Turizm mövsümü yol təsərrüfatı müəssisələrinin də işini artırır

 

Əsasən dağlıq və dağətəyi ərazilərlə əhatə olunan, şimal-qərb bölgəsinin mirvarisi sayılan Qax rayonunda yol infrastrukturunun normal vəziyyətdə olmasına həmişə həssas yanaşılıb. Dövlət dəstəyi sayəsində yeni yolların salınması və mövcud olanların yenidən qurulması istiqamətində əhəmiyyətli addımlar atılıb.

13 saylı Yol İstismar İdarəsinin baş mühəndisi Rövşən Heydərov deyir ki, son illər Qax rayonunun yol infrastrukturunda keyfiyyət dəyişikliklərinə nail olmaq üçün zəruri addımlar atılır. Cari il üçün nəzərdə tutulan ən mühüm layihə Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun 96-cı kilometrliyindən Qax-İlisu istiqamətində yolun tikintisidir. Hazırda bu yöndə işlər görülür.

Yolun ümumu uzunluğu 35,5 kilometrdir. Həmin marşrut üzərində olan yolların da hər birinin təmiri nəzərdə tutulur. Bunlara Turaclı, Qarameşə, Əmircan və Meşəbaş kəndləri daxildir. Artıq kəndlərin giriş yollarında torpaq işləri yekunlaşıb, müxtəlif diametrli suötürücü boruların təmiri tamamlanıb, iki yol asfalt- beton örtüyün çəkilməsi üçün hazırlanıb. Hava şəraiti imkan verən kimi həmin işlərin ən yüksək səviyyədə icrası düşünülür.

Qax rayonu ərazisindəki turizm infrastrukturu əsasən İlisu kəndi ərazisində cəmləşib. Odur ki, bu istiqamətdə yolların yenidən qurulması həm də turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək. Cari ilin sonuna kimi layihə üzrə nəzərdə tutulan işlərin yekunlaşması nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Qax Yol İstismar İdarəsi 181 kilometrlik yerli əhəmiyyətli yollara xidmət göstərir. Bu il idarə Qorağan-Qax-Zaqatala avtomobil yolunun bir hissəsini əsaslı təmir edəcək. Bu hissə 13,2 kilometrdir. Yolun Qax-Zaqatala arasındakı hissəsi isə 2016-2017-ci illərdə yenidən qurulub.

 

Əli XASAYOĞLU

 

Azərbaycan.- 2019.-22 may.- S.6.