayrıca
Soyqırımları tarixi elmi tədqiqat şöbəsi və
xüsusi tədqiqat qrupu (Natiq Məmmədzadə, Güntəkin
Nəcəfli, İlqar Niftəliyev, Kamran İsmayılov,
Vaqif Abışov, Nigar Maksvell, Rəşad Rüstəmov) yaratdı. Respublika Prokurorluğu
işə cəlb olundu. Nəticədə "Azərbaycan
xalqına qarşı 1918-ci il mart
soyqırımı”. I cild; "Azərbaycan
xalqına qarşı 1918-1920-ci illər soyqırımı”.
II cild, 1-ci kitab. Gəncə
quberniyası; "Azərbaycan xalqına qarşı
1918-1920-ci illər soyqırımı”. II
cild, 2-ci kitab. İrəvan quberniyasında
soyqırımı; "Azərbaycan xalqına qarşı
1918-ci il mart soyqırımı. III cild. Xatirələr” kimi qiymətli sənəd
topluları və ölkəmizin bütün bölgələrində
həyata keçirilmiş soyqırımları tarixini əhatə
edən aşağıdakı tədqiqat əsərləri nəşr
olundu: "İstoriçeskie faktı o deəniəx armən
na azerbaydjanskoy zemle”; "Historical facts of Armenians actions in
Azerbaijan land”; "Qenoüid azerbaydjanskoqo naroda 1918 qoda:
orqanizatorı i palaçi”; Abışov V.V. "Azərbaycanlıların
soyqırımı (1917-1920-ci illər)”; "Vandalizm. Tarixi
adlara qarşı soyqırımı”; Qafarov V. "A
törtenelem veres, elfelejthetetlen pillanatai "Qenecıdium”;
"Azərbaycan xalqına qarşı 1918-ci il
soyqırımları”; Nəcəfli G.C. "1917-1918-ci illərdə
Urmiya bölgəsində azərbaycanlılara qarşı
soyqırımı” "(ATASE-nin sənədləri əsasında)”;
Nifteliev İ.V. "Qenoüid azerbaydjanüev v İrevanskoy
qubernii (1918-1920)”; Nəcəfli G.C. "1918-1920-ci illərdə
Şərqi Anadolu, Naxçıvan və İrəvan
bölgəsində ermənilərin türk-müsəlman əhaliyə
qarşı törətdikləri soyqırımı”; Gözəlova
N.R. "Azərbaycan türk-müsəlman əhalisinin
soyqırımı Britaniya kitabxanasının arxiv sənədlərində”;
Mustafa N. "İrəvan quberniyasında azərbaycanlıların
soyqırımı (1918-1920)”; Abışov V.V. "Bakıda
1918-ci il mart soyqırımı”; yenə onun
"Şamaxı qəzasında Azərbaycan xalqına
qarşı soyqırımı”; və "Quba qəzasında
türk-müsəlman soyqırımı”; Məmmədzadə
N. "Qenoüid azerbaydjanüev v Karabaxskom reqione Azerbaydjana
(1918-1920)”; İsmayılov K.N. "Zəngəzurda Azərbaycan
xalqına qarşı soyqırımı. (1918-1920)”;
Əlibəyli H.C. "Birinci Dünya müharibəsi illərində
Urmiyada türk-müsəlman əhalinin soyqırımı”;
Mahmudov Y.M. "Qenoüid turko-musulmanskoqo naseleniə
Azerbaydjana v 1918-1920 qodax”; yenə onun "Genocide of turkic-muslim
population of Azerbaijan in 1918-1920” və s.
İnstitut xalqımıza
qarşı soyqırımları ilə bağlı toplanmış
faktiki material əsasında xarici ölkələrin görkəmli
alimlərinin iştirakı ilə Bakıda, Şamaxıda, Gəncədə,
Qubada, Lənkəranda, Qusarda 6 beynəlxalq
soyqırımı konfransı keçirdi. Qusarda keçirilən Beynəlxalq
soyqırımı konfransında dünya alimləri A.A.Bakıxanov
adına Tarix İnstitutunun Deportasiyalar və
Soyqırımları Problemi üzrə Dünya Tarixçilərinin
Əlaqələndirmə Mərkəzinin təsdiq
olunması barədə qərar qəbul etdilər. Bütün bu soyqırımı konfranslarına
ölkəmizin başçısı müraciətlər
ünvanladı, Prezident Administrasiyasının məsul əməkdaşları
bu müraciətləri səsləndirdi.
Yeri gəlmişkən, xalqımıza qarşı soyqırımları tarixinə dair yeni-yeni faktlar aşkar olunduqca Tarix İnstitutunu "tarixi siyasiləşdirməkdə” qınayanlar da tapıldı. Belələrinin cavabını yenə Prezidentimiz verdi: soyqırımları tarixinin dövlət səviyyəsində araşdırılması qərara alındı. Akademiyanın prezidenti akademik A.A.Əlizadə soyqırımlarını araşdıran komissiyanın sədri, vitse-prezident akademik İsa Həbibbəyli isə onun müavini təsdiq olundu.
Tarix İnstitutu xalqımıza qarşı həyata keçirilmiş soyqırımları tarixini araşdırmaqda davam edir. Bu yolu ulu öndər başlamışdır. Bu yolu böyük cəsarət və müdrikliklə Prezident İlham Əliyev davam etdirir. Tarixçilər isə onlara verilmiş dövlət tapşırığını yerinə yetirərək və qarşılarına çıxan bütün maneələri dəf edərək bu yolla irəliləməyi özlərinə şərəf borcu hesab edirlər.
(Ardı var)
Yaqub MAHMUDOV,
AMEA-nın həqiqi üzvü,
əməkdar elm xadimi,
Dövlət mükafatı laureatı
Azərbaycan.-
2019.-21 may.- S.3.