Oxucular
ölkəsinə çevrilmək üçün nə edək?
Mütailə
mədəniyyətdir
Bu o zamanlardı ki, kitab həyatımızın
ayrılmaz hissəsi idi. Evimizin ən munis guşəsində
düzəltdiyimiz rəflərə kitablarımızı
boyuna, həcminə, rənginə, illərinə uyğun
sıralayıb düzərdik. Hər gün rəflərin,
kitabların tozu alınardı. Yerlərini dəyişməyə
isə heç kimin ixtiyarı olmazdı... O qədər də
yüksək olmayan aylıq məvacibimizdən kitab
üçün də müəyyən məbləğ
ayırıb qoyardıq kənara. Yeni kitab çap olunan kimi də
alıb, oxumağa tələsərdik. Üstəlik, paytaxtdan
tapa bilmədiyimiz yeni nəşrləri Moskvadan da sifariş
edərdik. Bəlkə indi də əksəriyyətimizin
evində o vaxt aldığımız ensiklopediyanın
bütün cildləri qalır...
Bu o zamanlardı ki, rayon, kənd
kitabxanalarında bir kitabı oxumaq üçün günlərlə,
həftələrlə növbə gözləməli
olurdun. Vay o haldan ki, tanışın o kitabı səndən
qabaq oxuyub qürrələnəydi. Uduzmuş oyunçu kimi
"niyə mən birinci olmadım”, - deyə
için-içini yeyərdi. Belə bir oxumaq rəqabəti
aparırdıq aramızda gizlincə...
Bu o zamanlardı ki, gecə kitab oxumadan
yuxuya getməzdik. Hətta işıqlar sönəndə belə,
şam, lampa işığında oxumağa davam edərdik. Və
o qaranlıqda oxunan əsər bizə daha mistik, daha təsirli,
daha sehrli görünərdi. Bir ayrı zövq alardıq, bir
başqa həzz yaşayırdıq... Belə bir aclıq
vardı kitablara qarşı içimizdə...
Bir də "qadağan olunmuş”
əsərlər vardı bizim üçün.
Yaşımıza uyğun olmadığı
üçün böyüklərimiz o kitabı
açıb səhifələrini vərəqləməyə
də icazə verməzdilər. Amma öyrənmək, oxumaq
təşnəsi, kitab ehtirası o qədər güclü
olardı ki, qadağalarla da qarşısı alına bilməzdi.
Fürsət tapıb böyüklərdən gizlin, küncdə-bucaqda
o əsəri mütləq oxuyardıq...
Bu gün isə... Etiraf edək ki,
çoxumuz övladımıza, nəvəmizə kitabı məcburən,
zorla, telefon, planşet, kompüter qadağası ilə təhdid
edərək oxuduruq. Axı niyə müasir gənclərin
mütaliəyə marağı, sevgisi əvvəlki kimi
deyil? Oxucularda kitaba olan şövqün sönük olması
nə ilə bağlıdır? Azərbaycanı oxucular
ölkəsinə çevirmək üçün nə etmək
lazımdır? Ədəbiyyatımızın bugünkü
mənzərəsinə yazıçılarımızın
gözü ilə baxaq.
"Bu
gün kitab transformasiyaya uğrayır”
İlk həmsöhbətimiz xalq
yazıçısı Elçindir. Deyir ki, "Mən
bütün həyatım boyu oxumuşam və bu yaşa gəlib
çatmışam, ancaq indi baxıb görürəm ki, sən
demə, az qala, heç nə oxumamışam”. Ona görə
də heç bir ölkədə və heç bir vaxt kitab
oxuyanın sayı qənaətedici ola bilməz,
çünki bəşəri ədəbiyyat elə bir məqama
gəlib çıxıb ki, dibi görünməyən bir dəryadır:
"Kitaba marağın azalması bütün postsovet məkanını
ehtiva edir və bu, əlbəttə, bizim üçün təskinlik
deyil, ancaq faktdır. Bir müddət əvvəl Moskvada nəşr
olunan "Literaturnaya qazeta”da oxudum ki, hətta Çin kimi
sürətlə inkişaf edən (və oxuyan!) bir ölkənin
belə, məşhur ədəbiyyatşünas professoru 20-30
il bundan əvvəlkinə nisbətən kitaba marağın
azalmasından şikayət edir. Başqa bir məsələ
də var ki, biz istəsək də, istəməsək də,
bu gün kitab transformasiyaya uğrayır, yəni klassik kitab
öz formasını dəyişir. Artıq elektron kitab
mütaliəsi sürətlə inkişaf edir və bu, hələ
"oxuyanlar” statistikasına düşmür. Mən rəflərə
düzülmüş kitabları sevən bir oxucu kimi belə
bir transformasiyaya heç vəchlə alışa və
bununla barışa bilmirəm. Ancaq bu, nə məndən, nə
səndən, nə də bir başqasından
asılıdır. Bu dəyişmə prosesi - dövrün,
zamanın sifarişidir”.
