Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar

 

Mayın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar.

AZƏRTAC xəbər verir ki, əvvəlcə gənclər Milli Məclisdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra YAP Gənclər Birliyinin üzvləri parlamentin iclas zalı ilə tanış olublar. Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev parlamentin fəaliyyəti haqqında gənclərə məlumat verib. Bildirib ki, parlamentin binası hələ sovetlər dövründə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilərək istifadəyə verilib. Azərbaycan parlamentinin keçdiyi yolun əhəmiyyətindən danışan Səfa Mirzəyev qeyd edib ki, Milli Məclisdə 125 deputat təmsil olunur. 1995-ci ildən indiyədək parlament 2000-dən çox qanun və qərar qəbul edib.

YAP Gənclər Birliyinin üzvləri, həmçinin parlamentdə "Heydər Əliyevmuzeyi ilə tanış olublar.

Sonra "Azərbaycan parlamentarizm tarixi: dünəni və bu günümövzusunda dəyirmi masa işinə başlayıb. Tədbiri açan Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov mövzunun aktuallığını vurğulayaraq bildirib ki, gənclərimiz xalqımızın tarixini, o cümlədən, parlamentin tarixini dərindən öyrənməlidirlər. Bu baxımdan, belə bir dəyirmi masanın keçirilməsi əhəmiyyətlidir. Bir neçə gündən sonra Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü qeyd olunacaq. Bu münasibətlə YAP Gənclər Birliyi üzvlərinin Milli Məclislə tanışlığı Azərbaycanın siyasətini, qanunvericiliyini, iqtisadiyyatını daha dərindən öyrənilməsinə yaxşı imkan yaradıb.

Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova məruzə ilə çıxış edib. 28 May - Respublika Gününün tariximizdə mühüm yer tutduğunu qeyd edən B.Muradova bildirib ki, cümhuriyyət irsini öyrənməli, bundan ibrət dərsi götürməliyik. Bu gün biz Azərbaycan Xalq Cümhuriyyəti qurucularını böyük hörmətlə yad edirikyoxdan bir dövlət yaradan insanları unutmamalıyıq. Cümhuriyyət qurucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman yenidən müstəqillik qazanacağına inamlarını itirməmişdilər. Bu insanların irsini qorumaqla yanaşı, müasir Azərbaycan dövlətini də qorumalıyıq.

Azərbaycan parlamentinin 1918-ci ildə fəaliyyətə başladığını diqqətə çatdıran B.Muradova deyib: "Parlament fəaliyyət göstərdiyi müddət ərzində mühüm qanun və qərarlar qəbul edib, o dövrdən indiyədək şərəfli yol keçib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər cümhuriyyət qurucuları yaşasaydılar, bugünkü müstəqil Azərbaycanla qürur duyardılar.

1993-cü ildə Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya idi, o dövrdə hakimiyyətin xalqın maraqlarına uyğun olmayan fəaliyyəti bizi çox çətin vəziyyətə salmışdı. Ulu öndər Heydər Əliyevin xalq tərəfindən Bakıya çağırılması düzgün qərar idi. O qərarı həmin dövrün şərtləri diktə edirdi. Heydər Əliyev o zaman xalqın səsinə səs verdi, Azərbaycanı çətin vəziyyətdən, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada böyük nüfuz sahibidir. Biz beynəlxalq əlaqələrin qurulmasında yaxından iştirak edirik. Parlamentimizdə çoxsaylı dostluq qrupları fəaliyyət göstərir. Bu gün Azərbaycan dünya dövlətləri içərisində sayılıb-seçilən ölkədir, parlamentimiz dünya parlament ailəsinin üzvüdür”, - deyə B.Muradova bildirib.

Milli Məclis sədrinin müavini deyib ki, ermənilər həm Cümhuriyyət dövründə, həm də sonralar Azərbaycana qarşı ərazi iddiaları irəli sürüblər. O zaman Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvanı Ermənistana paytaxt kimi verilməsi barədə qərarının ağrı-acılarını bu günhiss edirik. İrəvanın Milli Şura tərəfindən hansı şərtlər daxilində Ermənistana verilməsi məlumdur. Qərarda belə bir şərt qoyulmuşdu ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiaları qaldırmayacaq, oradakı azərbaycanlıların yaşayışına müdaxilə etməyəcək. Milli Şuranın əsas xidməti müdafiə qabiliyyətini möhkəmləndirmək, Bakını işğaldan azad etmək olub. Beləliklə Bakı ermənilərin işğalından qurtularaq Azərbaycanın paytaxtına çevrilib.

