Azərbaycan dünyada öz milli-mənəvi dəyərlərinə
sadiq qalan tolerant ölkə kimi tanınır
Xəbər verdiyimiz kimi, mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.
İftar mərasimi "Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ mərasim iştirakçılarını salamlayaraq dedi:
-Bismillahir-rəhmanir-rəhim.
Möhtərəm cənab Prezident İlham Əliyev.
Dəyərli qonaqlar.
Allah-Təalanın mübarək Ramazan ayının iftar süfrəsində Sizləri salamlayır, qonaqlarımıza, xüsusən dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına məclisimizdə iştirak etdiyinə görə Azərbaycan dindarları adından və şəxsən öz adımdan salam-dualarımı və dərin minnətdarlığımı bildirirəm. Burada iştirak edən dəyərli din və dövlət xadimlərinə, dini konfessiya rəhbərlərinə, deputatlara, xarici ölkələrin nümayəndələrinə təşəkkür edirəm.
Qurani-Kərimin nazil olduğu, duaların qəbul edildiyi mübarək Ramazan ayında iftar mərasimində Sizinlə görüşmək böyük dəyər kəsb edən əlamətdar ənənəyə çevrilib. Bu qardaşlıq məclisini bizlərə böyük insan, dahi dövlət xadimi, mənim unudulmaz, əziz qardaşım ulu öndər Heydər Əliyev əmanət edib.
Hər il biz Heydər Əliyev şəxsiyyətinin dəyər və miqyasını, ucalıq və müdriklik zirvəsini bir daha kəşf edir, əziz xatirəsini böyük ehtiramla yad edirik. Ulu Öndər bizə müstəqil dövlət, möhkəm din-dövlət münasibətləri, nadir multikultural mədəniyyət nümunəsini əmanət edib. Xalqımıza, dövlətimizə müdrik rəhbər bəxş etmiş dahi Heydər Əliyevə və möhtərəm Zərifə xanıma Allah rəhmət eləsin, ruhları şad olsun.
Zati-aliləri, Azərbaycan torpağına qədəm basan hər kəsin şahidi olduğu tərəqqi və uğurların təməlində Sizin – dövlətimizin başçısının fəaliyyəti və müdrik siyasəti durur. Sizin həyata keçirdiyiniz siyasətin yaşam gücü dövlət – xalq birliyində, Prezident - vətəndaş həmrəyliyindədir. Bu, həm siyasi, həm mənəvi baxımdan ən düzgün yoldur.
Azərbaycan tarixən dinlərarası tolerantlıq və multikulturalizm mühitinin təşəkkül tapmasına böyük önəm verib. Mədəniyyətlərarası əməkdaşlığa dair onillik tarixə malik "Bakı Prosesi”nin müəllifi məhz dövlətimizin başçısı möhtərəm İlham Əliyevdir. Azərbaycanın Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın ölkəmizdə və beynəlxalq aləmdə genişmiqyaslı fəaliyyəti, milli-mənəvi irsimizi yüksək səviyyədə təbliğ etməsi, ümumbəşəri dəyərlərə diqqəti və himayəsi Azərbaycanın bu istiqamətdə söz sahibinə çevrilməsinə xidmət edir, dünyaya təqdim olunan Azərbaycan modeli sivilizasiyalararası dialoq, dinlər və mədəniyyətlərarası əməkdaşlığın inkişafına öz töhfəsini verir.
Möhtərəm cənab Prezident, biz Sizin dünya səviyyəsində qəbul olunan qlobal ideyalarınızdan ilham alaraq bir çox beynəlxalq tribunalardan Azərbaycanın multikulturalizm və tolerantlıq modelini böyük qürurla təqdim edirik.
Zati-alinizin xeyir-duası və təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin məramı nadir multikulturalizm modelinin yaradılmasına və inkişafına dair qlobal ideyalarınızı təbliğ etməkdir. Məhz bu məramla, İnşallah, bu ilin iyununda Mərkəzimiz tərəfindən BMT-nin Cenevrə İnsan Haqları və Qlobal Dialoq Mərkəzinin, habelə Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAİCİİD) həmtəşkilatçılığı, Azərbaycanın Avstriyadakı səfirliyinin, Avstriya dövlətinin ali dəstəyi və iştirakı ilə Vyanada 10-dan artıq beynəlxalq təşkilatın, 40-a yaxın ölkənin 300-ə yaxın din və dövlət nümayəndəsinin, elm və ictimaiyyət xadiminin iştirak edəcəyi beynəlxalq konfrans keçiriləcəkdir.
Dünyanın bir çox ölkələrində mənəvi dəyərlərə qarşı savaş açıldığı, islamofobiya, antisemitizm zəminində təqiblərin, terrorun, ekstremizm və radikallığın artdığı mürəkkəb zamanda müxtəlif qitə nümayəndələrinin, din və mədəniyyət təmsilçilərinin Azərbaycan Prezidentinin elan etdiyi multikulturalizm, İslam həmrəyliyi kimi qlobal əhəmiyyətli ideyalar ətrafında bir araya gəlməsi dövlətimizin uğuru və Sizin siyasətinizin təntənəsidir. Bu gün Azərbaycan iqtisadi, siyasi, mədəni sahələrdə liderliyi ilə yanaşı, dünya çapında dini-mənəvi dəyərlərin inkişafına böyük töhfələr verən multikulturalizm mərkəzi kimi tanınmaqdadır. Beynəlxalq ictimaiyyəti narahat edən problemlərin həlli yönündə dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri arasında səmərəli fikir mübadiləsi üçün Azərbaycanda dövlət tərəfindən hər cür şərait yaradılmışdır. Biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi ilə əməkdaşlıq çərçivəsində Zati-alinizin irəli sürdüyü istiqamətlər yönündə yeni əməli layihələr üzərində işləyirik.
