UEFA Avropa
Liqasının final qarşılaşması ilə əlaqədar
Dənizkənarı Milli Parkda azarkeş festivalı
UEFA Avropa
Liqasının final qarşılaşmasının
Bakıda keçirilməsi
ilə əlaqədar
reallaşdırılan silsilə
tədbirlər çərçivəsində
Dənizkənarı Milli
Parkda təşkil olunan azarkeş festivalı davam edir.
AZƏRTAC xəbər
verir ki, festivala böyük maraq göstərən şəhər ictimaiyyətinin
nümayəndələri, futbol həvəskarları
UEFA Avropa Liqasının
kuboku ilə və tanınmış personajlarla şəkillər
çəkdiriblər. Azərbaycanın ən yaxşı DJ-ləri, musiqi qrupları və incəsənət ustaları
rəngarəng çıxışları
ilə festival iştirakçılarına
xoş anlar yaşadıblar.
Festival iştirakçıları,
həmçinin müxtəlif
futbol məşğələlərində
və maraqlı
"Virtual reallıq zonası”nda
futbol bacarıqlarını
sınaqdan keçirib,
müxtəlif mükafatlar
və UEFA Avropa Liqasının əyləncəli
suvenirlərini əldə
etmək şansı qazanıblar. Uşaq zonasında balacalar
müxtəlif attraksionlarda
əylənib, futbol məşqləri ediblər.
Xatırladaq ki, UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasında
Londonun "Arsenal” və
"Çelsi” komandaları
üz-üzə gələcəklər.
Oyun saat 23:00-da başlayacaq.
Azərbaycan.- 2019.- 26 may.- S.2.