Xalq yazıçısı
söyləyir ki, bu gün ədəbiyyatımızda
istedadlı gənclər var, yazırlar, özü də
yaxşı yazırlar. Xüsusən poeziyamızda. Lakin
onları "ədəbi nəsil” adlandırmaq olmur:
"Doğrusunu deyim ki, həm say, həm də bədii-estetik
yeni söz baxımından ədəbi nəsil siqlətini,
sanbalını mən, təəssüf ki, görmürəm.
"Ədəbi nəsil” anlayışı - fərdi yox, bu
fərdiliklə bərabər, estetik amalın birliyi,
ümumiliyidir. "Ədəbi nəsil” - zaman
kateqoriyasından artıq dərəcədə həmin amal
birliyinin ifadəsidir. Bax, belə bir güclü ədəbi
birliyi hələ ki, dediyim kimi, mən görmürəm”.
Bəs bu gün yazıçı
populyarlığını şərtləndirən əsas
amillər hansılardır? Xalq yazıçısı
Elçinin fikrincə, əgər populyarlıqla keyfiyyət
üst-üstə düşürsə, bu yerdə əsas
amil istedaddır. Yox, əgər populyarlıq bəsit "məhəbbət
gözyaşları”, yalançı "millət qəhrəmanlığı”,
ucuz çılpaqlıq və s. sayəsində yaranırsa,
bu yerdə artıq həmin əsas amil
istedadsızlıqdır: "Buna görə də
populyarlıq həmişə sənətin göstəricisi
deyil. Puşkinin zamanında Vladimir Benediktov ondan populyar
şair idi, indi hardadır? Sovet dönəmində ən
populyar dramaturqlardan biri, 40-50-ci illərdə bəlkə də
birincisi 5-6 dəfə Stalin mükafatı almış
Aleksandr Korneyçuq idi, yaxud ən populyar ssenariçilərdən
biri Georgi Mdivani idi, yaxud da ən populyar nasirlərdən biri
Semyon Babayevski idi, indi onları mütəxəssis
sovetşünaslardan başqa heç kim tanımır”.
"Kitab
oxumaq istəyirik, amma pul verib almaq yox”
Azərbaycanda əsərləri ən
çox oxunan və satılan yazıçı, detektiv roman
ustası Elxan Elatlı oxucularının sayından
razıdır. Deyir ki, ölkəmizdə oxumağa meyil var,
sadəcə nədənsə pul verib kitab almaq istəmirlər:
"Azərbaycan müstəqillik qazanandan sonra azı 10 il
kitab oxunmadı və satılmadı. 2000-ci illərdə
yavaş-yavaş maraq yarandı. Metrolarda Azərbaycan dilində
kitablar görünməyə başladı. Elə o vaxtlar
kitablarım sürətlə satılıb yayıldı.