Fərəhləndirici haldır ki, ölkəmiz 2010-cu ildə dünya dini liderlərinin Bakıda keçirilmiş birinci Sammitinin davamı olaraq sivilizasiyalararası dialoqun inkişafına daha bir töhfə verməyə hazırlaşır. Zati-alinizin Dünya Dini Liderlərinin II Bakı Sammitinin keçirilməsi barədə Sərəncamı, heç şübhəsiz, tarixi bir qərar oldu. Müxtəlif dini konfessiyalar arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə önəmli töhfə olacaq bu beynəlxalq tədbirin dəyərini zaman və dünya ictimaiyyəti verəcəkdir.
Zati-aliləri, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınız, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım Ulu Öndərin Bibiheybətdən başlatdığı ali mənəviyyat yoluna sadiqliyinizi hər zaman əməli səylərinizlə nümayiş etdirirsiniz.
Ali himayənizi heç vaxt əsirgəmədiyiniz, xalqımız üçün müqəddəs məkan sayılan Təzəpir məscidinin ətrafında aparılan abadlaşdırma işləri, genişləndirilən ərazidə salınan möhtəşəm park, məscidin ilkin tarixi layihəsinə uyğun yenidən qurulması barədə iradəniz - bütün bunlar milli-mənəvi dəyərlərimizə, tariximizə olan yüksək qayğının təzahürü, xalqımıza böyük hədiyyədir. Zati-alinizin mənəvi irsimizə sahib çıxaraq XX əsrdə Vladiqafqazda azərbaycanlı xeyriyyəçi Muxtarov tərəfindən inşa edilmiş məscidi tam bərpa etdirməniz isə bütün Qafqaz bölgəsi müsəlmanlarına, orada yaşayan soydaşlarımıza böyük hədiyyədir.
Möhtərəm cənab Prezident, Zati-alinizə xas olan yüksək mənəvi xüsusiyyətlərdən biri də odur ki, Siz təkcə İslamın deyil, bütün dinlərin dini-mədəni irs nümunələrinə sahib çıxaraq, ölkəmizdəki, həmçinin ölkə xaricindəki istər xristian, istər yəhudi məbədlərinə eyni dərəcədə diqqət və himayə göstərirsiniz.
Peyğəmbərimiz Məhəmməd Salavatullahın hədisində buyurulur ki, insanların ən xeyirlisi xalq üçün daha faydalı olanıdır. Zati-aliləri, Azərbaycanın iqtisadi qüdrətinin artırılması yönündə səyləriniz, beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrində fəal iştirakınız, sosial layihələrə verdiyiniz dəstək xalqımızın rifahına, dövlətimizin mənafelərinə xidmət edir. Siz və Mehriban xanım bütün vətəndaşlara həyatın ən çətin məqamlarında - təbii fəlakətlərdə, yanğınlarda, baş verən faciələrdə yüksək insani dəyər verir, onların problemlərinə diqqətlə yanaşırsınız. Dünyanın inkişaf etmiş dövlətlərinin miqrant böhranını aradan qaldıra bilmədiyi bir dövrdə Siz, möhtərəm cənab Prezident, Azərbaycanın qaçqın və məcburi köçkünləri üçün böyük qayıdış planları həyata keçirirsiniz. Cocuq Mərcanlıda Zati-alinizin inşa etdirdiyi məscidin, aparılan quruculuq işlərinin mənəvi önəmi xalqımız üçün sözlə ifadə olunmayacaq qədər böyükdür.
Ölkəmizdə həyatın bütün sahələrində gerçəkləşdirdiyiniz islahatlar əsl liderə xas əzəmət və siyasi qüdrət nümunəsidir.
Zati-aliləri, qədirbilən xalqımız Sizin siyasətinizin dövlətimizin uğurlu gələcəyinə xidmət etdiyindən əmindir. Lakin bizi istəməyən, gözü götürməyən bədxah qüvvələr Azərbaycanı bu qədər inkişaf etmiş gördükcə böhtan və iftiralarla xalq-dövlət birliyini pozmağa çalışırlar. Təəssüf ki, bədxah qüvvələr Azərbaycana qarşı mübarizələrində bəzən soydaşlarımızdan da istifadə etməyə çalışırlar. Şeyxülislam olaraq bildirmək istəyirəm ki, doğru yola qədəm qoysunlar, xalqımızın, dövlətimizin mənafelərini hər şeydən uca tutsunlar.
Bu yaxınlarda 10 milyonuncu vətəndaşımızın dünyaya gəlməsi gündən-günə geriləyən, maddi və mənəvi iflasa uğrayan, demoqrafik böhran yaşayan Ermənistan üçün ağır zərbədir. Ordumuzun artan qüdrəti, insanlarımızın Sizə sədaqəti bədxahları narahat edir, hətta dini zəmində qarşıdurma yaratmaq, məzhəb ayrı-seçkiliyi salmaq niyyətində olan daxili və xarici qüvvələr də yox deyildir. Lakin bu cür insanlar heç nəyə nail olmayacaqlar. Allahın köməyi və Azərbaycan xalqının dəstəyi həmişə Sizinlədir, möhtərəm cənab Prezident! Sizi əmin etmək istəyirəm ki, apardığınız siyasi xəttin qələbəsi yolunda hər zaman Sizin yanınızdayıq. Biz dindarlar Sizi dövlət rəhbəri kimi Məkkədə – müqəddəs məkanda seçmişik, xeyir-dualar vermişik və seçimimizə sadiqik. Allah-Təala hər zaman haqqın tərəfindədir.
