Qafqazın dan ulduzu
Azərbaycan regionda sülhün
təminatçısı kimi
çıxış edir
Azərbaycanın bölgədə və dünyada sülhün qorunması istiqamətindəki atdığı addımlar, dəstək verdiyi nəhəng layihələr, evsahibliyi etdiyi beynəlxalq tədbirlər göz qarşısındadır. Bütün bu tədbirlərin hamısı Azərbaycanın dövlət siyasətinin sülhə, əmin-amanlığa xidmət göstərdiyini sübut edən ciddi faktorlardır.
Ölkəmizin inamla reallaşdırdığı sülh siyasəti ən mürəkkəb, mübahisə doğuran məsələlərin diplomatik danışıqlar yolu ilə həllinə rəvac verir, Prezident İlham Əliyev fəaliyyətində Qafqazda və dünyada sülhün, sabitliyin qorunmasını əsas tutur, şimal və cənub qonşuları arasında münasibətlərin sülh məcrasında inkişaf etməsi üçün əlindən gələni əsirgəmir, vacib hallarda vasitəçilik missiyasını nümayiş etdirir. İlham Əliyevin diplomatik gedişləri, siyasi danışıqları sülh məcrasına yönəltmək bacarığı son 15 ildə ölkəmizin beynəlxalq aləmdə nüfuzunu birəon artırmışdır. Bu gün Azərbaycan Qafqazın sülhsevər ölkəsi kimi adını dünyanın siyasi xəritəsinə yazdıra bilmiş, Qafqazın dan ulduzuna çevrilmişdir.
Azərbaycan ən gərgin və uzun illər dalana dirənən məsələlərin həllində sadə və hamını qane edən diplomatik gedişlər etmək qüdrətinə malikdir. Buna nümunə kimi Xəzərin statusunun həllini götürək. Dövlət başçısının müdrik və uzaqgörən siyasəti, diplomatik məharəti onilliklər boyu davam edən qarşılıqlı iddiaların və anlaşılmazlıqların dalanından qurtulmağa imkan verdi, Xəzəryanı dövlətlərin diplomatik münasibətlərinə canlanma gətirdi və həlli tapılmayan bütün məsələlərin hamını qane edən məcraya yönəlməsində məxsusi rolunu oynadı.
Bədnam və işğalçı qonşumuz isə iki dəniz arasında "böyük Ermənistan” yaratmaq mərəzinə tutulmuşdur. Erməni millətçilərinin bir neçə əsrlik fəaliyyəti bu mərəzin xroniki olduğunu təsdiq edir. Ermənistan Qafqazda "demokratik dövlət” adı altında nasizmin təbliği və qonşularının ərazilərinə iddialarla yaşayırsa, Azərbaycan sülh ənənələrinə sadiqdir. Paşinyanın "demokrat” kimi hakimiyyətə gəlib işğal edilmiş ərazilərdə yallı getməsi, yəni demokratdan daha çox sırf nasist kimi çıxış etməsi erməni ideologiyasının işğala sadiq qalmaq və ərazi ambisiyalarını davam etməyə maraqlı olduğunu ortaya qoymuşdur.
Maraqlısı odur ki, bu gün "qədim”liyini, dünyəvi və demokratik dəyərlərə "sədaqət”ini əlində bayraq edən işğalçı Ermənistanın yeni rəhbərliyinin köhnələri yamsılaması acı ironiya doğuran parodiyadan savayı bir şey deyil. Əgər Azərbaycan diplomatiyası dövlətin bütün siyasi məqsədlərinin sülh və danışıqlar yolu ilə əldə edilməsinə yönəlibsə, Ermənistan "diplomatiya”sı ən sadə məsələlərin həllini müharibələrin dalanında eşələnib axtarır.
Bəli, artıq özünü dünyaya Qafqazın söz sahibi kimi təqdim edən Azərbaycanın diplomatik sülh cəhdləri göz önündədir. Göz önündə olan həm də Ermənistanın gizlədə bilmədiyi və gizlətmək istəmədiyi işğalçılıq siyasətidir. Eyni zamanda, qonşu ölkənin Qafqazı qan çanağına, müharibə ocağına çevirmək, Rusiya ilə Türkiyəni müharibəyə çəkmək cəhdləri də diqqətdən kənar qalmamalıdır. Erməni millətçiləri bu məqsədlər üçün dünyanın böyük güc mərkəzləri ilə istənilən məzmunda əməkdaşlığa qoşulur və bununla siyasi tərəfdaşlarını əlcək kimi dəyişirlər.
Cənubi Qafqazda coğrafi mənada bu iki xalq qonşudur, yan-yana yaşayır. Lakin onlar fərqli dəyərlərə və fərqli məqsədlərə xidmət edirlər. Hərbi müstəvidə Azərbaycanla Ermənistan arasında sərhəd boyu səngərlər qazılıb, atəşkəs olsa da Ermənistanın işğalçı qüvvələri Azərbaycan torpaqlarındadır, dinc əhalıni atəşə tutur, günahsız insanları qətlə yetirir. Atəşkəs adlı sükut altında "qonşuluq” edən iki dövlətin sülh proseslərinə münasibəti fərqlidir. Azərbaycan əmin-amanlığa, Ermənistan isə işğal ideyalarına sadiqdir.
Azərbaycan Prezidenti işğalçılıq siyasətinin Ermənistan iqtisadiyyatına qənim kəsildiyini deyir: "Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik. Yəni bütün bu və başqa amillər, əlbəttə, bizim hərbi qüdrətimiz Ermənistanı bu ağır vəziyyətə salmışdır”.
Azərbaycan diplomatiyası Ermənistanın xəstə nasist ritorikasından fərqlidır, neytrallığını qoruyur, diplomatik ünsiyyətlərin artırılmasına, danışıqların aparılmasına, münaqişəli məqamların açıq müzakirəsinə gedir, rəsmi və işgüzar səfərlərə üstünlük verilir. Bakı artıq neytral tərəf kimi böyük güclərin diplomatik görüşlərinə, çoxsaylı beynəlxalq tədbirlərə, konfranslara, forumlara evsahibliyi edir, ikitərəfli və çoxtərəfli beynəlxalq sazişlərin bağlanılmasında, diplomatik sənədlərin imzalanmasında fəaldır.
Bütün bu diplomatik səylərin fonunda isə Ermənistanın millətçi nasist ideologiyası öz təcridini gücləndirir. İrəvan beynəlxalq münasibətlər sistemində bütün qonşularına diş qıcayır, hamını müharibəyə sürükləməyə açıq və gizlin cəhdlər edir. Ermənistan həmçinin beynəlxalq aləmdə "sədaqətini itirmiş məşuqə” kimi hamının gözündən düşür. Rusiya Xarici İşlər Nazirliyi erməni nasist ideologiyasının müəllifi və Hitlerin əlaltısı Njdenin İrəvanda ucaldılan abidəsinə ilk baxışda göz yumsa da, qəzəbini də gizlətmədi.
Bəli, bu gün Azərbaycan iki dəniz arasında sülh bayrağını ucaya qaldıra bilən, daim əməkdaşlığa sadiq qalan, Ermənistan isə əbədi sədaqət andı içdiyi istənilən dövlətə xəyanət etməyə qadir və hazır olan ölkə kimi tanınır.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2019.-23 may.- S.1; 5.