Metrolarda satışın ləğvi isə oxucuların da
azalmasına təsir etdi. Sevindiricidir ki, son vaxtlar kitab evlərinin
sayı artır. Bu, kitaba marağın da getdikcə
çoxalmasına səbəb olur. Burda orta məktəblərdəki
ədəbiyyat müəllimlərinin də üzərinə
iş düşür. Əvvəl sinifdənxaric oxu
saatları var idi. İndi də şagirdi kitab oxumağa məcbur
etmək lazımdır. Bu, onların xeyrinədir, nəinki
ziyanına. İstəsək, oxucu sayını 2-3 dəfə
artıra bilərik. Ümumilikdə isə mən
oxucularımdan narazı deyiləm. Sadəcə olaraq oxucu
sayı ilə kitabın satış sayı fərqlidir. Yəni
kitabı oxumaq istəyirik, amma almaq yox! Səbəbi mənə
hələ də aydın deyil! Desəm ki, bu, maliyyə ilə
əlaqədardır, o da deyil. Dəfələrlə olub mənə
restoranda bahalı qonaqlıq veriblər. Ancaq kitabımın
imza günündə həmin şəxslərə demişəm
200 manatlıq kitab alın, tələbələr pulsuz
aparsın, almayıblar. Halbuki mənə bu lazımdır,
qonaqlıq yox”.
"Son
vaxtlar yazanda maliyyəni düşünməyə məcbur
oluram”
Yazıçı müasir oxucunun
ədəbiyyatdan nə istədiyini, tələblərini deməyə
çətinlik çəkir. Ancaq hesab edir ki, oxucu əlinə
aldığı əsərdə səmimiyyəti,
aldanmamağı, özlərini, ətraflarını görmək
istəyir. Qısası, doğma ədəbiyyat istəyir:
"Mən romanlarımda bunları verməyə
çalışıram. Bəlkə elə ona görə də
oxunuram. Düzdür, çox vaxt əsərlərimi
"qeyri-ciddi ədəbiyyat” adlandırırlar. Bəli, mən
sadə yazıram. Əslində bunun özü də çətindir.
Uzun illər riyaziyyat müəllimi işləmişəm.
Müəllim kimi də sevilmişəm, çünki
riyaziyyat kimi çətin fənni şagirdlərə sadə
dillə izah edə bilmişəm. Əgər müəllim
bir fənni özü yüz faiz tam anlayırsa, sadə dilə
çevirib danışa bilir. Anlamırsa, kitabdan oxuduğunu əzbər
danışır. Bəzən insanlar aldanırlar, kitab
cümləsi ilə danışanı dərin adam hesab edirlər.
Ədəbiyyat da sadə olmalıdır. Son 20 ildə həyat
ritmimiz çox dəyişib. Bu gün məktublar internet
üzərindən yazılır. Hətta gənclərin
"salam”, "necəsən” sözlərini tam yazmağa da
hövsələsi çatmır, saitləri ixtisar edir. Bu
cür həyat ritmilə yaşayan gənclərə qəliz
cümlələrlə, fəlsəfi yazılarla necə təsir
etmək, kitab oxutmaq olar? Oxumurlar”.
E.Elatlının sözlərinə
görə, onun əsərləri ənənəvi detektivlərdən
kəskin fərqlənir: "Tutaq ki, ciddi ədəbiyyat
sayılanlar romanlarını hansısa qlobal məsələyə
həsr edirlər. Əgər istədiklərinə nail
olurlarsa, çox gözəl, mən də
alqışlayıram. Yox, nail olmurlarsa, ondansa bir detektiv, ya məişət
mövzusunda sadə roman yazıb müsbət cəhəti
aşılaya bilsəilər, daha çox uğur qazanarlar.
Bir də ki, mən bütün romanlarımda vətənpərvəliyə,
böyüyə hörmətə, anaya məhəbbətə,
milli birliyə və digər adət-ənənələrə
yer verirəm. "Görünməyən izlər”də gəncləri
narkomaniyadan uzaqlaşdırmağa
çalışmışam, körpələri uşaq evlərinə
verən analardan yazmışam. Bütün əsərlərim
də mütləq xeyrin şər üzərində qələbəsi
ilə bitir. Məgər bunlar qlobal məsələlər
deyil?”
Detektiv romanlar müəllifi
heç bir yerdə işləmədən və kənar gəliri
olmadan əsərlərinin satışı ilə dolanan yeganə
azərbaycanlı yazıçı olduğunu söyləyir.
