Məcburi köçkünlərə dövlət qayğısının nümunəvi göstəriciləri

 

Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkənlər üçün son 13 ildə 100-dən çox köçkün qəsəbəsi və şəhərciyi salınıb, 50 min ailə yeni mənzillərlə təmin olunub

 

Ötən əsrin 80-ci illərindən başlayaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı ölkədə bir milyondan artıq qaçqın-köçkün ordusunun yaranmasına səbəb oldu. Münaqişənin genişlənərək müharibəyə çevrilməsi müstəqilliyini yenicə əldə etmiş Azərbaycanı çıxılmaz vəziyyətə saldı.

Məhz ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə cəbhədə vəziyyət dəyişdi. Ali Baş Komandan Heydər Əliyevin əmri ilə ordu hissələrimiz əks-hücuma keçərək düşməni işğal etdiyi ərazilərimizin müəyyən hissəsindən çıxardı. Bu, ilk növbədə ordu quruculuğunda çox mühüm addım idi. Həmin ərəfədə atəşkəs elan olundu. Məhz bundan sonra ölkədəki məcburi köçkünlərin həyat və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilməyə başlandı.

 

Son 13 ildə 400 mindən çox məcburi köçkün işlə təmin olunub

 

Hələ 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçkiqabağı vədlərində bildirmişdi ki, müvəqqəti salınan bütün çadır şəhərcikləri 5 il ərzində ləğv ediləcək.

Buna nail olundu, hətta 5 il yox, 4 il ərzində. Son çadır şəhərciyi 2007-ci ildə köçürüldü. Çadır şəhərciklərində ağır şəraitdə yaşayanlar yeni salınan 100-dək müasir yaşayış qəsəbəsinin sakinlərinə çevrildilər. Ümumilikdə bu, 50 min ailənin, o cümlədən 250 mindən çox insanın yaşayış şəraitinin yaxşılaşdırılması, yeni mənzillə təmin olunması demək idi.

Son 13 ildə 400 mindən çox məcburi köçkün yeni yeri ilə təmin olunub. Hər bir qəsəbədə məktəblər, uşaq bağçaları salınıb. Ali orta ixtisas məktəblərində ödənişli oxuyan məcburi köçkün ailələrindən olan tələbələr təhsil haqqı ödəməkdən azad ediliblər. Bu gün dövlət tərəfindən həyata keçirilən bir sıra proqramlar, özünüməşğulluq, regionlarda ictimai işlərə aid yerlərin açılması məhz həmin məqsədə, əhalinin həssas təbəqəsinin sosial problemlərinin həllinə yönəldilib.

Ümumiyyətlə, Azərbaycan dövlətinin bu sahədə təcrübəsi - həm çadır şəhərciklərinin ləğvi, həm humanitar faciənin qarşısının alınması çox nadir hesab olunur. Bu, bütün beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Doğrudur, Azərbaycan Prezidentinin məcburi köçkünlərlə görüşlərinin birində qeyd etdiyi kimi, bu sahədə hələ öz həllini gözləyən problemlər mövcuddur: "Bakı Sumqayıt şəhərlərində yararsız, qəzalı vəziyyətdə olan binalarda hələ minlərlə insan yaşayır... Məhz bu problemə - qaçqın məcburi köçkün ailələrinin Bakı Sumqayıt şəhərlərində qəzalı binalardan köçürülməsinə həsr olunmuş müşavirə keçirilmiş, bütün lazımi tapşırıqlar verilmişdir. Birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanmışdır. Hazırda bu plana uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində 3 bina, Sabunçu rayonunun Ramana qəsəbəsində 1 bina inşa olunur. Sumqayıt şəhərində qaçqın məcburi köçkün ailələri üçün artıq 5 binanın tikintisi başlayıb digər 5 binanın inşası üçün yer ayrılıb, yaxın zamanda tikinti işləri başlayacaq. Bununla yanaşı, həm Bakı şəhərində, həm Sumqayıtda artıq tikilmiş hazır binalarda həmin məqsəd üçün dövlət tərəfindən mənzillər alınır”.

Təqdirəlayiq haldır ki, dövlətlə yanaşı, biznes strukturları, sahibkarlar da ölkəmiz üçün çox vacib olan bu məsələyə - soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşmasına biganə qalmayıb, öz dəstəyini verməyə başlayıblar.

 

Humanitar faciənin qarşısının alınması vəziyyəti dəyişdi

 

Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, məqsəd güclü inkişaf etmiş dövlət qurmaq, hər bir Azərbaycan vətəndaşının rahat yaşamasına nail olmaqdır. Bu gün Azərbaycan inkişaf sürətinə görə Avropada lider ölkələrdən biridir. Məhz bu imkan inkişafın nəticəsidir ki, nəinki ümumi ölkə əhalisi, o cümlədən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması qarşıda duran əsas məqsədlərdən birinə çevrilib. Daha 4 min məcburi köçkün ailəsini yeni mənzillərlə təmin etmək, qəzalı, yararsız binalardan köçürülməsinə nail olmaq da humanitar siyasətin tərkib hissəsidir.

Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilməsi, dövlət başçısının vurğuladığı kimi, bir daha ölkədə sosial siyasətin davamlılığını göstərir: "Məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan üçün ən aktual prioritet məsələlərdəndir. Hamımız yaxşı bilirik ki, bu siyasətin bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz onun təşəbbüsü ilə ilk şəhərcik salınmış, Dövlət Neft Fondundan ilk ödəmələr bu məqsədə sərf olunmuşdur. O vaxtdan bugünədək 100-dən çox köçkün qəsəbəsi şəhərciyi salınıb. Öz doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın böyük hissəsi artıq illərdir ki, həmin qəsəbə şəhərciklərdə rahat həyat sürürlər...”

Bakı, Sumqayıt, Abşeron rayonunda, digər şəhər bölgələrdəki məcburi köçkünlərin əksəriyyətinin mənzillə bağlı qayğıları həll olunub. Hələ 12 il bundan əvvəl - 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsi ləğv edilib. Ümumilikdə bu kateqoriyadan olan soydaşlarımızın sosial problemlərinin həlli üçün indiyə kimi 7,1 milyard manat vəsait xərclənib. Yalnız 2018-ci ildə məcburi köçkünlər üçün 5 mindən çox mənzil inşa edilib. Bu il isə, ən azı, 6 min mənzilin istifadəyə verilməsi nəzərdə tutulub.

Daha bir fakt - paytaxtdakı yataqxanalarda digər inzibati binalarda müvəqqəti məskunlaşmış 810 məcburi köçkün ailəsi üçün salınan çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsinə ayrılan 15 hektar torpaq sahəsində 2018-ci ilin əvvəlindən başlanan tikinti işləri başa çatıb. 15 ədəd doqquzmərtəbəli binadan ibarət yeni kompleksdə məktəb uşaq bağçası, klub-icma mərkəzi, həkim məntəqəsi inşa edilib, istirahət parkı salınıb. Yeni yaşayış yerinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə atılan mühüm addımlardan danışarkən Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən sosial layihənin əhəmiyyətinə toxundu. Bildirildi ki, yalnız Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa olunub. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində isə 470 ev məcburi köçkünlərə təqdim edilib. Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasında məskunlaşmış məcburi köçkün ailələri köçürülüb.

 

Məcburi köçkünlərin sosial şəraiti daha da yaxşılaşdırılır

 

Məcburi köçkünlərlə görüşündəki çıxışında Prezident İlham Əliyev bildirdi ki, salınan qəsəbələr arasında elələri var ki, vaxtilə işğal olunmuş işğaldan azad edilmiş torpaqlarda salınıb: "...O cümlədən Horadiz şəhəri, demək olar ki, yenidən qurulub bu gün ən gözəl yaşayış yerlərindən biridir. Şıxarx qəsəbəsində mindən çox köçkün ailəsi məskunlaşıb, hansı ki, o ərazilər işğal altında idi. Cocuq Mərcanlıda 150 evdən ibarət gözəl qəsəbə salınıb, müasir infrastruktur, yerləri, kommunikasiyalar yaradılıb. Yəni bu yerlərə həyat qayıdıb...”

Ümumiyyətlə, dövlət başçısı məcburi köçkünlərin problemlərinin həllinə kompleks şəkildə yanaşmağa üstünlük verir. Yəni söhbət yalnız yeni binaların tikilməsindən, şəhərciklərin salınmasından getmir. Eyni zamanda, məcburi köçkünlərin bütünlükdə sosial şəraiti yaxşılaşdırılır, onlara dövlət tərəfindən verilən sosial dəstək artır. Bu yaxınlarda daha bir sosial paketin təsdiqlənməsi, o cümlədən məcburi köçkünlərin müavinətlərinin 50 faiz artırılması da həmin qəbildən olan məsələlər sırasındadır. Ölkənin artan iqtisadi gücü, yaranan maliyyə imkanları yol verir ki, sosial məsələlərə əlavə vəsaitlər yönəldilsin.

Unutmaq olmaz ki, bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən, BMT-nin Qaçqınların İşi üzrə sabiq ali komissarı, BMT-nin baş katibi Antonio Quterreş sessiyalardakı çıxışları zamanı Azərbaycan Prezidentinin bu sahədə gördüyü işlərin dövlətimizin təcrübəsinin dünyanın bir çox ölkələri üçün nümunə olduğunu vurğulayıb.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 25 may.- S. 1; 5.