Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı işə başlayıb

 

Mayın 23-də Bakıda Hesablama Palatasının təşkilatçılığı ilə Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Borcu üzrə İşçi Qrupunun (DBİQ) toplantısı işə başlayıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov toplantının məqsədi, islahatlar dövründə dövlət borcunun idarə edilməsi və auditi mövzusunun hər bir ölkə üçün aktuallığından danışıb, ölkələr arasında dövlət auditi sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin zəruriliyini vurğulayıb.

Qeyd edib ki, Azərbaycan Hesablama Palatası da daxil olmaqla 28 ölkənin heyətinin və bu heyətin birləşdirdiyi 55 nümayəndənin iştirakı məhz dövlət borcunun auditinin keyfiyyətinin yüksəldilməsi məsələsinin diqqətdə olduğunu göstərir. Tədbirin INTOSAI çətiri altında keçirilməsi ikitərəfli və çoxtərəfli əməkdaşlığın güclənməsinə təkan verir.

Filippin Audit Komissiyasının və INTOSAI-ın Dövlət Borcu üzrə İşçi Qrupunun sədri Maykl Aquinaldo çıxışında çoxtərəfli və ikitərəfli əməkdaşlığın ali audit qurumlarının fəaliyyətində rolundan danışıb, İşçi Qrupunun fəaliyyəti haqqında hesabat təqdim edib.

Sonra INTOSAI Dövlət Borcu üzrə İşçi Qrupunun yeni üzv ölkələri və onları təmsil edən nümayəndələr təqdim olundu.

Dünya Bankının Borcun İdarə edilməsi Ofisinin (DMF) meneceribaş təhlilçisi Li Hakim, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) nümayəndəsi Stefani Blankenburq, ADA Universitetinin müəllimi Elçin Rəşidov mövzu ilə bağlı təqdimatla çıxış etdilər.

Qeyd edək ki, 25 il ərzində INTOSAI Bilik Mübadiləsi Komitəsinin nəzdində fəaliyyət göstərən və 34 üzv Ali Audit Qurumundan ibarət olan İşçi Qrupuna sədrliyi 2017-ci ildə Filippin Audit Komissiyası öz üzərinə götürüb.

Mayın 25-dək davam edəcək toplantıda Dövlət Borcu üzrə İşçi Qrupunun Katibliyinin hesabatlarının, 2020-2022-ci illər üçün İşçi Qrupunun planının, 2018-ci ilin oktyabr ayında keçirilmiş sorğu nəticələrinin xülasəsinin, Dövlət Borcu Auditinin məlumat bazası üzrə ekspertlər şəbəkəsinin çıxışları, planındakı tədbirlər üzrə tapşırıq qruplarının tərkibinin müəyyən edilməsi, 2017-2019-cu illər üzrə planı və veb-səhifəsinin müzakirəsinin dinlənilməsi nəzərdə tutulur.

 

Azərbaycan.- 2019.- 24 may.- S.5.