24 kitabından 20-sini biznes marağı güdmədən
yazdığını bildirir. Lakin etiraf edir ki, son vaxtlar
biznes marağını da güdməyə məcburdur:
"Bu vaxta qədər heç kəsə maliyyə,
sponsorluq üçün ağız açmamışam.
Ümumiyyətlə, kiminsə borcu da deyil
yazıçıya maddi yardım göstərsin. Yazıçısansa,
yazdığın az da olsa satılacaq, pul gətirəcək.
Satılmırsa, ümid etmək də düz deyil ki, gələcəkdə
satılacaq. Çünki 10 il sonranı proqnoz etmək
mümkün deyil, oxucu sabah nə istəyəcək bilinmir.
Əvvəllər kitablarım sürətlə
satılırdı, nəşriyyat da pulu mütəmadi
verirdi. Üstəlik, əvvəlki kitablarımı da yenidən
nəşr edirdi. İki ildir "Teas press” nəşriyyatı
əlyazmamı alıb, pulu banka köçürdür.
İldə iki kitab yazıram. Hərdən
düşünürəm, o məbləği mənə
hansısa təşkilat versə, 2 dəfə qüvvətli
əsər yazaram, çünki tələsmərəm. Lakin
son vaxtlar artıq maliyyəni düşünməyə məcbur
oluram. Xarici ölkələrdə bir romanın satış
pulu ilə yazıçı illərlə dolanır. Onunla
müqayisədə bizdə məbləğ, əlbəttə,
çox aşağıdır. Amma fəxr edirəm ki,
yalnız kitablarımla dolanıram”.
"Biz
haçan zövqsüz dediyimiz insanlara zövqlü əsərləri
təbliğ etdik?”
Xeyli vaxtdır Türkiyədə
yaşayan gənc şair Aqşin Yenisey ilk olaraq qardaş
ölkədən Azərbaycan ədəbiyyatının
bugünkü mənzərəsini təsvir etdi: "Hər nə
qədər əyalət təsiri bağışlasaq da, ədəbiyyatımız,
xüsusilə klassik ədəbiyyatımız vəziyyətimizi
xeyli yaxşılaşdırır. Rus ədəbiyyatına
yaxınlıq son dövr ədəbi əsərlərimizin
görkəmini xeyli ciddiləşdirir. Türkiyə
yazıçı və şairlərinin heyranlıqla
baxdığı rus ədəbiyyatını biz demək olar
ki, öz ədəbi mətnlərimizin içində əritmişik.
Amma ədəbiyyatımız uzun illər sovet təsiri
altında olduğu üçün peşəkarlığına
xeyli ziyan dəyib. Peşəkarlıq baxımından
türk yazarları bu gün bizdən üstündür. Bu da
onların Qərb ədəbiyyatı ilə birbaşa təmasının
olmasıdır. Bizə bu azadlıq uzun illər verilməyib.
İkinci bir məsələ tərcümə və kitab
çapı məsələsidir ki, biz bu işdə
yubanırıq. Düzdür, son zamanlar naşirlər
dünyada yeni nəşr olunan kitabların tərcüməsinə
və çapına can atırlar, amma bu, hələ
başlanğıcdır. Xüsusilə dünya müəlliflərinin
ikinci, üçüncü dildən deyil, öz dillərindən
tərcüməsi bizdə yeni istiqamətdir. Alqışa
layiqdir. Oxucuların ədəbiyyata münasibətinə gəlincə,
demək olar ki, eyni mənzərədir, hətta say etibarı
ilə Azərbaycan oxucusu daha çoxdur. 80 milyonluq ölkə
üçün ədəbi nəşrlərin və
kitabların tirajı çox aşağıdır Türkiyədə.
Bir balaca maraq oyadılsa, Azərbaycanı oxucular ölkəsinə
çevirmək elə də çətin məsələ
deyil, çünki bizdə orta təhsilin səviyyəsi
Türkiyədən qat-qat yaxşıdır”.