Zati-aliləri, 70 illik yubileyim və Şeyxülislamlıq fəaliyyətimin 40 illiyi münasibətilə verdiyiniz ali qərar və sərəncamınızla cənabınıza xas olan böyüklük nümayiş etdirərək, şəxsimə, Azərbaycan xalqı, dövlətçiliyimiz, müqəddəs dinimiz yolunda xidmətlərimə böyük dəyər verdiniz. Şeyxülislam olaraq 40 il ərzində dini mərkəzimizi ulu öndər Heydər Əliyevin xeyir-duası ilə onun əmanəti kimi saxlamağa, cənab Prezident, Sizin dəstəyinizlə dünyanın tanınmış dini təşkilatı səviyyəsinə qaldırmağa nail olmuşuq. Bu illər ərzində idarəmizə, şəxsimə olan hörmət və diqqətiniz, özəl münasibətiniz, fəaliyyətim barədə dəyərli fikirləriniz mənim üçün ən qiymətli hədiyyə olubdur. Zati-alinizin məni dost, qardaş adlandırmasını özüm üçün ən böyük mükafat hesab edirəm və bu yüksək etimadınızla fəxr edirəm. Hər zaman, hər yerdə qürurla deyirəm ki, harada dövlət və din birliyi varsa, orada dövlətin və xalqın siyasi, iqtisadi və mənəvi rifahı üçün təminat vardır, Heydər Əliyev yolunun davamı və Uca Yaradanımızın xeyir-duası vardır.
Möhtərəm cənab Prezident, bizim yeganə problemimiz, ağrılı yerimiz Dağlıq Qarabağ münaqişəsidir ki, onun da tezliklə Allahın köməyi və Ali Baş Komandanımızın əzmi, qətiyyəti sayəsində həllini tapacağına, torpaqlarımızın azad olunacağına əminik. Bu əziz gündə Vətən uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik. Allah-Təala Sizin rəhbərliyinizlə müzəffər ordumuzun əzəli torpaqlarımıza zəfər bayrağı sancmasını görməyi bizlərə nəsib etsin, İnşallah! Bu müqəddəs və mübarək Ramazan ayında Zati-alinizə və möhtərəm ailənizə ən gözəl arzularımızı yetiririk. Uca Allah hər zaman Sizi qorusun, yardımçınız olsun.
Müqəddəs Ramazan ayında etdiyimiz dualar qəbul olar, İnşallah. Bu niyyətlə hamıya - dəvət olunan mötəbər qonaqlara, dini konfessiyaların möhtərəm başçılarına, diplomatik nümayəndələrə bir daha "Xoş gəlmisiniz!” deyir, Allahdan hər birinizə xeyir-dualar diləyirəm.
Allah-Təala Azərbaycanı hifz eləsin! Amin!
***
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu ALEKSANDR çıxış edərək dedi:
-Hörmətli cənab Prezident.
Möhtərəm Şeyxülislam.
Hörmətli din xadimləri, xanımlar və cənablar.
Dini və milli ənənələrimizi yeniləmək və möhkəmləndirmək üçün Ramazan ayı günlərində bir yerə toplaşmaq əlamətdar ənənəyə çevrilib. Bu görüş Azərbaycanda yaşayan xalqların öz tarixi və dini köklərinə bağlılığının parlaq təsdiqi, milli mentalitetin, dövlətlə din arasında konstruktiv qarşılıqlı münasibətlərin əyani təzahürüdür. Bu əlamətdar günlərdə bütün Azərbaycanda, bütün şəhərlərdə və kəndlərdə ailələrdə, dostların və tanışların əhatəsində belə iftar süfrələri açılır. Bizim iştirak etdiyimiz bu iftar süfrəsi də ölkədə sabitliyin, xalq-iqtidar birliyinin, dinlərarası dialoqun yüksək səviyyəsinin və multikulturalizmin Azərbaycan modelinin uğurunun parlaq təsdiqi, cəmiyyətin inkişafının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursunun dəyişməzliyinin sübutudur. Azərbaycanın bütün iqtisadi, siyasi, ictimai, elmi və mədəni həyatı bu məcrada inkişaf edir. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi, bu il 15 illiyini qeyd etdiyimiz Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Cənab Prezidentlə birlikdə din xadimlərinin, hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, elm və mədəniyyət xadimlərinin, respublikada akkreditə olunmuş diplomatik missiya rəhbərlərinin iştirak etdikləri bugünkü iftar mərasimi də dini həyatın vəziyyətinin yüksək səviyyədə olmasının göstəricisidir. Bu, tolerantlıq ruhunun və ölkəmizin rəhbərliyinin yürütdüyü multikulturalizm siyasətinin çox güclü təzahürüdür.
Möhtərəm cənab Prezident, icazə verin, Sizi əmin edək ki, Azərbaycanın din xadimləri Azərbaycan Respublikasının rəhbəri vəzifəsində Sizin fəaliyyətinizə dərin ehtiramla yanaşır, Sizin yürütdüyünüz siyasi kursu səmimi dəstəkləyir, Sizin cansağlığınız və ümumi evimiz olan Azərbaycanın tərəqqisi üçün ürəkdən dua edirlər.
İcazə verin, Sizə Rus Pravoslav Kilsəsinin başçısı, Moskvanın və bütün Rusiyanın patriarxı zati-müqəddəsləri Kirillin fevral ayında ölkəmizə son səfəri zamanı ona göstərdiyiniz mehriban və səmimi qəbula görə onun dərin təşəkkürünü çatdırım.
Hamınızı Ramazan ayı münasibətilə təbrik edirəm.
***
Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Melih YEVDAYEV çıxış edərək dedi:
-Möhtərəm prezident.
Şeyx həzrətləri.
