Sönməyən ocağın işığı

 

Ev-muzeyi

 

Ev sahibinin baxışları divara vurulmuş saata dikilib. Saatın əqrəbləri hərəkətsizdir. Zaman dayanıb. Elə ev sahibi də keçmişdən baxır. Onun iri portretini sanki bilərəkdən bu köhnə divar saatı ilə üz-üzə qoyublar ki, zamanla həmsöhbət olsun... Yada salınacaq xatirələri isə çoxdur. Əvvəla, bu saatın özü bir tarixdir. Çünki onu portretdəki adama - böyük Cəfər Cabbarlıya 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru paşa hədiyyə edib. O vaxt ki, cəmi on doqquz yaşlı Cəfər Cabbarlı artıq neçə-neçə ölməz əsərin müəllifi kimi tanınır, sevilirdi. Və bu sevgi heç bitməyəcəkdi...

Sonralar sovet hakimiyyəti bir sıra əsərlərini, eləcə də Nuru paşanın başçılıq etdiyi ordunun erməni terroristlərinə qarşı qələbəsinə həsr etdiyi "Bakı müharibəsi”, "Trablis müharibəsi”, "Ədirnə fəthi” pyeslərini yaddaşlardan silməyə çalışacaqdı, ancaq Azərbaycan xalqı azadlıq mücadiləsi tarixində, ədəbiyyatının, mədəniyyətinin inkişafında ad qoymuş bütün övladları kimi, Cəfər Cabbarlını da sonsuz məhəbbəti və minnətdarlıq hissi ilə mükafatlandıracaqdı.

 

Mücadilə adamı

 

İndi bura xeyli susqun görünür. Çünki Cəfər Cabbarlının ev-muzeyi təmirə dayanıb. Buna görə hazırda muzeyin ekspozisiyası nümayiş etdirilmir. Eksponatların çoxu yığışdırılıb.

Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova ilə həmsöhbətik. Qəmər xanım Cəfər Cabbarlının nəvəsidir. Nənəsi Sona xanımdan, anası Gülarə xanımdan eşitdiyi xatirələri günlərlə danışsa, bitməz. Deyir ki, bu ev işığı yandırıldığı ilk gündən qonaq-qaralı olub: "Babamgil sanki böyük ailə idilər. Hər kəsin öz ev-eşiyi olsa da, bir həyətdə çox mehriban yaşayırdılar”.

Cəfər Cabbarlının 1899-cu il martın 20-də dünyaya göz açdığı, Xızıdakı evlərindən 1903-cü ildə köçüb Bakının Dağlı məhəlləsi adlanan yuxarı hissəsində məskunlaşmışdılar. Çox keçmədi ki, ailənin başçısı Qafar kişi vəfat etdi. Evin yükünü Şahbikə çəkməli oldu. O, dörd oğlunu əziyyətlə böyütdü. Heç olmasa kiçiyinin - Cəfərin oxuması üçün özünü oda-közə vurdu. Onu məhəllə mollasının, sonra isə Molla Qədirin yanında Quran öyrənməyə qoydu. Altı-yeddi yaşından anasının bişirdiyi çörəkləri alverçilərin dükanına daşımaqla ailəsinə kömək edən Cəfəri həyatın çətinlikləri ruhdan sala bilmədi. Təhsilini davam etdirdi. Erkən yaşlarından bədii yaradıcılıqla məşğul oldu. Azərbaycan Xalq Cümhuriyyətinin quruculuğunda gənc Cəfər də böyük ümidlərlə iştirak etdi.

 

Yaşamağa tələsirdi...

 

Sanki od parçasıydı. Olduğu hər yerdə işıq saçırdı. Arzularının, ümidlərinin qanadlarını qırmaq mümkünsüz idi. Canından çox sevdiyi Azərbaycanın azadlıq günəşinin qarşısına qara buludlar sədd çəkəndə də ruhdan düşmədi, bolşeviklərin qəddar işğalçılıq siyasətlərindən çəkinmədi. Məsləkdaşları ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətini yenidən bərqərar etmək üçün gizli fəaliyyət apardı. Bu yolda başı bəlalar çəkdi, həbsxanalara düşdü...

