Cəfər Cabbarlı haqqında xatirələr

 

Sabit Rəhman, yazıçı, dramaturq:

"Orta məktəbdə oxuduğum zaman Cəfər Cabbarlını yalnız ikicə dəfə görə bilmişdim. Ancaq aramızda onun haqqında hər gün söhbət olurdu. Cəfər yaradıcılığı hamımızı maraqlandırmağa başlamışdı. Onun əsərlərindəki qanadlı sözlər, oynaq cümlələr dillərdə dolaşırdı. Belə bir istedadın meydana çıxması ürəklərimizdə qəribə sevinc doğurmuşdu. Tələbə konsertlərində "Aydın”dan, "Oqtaydan monoloqlar oxunurdu. Elə gecə olmurdu ki, orada Cəfərin "Şərq” və ya "Anaşeiri deklamasiya deyilməsin”.

 

***

 

"1934-cü il dekabrın 29-u ...Yazıçılar İttifaqının sədri Kazım Ələkbərli eyni zamanda Azərbaycan Dövlət Universiteinin rektoru vəzifəsini daşıyırdı. Mənim Dağlı məhəlləsindəki otağım çox yöndəmsiz idi. Yaşamaq mümkün deyildi. Bu barədə Kazım Ələkbərliyə demişdim. O da mənə tapşırmışdı ki, ayın 29-da universitetdə olacağam, gəl, dövlət telefonu ilə zəng edib sənin otaq məsələni danışım.

Getdim. Cəfər Cabbarlı Kazımın yanında oturmuşdu. Məni görüb hal-əhval tutdu və gəlməyimin səbəbini soruşdu. Kazım ona otaq məsələsini danışanda Cəfər gülüb dedi:

- Heç yerə zəng eləmək lazım deyil. Onun otağı məndə.

Dekabrın 31-də saat 10-a 20 dəqiqə qalmış universitetin pillələri ilə qalxdıqda qabağıma yazıçı Qafur Əfəndiyev (Kantemir) çıxdı. Yaylığı gözünə sıxmışdı, ağlayırdı. Nə olduğunu soruşduqda hıçqırıqlar içində cavab verdi:

- Cəfər Cabbarlı ölüb...…

Son dəfə mən onu akademiyanın salonunda gördüm. Fəxri qarovulda dayanmışdıq, yoldaşlarım kim idi, yadımda deyil, cavan yazıçılardan bir dəstə düzəltmişdilər. Mən gözlərimi onun üzünə zilləmişdim. Öldüyünə inana bilmirdim. Mənə elə gəlirdi ki, indicə tərpənəcək, yenə də həmin məsum təbəssümlə gülümsəyəcək”.

 

***

 

Nigar Rəfibəyli, xalq şairi:

"34-cü ildə unudulmaz sənətkarımız Cəfər Cabbarlının ölüm xəbərini Moskvada aldıq. Gəncliyimin fırtınalı illərində mənə böyük qardaşı əvəz etmiş, sevdiyim bir sənətkarın ölümü məni sarsıtmışdı. Bir neçə il sonra isə dostumuz, qardaşımız Müşfiqin itkisi ürəyimizdə yeni bir yara açdı...”

 

Azərbaycan.- 2019.- 21 may.- S.6.