Xanımlar və cənablar.
Bacılar və qardaşlar.
Bu müqəddəs Ramazan günlərində ənənəvi iftar süfrəsi arxasında hamınızı yəhudi xalqı adından salamlayıram. Qoy Allah-Təala hamınızı öz qanadı altına alaraq şər qüvvələrdən hifz etsin. Allah-Təala tutduğunuz orucların və etdiyiniz duaların əvəzində sizə cansağlığı, xoşbəxtlik, səadət, bol ruzi-bərəkət bəxş etsin.
Müqəddəs Ramazan ayını üç hissəyə bölmək olar: əvvəli rəhmət, ikincisi bağışlanma, sonu isə cənnətə doğru. Orucun mənası isə ucalmaq, yüksəlmək deməkdir. Adəm övladı öz iradəsi ilə nəfsinə qalib gəlirsə, həm öz gözündə, həm də Allah-Təalanın gözündə ucalaraq yüksəlir.
Bu gün Azərbaycanın sürətli inkişafını, uğurlu xarici və daxili siyasətini, o cümlədən dövlət və din münasibətlərinin səmərəli tənzimlənməsini şərtləndirən başlıca iki amil mövcuddur. Birincisi, Ulu Öndərin əsasını qoyduğu sağlam bünövrə, ikincisi isə Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin həmin sağlam bünövrə üzərində həyata keçirdiyi uğurlu strategiyadır.
Biz qədirbilən Azərbaycan xalqı ilə birgə bugünkü Azərbaycana, bu əmin-amanlığa, bugünkü gücə, qüdrətə görə Ulu Öndərə minnətdarlıq edib qəni-qəni rəhmət diləyirik:
Həmişə xalqına baş əydiyindən,
Ucaldın zamanın keşməkeşində.
Özün düşüncədə bir ümman ikən,
Özünü əritdin ümman içində.
Ulu Öndər cəmiyyətimizdəki tolerantlıq və humanizm mühitinə görə xalqımızın yaddaşına borclu olduğumuzu dönə-dönə qeyd edirdi:
Vətənə borcluyam mən,
Xalqıma borcluyam mən,
Bəlkə də bu dünyada,
Hamıya borcluyam mən.
Möhtərəm Prezident, on beş ildən çoxdur ki, Siz bu siyasi xətti uğurla davam etdirirsiniz. Sizin böyük dərəcədə humanist, insanpərvər, Vətənini və xalqını sevən, bunu bütün dünyaya bəyan edən Prezident olmağınızla fəxr edir və qürur duyuruq:
Üzündə müqəddəs Vətən qüruru,
Alnında mərd kişi ləyaqəti var.
Şəffaf gözlərində günəşin nuru,
Bir də sadəliyin təravəti var.
Möhtərəm Prezident, müəyyən müddət idi ki, Azərbaycanda Yəhudi Mədəniyyət Mərkəzinin tikilməsini arzulayırdıq. Yəhudi Mədəniyyət Mərkəzinin tikilməsi üçün ayırdığınız torpaq sahəsinə görə Sizə Azərbaycanda yaşayan bütün yəhudilər, həmçinin bütün dünya yəhudiləri adından dərin minnətdarlığımızı bildiririk. Bu vaxta qədər bütün dünyada analoqu olmayan bir hal kimi bizə bəxş etdiyiniz sinaqoqla yanaşı, tikiləcək bu mədəniyyət mərkəzi də dünyada analoqu olmayan bir hal kimi tarixə düşəcəkdir:
Arzu zirvə başındadır,
Onun min bir pilləsi var.
Hər arzunun neçə-neçə,
Böyük, kiçik
çilləsi var.
Möhtərəm Prezident, Allah-Təala
bütün arzularınızı böyük və kiçik
çillələrdən keçirərək çin etsin. Çünki Sizin arzularınız bizim
arzularımızdır.
Möhtərəm Prezident, Azərbaycanda
yaşayan yəhudilər həmişə olduğu kimi,
respublikanın ictimai-siyasi həyatında fəal iştirak
edirlər. Respublikamız mötəbər tədbirlərə
ev sahibliyi edir. Həmin tədbirlərə
dünyanın hər yerindən gələn çoxsaylı
qonaqlar bizim həyat tərzimiz və fəaliyyətimizlə tanış olur, öz dövlətlərinə
qayıdandan sonra Azərbaycanın bugünkü həqiqətlərindən
danışırlar. Lakin bu, həmişə
belə olmur. Bizim inamlı qələbələrimizdən
qıcıqlanan bəzi üzdəniraq qonaqlar bugünkü
sülh və əmin-amanlıq şəraitində
yaşamağımızdan yazmaq əvəzinə ikili
standartlara əl atırlar, doğru sözümüzü
demirlər və bilmək istəmirlər ki:
Doğru söz insanlığın
görən gözüdür,
Doğru söz ədalətin,
həqiqətin özüdür.
Müqəddəs ocağın
közüdür düz söz,
Dahilər dilinin
gücüdür düz söz.
Biz bu yaxınlarda Azərbaycanın
Milli Qəhrəmanı Albert Aqarunovun 50 illiyini Şəhidlər
xiyabanında və sonra Beynəlxalq Muğam Mərkəzində
yüksək səviyyədə keçirdik. Bu tədbirin
keçirilməsində, inanın Allaha, bütün respublika
bizə kömək edirdi. Prezident Administrasiyası,
Nazirlər Kabineti, şeyx həzrətləri, Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi və aidiyyəti nazirliklər -
Müdafiə, Mədəniyyət, Gənclər və
İdman Nazirlikləri, bütün icra hakimiyyətləri bizə
dəstək oldular.
