Yenilənmiş elektrik qatarları
təzələnmiş dəmir yolları ilə Abşerona qayıdır
Bu, hərəkətin sürətini və
rahatlığını artırmaqla sakinləri hədsiz sevindirir
Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb söhbət etdi.
Prezident İlham Əliyevi salamlayan Sabunçu qəsəbəsinin sakini Arazxanım MƏRDANOVA dedi:
- Bizim Sabunçu qəsəbəsinə xoş gəlmisiniz. Bu gün Sizin sayənizdə burada möhtəşəm dəmir yolu vağzalı açılır. Siz bunları xalqımızı, övladlarımızı düşünüb edirsiniz. Allah Sizə cansağlığı versin. Siz Ulu Öndərimizin davamçısısınız. Biz Sizə güvənirik, Azərbaycanımız Sizə güvənir. Siz bizim böyük dayağımızsınız. Sakinlər adından Sizə "Sağ olun!” deyirik.
Prezident İlham ƏLİYEV dedi:
- Çox sağ olun, təşəkkür edirəm. Mən də çox şadam ki, bu gün bu gözəl vağzal kompleksi istifadəyə verilir. Çox gözəl binadır. Bu binanın tikintisi bir daha onu göstərir ki, hər bir qəsəbənin problemləri diqqət mərkəzindədir. Çalışırıq ki, bütün qəsəbələrdə quruculuq-abadlıq işləri aparılsın, vətəndaşlar üçün yeni imkanlar yaradılsın. Dünyanın ən qabaqcıl şirkətlərindən birinin istehsalı olan yeni vaqonlar alınıb və bundan sonra gediş-gəliş çox rahat olacaq. Yolboyu Bakıxanov, Keşlə dayanacaqları da yenidən qurulub. Bu vağzal kompleksi də göz oxşayır. Şadam ki, bu gün belə bir gözəl tədbiri biz birlikdə qeyd edirik. Bu, bir daha onu göstərir ki, şəhər nəqliyyatına çox böyük diqqət yetirilir. İndi avtobuslar alınıb, bu il əlavə 300 avtobus alınacaq. Metro tikintisi gedir, yeni vaqonlar alınır, yollar çəkilir, dəmir yolu vağzalları, yəni, nəqliyyat infrastrukturumuz kompleks şəkildə yenilənir. Sizdə işlər necədir?
Sakinlər: Sağ olun, minnətdarıq.
Prezident İlham ƏLİYEV: Həllini gözləyən, bu gün hələ həll olunmamış hansı məsələlər var?
Sakin Əkbər HÜSEYNOV: Adi bir qəsəbədə belə gözəl vağzal inşa olunub. Bu, çox gözəldir. Bu qəsəbənin sakiniyəm, 70 ilə yaxındır ki, burada yaşayıram. Ancaq nə vaxtsa belə bir möhtəşəm binanın inşa olunacağı heç ağlımıza da gəlməzdi. Hər bir açılışı televizordan görəndə fərəhlənirdik. Bu gün özüm bu açılışda iştirak edirəm və bunu əyani surətdə görürəm. Çox sevinirəm. Əlbəttə ki, bunlar hamısı xalqın rifah halının yaxşılaşdırılması üçün Sizin gördüyünüz işlərdir. Sizə təşəkkür edirik.
Prezident İlham ƏLİYEV: Sağ olun. Demək olar ki, hər gün ölkəmizdə - Bakıda, bütün rayonlarda, Bakıətrafı qəsəbələrdə, hər yerdə hansısa obyektin açılışı olur, istər sosial obyekt, istər infrastruktur obyekti. İndi yol çəkilişi sürətlə gedir, Sabunçu rayonunun da yollarının təmiri ilə bağlı işlər görülür. Yəni, çalışırıq, maksimum nə mümkündürsə edək ki, insanlar daha da yaxşı yaşasınlar, maddi rifah artsın, dolanışıq daha yaxşı olsun. Ona görə bu istiqamətdə bundan sonra da addımlar atılacaq. Pensiyaların, əməkhaqlarının, müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən biridir. Belə gözəl binalar vətəndaşlara xidmət edəcək.
Sakin Əkbər HÜSEYNOV: Əlbəttə, hamısı Sizin sayənizdədir. Bu dəmir yolunun fəaliyyətə başlaması avtobusların yükünü xeyli azaldacaq.
