Dövlət Gömrük Komitəsi ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

 

Dövlət Gömrük Komitəsi (DGK) ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, mayın 21-də DGK-nın sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

Ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində görülən tədbirlər barədə məlumat verən S.Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində həyata keçirilən islahatların Azərbaycan gömrüyünün beynəlxalq aləmdə etibarının artmasına, müasir texnologiyaların və innovativ layihələrin tətbiq edildiyi qabaqcıl və mütərəqqi quruma çevrilməsinə şərait yaratdığını vurğulayıb.

O, BMT ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında mövcud əlaqələrdən söhbət açıb və səmərəli əməkdaşlığın gömrük xidmətinin inkişafına müsbət təsirindən danışıb.

S.Mehdiyev, həmçinin Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsinin sərhədlərin təhlükəsizliyinin gücləndirilməsinə, əmtəə və xidmət keçidlərinin asanlaşdırılmasına mühüm töhfə verdiyini bildirib.

Birgə reallaşdırılan layihələri bütövlükdə BMT İnkişaf Proqramının Dövlət Gömrük Komitəsinə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən DGK-nın sədri bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu deyib.

Q.İshaqzai təmsil etdiyi qurumun gömrük orqanları ilə əlaqəli fəaliyyətindən söhbət açıb, gömrük sistemində həyata keçirilən islahatları yüksək qiymətləndirib, Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlığın perspektivləri barədə fikirlərini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2019.-22 may.- S.5.