Bəs o marağı necə oyatmaq
lazımdır? A.Yenisey hesab edir ki, ilk növbədə sənətlərarası
əlaqəni bərpa etmək lazımdır. Rejissorlar,
yazıçılar, aktyorlar, bəstəkarlar bir-birlərini
tanımalı, bir-birləri ilə işləməyə can
atmalıdırlar. İkinci məsələ kütləvi
informasiya vasitələrinin diqqətini yeni yaranan əsərlərə,
yeni çap olunan kitablara cəlb etmək və bunun
ardıcıllığını qorumaqdır:
"Televiziyalar kitaba ayıracaqları vaxtı ciblərinə
dəyəcək ziyanla ölçməməlidir. Bilirsiniz,
kütlə hər yerdə eyni xüsusiyyətlərə
malikdir. Ona nəyi təbliğ edəcəksinizsə, ona
oxşamağa çalışacaq. Bu gün Azərbaycanda
hamı sosial şəbəkə istifadəçilərinin
zövqündən şikayətlənir. "Niyə belə
zövqsüz kütlə yetişib”, - deyə hamı bu sual ətrafında
fikirləşir. Biz haçan zövqsüz dediyimiz insanlara
zövqlü əsərləri təbliğ etdik ki, onlar bizə
inanmadılar? Modern çağın öz oyun qaydaları, təbliğat
metodları var. Biz bundan yararlanmağın yollarını
öyrənməliyik. İstedadlı, intellektual insanlarla
işləməyə üstünlük verməliyik. Əgər
bu dediklərimin bir qismini də olsa reallaşdıra bilsək,
yüksək nəticələrə çatmaq elə də
çətin deyil. Azərbaycanın intellektual potensialı
buna imkan verir”.
"Oxucu ilə
dil tapmaq üçün onun qapısına getmək lazım
deyil”
Şairin qənaətincə,
müasir oxucu ədəbiyyatda öz həyatının, ətrafında
baş verənlərin bədii həllini axtarır, tarixə
yeni gözlə baxmaq, intellektlə əyləncəni bir
arada görmək istəyir. O, istəyir ki, özü ədəbiyyata
deyil, ədəbiyyat ona vaxt ayırsın: "Oxucu siyasətdən,
dindən umduğu kimi, sənətdən də bir şeylər
umur. Zövqünün, yaddaşının yenilənməsinə
maraqlıdır. Oxucu istəyir ki, sənət onu
tanış olmadığı, həm də
yaşadığının eynisi olmayan bir dünyaya
aparsın, onu başqa bir dünyanın sakininə
çevirsin. Təəssüf ki, bu gün yazıçı
və şairlərimizin özlərinin həyatı
oxucuların həyatından fərqlənmir, adamlar çox
vaxt buna görə əsərlərlə maraqlanmırlar. Sənət
adamları çox əlçatan olub, sanki sənətin
sehri dağılıb. Müasir oxucu öz
yazıçısından sehrbazlıq istəyir, intellektual,
fəlsəfi, bədii, hətta həyati sehrbazlıq. Amma bu,
o demək deyil ki, sənət oxucunun istəyinə,
sifarişinə uyğun mövqe seçməlidir. Oxucu onsuz
da öz həyatından daha maraqlı yaşadığı
mətni gec-tez tapacaq. Oxucu ilə dil tapmaq üçün
onun qapısına getmək lazım deyil. Bu gün
yazıçı və şairlərimiz məhz oxucunun
qapısına özləri getdikləri üçün
onların yaradıcılığına maraq azdır. Mən
yazıçı ilə oxucu arasında platonik sevginin tərəfdarıyam”.
Yazıçıların qonorar
probleminə də toxunan A.Yeniseyin fikrincə, əgər
naşir hansısa yazıçının kitabından pul
qazanacağını bilsə, istədiyi məbləği
düşünmədən verər. Yazıçı da bilsə
ki, kitabı satılacaq, özünə lazım olan məbləği
rahatlıqla naşirdən alar: "Sistem dəyişib deyə
bizdə naşirlər də hələ öz işlərini
qura bilmirlər. Məsələn, Türkiyədə
naşir əvvəlcə imzanın şöhrətinin
üzərində işləyir, yəni istedadlı bildiyi bir
və bir neçə müəllifə sərmayə
yatırır, sonra onun kitablarını çap edib,
qoyduğu pulun iki qatını götürür. Bizdə
naşirlərin özlərinin maliyyələşdirdiyi bir ədəbi
orqan, yaxud kitabşünaslar varmı? Bizdə naşirlərin
sərmayə qoyduğu bir gənc müəllifi varmı?
