“The National Interest” jurnalında “Cənub qaz
dəhlizi”nin əhəmiyyəti və Transxəzər qaz kəmərinin imkanları barədə məqalə
dərc edilib
Amerikada çıxan "The National Interest” jurnalında "İrs Fondu” yanında Ellison adına Xarici Siyasi Araşdırmalar Mərkəzinin direktoru Lyuk Koffinin və Vaşinqtondakı Xəzər Siyasi Mərkəzinin direktoru Əfqan Niftinin məqaləsi dərc edilib.
AZƏRTAC-ın yaydığı xəbərdə bildirilir ki, məqalədə Transxəzər qaz kəmərinin imkanlarından bəhs edilir. Müəlliflər yazırlar ki, Cənubi Qafqazda birinci enerji boru kəməri hələ 1906-cı ildə fəaliyyətə başlayıb. Xəzər dənizi sahilindəki Bakı limanını Qara dənizdən Batumi limanı ilə birləşdirən həmin boru kəməri layihəsi üçün istifadə edilmiş borular Mariupolda (Ukrayna) hazırlanırdı. Bu fakt geniş bir regionda mövcud olmuş və hələ də üstünlük təşkil edən qarşılıqlı əlaqələrin möhkəmliyinə sübutdur.
Müəlliflər yazırlar ki, diametri cəmi 20 santimetr olan həmin boru kəmərindən ağ neftin nəql edilməsi üçün istifadə olunurdu. İndi o vaxtdan bir əsrdən çox keçəndən sonra həmin boru kəmərinin əvəzinə Orta Asiyanı Avropa ilə birləşdirən müasir qaz və neft kəmərləri şəbəkəsi qurulub. Lakin regionda istifadəyə verilmiş və hələ tikilməkdə olan bütün boru kəmərlərini nəzərə aldıqda belə, daha bir mühüm tərkib hissə çatışmır. Transxəzər qaz kəməri təbii qazın Xəzər dənizindən nəql edilməsinin iqtisadi baxımdan yeganə məqsədəuyğun üsuludur, çünki maye qazın belə qısa məsafədə dəniz yolu ilə nəql edilməsi sadəcə sərfəli deyil.
Transxəzər boru kəməri Avropanın enerji
landşaftını dəyişdirə bilər. Son hesablamalara görə, Xəzər regionunda 292 trilyon kub fut
təbii qaz var. Bu o deməkdir ki, Xəzər regionu dünyada ən zəngin ehtiyatlara malik olan regiondur. Azərbaycan
2018-ci ilin ortalarında
Transanadolu boru kəməri (TANAP) vasitəsilə
Türkiyəyə qaz
nəql etməyə başlayıb və gələn il
Transadriatik qaz kəməri vasitəsilə
İtaliyaya nəql etməyə başlayacaq.
"Cənub qaz dəhlizi”nin layihə gücünün
31 milyard kubmetrə bərabər olduğunu nəzərə alsaq, gələcək Transxəzər
qaz kəmərindən
qaz nəqlini daha da artırmaq
mümkün olacaq.
Transxəzər qaz kəməri
Avropa ölkələrinin
digər təchizatçıların
inhisarından asılılığını
da azalda bilər. Üstəlik,
keçən il beş Xəzəryanı ölkə
tərəfindən imzalanmış
Xəzər dənizinin
hüquqi statusu barədə Konvensiya boru kəmərlərini yalnız layihədə iştirak edən ölkələrin razılığı
ilə çəkməyə
imkan verir ki, bu da
öz növbəsində
yeni imkanlar yaradır.
Lakin Koffi və Niftinin
fikrincə, Transxəzər
boru kəmərini inşa etməzdən əvvəl Bakı və Aşqabad Xəzər dənizində
Azərbaycanın və
Türkmənistanın offşor
yataqları arasında
interkonnektor tikilməsi
məsələsini həll
etməlidirlər. Gələcəkdə interkonnektorlardan istifadə
etməklə Qazaxıstanın
qaz yataqlarının da bu kəmərə
qoşulması variantları
öyrənilməlidir, çünki
Qazaxıstanın bəzi
yataqları kommersiya baxımından rentabelli sayıla bilməz, onlar kifayət qədər yaxın yerləşir.
Türkmənistan və Azərbaycanın mövcud qaz yataqlarını birləşdirən
interkonnektorun uzunluğu
cəmi 60 mil olacaq və onun tikintisinə
cəmi 500 milyon dollar
xərc çəkmək
lazım gələrdi. Müqayisə
üçün bildirək
ki, bütün Transxəzər boru kəmərinin tikintisinə
təqribən 1,5 milyard dollar lazım gələcək. İnterkonnektorun olması Avropanın uzunmüddətli enerji təhlükəsizliyinə şərait
yaradan böyük nailiyyət olardı.
Transxəzər boru kəmərinin tikintisinin başa çatdırılması Birləşmiş
Ştatlar üçün
də bir sıra üstünlüklər
yaradacaq. Maraqlıdır ki, Tramp administrasiyasının
bəzi nümayəndələri
bu faktı indidən etiraf edirlər. Prezident
Tramp bu yaxınlarda Türkmənistan Prezidenti
Qurbanqulu Berdiməhəmmədova
Novruz bayramı münasibətilə göndərdiyi
məktubundan yazırdı:
"Ümidvaram ki, Türkmənistan bu yaxınlarda Xəzər dənizinin hüquqi statusu müəyyən ediləndən sonra Qərbə qaz ixracı üçün
yaranmış yeni imkanlardan istifadə edə biləcək”. Transxəzər boru kəmərinin
Birləşmiş Ştatlar
üçün ən
aşkar üstünlüyü
ondan ibarətdir ki, bu kəmər
Avropanın enerji təhlükəsizliyini artıracaq.
Koffi və Nifti öz
məqalənin sonunda
yazırlar ki, Tramp administrasiyası "Cənub
qaz dəhlizi” və Transxəzər boru kəməri kimi alternativ mənbələrdən qaz
təchizatı layihələrinin
həyata keçirilməsini
dəstəkləməlidir. Tramp
administrasiyası bu məsələdə
1990-cı illərdə Bakı-Tbilisi-Ceyhan boru
kəməri layihəsinin reallaşdırılması məsələsində
Bill Klinton
administrasiyasının nümayiş etdirdiyi kimi qətiyyətli
olmalıdır.
Azərbaycan.-
2019.-23 may.- S.6.