Sovet hakimiyyəti Cəfər Cabbarlının kimliyini unutmasa da, bahar seli kimi bəndə-bərəyə sığmayan istedadını etiraf etməli oldu. Onun pyesləri yenə səhnəyə qoyuldu, tərcüməçiliklə məşğul oldu.

Tələsirdi. Sanki ona istedadı böyük səxavətlə verən taleyinin ömür payını əsirgəyəcəyindən xəbərdardır.

Uzun illər yaşadıqları evin yanında tikinti işləri görülürdü. 1930-cu ildə tikinti başa çatdı. Cəfər Cabbarlının sevimli sonbeşiyi - Gülarə xanım bu evdə dünyaya göz açdı. 1934-cü ildə Cəfər Cabbarlı burada vəfat etdi. Sona xanım, övladları bu evdə onun xatirələrini hər zaman canlı saxladılar.

 

Burada varsa, Cabbarlıdan "danışır

 

Bura 1979-cu ildən - Cabbarlının 80 illik yubileyindən ev-muzeyi kimi fəaliyyət göstərir. Bu il Cəfər Cabbarlının 120, muzeyin yaradılmasının 40 ili tamam olur.

...Açılış mərasimi 1982-ci il martın 22-də keçirildi. Cəfər Cabbarlının ev-muzeyinin ilk direktoru Gülarə Cabbarlı oldu. Gülarə xanım dörd yaşında itirdiyi, xəyallarında yaşatdığı atasından böyük məhəbbətlə danışırdı. 2018-ci ilin fevralında Cəfər Cabbarlının qızı da dünyadan köçdü. İndi bu ev həm Gülarə xanımın xatirələri ilə doludur.

120 illiyini qeyd etdiyimiz Cəfər Cabbarlının evi bu gün əsaslı təmirə, qayğıya möhtacdır. Muzeyin direktoru Qəmər Bağırova bildirir ki, 40 il qabaq bu mədəniyyət ocağı əlli yeddi eksponatla qapılarını açdı. Hazırda muzeydə on mindən çox nümunə qorunub saxlanılır. Muzeyin ekspozisiyasında ədibin həyat yaradıcılığını əks etdirən sənədlər fotoşəkillər, məktublar, özünə ailəsinə məxsus şəxsi əşyalar, ayrı-ayrı tamaşalarına hazırlanan səhnə maketləri maraqlı rəsm əsərləri var. Görkəmli şəxsiyyətlərin yazıçıya bağışladıqları hədiyyələr, həmçinin Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın hədiyyəsi olan divar saatı, asılqan, çarpayı, 1934-cü ildə yazıçıların I qurultayında rus yazıçısı Maksim Qorkinin hədiyyəsi olan qrammofon ekspozisiyada yer alıb. Muzeyin maraqlı eksponatlarından biri 1946-cı ildə xalçaçı-rəssam Lətif Kərimovun eskizi ilə Gəncə şəhərində toxunmuş, üzərində ədibin şəkli, əsərlərinin adları həkk olunan böyük xalçadır. Həmçinin Cəfər Cabbarlı irsinin tədqiqinə dair elmi əsərlər eksponatlar arasındadır. Yeni daxil olan materiallar hesabına muzeyin eksponatları gündən-günə zənginləşir.

Muzeyin direktoru deyir ki, Cabbarlının ev-muzeyi müvəqqəti olaraq qonaqlarını qəbul edə bilməsə , fəaliyyətini davam etdirir, müxtəlif yerlərdə böyüməkdə olan gənc nəsillə - tələbələr məktəblilərlə, ədəbiyyat həvəskarları ilə görüşlər keçirirlər. Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar ayrı-ayrı tədbirlər təşkil edirlər.

Böyük millətsevər, mili mücahid, yazıçı, dramaturq, şair, tərcüməçi, kino xadimi, bəstəkar, aktyor Cəfər Cabbarlının çoxşaxəli ədəbi irsi, həyat yaradıcılığını əks etdirən əsərləri, əşyaları Bakının mənzərəli yerlərindən birində, qədimliyini qoruyan evində yaradılmış muzeydə saxlanır. Bu ev özü , sahibi kimi, tariximizin bir hissəsidir. Çünki burada olanlar Cəfər Cabbarlıdan "danışır”.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.- 21 may.- S.6.