Sabahın qurucuları
Sumqayıtı yaradanların davamçıları
Azərbaycanda həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu gün gənclər ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar və digər tədbirlərin təşkilində mühüm rol oynayırlar. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar sayəsində bu təbəqə artıq cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Bu, bir daha göstərir ki, dövlətin gənclərə dəstəyi bütün sahələri əhatə edir.
Ötən əsrin 40-cı illərində yaradılan Sumqayıt "gənclər şəhəri” deyə çağrılır. Şəhərin quruculuğunda bu sosial təbəqənin müstəsna əməyi olmuşdur. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaranması, 2 fevral Gənclər Gününün təsis edilməsi, Azərbaycan Gənclərinin forumlarının keçirilməsi, normativ hüquqi sənədlərin, "Gənclər siyasəti haqqında” Dövlət proqramlarının qəbul edilməsi, 2011-ci ildə Gənclər fondunun və bu gün ölkəmizdə qırxa yaxın Gənclər evinin yaranması məhz gəncliyə verilən böyük dəyərin bariz nümunəsidir. Sumqayıt gəncləri də dövlətin diqqət və qayğısı ilə daha geniş şəkildə əhatə olunub.
13 yanvar 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə "Sumqayıt Gənclər Evi” sosial xidmət müəssisəsinin açılışı olub. Üç mərtəbə və terrasdan ibarət binanın girişində ulu öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə həsr edilən xüsusi guşə yaradılıb. Binada gənclər üçün kitabxana, caz klub, geniş səhnəsi olan kafe-bar, art-studiya, internet klub, xarici dillər üzrə danışıq klubu, biznes və hüquqi məsləhət mərkəzləri, vətənpərvərlik klubu, "qaynar xətt” xidməti, peşəyönümü mərkəzi, masaüstü oyunlar otağı, bütün müasir və zəruri avadanlıqla təchiz edilmiş videostudiya, istedadların hazırlığı laboratoriyası, "dəyirmi masa” zalı, 133 yerlik akt zalı var. Tədbirlər zamanı regionlardan gələn gənclərin yerləşmələri üçün bir və iki nəfərlik 6 otaq da yaradılıb.
Gənclər evinin direktoru Pəri Vəliyeva bizimlə söhbətində bildirdi ki, fəaliyyət göstərdiyi dövrdə doqquz könüllü müsabiqəsi elan olunub. Bu müsabiqədə ümumilikdə 400-ə yaxın gənc könüllülük fəaliyyətinə cəlb olunub. Könüllü gənclər müəllim köməkçisi olaraq fəaliyyət göstərirlər. Onlar burada bir sıra bacarıqlara yiyələnir, şəhərdə ictimai fəaliyyətlərə qoşulur, həmçinin gələcəkdə öz karyeralarını qurma imkanlarını genişləndirmək üçün imkanlar əldə edirlər. Könüllü gənclər, həmçinin vətənpərvərlik, kitab, eko və teatr klubları yaradaraq öz bacarıqlarını nümayiş etdirirlər.
Bunların arasında teatr klubu daha maraqlıdır. Klubun üzvü olan gənclər müxtəlif mövzularda tamaşalar hazırlayırlar. İndiyədək onlar vətənpərvərlik mövzusunda bir neçə tamaşa səhnələşdirərək öz bacarıqlarını nümayiş etdiriblər.
Sumqayıt Gənclər evinin direktoru P.Vəliyeva onu da vurğuladı ki, 3 ay davam edən könüllülük fəaliyyətinin sonunda gənclərə şəhər Gənclər və idman baş idarəsinin sertifikatları təqdim edilir. Bununla yanaşı, Gənclər evində fəaliyyət göstərən "Sağlam Düşüncə” gənclər təşkilatının vasitəsilə beynəlxalq proqramlar əsasında xarici ölkələrlə əlaqə yaradılır və qarşılıqlı şəkildə təcrübələr bölüşdürülür. Türkiyə, Serbiya, Rusiya və Polşadan xarici könüllülər də Gənclər evində qonaq olarkən öz təcrübələrini sumqayıtlılarla bölüşüblər. Burada onlara, həmçinin Azərbaycan dili və mədəniyyəti, dövlət gənclər siyasəti haqqında ətraflı məlumat verilib. Gənclərin müasir peşə fəaliyyətlərinə yiyələnməsi, elmi ünsiyyət mühitinin yaradılması, maraq sahələrinə uyğun bilik və bacarıqların öyrənilməsi üçün mütəmadi təlim, seminar və "dəyirmi masa”lar təşkil olunur. Gənclər evi onların təşəbbüslərinin dəstəklənməsində də böyük rol oynayır.
Bu gün gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün ingilis və rus dili kursları, karyera mərkəzi, kompüter, şahmat, rəsm, gitara, toxuculuq, robotexnika dərsləri, dizayner programları, səsyazma və fotostudiya dərnəkləri onların tam ixtiyarına verilib. O cümlədən, gənclərin psixoloji durumunun yaxşılaşdırılması ilə bağlı fərdi və qrup şəklində təlim və psixoloji sorğular həyata keçirilir.
Gənclər evində "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq vətənpərvərlik, dövlətçilik, sağlam həyat tərzinin, humanizm dəyərlərinin təbliği, sosial müdafiəyə ehtiyacı olan gənclərə peşə reabilitasiyası, sahibkarlıq və məşğulluq imkanlarının artırılması, erkən nikahlar, valideyn-övlad münasibətlərinin tənzimlənməsi diqqətdə saxlanılır, Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin təbliğinə xidmət edən "Mən azərbaycanlıyam”, "Xəmsə”, "Kim, harada, nə zaman”, "Brayn ring” intellektual oyunlar həyata keçirilir.
Xaricdə təhsil alan gənclərlə keçirilən diskussiyalar da böyük maraq doğurur. Həmin gənclər öz bilikləri və siyasi görüşləri ilə təhsil aldıqları ölkədə respublikamızın gənc siması rolunu oynayırlar. Tətil günlərində onlarla keçirilən diskussiyalar böyük maraq doğurur.
Pəri Vəliyeva dedi ki, Gənclər evində şəhərimizin yaşlı nəslinin nümayəndələri ilə vaxtaşırı görüşlər keçirilir. Onların həyat təcrübəsi, əmək fəaliyyətləri barədə söhbətlərdə gənclər məmnuniyyətlə iştirak edirlər. Fiziki qüsurlu insanlarla görüşlər də maraq kəsb edir. Hazırda qüsurlu gənclərin ictimai fəaliyyətə cəlb edilməsi istiqamətində xüsusi işlər aparılır.
Gənclər evinin direktoru söhbətinə davam edərək bildirdi ki, hazırda Sumqayıt şəhərinin 70 illik yubileyi ərəfəsindəyik. "Sumqayıt - doğma şəhərim mənim” adlı tədbir və həmçinin görkəmli Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbirlərə hazırlıq görülür.
Bu gün sumqayıtlı gənclərin iqtisadi-siyasi, elm, idman, mədəniyyət və digər sahələrdə irəliləməsi, uğurlar qazanması üçün hər cür şərait yaradılıb. Uzun illərin sınağından keçib gələn dövlət gənclər siyasətinin yeni mərhələsi ardıcıl islahatların nəticəsidir. Bu, əhalinin bütün təbəqələri kimi, gənclərin də hərtərəfli yararlanmasına zəmin yaradır. Əminliklə demək olar ki, sumqayıtlılar bu yöndə görülən işlərin önündə olacaqlar.
Akif ƏLİYEV
Azərbaycan.- 2019.- 24 may.- S.6.