Möhtərəm Prezident, əlbəttə
ki, bütün bunlar Azərbaycanda mümkündür:
Bir süfrənin başında,
Nemətimiz bərabər.
Hüququmuz bərabər,
Hörmətimiz bərabər.
Bir məclisdə sözümüz,
söhbətimiz bərabər.
Ana yurda borcumuz,
xidmətimiz bərabər.
Mübarəkdir bir eşqin,
Bir amalın bayramı.
Etibarın, vəfanın,
Dəyanətin bayramı.
Bu əziz günlərdə
dünyasını dəyişənlərimizə və cəmi
şəhidlərimizə Allah-Təala qəni-qəni rəhmət
etsin. Qoy onların qəbirləri nurla dolsun. Hər bir qəhrəman Vətənin şöhrəti
və yaraşığıdır. Məzarda
olsalar belə, həmişə həyatdadırlar.
Əlbəttə ki, atalarımız, analarımız
dünyalarını dəyişiblər:
Yenə gəldim ziyarətə,
Öpdüm mərmər
daşı, ata.
Sifətinə ləkə saldı,
Gözlərimin yaşı,
ata.
Məndə oğul dəyanəti,
Səndə qəbir sükunəti,
Baxışların məğrur, qəti,
Mərd kişi
idin, kişi ata.
Qartal vüqarlısan, dağ əzəmətli,
Ata qeyrətlisən, bacı
şəfqətli.
Ay mənim qeydimə qalanım ana,
Həkimim, təbibim,
loğmanım ana.
Torpaq da anasız qalmasın deyə,
Torpağın qoynuna
köçür analar.
Ona görə də Allah-Təala
onlara qəni-qəni rəhmət etsin. Allah-Təala
onların qəbirlərini nurla doldursun.
Vətəni sevirəm deyən
çox olar,
Deməyə nə var ki, dil
yorulmasa.
Vətən də mənim tək
ölər, yox olar,
Vətənin yolunda ölən
olmasa.
Ona görə də bu
gün biz cəmi şəhidlərimizi yad edirik, onlar həmişə
bizim qəlbimizdə, bizim ürəyimizdədirlər.
Bir arzumuz da var ki, deyir:
Arzumu görmüşəm mən
arzularda,
Arzumu yazmışam ayna
sularda.
Dərdi tək çəkirəm
çətində, darda,
Sevinci hamı ilə bölən
olmuşam.
Bizim ən hündür
bayrağımız Qarabağ göylərində
dalğalananda mən bütün sevincimi, bütün
xalqın sevincini Sizinlə bölüşəcəyəm.
Möhtərəm Şeyx həzrətləri:
İlham qonağındır ellər
var olsun,
İlhama hər zaman Allah yar olsun,
Evində həmişə
toy-bayram olsun.
Qoy bilsinlər
qızıldır, incidir, ləldir İlhamın.
Sağ olun.
***
Katolik Kilsəsinin Azərbaycandakı
yepiskopu Vladimir FEKETE çıxış
edərək dedi:
-Zati aliləri, cənab Prezident
İlham Əliyev.
Möhtərəm
Şeyxülislam Allahşükür Paşazadə.
Hörmətli xanımlar və
cənablar.
Şadam ki, Ramazan ayı ilə əlaqədar
bu il də biz hörmətli Şeyxin evində
bir yerə toplaşmışıq. İcazə verin, mən,
ilk növbədə, ev sahibi kimi ona burada
artıq dəfələrlə hiss etdiyimiz qonaqpərvərliyə
görə dərin minnətdarlığımı bildirim.
Hörmətli Şeyxülislam, mən Azərbaycan katolikləri
adından sizə xüsusilə bu il -
sizin əlamətdar 70 illik yubileyiniz münasibətilə ən
xoş arzularımı çatdırmaq istəyirəm. Ulu Tanrı sizi, ailənizi qorusun və sizə
kömək etsin ki, həyatınız, zəhmətiniz gələcəkdə
də dini dözümlülük ideyalarının möhkəmlənməsinə
və bu gözəl ölkənin bütün sakinlərinin əməkdaşlığına
kömək etsin.
Hörmətli cənab
Prezident, mən Azərbaycan katolikləri adından bu dövlətin
başçısı kimi Sizə təşəkkürümü
bildirmək istəyirəm. Burada və digər
yerlərdə dəfələrlə səsləndiyi kimi, Siz
bütün bəşəriyyətə çox böyük
töhfə verən tolerantlıq və multikulturalizm proseslərinin
qarantısınız. Sizin rəhbərliyinizlə
həyata keçirilən bu siyasət həm ölkəmizdə
uğurla inkişaf edir, həm də bütün dünyada
müsbət əks-səda doğurur.
Bu ilin fevralında Papa
Fransisk Əbu-Dabiyə səfərə gəlmişdi. Bu səfərin
ən mühüm hadisələrindən biri bəşəri
qardaşlıq haqqında sənədin imzalanması oldu.
Həmin sənəddə Papa və
"Əl-Əhzar”ın ali imamı əl-Tayib birlikdə
bütün insanları qardaş olmağa, bir-birinə
hörmət etməyə
çağırdıqlarını bəyan edirlər.
Sənəddə deyilir: "Bizim zəmanəmizdə bəziləri
dinə münaqişə mənbəyi kimi baxır. Biz birlikdə İslamla Xristianlıq arasında
görüşün mümkünlüyünün daha bir
aydın və qəti nümunəsini göstərdik. Göstərdik ki, bütün mədəni müxtəlifliyə
və ənənələrin fərqliliyinə baxmayaraq,
Xristian dünyası ilə İslam dünyası arasında
hörmət və dialoq mümkündür. Həm
Xristian dünyası, həm də İslam dünyası
ümumi dəyərləri - həyatı, ailəni, dini hissləri,
böyüklərə ehtiramı, gənclərin tərbiyəsini
və s. dəyərləndirir və qoruyur”.