Prezident İlham ƏLİYEV: Əlbəttə, vaxt baxımından da çox sərfəli olacaq.
Sakinlər: Təşəkkür edirik, sağ olun.
Prezident İlham
ƏLİYEV: Sağ olun.
x x x
Sonra Prezident İlham Əliyev yaxınlıqdakı
mağazaya gəldi, alıcılar və satıcılar ilə söhbət etdi.
Qarabağ müharibəsi
əlili Məzahir
ORUCOV: Xoş gəlmisiniz, cənab Prezident. Sizinlə fəxr edirik. Allah Sizi qorusun.
Şəhid anası
Səyyarə NƏZƏROVA: Xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham
ƏLİYEV: Sağ olun, necəsiniz?
Səyyarə NƏZƏROVA: Çox
sağ olun,
Allah Sizdən, dövlətimizdən
razı olsun. Siz çox gözəl insansınız. Bizim dövlətimiz
çox yaxşı dövlətdir. Çünki
hər yerdə əmin-amanlıqdır, hamı
qayğımızı çəkir,
çox sağ olun.
Məzahir ORUCOV: Cənab Prezident,
biz Qarabağ qaziləri
Sizinlə fəxr edirik. Allah Sizi, dövlətimizi qorusun.
Prezident İlham
ƏLİYEV: Ticarət necə gedir?
Səyyarə NƏZƏROVA: Çox yaxşı,
şükür Allaha,
hər günümüzə
min şükür.
Prezident İlham
ƏLİYEV: Məhsulların neçə
faizi yerli mallardır?
Satıcı: Demək olar ki, 90 faizi.
Sakinlər: Çox sağ olun, cənab Prezident. Sizinlə fəxr edirik. Allah Sizi qorusun.
Prezident İlham
ƏLİYEV: Sağ olun.
x x x
Prezident İlham
Əliyevin 2018-ci il 22 yanvar tarixli Sərəncamına
əsasən, Bakı
sərnişin-Sabunçu dəmir
yolu yenidən inşa olunub. Layihənin tərkib hissəsi olan Sabunçu dəmir yolu vağzalı tamamilə yenidən qurulub. İnşasına ötən
ilin iyunundan başlanılan üçmərtəbəli
binanın ümumi sahəsi 4,1 min kvadratmetrdir. Artıq Sabunçu dəmir
yolu vağzalı kompleksi sərnişinlərə
xidmət göstərməyə
tam hazırdır.
Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını
bildirən lenti kəsdi.
Sonra xatirə şəkli çəkdirildi.
"Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Cavid Qurbanov dövlətimizin başçısına
layihə üzrə görülən və görüləcək işlər
barədə ətraflı
məlumat verdi.
Qeyd edildi ki, layihəyə əsasən Bakı dairəvi dəmir yolu xətti üzrə görülən
işlərin davamı
olaraq Məmmədli kəndində uzunluğu
17 metr olan yeraltı avtomobil keçidi, həmçinin
Kürdəxanı kəndində
uzunluqları 22 metr olan yeraltı avtomobil və yerüstü piyada keçidləri tikilib.
Prezident İlham
Əliyev Sabunçu dəmir yolu vağzalında yaradılan
şəraitlə tanış oldu.
Binanın birinci mərtəbəsində
gözləmə zalı,
bilet satışı
kassaları, məlumat
bürosu, server otağı,
əşyaların saxlanması
kamerası yerləşir. Hər üç
mərtəbədə ticarət
mərkəzlərinin yaxın
günlərdə istifadəyə
verilməsi planlaşdırılır.
Burada müasir dizaynla tərtib olunan istirahət guşələri
sərnişinlərin rahatlığını
təmin edəcək.
İşçilərin əmək fəaliyyəti
üçün bütün
lazımi imkanın olduğu binada, eyni zamanda, hərəkət
qabiliyyəti məhdud
olan insanlar üçün də xüsusi şərait yaradılıb. Vağzalda müasir
təhlükəsizlik kameraları,
yanğınsöndürmə və havalandırma sistemləri, əlavə olaraq eskalator, lift, 17 turniket quraşdırılıb,
iki piyada alt keçidi inşa edilib. Layihə çərçivəsində
Sabunçu vağzalında
iki yeni platforma salınıb, işıqlandırma dirəkləri
və müasir sərnişin dayanacaqları
quraşdırılıb. Stansiyadakı üç dəmir
yolu xətti tamamilə yenidən qurulub. Sabunçu vağzalında dəmir
yolu polisinin üçmərtəbəli binası
da tikilib və zəruri avadanlıqla təchiz olunub.
