İtaliya-Azərbaycan Dizayn Mərkəzinin açılışı olub

 

Mayın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İtaliya-Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova ötən ilin iyul ayında iki ölkə arasında bir çox sahədə əməkdaşlıq sənədlərinin, o cümlədən AzMİU ilə Milan Politexnik Universiteti arasında anlaşma memorandumunun imzalandığını xatırladıb. Rektor qeyd edib ki, həmin sənəddən irəli gələn məsələlərdən biri AzMİU-nun nəzdində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin yaradılması təşəbbüsü olub.

Professor Gülçöhrə Məmmədova mərkəzi yaratmaqda məqsədin ölkəmizdə dizayn ixtisası üzrə təhsil alan savadlı, bacarıqlı mütəxəssislər yetişdirmək, dizayn təhsilinin İtaliya dizayn təhsili səviyyəsinə yüksəlməsinə çalışmaq olduğunu vurğulayıb. Rektor AzMİU-da dizayn ixtisasını modernləşdirmək üçün təhsil proqramlarını da italyanların proqramına uyğunlaşdırmağın vacibliyinibu istiqamətdə müəyyən işlər görüldüyünü bildirib.

Gülçöhrə Məmmədova bu il ilk dəfə olaraq dizayn ixtisası üzrə ingilisdilli tədrisin aparıldığını, bununla da ilkin addımlar atıldığını söyləyib. Rektor AzMİU-nunMilan Politexnik Universitetinin birgə həyata keçirdiyi layihənin 2 il müddətində gerçəkləşdiriləcəyini, gələcəkdə bu müddətin artırılması, ikili diplom proqramların həyata keçirilməsinin qarşıya məqsəd qoyulduğunu diqqətə çatdırıb.

Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb.

Nazir deyib ki, AzMİU-da İtaliya-Azərbaycan Dizayn Mərkəzinin yaradılması ölkələrimiz arasında humanitar sahədə ikitərəfli əməkdaşlığın inkişafına dövlət səviyyəsində verilən yüksək diqqət və önəmin bariz nümunəsidir. Nazir belə bir mərkəzin yaradılmasının qeyd olunan iki universitet arasında faydalı əməkdaşlığın inkişafı üçün geniş imkanlar açacağını söyləyib.

Ceyhun Bayramovun sözlərinə görə, mərkəz Azərbaycanda dizayn ixtisası üzrə yüksəkixtisaslı mütəxəssis hazırlığının təkmilləşdirilməsinə, bu istiqamətdə iki ölkə arasında tələbə və müəllim mübadiləsinin inkişafına, birgə tədqiqatların aparılmasına mühüm töhfə verəcək. Hazırda ölkəmizin bir neçə universitetində dizayn ixtisası üzrə mütəxəssis hazırlandığına toxunan nazir həmin ali təhsil müəssisələrinin də bu layihədən faydalana biləcəyini diqqətə çatdırıb.

Ceyhun Bayramov yeni mərkəzin açılışı münasibətilə AzMİU kollektivini təbrik edərək onlara uğurlar arzulayıb.

İtaliyanın Bakıdakı səfiri Auqusto Massarini öz ölkəsi ilə Azərbaycan arasında təhsil əlaqələrinin əhəmiyyətindən bəhs edib. Səfir yeni mərkəzin dizayn ixtisasında təhsil alan tələbələrin mütəxəssis kimi yetişməsində mühüm rolu olacağına əminliyini vurğulayıb.

Milan Politexnik Universitetinin Dizayn Məktəbinin dekan müavini Françesco Zurlo və digər çıxış edənlər də mərkəzin təşkil olunmasını yüksək qiymətləndiriblər.

Sonra tədbir iştirakçıları dizayn ixtisasında təhsil alan tələbələrin italyan müəllimlərin rəhbərliyi altında keçirilən vorkşopda hazırladığı layihələrin təqdimatına baxıblar.

İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Könül Şirin qonaqları mərkəzin Sürətli Prototipləşdirmə Laboratoriyası, Maket studiyası və Ağac Emalatxanası ilə tanış edib.

Mərasimdə Milan Politexnik Universitetinin dizayn kafedrasının rəhbəri, professor Silvia Piardi, professor Mauro Cecenello, dosent Silvia Qrameqna iştirak ediblər.

 

Azərbaycan.- 2019.-21 may.- S.5.