Azərbaycanda olduğum
müddətdə mən dəfələrlə Papanın həmin
sənəddə ifadə olunan arzularının burada təcrübədə,
gündəlik həyatda reallaşdığını
müşahidə etmişəm. Mən azərbaycanlıların
qonaqpərvərliyinə və səmimiliyinə, eləcə
də onların tarixi səhvlərə və ədalətsizliyə
qarşı qəhrəmancasına dözümlü və səbirli
olmasına heyranam. Mən əminəm ki,
bunların hamısı bütün bəşəriyyət
üçün dəyərli töhfə olacaq. Mən
indi də, qarşıdakı illərdə də Sizin rəhbərliyinizlə
Azərbaycanın insanlar arasında sülhün, xoş
münasibətlərin və əməkdaşlığın
adası olaraq qalması, bütün şərəfli zəhmətkeş
insanlar üçün kifayət qədər məkanın
olduğu, öz vətəndaşlarının və burada
yaşayanların hamısının azadlığını
və ləyaqətini qoruyan ölkə kimi qalması
üçün dua etmək və işləmək istəyirəm.
Bizi yaradan qüdrətli Tanrı
hamımıza, - öz düşüncəsinə görə
bizi yerləşdirdiyi yerlərdə hər birimizə, - gələcək
nəsillər üçün daha gözəl və fərəhli
dünya qurmaqda kömək etsin.
Zati-aliləri, hörmətli
Şeyxülislam, icazə verin, bir daha sizə ürəkdən
möhkəm cansağlığı, Tanrının köməyini
və bütün müsəlman qardaşlarımıza
firavanlıq, inkişaf və tərəqqi arzulayım. Təşəkkür
edirəm.
***
Dövlətimizin
başçısı mərasimdə nitq söylədi.
Prezident İlham
Əliyevin nitqi
- Hörmətli Şeyx həzrətləri.
Hörmətli din xadimləri.
Xanımlar və cənablar.
Hər il
olduğu kimi, mübarək Ramazan ayında Şeyx həzrətlərinin
iftar süfrəsində görüşürük. Bu, gözəl ənənədir. Bu ənənə yaşayır və yaşayacaq.
Bu, dövlət-din münasibətlərinin
bariz nümunəsidir. Dövlət-din
münasibətləri hər bir ölkə üçün
xüsusi əhəmiyyətə malikdir və Azərbaycanda
bu münasibətlər nümunəvi xarakter
daşıyır.
Bu münasibətlərin təməlində
ulu öndər Heydər Əliyev və Şeyx həzrətləri
dayanırlar.
Onların şəxsi dostluğu, bir-birilərinə
olan hörməti dövlət-din münasibətlərinin
inkişafına çox böyük təsir göstərmişdir.
Mən onun şahidiyəm ki, Şeyx həzrətləri
və ulu öndər Heydər Əliyev bir-birinə çox
yaxın insanlar olmuşlar və onların xalq, Vətən
qarşısında gördükləri işlər
bugünkü Azərbaycanın uğurlu inkişafına
şərait yaratmışdır.
1993-cü ilə qədər
dövlət-din münasibətlərində müəyyən
boşluqlar var idi. 1993-cü ildən sonra bu sahədə də
bütün istiqamətlər üzrə işlər ən
yüksək səviyyədə tənzimlənir. Mayın 10-da, Ulu Öndərin anadan olmasının
96-cı ildönümü günündə onun xalq, dövlət
qarşısında gördüyü işlər haqqında
danışdıq. Heydər Əliyevin Azərbaycan
xalqı qarşısında müstəsna xidmətləri
var. Bugünkü müstəqil Azərbaycan onun əsəridir.
Dövlətçiliyin əsaslarının
qurulması, Azərbaycanın strateji inkişaf istiqamətlərinin
müəyyən edilməsi məhz Heydər Əliyevin
müdrikliyi və uzaqgörənliyi sayəsində
mümkün olmuşdur.
Hörmətli Şeyx həzrətləri
xalq və dövlət qarşısında böyük xidmətlər
göstərir. Şeyx həzrətləri həm Azərbaycanda, həm
Qafqazda, həm də dünyada böyük nüfuza malik
görkəmli din xadimidir və Azərbaycanı dünyada
öz dəyərlərinə sadiq, eyni zamanda, müasir,
tolerant ölkə kimi təqdim edir. Onun
çoxşaxəli beynəlxalq fəaliyyəti Azərbaycanı
dünyaya tanıtdırır, Azərbaycan
reallıqlarını dünya ictimaiyyətinə təqdim
edir və Şeyx həzrətlərinin uğurlu fəaliyyəti
ölkəmizi gücləndirir.
Ölkəmizdə milli həmrəylik,
vətəndaş həmrəyliyi var. Konstitusiyaya görə
din dövlətdən ayrı olsa da, əslində din və
dövlət bir-birinin yanındadır. Bizim
gücümüz birliyimizdədir. Bu
gün Azərbaycanın uğurlu inkişafı dövlət-din
münasibətlərinin uğurlu inkişafından
böyük dərəcədə asılıdır.
Dünyada vəziyyət gərginləşir. Həm
bölgəmizdə, həm dünyada yeni toqquşmalar, yeni
münaqişə ocaqları yaranır, yeni risklər, təhdidlər
meydana çıxır. Dünyanın gələcəyi
ilə bağlı, sabitliyin gələcəyi ilə
bağlı müxtəlif fikirlər, fərziyyələr irəli
sürülür. Bizim əsas vəzifəmiz
Azərbaycanda sabitliyi qorumaq, Azərbaycan xalqının rifah
halını yaxşılaşdırmaq və ölkəmizi
mümkün olan risklərdən qorumaqdan ibarətdir. Son illər ərzində bu istiqamətdə
böyük işlər görülüb. Azərbaycan inkişaf yolu ilə gedir. İnkişaf dinamikamız çox müsbətdir.