Sonra Prezident İlham Əliyev Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülən
işlərlə tanış olmaq üçün qatarla Bakı Dəmir Yolu Vağzalına yola düşdü.
Qeyd edildi ki, bu marşrut
üzrə dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir. Bakı sərnişin - Sabunçu
dəmir yolu xətti üzərindəki
Bakıxanov, Koroğlu,
Keşlə və Nərimanov dayanacaqları
tamamilə yenidən qurulub.
Bu gün
Azərbaycan nəqliyyatının
ən böyük sahələrindən biri dəmir yolu sektorudur. Azərbaycanın nəqliyyat sisteminin
əsas sahələrindən
olan dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir. Belə ki, son zamanlar bu sahənin inkişafı, yüksək
dünya standartlarına
çatdırılması istiqamətində məqsədyönlü
layihələr, böyük
həcmli işlər
həyata keçirilir.
Prezident İlham Əliyevin imzaladığı sərəncamlar,
qəbul olunan dövlət proqramları
bu sahədə islahatların daha da sürətlənməsinə,
dəmir yolu nəqliyyatı vasitələrinin
müasirləşdirilməsinə müsbət təsirini göstərib. Bakı Sərnişin-Sabunçu
dəmir yolu xəttinin yenilənməsi
də bu işlərin davamıdır.
Dövlətimizin başçısı
Bakıxanov dayanacağında
yaradılan şəraitlə
tanış oldu.
Dayanacağın ümumi sahəsi 7 min kvadratmetrdir. Burada iki turniket binası və platforma tikilib. Bundan başqa, 16 turniket, uzunluğu 30 metr, eni 3,9
metr olan yerüstü piyada keçidi inşa edilib. Bakıxanov dayanacağının ərazisində yaşıllıqlar
salınıb, avtomobillər
üçün dayanacaq
yaradılıb. Müasir işıqlandırma
sistemi ilə təchiz olunmuş platformalarda sərnişinlərin
rahatlığı üçün
hər cür şərait var.
Bildirildi ki, Bakı sərnişin
- Sabunçu dəmir
yolu xətti üzərində yerləşən
Koroğlu dayanacağının
ümumi sahəsi isə 15 min kvadratmetrdir. Dayanacaqda iki
turniket binası inşa edilib, 17 turniket, müasir işıqlandırma dirəkləri,
oturacaqlar quraşdırılıb.
Sonra Prezident İlham Əliyev Keşlə dayanacağında
yaradılan şəraitlə
tanış oldu.
Məlumat verildi ki, ümumi
sahəsi 10 min kvadratmetr
olan Keşlə dayanacağında da iki turniket binası
tikilib. Bundan başqa, dayanacaqda iki platforma, 10 turniket, uzunluğu 39 metr, eni isə
2,5 metr olan yeraltı piyada keçidi mövcuddur. Ətrafda yaşıllıq və abadlıq işləri görülüb, avtomobillər
üçün dayanacaq
yaradılıb. Platformada müasir
işıqlandırma və
yanğınsöndürmə sistemi quraşdırılıb.
Diqqətə çatdırıldı ki, Nərimanov stansiyasının binası da əsaslı təmir edilib, platformalar və buradakı yerüstü piyada keçidi yenidən qurulub. Stansiyada yeni dəmir yolları salınıb və müasir işıqlandırma dirəkləri quraşdırılıb. Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə bütün rabitə və işarəvermə işləri tamamilə yenilənib, elektrik dirəkləri, rigelləri və kontakt şəbəkəsi yenidən qurulub.
Bütün bunlar son illərdə ölkəmizdə nəqliyyat infrastrukturunun davamlı inkişafı üzrə dövlət siyasətinin tərkib hissəsidir. Bu gün Azərbaycanda dəmir yolu infrastrukturunun müasirləşdirilməsi, beynəlxalq standartlara uyğun qurulması Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi inkişaf strategiyasının bəhrəsidir. Bu strategiya Azərbaycanı Qərb ilə Şərq, Şimal ilə Cənub arasında ən mühüm nəqliyyat qovşağına çevirir.
Prezident İlham Əliyevin görülən işlərlə tanışlığı Bakı Dəmir Yolu Vağzalında başa çatdı.
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan.-
2019.-22 may.- S.1-2.