Sonra dəyirmi masada Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri Valeh Ələsgərovun "Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, 1990-cı illərin əvvəlində səriştəsiz hakimiyyət Azərbaycanı çətin vəziyyətə salmışdı. O zaman ölkədə nə enerji, nə də ki qida təhlükəsizliyi təmin edilmirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda bu və digər problemlər öz həllini tapdı.

V.Ələsgərov deyib ki, investorlar üçün şərtlər sadələşdirilməklə əlverişli imkan yaradıldı. "Əsrin müqaviləsi” adını almış neft kontraktları imzalandı. Neftimiz dünya bazarına çıxarıldı. O zaman Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsinin qarşısını almağa çalışan ölkələr vardı. Heydər Əliyev bu layihəni şəxsən Dünya Bankının rəhbərlərinə təqdim etdi. Ulu Öndərin nüfuzu sayəsində bu qlobal layihə reallaşdı.

Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan artıq özünü beynəlxalq arenada təsdiqləyib. Azərbaycanda həmrəylik, iqtidar-xalq birliyi olmasaydı, bu işləri həyata keçirmək mümkün olmazdı.

Dəyirmi masada gənclərə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən transmilli neft, qaz, nəqliyyat layihələri barədə ətraflı məlumat verilib.

"Azərbaycanda təhlükəsizlik sistemi. Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda çıxış edən Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov xatırladıb ki, 1991-ci ildə müstəqillik haqqında Konstitusiya Aktı qəbul edildi. Bu, dövlət müstəqilliyinin ilk hüquqi bazası oldu. Həmin sənədin qəbulundan sonra Azərbaycanda hüquqi dövlət quruculuğu başladı. Lakin sənəddə təsdiq edilən konkret addımları ata bilmədik. O vaxt hakimiyyətdə olan təcrübəsiz insanlar və torpaqlarımızın işğalı imkan vermədi ki, qəbul edilən prinsiplər, normalar həyata keçirilsin.

Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müasir Azərbaycan Respublikasında təhlükəsizlik məsələlərindən bəhs edən Ziyafət Əsgərov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ilin fevralından başlayan məsələ deyil, ermənilərin Azərbaycana qarşı ərazi iddialarının 200 illik tarixi var. Çünki onlar Qafqazın aborigen əhalisi deyil. Hazırda Ermənistanın paytaxtı olan İrəvan şəhəri də qədim Azərbaycan torpağıdır.

XX əsrdə Azərbaycanın dövlətçilik tarixi, ərazisi, beynəlxalq aləmdəki mövqeyi barədə tarixi faktları diqqətə çatdıran birinci vitse-spiker Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in Minsk qrupunun yaranma tarixi və fəaliyyəti, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bütün beynəlxalq sənədlərdə təsbit olunduğu, lakin ikili standartlar ucbatından işğalçı Ermənistana kifayət qədər təzyiq göstərilmədiyi barədə danışıb. Qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə əngəllər törədir.

Hazırda bizim ən müasir silahlarla təchiz olunmuş ordumuz var. Azərbaycan gündən-günə inkişaf edir və güclənir. Ölkəmiz gücləndikcə Dağlıq Qarabağ münaqişəsinin həlli də yaxınlaşır.

Ziyafət Əsgərov gənclərə yaxşı təhsil almaq, fəal vətəndaş mövqeyi nümayiş etdirmək, müasir dünya siyasətinə və sosial şəbəkələrdə gedən təbliğata ayıq gözlə baxmaq, işğalçı Ermənistanın Azərbaycan əleyhinə apardığı çirkin təbliğat kampaniyasına tutarlı cavablar verməklə bağlı tövsiyələrini də çatdırıb.

Dəyirmi masada gənclərin düşüncə və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

Azərbaycan.- 2019.-25 may.- S.6.