Əminəm ki, gələcək illərdə
aparılan dərin islahatlar sayəsində ölkəmizin
uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir.
Biz dərin milli-mənəvi
təməl üzərində müasir dövlət
qurmuşuq. İslam dəyərləri milli-mənəvi dəyərlərimizin
ayrılmaz hissəsidir. Biz öz dinimizə
bağlıyıq. Biz dünyada İslam mədəniyyətini
təbliğ edirik. Dünyada
çoxsaylı konfranslar, sərgilər, təqdimatlar
keçirilir, Azərbaycan həqiqətləri, İslam mədəniyyətinin
həqiqətləri dünya ictimaiyyətinə təqdim
edilir. Biz İslamı olduğu kimi,
sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik və
bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik.
Müsəlman ölkələri
ilə bizim ənənəvi dostluq-qardaşlıq əlaqələrimiz
vardır. Bu, xarici siyasətimizdə prioritet istiqamətlərdən
biridir. Azərbaycan bütün müsəlman
ölkələri ilə sıx əlaqələr qura
bilmişdir və beynəlxalq müstəvidə biz daim
bir-birimizi dəstəkləyirik. Eyni
zamanda, ikitərəfli formatda çox fəal əməkdaşlıq
edirik. Bir neçə gün bundan əvvəl
müsəlman ölkələrinin səfirləri ilə
görüş əsnasında bu məsələlərlə
bağlı fikir mübadiləsi apardıq.
Azərbaycan, eyni zamanda,
İslam Əməkdaşlıq Təşkilatının fəal
üzvüdür və bu təşkilat çərçivəsində
İslam həmrəyliyinin möhkəmlənməsinə
öz dəyərli töhfəsini verir. Ölkəmizdə
İslam Əməkdaşlıq Təşkilatının xətti
ilə bir çox tədbirlər keçirilir. İslam Əməkdaşlıq Təşkilatı
Azərbaycanda İslam dəyərlərinin qorunması
işində apardığımız siyasətə çox
yüksək qiymət verir. Biz bundan sonra
da təşkilat çərçivəsində İslam həmrəyliyinin
möhkəmlənməsi işində öz səylərimizi
davam etdirəcəyik. Onu da bildirməliyəm
ki, 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatı
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
üzrə kontakt qrupu yaratmışdır və təşkilat
bu münaqişə ilə bağlı bizim haqq işimizi daim
dəstəkləyir.
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həllinin bir
yolu var - Azərbaycanın dünya birliyi tərəfindən
tanınmış ərazi bütövlüyü bərpa
edilməlidir.
Dağlıq Qarabağ bizim tarixi, əzəli
torpağımızdır. Biz bu həqiqətləri
dünyaya çatdırırıq. Əfsuslar
olsun ki, münaqişə başlanan zaman münaqişə
ilə bağlı dünyada kifayət qədər məlumat
yox idi. 1990-cı illərin əvvəllərində
torpaqlarımız işğal altına
düşmüşdür. Ölkəmizdə o vaxt
yaşanan böhran, hərc-mərclik, xaos Ermənistana imkan verdi ki, bizim tarixi torpaqlarımızı zəbt
etsin. O vaxt biz beynəlxalq təcriddə idik, öz səsimizi
dünya ictimaiyyətinə çatdıra bilmirdik. Beləliklə, dünyada münaqişə ilə
bağlı böyük dərəcədə təhrif
edilmiş rəy formalaşdırılmışdı. Bizim müntəzəm səylərimiz nəticəsində
artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ
Azərbaycanın ayrılmaz hissəsidir, tarixi
torpağımızdır. Münaqişəyə
dair çoxsaylı kitabların çap edilməsi, təqdimatların,
konfransların keçirilməsi dünya ictimaiyyətinə
münaqişə ilə bağlı həqiqətləri
çatdırır.
Hər kəs görür
ki, münaqişə ilə bağlı ikili standartlar
mövcuddur.
Necə ola bilər, dünyanın ali orqanı olan BMT Təhlükəsizlik
Şurası 4 qətnamə qəbul edir, bu qətnamələrdə
açıq-aydın deyilir ki, erməni silahlı qüvvələri
işğal edilmiş torpaqlardan çıxarılmalıdır
və bu qətnamələr icra olunmur. Ona
görə hesab edirəm ki, dünyada mövcud olan ikili
standartlar ən böyük problemlərdən biridir. Münaqişənin həlli üçün biz səylərimizi
davam etdirəcəyik. Biz iqtisadi
gücümüzü artırırıq, siyasi çəkimiz
artır, hərbi baxımdan Azərbaycan bu gün
güclü ölkələr sırasındadır. Döyüş meydanında
üstünlüyümüzü təmin etmişik. Vaxtilə işğal altına düşmüş
torpaqların bir hissəsini azad etmişik. O torpaqlarda bu
gün Azərbaycan bayrağı dalğalanır.
İşğaldan azad edilmiş torpaqlarda Şuşa
məscidinin bənzəri olan məscid tikilmişdir, qəsəbə
salınmışdır, oraya həyat
qayıtmışdır. Bu, bir daha onu göstərir
ki, Azərbaycan xalqı bu işğalla heç vaxt
barışmayacaq. Bu gün dirçələn
və inkişaf edən Cocuq Mərcanlı kəndi Azərbaycan
xalqının əyilməz ruhunu təcəssüm etdirir.