Yoxdur! Bunlar yoxdursa, demək, bazar da yoxdur! Məsələn, mən
ədəbi istedad deyilən bir müftə sərvətə
sahib olduğumu sübut etmək üçün iyirmi ildir
özümü öldürürəm. Bir naşir varmı
pul ayırıb, lap sifariş versin ki, bizim üçün
filan mövzuda bir əsər yaz? Yoxdur! Bundan ikinci nəticəyə
gəlmək olur - ya məndə istedad yerli-dibli yoxdur ki,
heç kim maraqlanmır, ya da naşirlər müftə
müəllif axtarır. Əgər biz bu işə bazar
qanunları ilə yanaşmaq istəyiriksə və
naşirin də, müəllifin də qazanmasına can
atırıqsa, bazar qanunları ilə işləməyi
öyrənməliyik. Pul qoymalıyıq ki, pul götürə
bilək. Məsələn, dünya şöhrətli Orxan
Pamuk da, Elif Şafak da ortabab yazıçılardır, amma
naşirlər onları Nobel mükafatına qədər
aparıb çıxara bilib, öz ciblərinin xeyrinə. Bu
gün dünya ədəbiyyatında "at oynadan” onlarla
müəllif var ki, istedad baxımından yel olub
yanımızdan ötə bilməzlər, halbuki naşirlər
təbliğat hesabına onları dünyada milyon tirajlarla
satdırır. Yəni kitab bazarının özünəməxsus
tələb-təklif qanunları yoxdur. Müəlliflərə
sərmayə qoyulmasa, bu işin başqa çarəsi
olmayacaq”.
Nobel mükafatından söz
düşmüşkən, Aqşin Yenisey Azərbaycan ədəbiyyatının
təmsilçilərinin 118 yaşı olan bu mükafata hələ
də layiq görülməməsinə fikir bildirib:
"Hamı bilir ki, bu mükafat təkcə əsərin bədii
keyfiyyətinə görə verilmir. Sözsüz, Nobel
almış yazıçıların da arasında ədəbi
nəhənglər var, amma bu o demək deyil ki, bizim ədəbiyyat,
ümumiyyətlə, "Nobel”in ədəbi kriteriyalarına
cavab vermir. Sadəcə, bizdə bu mükafata gedən yolda
heç vaxt "tikinti-quruculuq” işləri
aparılmayıb, ona görə də kökü öz
neftimizin hesabına qoyulan mükafata əlimiz çatmır.
Hərdən deyirlər ki, "Nobel”dən əvvəl Azərbaycan
yazıçısı dünyanı fəth etməlidir, məncə,
boş söhbətdir. Nə qədər ki biz ölkə
olaraq Avropanın siyasi maraqlarının toqquşduğu bir məsələdə
tərəf olmayacağıq, bizə o mükafat verilməyəcək
və ədəbiyyatımız da bundan çox şey
itirmir”.
Bunlar ədəbiyyatımızın
bugünkü durumuna yazıçılarımızın
yanaşmasıdır. Bəli, problemlər, çətinliklər
çoxdur, təkliflər, fikirlər də eləcə. Bu
sahənin biliciləri, peşəkarları, bütün
kitabsevərlər bir araya gəlib problemləri müzakirə
etsələr və əl-ələ verib, həlli istiqamətində
konkret işlər görsələr, bəlkə biz də
oxucular ölkəsinə çevrilə bilərik. Bax, o zaman
övladımıza, nəvəmizə kitabı məcburən,
zorla, telefon, planşet, kompüter qadağası ilə təhdid
edərək oxutmağa ehtiyac da qalmayacaq. Özləri sevərək,
həvəslə, maraqla, təhrik olunmadan əsl oxucu
olacaqlar.
Xəyalə
MURADLI
Azərbaycan. - 2019.-23 may.- S.7.