Azərbaycanın ərazi
bütövlüyü heç vaxt danışıqlar
mövzusu olmayıb və olmayacaq. Bir daha
demək istəyirəm ki, bu münaqişə yalnız
ölkəmizin ərazi bütövlüyü çərçivəsində
öz həllini tapmalıdır.
Biz tarixi, dini abidələrimizi
qoruyuruq və burada da dövlət və din bir yerdədir. Son illərdə
yüzlərlə məscid tikilmiş və ya təmir
edilmişdir. Onların arasında tarixi məscidlərimiz
xüsusi yer tutur. Şeyx həzrətləri qeyd etdi, Təzəpir
məscidinin ətrafında salınan möhtəşəm
park həm şəhərə yeni nəfəs verəcək,
yəni, 20 hektar ərazidə salınan yaşıllıqlar
bu zonada iqlimin yaxşılaşmasına xidmət göstərəcək,
insanların rahatlığı üçün imkanlar
yaradacaq, eyni zamanda, Təzəpir məscidinin əzəmətli
görkəmi artıq bütün vətəndaşlara
açıq olacaq. Çünki vaxtilə Təzəpir
məscidinin ətrafında tikilmiş binalar imkan vermirdi ki,
biz onu uzaq məsafədən seyr edək. Digər
məscidlərimizin əsaslı şəkildə bərpası
bizim niyyətimizi, siyasətimizi göstərir. Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə
məscidlərinin, "İmamzadə” tarixi-dini kompleksinin əsaslı
şəkildə təmir edilməsi dövlət-din
münasibətlərinin təzahürüdür. Heydər məscidinin tikintisi tarixi hadisədir.
Bildiyiniz kimi, keçən il prezident seçkilərindən sonra iştirak etdiyim birinci tədbir Hacı Cavad məscidinin yeni binasının açılışı olmuşdur. Bu da təsadüfi deyil. Mən seçkilərdən sonra istənilən yerə gedə bilərdim. Məhz Hacı Cavad məscidinin yeni binasının açılışını birinci növbədə qeyd etməyimiz dövlət-din münasibətlərimizə, İslam dininə göstərdiyimiz hörmətdir.
Ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədə tənzimlənir. Bu, artıq reallıqdır. Bütün dünya bu reallıqları bilir və qəbul edir. Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrilib. Təsadüfi deyil ki, çoxsaylı beynəlxalq tədbirlər məhz bizim təşəbbüsümüzlə ölkəmizdə keçirilir. Əgər biz bu təşəbbüsü göstərməsəydik, bu tədbirlər də keçirilməzdi.
Hörmətli Şeyx həzrətlərinin dediyi kimi, bu il Dünya Dini Liderlərinin II Zirvə Görüşü keçiriləcəkdir. Bu məsələ ilə bağlı qərar qəbul edildi. Şeyx həzrətlərinin yubileyi və fəaliyyətinin 40 illiyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd ediləcəkdir. Əminəm ki, Azərbaycan müasir, öz dini, milli köklərinə bağlı olan ölkə, eyni zamanda, tolerant və multikultural dəyərləri təbliğ edən dövlət kimi öz reallıqlarını dünyaya bir daha təqdim edəcək.
Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər həm ölkəmiz, həm daxildə gedən proseslər, həm də dünya üçün böyük məna daşıyır. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri mehribanlıq, əmin-amanlıq şəraitində yaşayır. Biz bir ailə kimi yaşayırıq və bizim gücümüz birliyimizdədir. Bu tədbirlərin dünya üçün də böyük əhəmiyyəti var. Çünki bu gün dünyada dinlərarası münasibətlərlə bağlı fərqli fikirlər var, yəni, birmənalı yanaşma yoxdur. Bəzi hallarda çox təhlükəli fikirlər səslənir, çox böyük fəsadlara gətirib çıxara biləcək addımlar atılır. Ona görə bizim təşəbbüslərimiz dünya üçün böyük əhəmiyyət daşıyır. Sonuncu böyük tədbir Mədəniyyətlərarası Dialoq Forumu idi. Bu Forum çərçivəsində çox önəmli məsələlər müzakirə edilmişdir və Azərbaycanın bu sahədəki müsbət rolu bir daha qeyd olunmuşdur. Biz bu sahədə öz səylərimizi davam etdirəcəyik. Bir daha demək istəyirəm ki, bu, bizim üçün lazımdır və bu, dünya üçün lazımdır. Çünki biz istəyirik ki, dünyada proseslər müsbət məcrada getsin, dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmasın, sülh olsun, bərabərlik olsun, ədalət olsun. Müqəddəs İslam dinimiz bunu tələb edir və biz dövlət olaraq bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin olunacaq, ölkə qarşısında duran vəzifələr icra edilir və ediləcəkdir, mövcud problemlərin həlli üçün çox aydın baxışlar, konkret proqramlar var və onlar icra edilir. Bu gün Azərbaycan reallıqları belədir ki, ölkəmiz inamla, nikbinliklə irəliyə gedir, nikbinliklə yaşayır. Ölkə qarşısında duran bütün problemlərin həlli üçün bizdə həm güclü siyasi iradə, həm də cəmiyyət tərəfindən böyük dəstək var.
Hörmətli mərasim iştirakçıları, mən hörmətli Şeyx həzrətlərinə, digər din xadimlərinə mənim haqqımda, ünvanıma deyilən bütün xoş sözlərə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bütün dünya müsəlmanlarını Ramazan ayı münasibətilə təbrik etmək istəyirəm. Bütün dünya müsəlmanlarına sülh, əmin-amanlıq, rifah arzulayıram! Sağ olun.
***
Sonra iftar süfrəsi açıldı.